Dəyirmançı Əşrəf kişi
Atam Yaqubla
əmioğluydu
Dəyirmançı Əşrəf kişi.
Hamıya bəlliydi işi.
Gecəli-gündüzlü dəyirmanında
taxıl üyüdərdi,
Şahadını güdərdi...
Nədənsə Hitler davasına
Getməmişdi...
Heç bilən də yoxuydu
Bu nə məsələdi, bu necə işdi...
Evində tapılsaydı
yəqin aparardılar...
Bəlkə də heç axtaran da
yoxuydu Əşrəf kişini.
Dəyirmanın özü də
Cəbhəxanaydı,
Kimə tapşırıb gedəydi
Bu boyda cəbhənin
işini.
Çəpərbir qonşuyduq.
Yadımdadı
Günlərin bir günü
Külək qopdu,
yağış döydü
Çəpərin bir böyrü uçdu.
Çəpərin o üzündən
Alagöz Südabə xala
O qədər baxmışdı ki,
Çəpərimiz də
alagöz olmuşdu...
Yazıq Zəhra anam
Gizli bir gülüş qatıb səsinə
Sataşardı
Dəyirmançı Əşrəfin
Alagöz, almayanaq
Südabəsinə:
– Ətin tökülməsin,
ay Südabə
Bunun nəyinə getmisən?..
Çox köntöy kişidi,
Qaraqabaq, göy kişidi...
Südabə xala qəh-qəh çəkərdi,
uğunub gedərdi:
– Niyə, ay Zəhra,
Əşrəfi olan evin
ta nə dərdi...
Nolaydı, Yaqub da
Gəlib çıxaydı,
Getdiyi gör ha
Neçə ildi, neçə aydı...
Hərdənbir çəpər başından
Bir torba un ötürərdi
Biz tərəfə Südabə xala
– Qara günün ömrü
az olar, ay bala, – deyərdi.
Hitleri, davanı,
dünyanı söylərdi...
Onda evimiz vardı,
Qonşular tərəf vardı.
Su dəyirmanı işlədən
Əmioğlu Əşrəf vardı.
Küçəmiz də, çəpərimiz də
Evimiz də bəxtiyardı.
...Yaman bəlaya düşdük,
Bu bir sirri-xudadı,
Kökləri çox dərində...
İndi orda-Qarabağda
Seyidli tərəflərin
Qurğuşun göylərində
Qəzəbdən havalanmış,
Bir cüt dəyirman daşı
Ağır-ağır
fırlanır, hərlənir...
Hanı dəyirmançısı,
Nə suyu var,
nə dəni...
...Bu qoşa dəyirman daşı
Dünyanın başına
Çırpılar bir gün!
Yas yerində
30 iyul 2013-cü ildə 28 yaşlı diplomat Tural Qurbanovu əbədi beşiyinə – anamız torpağa tapşırdıq. Cənnətlik olsun!
Bir cavanı
Dəfn edib geri döndülər.
O cavan geri dönmədi...
Bu dönənlər guya ki,
O gedənin arxasınca.
Gedəsi deyillər, nədi?..
Molla dualar oxudu,
Fatihə verdi.
– Ölüm bizlik deyil,
Yaradanın işidi –dedi.
– Sabah yox, birigün
“Üçü”dü- dedi.
Yasa yığışanlar
– “Allah rəhmət eləsin!”-
söylədilər .
Ölənin atası
Çadırın girişində
Büzüşüb oturdu birtəhər...
Eynəkli qonşu kişi
qayğılıydı:
–Heç yaxşı olmadı,
İndi necə çəkim toy adı?
El var, adət var.
Eh, qırxından sonra
toy olar...
Saç-saqqalı dumanlı
Bir kişinin ötən qış
Murovda qarda donmuş
Bacıoğlusu yadına düşdü...
Öz-özünə –Allah, Allah – dedi
– O nə müsibət idi,
Bu necə işdi...
Künc tərəfdə oturmuş
Kündəsifət bir adam
Ürəyində həsəd aparırdı
Yas sahibinin
şöhrətinə, varına...
Qəlyan çəkən
Qocanın xəyalı
Uçub getmişdi
Şamaxı- İsmayıllı- Qəbələ
yollarına...
Bu bürküdə, istidə
Panamalı, qalstuklu birisi
Ətrafını süzürdü
hirsli-hirsli:
–Hə yoldaş, filankəsov,
Eləcə durduğun yerdə
Sən də düşdün yaman dərdə.
“Üçü”ndə oturam gərək
Məclisin o başında.
Harda var ki,
Qarabağ süfrəsinin
Dolmasından, dovğasından,
aşından...
Hərə öz işindəydi,
Hərə öz dərdindəydi...
Sən də cənab Əzrayıl,
Gərək elə bu həyətə
gələydin?
Başqa ünvan tanımadın?
Allah keçsin günahımdan...
...Soruşsaydın deyərdim...
Onda fürsət vardı
Dostum, qardaşım
Çingiz Əlioğlunun adına
Biz bu tapmaca dünyaya
Müqəddəs qaranlıqdan
qaçaraq gəldik.
Qışqıra-qışqıra gəldik,
çıl-çılpaq gəldik.
“Oğlan olub!” – deyə
Muştuluq istədi
Mamaçamız.
Atılıb düşdü həyət-bacamız...
Gəldik
Daş üstə daş qoymağa,
ev tikməyə,
Yol çəkməyə,
Toxum əkməyə
gəldik
Bəlkə mən düz demədim,
Özün desənə
Niyə gəldik,
nəyə gəldik...
Baş götürüb qaçırıq
Meşəyə, dağa.
Çiçək yığmağa,
Su olub göyərməyə,
Şimşək kimi oynamağa gəldik.
Ağrımızı boğazlayıb,
Qayalardan atmağa gəldik
Qaranlığın qanını
qaraltmağa gəldik.
Amma
Gözümüz baxa-baxa
Düşmənimiz qudurdu.
Elimizi çapdı-taladı,
Evimizi başımıza uçurdu...
Eheyy, Çingizim,
Arxamızca Qarabağda
Quzu kimi mələyə-mələyə
dağlar qaldı...
Tifaqı dağılmış
Torpağımızın
Anası ağlar qaldı...
Bax, elə onda niyə
Küləyə, tüstüyə dönüb
İlim-ilim itmədik, Çingiz!
Bax, elə onda
Fürsət vardı,
Niyə ölüb getmədik, Çingiz!
...İndi
Ölmək qadağandı!..
Bir daha cənnət
Nə bərk yapışıbsan
Bu Yer üzündən, qardaşım,
Əllərinə yazığın gəlsin.
Əllərin yorula bilər.
Çiynindən qopar qolların,
qırıla bilər...
Onsuz da sirr deyil ki,
Bu yolun sonu haradı...
Dünya karvansaradı.
Gedən qayıtmaz deyərlər.
Gedən nədən qayıtsın ki?
Gecəylə yatıb səhərlə oyansın ki...
Gedən niyə dönüb gəlsin ki,
Gəlib xəbər versin ki,
Camaat, nə görmüsünüz
Bu düdəmə dünyada?..
Nə uymusunuz
şöhrətə, ada?
Haydı, arxamca –
Bir baş Cənnətə
Hələ bu harasıdı,
Hələ çox var qiyamətə...
Gedənlər xəbər gətirsə
Yer üzündə adam qalmaz.
Yer üzündə tufan qopar,
Qara küləklər əsər.
Hamı Cənnətə tələsər
Boşalar Yer üzü.
Qeyb olar gecəsi,
gündüzü.
Xiffətdən, vallah, ölər
Yer üzü...
...Bəlkə nə vaxtsa
açıla bilər
Adəm babamızın
Cənnətə dönmək
istəyinin düyünü...
Onda
Cənnət yolu tutarıq
Günlərin bir günü...
Allah bilən məsləhətdi...
– Ayağa qalxın, hakim gəlir!..
Haqq ilə nahaqqı axtaran hakim
Tapar qulaq ilə göz arasında...
Aşıq Ələsgər
– Hakim gəlir!
Ayağa qalxın!
Hamı qalxdı ayağa.
Qara mantiyalı
üç hakimdən
ortadakı
Başladı hökmü oxumağa...
Oxudu, oxudu,
oxudu...
Dəmir qəfəsdəki adam
Gülümsəyə-gülümsəyə
xəyala getdi.
Elə bildi yuxudu, yuxudu,
yuxudu...
Birdən diksindi, darıxdı,
düşündü:
– Bu hakimin fikri nədir,
görəsən?
Di gəl, başa düş indi...
Bu yay günü
Hakimin hər kəlməsi
Qapqaynar suya dönüb
Onun damarlarından
axdı, axdı...
Hakim qəribə bir
təbəssümlə
Dəmir qəfəsə baxdı:
– Cavan xanımı var,
Oğlu da lap uşaqdı...
Amma yolu
cəza evinədi
İlin-günün bu vaxtı...
Neyləyim ki, mən indi,
Qanımdan keçə billəm,
Qanundan necə keçim?
Məni qınamaz heç kim...
...Hakim hökmünü oxudu, oxudu,
oxudu,
Dəmir qəfəsin
qulağı eşitmirdi,
Gözləri qapalıydı...
Bu da bir yuxudu, yuxudu,
yuxudu...
Antipod
Vəzifəsindən qovulmuş A-ya və yerdə qalan bütün antipodlara
Antipodu kimsə çəkdi vəzifəyə,
Mən hardan bilim ki, niyə...
Antipodun yerişi, baxışı,
duruşu dəyişdi...
Dəyişdi kallaşmış səsi.
Çantasını sürücüsü daşıdı,
hikkəsini, nazını-katibəsi...
Sir-sifətinə bənzər
qara maşına mindi.
Qapqara da geyindi.
Əl atıb sıyırdı, atdı
Üzündəki maskasını.
Çıxartdı köynəyindən
Sürtük kamançasını.
Başladı, nə başladı...
Bir-iki işçinin
Yerini dəyişdi.
Bir-iki nəfərlə
guya ki, “döyüşdü”.
Bir-iki fağırın
“kəsildi kəndiri”.
Cibdəki telefonla
Bölüşdü, payladı tenderi...
Özündən böyüklərə
And içdi, dil tökdü,
yalvardı, yalan dedi.
– Dostumdur, qardaşımdır
Filankəsov filan dedi...
Artdıqca, çoxaldıqca
pul-parası.
Daha da tündləşdi
üzünün qarası...
Sən işə bax,
Mənə də müdir qoydular
Bu fırıldağı, hiyləgəri,
yalan kəsi.
Atın sağ-solunu
tanımayan filankəsi...
Əvvəllər adam balasıydı
elə bil,
Sakit, dilsiz bir quzu.
Sonra yavaş-yavaş
Təpəsində göründü
İçindəki buynuzu...
Antipodun nəfəsini kəsmək – çətin!
Nə vaxtsa xortdayıb
diriləcək, gələcək,
Özünü vuracaq
közə-oda.
Antipod düzələn deyil
Qılınc çəkək
Antipoda!
O pəncərə
O pəncərədən
Gün çıxardı,
Ay doğardı,
Sən baxardın...
Onda başqa dünyaydı,
Bir başqa ovqat vardı...
Heç soruşan da yoxudu
Bu qədər də sevda olar...
Nə xəbərdi?
Mən keçən yollara
boylanan
O pəncərə bəxtəvərdi.
Qəflətən göyərçinə
dönərdi
Göyümtül qanadları.
Hərdən üçüncü qatdan düşüb
Mənimlə üz tutardı
Dənizə sarı.
Bəzəyi-filanı yoxdu
Doğruydu,
yalanı yoxdu.
Olanıyla gözəl idi.
Hanı ta olanı yoxdu...
Hara getdi qoşa duran!
Daş atsalar daşa duran
Onunla baş-başa duran
Doğması, qalanı yoxdu...
Baxanı yoxsa, şüşəydi.
Küləklərlə döş-döşəydi
Mən bilirdim dərdi nəydi
Ta salam alanı yoxdu.
O pəncərə əlçatmazdı,
Bircə kərə gözlərimlə
Şüşəsini silməmişəm.
O pəncərə nağıl imiş,
Əfsanəymiş bilməmişəm.
İndi orda Ay görünmür,
Günəş yoxdu,
Sən də yoxsan...
Mən qayıdıb
Növcavan bir oğlan ollam
Sən bircə yol
ordan baxsan...
Fəqət, hanı,
sən hardasan?..
Qarağat
Bağımda qarağat
kolları əkmişəm.
Başına dönmüşəm,
nazını çəkmişəm.
Ürəyim açılıb
düymələr açanda.
Sapsarı çiçəyi
uçdu ey haçandı...
Qotazdan sallanar
turşməzə giləsi,
Torağay, qaranquş
dərməyə tələsir.
Birdənəm, nə yaxşı
bağıma gəlmisən?
Könlümdən keçəni
nə əcəb bilmisən...
Kim dedi yolunu
gözləyir qarağat?
Sən özün dərginən
lap indi, bu saat.
Dərməsən, özün bil,
nə qədər dərən var
Odur ey pusquda
dayanıb uşaqlar.
Sən canın ərinmə,
qurtaraq söhbəti,
Odur bax, get götür
o kiçik səbəti.
Gün batır, sərindi,
gözləyir qarağat.
Dayanma, özün yığ
bax indi, bu saat!
...Maşallah, qoçaqsan,
Səbətin doldu ki,
Ay aman, üst-başın
qarağat oldu ki...
O sədəf dırnağın,
barmağın – qarağat
Gizlətmə, görmüşəm
dodağın – qarağat.
Yaxşı ki, bağımda
qarağat əkmişəm,
Qarağat yığmağa
gələsən həmişə,
Birdənəm...
Səs – göylərdən gələn səsdi
Yaxşı getsə, Ramiz, işin
Biri var, birtəhər olar
Dərd eləmə, bəsdi kişi
Axşam ötər,
səhər olar.
İstək yoxsa, səslən ha sən
Sevmək – çətin,
dönmək – asan.
Ruhum, yoxsa darıxırsan
Bu, mənə şad xəbər olar.
Xəyallar var əlim çatmaz,
Yol başlasam yolum çatmaz.
Dönük çıxsan dünya batmaz
Bəs mən dönsəm, nətər olar?
Səs-göylərdən gələn səsdi,
Bu nə ovqat, nə həvəsdi?
Məni qiblən bilsən bəsdi
Allahım bəxtəvər olar!..
Birdən özün bilməzsən ha
Könlü açıq olduğumu,
Dönüb işıq olduğumu,
Sənə aşiq olduğumu
Birdən özün bilməzsən ha...
Çayda çimən daşlar bildi,
Göydən enən quşlar bildi.
Tale bizi oxşar bildi,
Birdən özün bilməzsən ha
Kəpənəklər bilə-bilə,
Bu xəbəri gülə-gülə
Daşıdılar güldən-gülə
Gülüm, birdən bilməzsən ha...
Sənsən, mənəm –bir könüldü ,
Ruhumdasan neçə ildi.
Tanrım özü rəva bildi
Sən bilməsən,
mən neylərəm?
Aytən gözəl
Aytən gözəl düzdü, haqdı,
Aya təndi, Aya təndi
Gecə durub Aya baxdı
Ay utandı, Ay utandı.
Nəfəsi gül bənövşədi.
Könlü nazik bir şüşədi.
İstəyiylə baş-başadı,
Sevdasına inanandı.
Çox kövrəkdi, küsə bilər...
Salamını kəsə bilər.
Nəsə duyar, nəsə bilər,
Zərif, həssas bir insandı.
Taleyini yelə verməz.
Göz yaşını selə verməz.
Əlini hər ələ verməz,
Doğmasına mehribandı.
Qarabağı dilindədi.
Canı, ruhu elindədi.
Bəxti Allah əlindədi
Bir nağıldı eşqi, andı.
Aytən belə bir Aytəndi,
Aya təndi, Aya təndi...
Bir az da mənim ol
Tənhalıq dördəlli yapışıb məndən
Məni o əllərdən ala bilərsən?
Bir ağ çadır qursam yaşıl çəməndə
Mənimlə sübhədək qala bilərsən?
Bağlasan bəxtimə ixtiyarını,
Yox eylər nəfəsin həsrət qarını.
Bir yaz gecəsində könlüm tarını
Alıb köksün üstə çala bilərsən?
Allah şükür elə,
Bəxtinə sığın.
Tanrı qismətidir xoşbəxt olmağın.
Ruhun göylərindir,
Cismin-torpağın
Bir az da mənim ol,
Ola bilərsən?
Kimsə deyəsimi
O nəydi, düşmüşdüm bəxtiyarlığa...
O kimdi ağlımı aldı da getdi.
Ürəyim az qaldı yerindən çıxa,
Bu da bir sevdalı haldı da, getdi...
Məndən betərlərə baxıb dözürdüm.
Hər gələn qovğaya ta müntəzirdim.
Bəxtimi yazmağa qələm gəzirdim
Bir quş lələyindən saldı da getdi...
Qolumu qaldırıb sallandım sözdən
Bir ovuc dən umdum sünbüllü düzdən
Kimsə deyəsimi heyf Ramizdən
Getdi...
Gedər-gəlməz yoldu də, getdi...
2013-cü ilin yayı,
Şüvəlan