|
|
|
|
Hacı Müzəffər Hacıyev 1943-cü ildə Bərdə rayonunun Hacallı kəndində anadan olub. Uzun illər adıçəkilən rayonda kolxoz sədri, ət tədarükü idarəsinin rəisi, kökəltmə kompleksinin direktoru kimi rəhbər vəzifələrdə çalışıb, bölgə iqtisadiyyatının möhkəmləndirilməsi, heyvandarlıq və pambıqçılıq təsərrüfatının inkişaf etdirilməsi sahəsində mühüm xidmətlər göstərib. O, 1989-cu ildə öz təşəbbüsü ilə Təhlə kəndində yaratdığı kolxoz təsərrüfatında daha böyük uğurlara imza atıb.Onun rəhbərliyi altında sözügedən kolxoz rayonun ən qabaqcıl təsərrüfatlarından birinə çevrilib. Bacarıqlı mütəxəssis harada işləməsindən asılı olmayaraq ona göstərilən etimadı həmişə layiqincə doğruldub, həm rayon rəhbərliyinin, həm də əhalinin dərin hörmət və nüfuzunu qazanıb. Hacı Müzəffər rayonda xeyirxah bir insan kimi də yaxşı tanınıb, çətinə düşənlərə yardım əli uzadıb, imkansızlara, kimsəsizlərə qayğı göstərib, dayaq durub. Bərdənin ilk Həcc, Kərbəla və Məşhəd ziyarətlərinə gedən sakinlərindən biri kimi o, müstəqillik illərində də xeyirxah əməllərini davam etdirib. Bu xeyir əməllər sahibi yaşadığı kənddə artezian vurdurub, Qarabağ kanalından suvarma məqsədi ilə xətt çəkdirib. Hacı himayəyə götürdüyü 12 köçkün ailəsini özəl təsərrüfatında yerləşdirib, onların yaşaması, çalışması və dolanışığı üçün hər cür şərait yaradılmasını təmin edib. Həyatın mənasını yaxşılıqda görən el ağsaqqalı böyüdüb boya-başa çatdırdığı övladlarını da bu ruhda tərbiyə edib. Onlar əməksevərliyi, sadəliyi və qayğıkeşlikləri ilə daim atalarının adını layiqincə doğruldublar. Ömrünün müdriklik çağını yaşayan Hacı Müzəffər Hacıyev bu gün də yorulmaq bilmir, daim fəal yaşamağa, mənsub olduğu elə-obaya yarımağa, xidmət etməyə can atır. Onu tez-tez xeyir-şər məclislərində, el şənliklərində, söz sənətinə həsr olunmuş tədbirlərdə, şair və aşıq dostları arasında görmək olar.
Hacı Müzəffər Hacıyev elat həyatı ilə möhkəm bağlı bir insan kimi də maraq doğurur. Özünün dediyi kimi onun uşaqlığı və gəncliyi dağlar qoynunda toy-düyünlü, çal-çağırlı bir mühitdə keçib. Bu səbəbdən söz-sənət vurğunu kimi tanınıb, saz çalmağı öyrənib, qəlbini kövrəldən duyğuları misralara çevirib.
Təsadüfi deyildir ki, onun qoşduğu bayatılar, şeir parçaları bu gün də el-obada ağızdan - ağıza dolaşır, aşıqlar tərəfindən həvəslə ifa olunur. Hacı Müzəffər gözəl günlər keçirdiyi Kəlbəcər dağlarını bir an belə unutmur, o yerləri daim böyük məhəbbətlə xatırlayır. Hacı gözəl yaylaqları, əlçatmaz zirvələri, əlvan çəmənləri, ecazkar təbiəti ilə məşhur olan bu ərazilərin erməni əsirliyində qalması ilə heç vaxt barışmır. Odur ki, o, gec-tez torpaqlarımızın mənfur erməni işğalından xilas ediləcəyinə, həmin ərazilərə bir daha geri dönə biləcəyinə inanır:
Mən aşiq o çağlara,
Çəmənlərə, bağlara.
Yüz qoyun qurbanım var,
Bir də dönsəm dağlara...
SSRİ süqut etdikdən sonra kolxoz quruluşu dağıldığı üçün Müzəffər Hacıyev özəl qoyunçuluq və dəvəçilik təsərrüfatı yaradıb. Onun bəslədiyi dəvələrin şöhrəti bir vaxtlar hər yerə yayılıb. Dəvə karvanını dağlarla müqayisə edən Hacı dəvəni də dağlar qədər müqəddəs sayır. Onun dediklərinə görə, bu müqəddəslik səbəbindən dəvələr yaşayan əraziyə canavar gəlmir. Dəvə qədər təmiz ikinci bir heyvan tapmaq çətindir. Aclığa, susuzluğa möhkəm davamlı olan dəvə ən əlverişli nəqliyyat vasitəsi sayılır. Elat camaatı onun bu imkanlarından həmişə geniş faydalanıb. Dəvə digər maraqlı xüsusiyyətləri ilə də diqqəti cəlb edir.Ona "xıx" deyəndə yatır, "təng" deyəndə isə arxa ayaqlarını rahatlayaraq yük götürməyə hazırlaşır. Hacı Müzəffər dəvə və dəvəçiliklə əlaqədar söz və terminləri bilməyi çox vacib sayır. Onun dediyi kimi, gəllah-dəvəsürən, pasiban-dəvəyə qulluq edən, gəlladar isə dəvəotaran anlamını verir. Yerli dəvələrin təkürgüclü və cütürgüclü kimi iki növü var. Təkürgüclü dəvənin dişisi maya, erkəyi isə nər adlanır. Cütürgüclü dəvənin də dişisinə maya deyilir, ancaq erkəyi buğur adlanır. Dəvə 22 ay müddətinə bala verir. Bir dəvə mənzili yüz kilometrə bərabər hesab olunur.
Dəvəçiliklə bağlı çox sözlər, terminlər olduğunu vurğulayan M.Hacıyev dəvəçilik sahəsinin tədricən sıradan çıxması ilə əlaqədar bu söz və terminlərin unudulmaq təhlükəsi ilə üzləşdiyini narahatlıqla dilə gətirib. Onun qənaətinə görə, həmin sözləri, məlumatları gələcək nəsillərə çatdırmaq üçün kitab halında toplayıb çap etdirmək olduqca vacibdir. Hacı Müzəffər sovet dönəmində dəvəçiliyə laqeyid və biganə münasibət göstərilməsindən söz açaraq, çox gəlirli və əhəmiyyətli bir təsərrüfat sahəsi olduğu halda, bu sahənin inkişafı üçün bu gün də lazımı şərait və imkan olmamasından gileylənib. Qeyd edilib ki, əvvəllər böyük tələbat yarandığı üçün yaylaqlara gedən elat tərəfindən dəvədən geniş istifadə olunub. Lakin hazırda erməni işğalı ilə əlaqədar olaraq həmin yerlərə getmək mümkün olmadığına görə, buna demək olar ki, ehtiyac qalmayıb. Yaylağı və bazarı olmayan təsərrüfatı isə inkişaf etdirmək çox çətindir. Hacı onun böyük dəvəçilik təsərrüfatıında vur-tut 5-6 baş dəvə qalmasını da məhz bununla əlaqələndirib.
Yəhya PAŞAZADƏ