|
|
|
|
..VƏ ya ad günü münasibətilə təbrik əvəzi
Xanlar haqqında yazmaq çox çətindir. Çünki o yazını peşəkar bir redaktorun diqqətlə oxuyacağını göz özünə almalısan. Rusdilli Azərbaycan jurnalistikasının son otuz illik tarixində özünün redaktorluq istedadı və təşkilatçılıq qabiliyyəti ilə seçilənlərdən biridir Xanlar Məmmədov...
...Gədəbəy misilsiz təbiəti və bu təbiətin özü kimi saf, səmimi, səxavətli insanları, millətimizin inkişafına çox sanballı töhfələr vermiş alimləri, ziyalıları, ictimai-siyasi xadimləri, ustad sənətkarları ilə tanınır. Xanlar da bu gözəl məkanda dünyaya göz açıb, uşaqlıq və gənclik illərini burada keçirib, tarixin gərdişi ilə Rusiyanın ucqarlarından buralara gəlib çıxmış rusların məskunlaşdığı Slavyanka kəndində orta təhsil alıb, necə deyərlər, bu millətin dilini-sirrini öyrənib. Sonra Bakı həyatı, Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil illəri, “Bakı-Baku” kimi öz dövrünün ən populyar gündəlik qəzetində çalışdığı, Azərbaycan mətbuatının nəhəng simalarından olan Nəsir İmanquliyevin redaktorluq məktəbinin müdavimi kimi jurnalistikada ilk addımlar atdığı dövr... Məhz bu dövrdə o, həm əsl vətəndaş, həm də fəal mətbuat adamı kimi yetişib, qəzet işinin incəliklərinə bələd olub.
Vaxtilə rusdilli mətbuatımızda öz ənənələrini formalaşdırmış və səksəninci illərin axırlarında milli azadlıq hərəkatının ideloji mərkəzlərindən birinə çevrilmiş “Molodyoj Azerbaydjana” qəzetinə də Xanlar redaksiyanın yaradıcılıq istiqamətlərini müəyyənləşdirməyi, həm məzmun, həm də tərtibat baxımından oxucu tələbatına cavab verən mətbu nəşr ortaya qoymağı bacaran yetkin jurnalist, indiki redaksiyalarda öz zəruri yerini itirmiş katiblik işinin bilicisi kimi dəvət edilib və uzun müddət burada məsul katibin müavini, məsul katib, redaktor müavini vəzifələrində işləyib, qeyri-azərbaycanlıların sayca üstünlük təşkil etdiyi kollektivdə hörmət-izzət qazanıb, söz sahibi kimi tanınıb.
Xanlar “Molodyoj Azerbaydjana”nın kadr tərkibinin milliləşdirilməsinin fəal iştirakçısı olub, rusdilli gənc jurnalistlərin yetişməsi üçün böyük səylər göstərib...
1990-cı illərin əvvəllərində mətbuat azadlığının geniş vüsət aldığı bir vaxtda Xanlar fəaliyyəti artıq dayanmaqda olan “Molodyojka”dakı bir neçə həmkarı ilə gənclər üçün “Kokteyl” adlı yeni bir həftəliyin əsasını qoyub, onun qısa müddətdə respublikanın ən tirajlı və çox oxunan mətbu nəşrinə çevrilməsinə nail olub. Lakin hər bir azadlığın öz fəsadları var və bu qəzetdə də azadlığın çərçivədən çıxması, həmkarlarının “mətbuat sarılığı”na tutulması onun xarakerindəki ciddiliklə bir araya sığmayıb...
Və Xanlar özünəxas qəzetçilik ampluasına bir də “Panorama”da qayıdıb, 1990-cı illərin ikinci yarısının iki dildə – Azərbaycan və rus illərində nəşr olunan bu populyar qəzetində baş redaktorun müavini kimi yaddaqalan, unudulmaz yaradıcılıq fəaliyyəti göstərib.
Zəruri bir haşiyə: “Panorama” az yaşasa da – cəmi dörd il nəşr olunsa da, mətbuat tariximizdə öz pozulmaz izini qoyan bir qəzet kimi media camiəmizdə bu gün də ehtiramla xatırlanır. Bu qəzetdə peşəkar jurnalistlər, çox istedadlı gənclər çalışıblar. Keçmiş “panorama”çıların əksəriyyəti bu gün də Azərbaycan jurnalistikasının öncülləri sırasındadır. Onlar öz peşəkarlıq prinsiplərini heç vaxt dəyişməyiblər, heç vaxt siyasi konyukturaya uymayıblar, milli jurnalistikamızın ən mütərəqqi ənənələrinə daim sadiq qalıblar.
...“Panorama”da birgə işlədiyimiz müddətdə mən Xanlar Məmmədovun redaktə işinin bilicisi kimi öz missiyasını necə məsuliyyətlə, necə ləyaqətlə yerinə yetirdiyinin, hər yazıya və hər müəllifə necə diqqətlə yanaşdığının, xüsusən, gənc jurnalistlərlə necə səbrlə, təmkinlə işlədiyinin şahidi olmuşam. Onun redaksiyanın ən cavan əməkdaşına belə “siz” deyə müraciət etməsi ilk dəfə mənə “quru rəsmiyyətçilik” kimi görünsə də, sonradan belə yüksək etik münasibətin həmin gəncdə özünəhörmət hissi yaratmaq məqsədi daşıdığına əmin olmuşam.
Mənim Xanlarla “Panorama”dan başlanan həmfikirliliyim, yoldaşlığım mehriban, səmimi dostluğa çevrilib və tale bizə sonralar da birlikdə işləməyi qismət edib. Bir müddət “Təhsil”, “Bizim əsr” – “Naş vek” qəzetlərində həmkar olmuş, onun sədrlik etdiyi Effektiv Təşəbbüslər Mərkəzi İctimai Birliyində fəaliyyət göstərmişik.
Xanlar harada işləyir-işləsin – orada yeni ideyaların, təşəbbüslərin müəllifi, onların gerçəkləşməsi üçün hər cür fədakarlığa hazır olan və həmkarlarını da bu işə səfərbər etməyi bacaran bir təşkilatçı kimi tanınıb.
Vaxtilə rusdilli həftəliklər arasında özünəməxsus yer tutmuş və artıq tarixə çevrilmiş “Naş vek” qəzetindəki redaktorluq fəaliyyəti Xanların həyatının ən yaddaqalan, maraqlı dövrü olub. Onun rəhbərlik etdiyi azsaylı yaradıcı kollektiv qısa müddət ərzində bu nəşri əsl ictimai qəzet səviyyəsinə qaldırmışdı. Sosial problemlərin və onların həlli məsələlərinin əsas, aparıcı mövzu kimi götürüldüyü bu qəzetin real tirajı bu gün də bir çox mətbu nəşrlər üçün xəyal olan 10 min nüsxəyə çatmışdı. “Naş vek” kimi sırf ictimai qəzetə bu gün də ehtiyac var.
Daha bir zəruri haşiyə: yaxın keçmişimizin “Molodyojka”, “Panorama”, “Naş vek” kimi cəmiyyətdə nüfuz qazanmış qəzetlərinin uzunömürlü olmaması təəssüf doğurur. Bu qəzetlərin hətta adları belə, müasir anlayışlarla ifadə etsək, brend sayıla bilərdi. Yenə təəssüf ki, bu brendlərin taleyi peşəkar jurnalistlərin əlində yox, onların sahiblərinin ixtiyarında olub və gərəksizləşib...
...Vaxtilə işlədiyi qəzetlər yarı yolda dayansalar da, Xanlar mətbuatda, jurnalistikada səmərəli fəaliyyətini çox böyük əzmkarlıqla davam etdirir. Hazırda o, Effektiv Təşəbbüslər Mərkəzinin “www.azərbaycanlı.org” portalında redaktorluq edir. Xanlar Məmmədovun əzmkar fəaliyyəti milli mətbuatımızın inkişafını daim diqqətdə saxlayan, jurnalist peşəkarlığına yüksək dəyər verən dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib. Ölkə prezidentinin sərəncamı ilə 2005-ci ildə Xanlar Məmmədov Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi fəxri adına layiq görülüb, bu günlərdə isə ona mətbuat işçiləri üçün inşa edilmiş binada üçotaqlı mənzil verilib.
Xanların zəngin redaktorluq təcrübəsindən, mətbuatda və ictimai fəaliyyətdəki uğurlarından söz açıb, sevimli ailəsindən, övladlarından danışmamaq mümkünsüzdür. Həyat yoldaşı İradə həkim, anasının davamçısı olan qızı Günel və onun şirin balası Cahan, gələcəyin çox perspektivli hüquqşünası kimi gördüyümüz oğlu Ziya – bu gün Xanların qürur mənbəyi, onun xeyirli-uğurlu işlərində arxa-dayağıdırlar!..
...Əslində, bu qeydlər ötən il – onun 55 illik yubileyində yazılmalıydı. Biz – bu gün onunla ən çox ünsiyyətdə olan, vaxtaşırı “effektiv təşəbbüs” göstərərək təşkil etdiyi ziyafətlərdə başda əyləşən jurnalist dostları – mən, Müsəllim Həsənov və Süleyman Qaradağlı – üçümüzdən birimizin günahı üzündən, bu fürsəti əldən verdik...
Bu gün – avqustun 1-də, 56 yaşının tamamında dostum Xanlar Məmmədovu təkcə öz adımdan deyil, onu tanıyan bütün həmkarlarımız və qeyri-həmkarlarımız adından təbrik etmək kimi çox şərəfli missiyanı yerinə yetirməyi özümə borc bildim: sənə cansağlığı, uzun ömür, xoş günlər və yaradıcılıq uğurları arzulayıram, qardaş!
Elşən ƏLİYEV