Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı Gürcüstanın Mədəniyyət və İdman Nazirliyinin maddi dəstəyi ilə Gürcüstanın regionlarına yazıçı-dramaturq Pərvinin "Mən öləndə ağlama" tamaşası ilə qastrol səfərinə çıxır.
Qastrol səfəri 7 may Marneuli şəhəri Mədəniyyət Mərkəzində "Mən öləndə ağlama" pyesi əsasında hazırlanmış səhnə əsərinin sənətsevərlərə təqdimatı ilə başlanacaq. Tamaşanın quruluşçu rejissoru Turqay Vəlizadə bu qastrolların əyalətlərdə sənəti təbliğ etmək yolunda böyük fürsət olduğunu qeyd edib: “Ötən ilin sonunda Pərvinin “Mən öləndə ağlama” əsəri əsasında hazırladığımız tamaşa Tbilisidə böyük uğurla tamaşaçılara təqdim olundu. Daha sonra Mədəniyyət və İdman Nazirliyinin müsabiqəsinə qatıldıq və teatrımızın iki tamaşası – adını çəkdiyim əsər və “Öldür məni, əzizim” tamaşaları seçildi. Nazirliyin maddi dəstəyi ilə Gürcüstanın müxtəlif əyalətlərində tamaşalar sənətsevərlər üçün göstəriləcək”.
Pyesin müəllifi Pərvin isə sevincini belə ifadə edib: “Mənim üçün son dərəcə böyük hadisə idi sənətin, teatrın paytaxtı adlandıra biləcəyimiz Tbilisidə premyeramın baş tutması. Bu günə kimi o anları sehrli ab-havada xatırlayıram. Amma elə o premyerada Gürcüstanın azərbaycanlılar yaşayan əyalətlərindən gələn soydaşlarımızla tanış oldum. Tamaşaya baxmaq üçün gəlmişdilər və onlarla söhbət edəndə doğma dillərində səhnə əsərlərinə necə ehtiyacları olduğunu söyləmişdilər. Ona görə “Mən öləndə, ağlama”nın əyalətlərə qastrol etməsinə ikiqat sevinirəm. Yaradıcı heyətə uğurlar diləyirəm”.