Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialında Beynəlxalq Yazıçı Günü ilə əlaqədar sərgi təşkil edilib.
İdarədən AZƏRTAC-a bildirilib ki, sərgidə Azərbaycan, rus və digər xarici ədiblərin bioqrafiyaları, memuarları, haqqında yazılan xatirələr, fotoalbomlar nümayiş olunub.
Qeyd edək ki, maraqlı tarixi olan bu bayram 1921-ci ildən PEN klub tərəfindən (bu ad ingiliscə üç sözün poets (şair), essayists (oçerkçi) və nvelists (novella, roman müəllifi) - ilk hərflərindən yaranan qısaltmadır) qeyd olunmağa başlayıb.
PEN klubun ilk beynəlxalq konqresi isə 1923-cü ildə Londonda keçirilib. 1986-cı il yanvarın 12-dən 18-dək PEN klubun sayca 48-ci beynəlxalq konqresi baş tutub. Məhz həmin tədbirin iştirakçıları martın 3-nü "Yazıçı"nın "Ümumdünya Sülh Günü" elan edilməsi barədə qərar qəbul ediblər. Həmin vaxtadək artıq dünyanın yüzdən çox ölkəsində PEN mərkəzləri fəaliyyət göstərirdi.
Eyniadlı təşkilat - PEN klub bizim ölkəmizdə də yaradılıb. Üzvləri də kifayət qədər tanınmış adamlardır. Bu təşkilat ölkəmizdə 2011-ci ildə yaradılıb və prezidenti postuna Xalq yazıçısı Çingiz Abdullayev seçilib. Bütün dünyada fəaliyyət göstərən PEN klubun məqsəd və vəzifələri bizdə də hədəf götürülüb. Ölkəmizdə PEN klubun digər məqsədi Azərbaycan yazıçılarını dünya ölkələrində tanıtmaqdır.