Altı aydan bir hər seminar iştirakçısının əsərləri müzakirə olunurdu. Sıradakı həftə mənim növbəm çatacaqdı. Əsərləri müzakirə olunan şairi mütləq mənsub olduğu ədəbiyyatdan kimsə təqdim etməli idi. Mejirov özü o zaman SSRİ Yazıçılar İttifaqında Azərbaycan ədəbiyyatı üzrə məsləhətçi olan Çingiz Hüseynovla danışmışdı. Çingiz müəllim məmuniyyətlə gələcəyini söyləmişdi (Yeri gəlmişkən, deyim ki, Çingiz müəllim bir yazıçı, şəxsiyyət və dost kimi sevdiyim, təqdir etdiyim və dəstəyini gördüyüm əvəzolunmaz, sabitqədəm aydınımızdır. 1974-cü ildə ”Drujba narodov” jurnalının ”Yeni ad” rubrikasında yayınlanacaq şeirlərimə təqdimat məqaləsini də hörmətli Çingiz müəllim yazmışdı). Sözüm onda deyil, mənim seminar müzakirəmə 2-3 gün qalmış Çingiz müəllimi Yazıçılar İttifaqından harayasa ezamiyyətə göndərdilər və beləcə mənim seminar müzakirəmin keçirilməsi sual altında qaldı. Bu zaman ağlıma ilk gələn Vidadi olacaqdı. Fikrimi Mejirova bildirəcəkdim. V.Paşayev haqqında heç bir bilgisi olmayan Mejirovun çıxılmazlıq içində icazə verməkdən başqa əlacı qalmayacaqdı. Və... beləcə Vidadi Paşayev seminarda Azərbaycan ədəbiyyatını və məni təqdim edəcəkdi. Heyif, o zamanlar video imkanları yoxdu, ən azından stenoqrafist olsaydı... Vidadi Paşayevin o möhtəşəm çıxışı günümüzə dəyərli yadigar kimi qalardı. Açığı, ilk baxışda tərəddüd və şübhəyə qapılan seminar üzvləri, kurs yoldaşlarım beş-altı cümləsindən sonra ona diqqət kəsiləcəkdilər. Sanki o da bunu hiss etdiyindən coşub daha da ilhamla Azərbaycan ədəbiyyatı tarixindən, onun keçid mərhələlərindən, dünya ədəbiyyatındakı yerindən, 60-cılar nəslindən, o nəsil şairlərinin eksperimentlərindən və o nəslin nümayəndəsi kimi keçid edib məndən misallar gətirəcəkdi. Və elə rahat danışırdı ki, sanki dəvət olunmuş müsafir deyil, seminar rəhbəri idi. Beləcə ilk dəfə idi ki, bizim seminarlarımız bir həftə dərsinə sığmır, davamı növbəti həftəyə qalırdı. Gərək Mejirov, gərəksə də tələbə yoldaşlarım Vidadiyə belə dəyərli təqdim üçün təşəkkür edirdilər...Vətəndə, öz içimizdə çoxumuzun ağzına çullu dovşan sığmır, di gəl ki, dünyaya çıxdıqda və hər hansı görüş, ya toplantıda millətini təmsil edəcək tək adamın sən olduğunu bildikdə millətini adına layiq təmsil etməkdir qəhrəmanlıq. Bəlkə millətlər yarışında bir bu qədər geridə qalmışlığımızın bir səbəbi də təmsilçi qıtlığından və səviyyəsizliyindən qaynaqlanır. (Qalsın dünyanın başqa ölkələri, başqa dilləri, hətta qardaş Türkiyəyə elə ağzıgöyçəklər gəlir ki, eyni dil paylaşımında belə, şüar söyləməkdən uzağa getmir, özləri cəhənnəm, təmsil etdikləri məmləkəti, dili və kültürü də biabır edirlər. Bu azmış kimi, əllərində də qatıldıqları tədbirdə hamıya verilən bir iştirakçı kağızını (türklər buna plaket deyirlər) Azərbaycan mətbuatına birincilik diplomu kimi sırıyırlar!) Bir milləti başqa coğrafiyalarda, dil auralarında necə təmsil etməkdir ziyalılığın ən başlıca şərti! Bax, Vidadi Paşayevdə bu qabiliyyət vardı. Bəlkə elə bu qabiliyyətinə görə də onu məhv etdilər... Bunun bomboz adı qibtə, qısqanclıq və çəkəməzlikdir.
...Mən bu barədə iki il əvvəl Moskva mətbuatında da yazmışdım. Bir dəfə gecənin onikisində Yuri Kuznetsovgilin evindən çıxıb tramvay dayanacağına gedərkən Yura da bizi uğurlayırdı. Elə Yuragilin binasının bloklarının birinin qarşısında Ali Ədəbiyyat Kurslarından tələbə yoldaşım olan Vadim Kovda ilə təsadüfən qarşı-qarşıya gəldik. Vadim bu təsadüfü görüşə çox sevindi və məni ehmallıca kənara çəkib Yuranı işarət edib: “Mən onunla tanış olmaq istəyirəm, amma heç cür alınmır, bəlkə üz vurasan qalxaq mənim mənzilimə söhbətimizə bizdə davam edək, – dedi. Yura əvvəlcə getmək isəmədi, sonra mənim təkidimi görüb razılaşdı. Və biz Vadimgilə qalxdıq. Vadim süfrəyə yeməklərlə bərabər şəkərdən çəkilmiş araq qoyacaqdı. Onsuz da mən elə içən deyildim (həm də Yuragildə içki süfrəsindən qalxmışdıq!) amma ilk bakalı dodağımı yaxınlaşdırdığımda şəkər arağının nə zəhrimar olduğunu anladım. Mən kənarda qalmışdım. Vidadi bir-birinə zidd görüşlü bu rus və yəhudi ilə “türkün şərəfinin ayaqlar altına atılmaması üçün” içə-içə səhəri dirigözlü açacaqdı. Sonralar dəfələrlə istər Yura, istərsə də Vadim Vidadini aşkar bir sevgi və heyrətlə xatırlayacaq və biz belə həryönüylə hazırlıqlı bir qafqazlıya ilk dəfə rast gəlmişdik, deyəcəklərdi.
...Burası var ki, keçmiş zaman da bizdəki əks-sədasıyla bizimlədir, anımsanıldıqca dirilir. Könül dünyamızı necə yaradırıqsa, keçmişi də düşüncə və xəyallarımızla eləcə oyandırırıq! Keçmişin bizi quyu kimi özünə çəkməsinin bir səbəbi də bəlkə elə keçmişin yenə bizimlə təkrara yaşamaq istəyidir, bilmirəm. Nədənsə Vidadini düşünərkən məni vaxt-bivaxt dənizə çata bilməyin çayların taleyi düşündürür. Niyə bəzi çaylar bu arzusuna çatır, başqa birisi yox:
Dostlar yad oldular, qoy olsun, hələ
Xain çıxmamısan özünə özün.
Allah eləməmiş elə gün gələr
Düşmənlər içində dost gəzər gözün..
Bir şeirində haçansa yazdığı bu amansız fikirlər hardasa, ürəyədamma idi, gözü Moskvanın küçələrində “düşmənlər” arasında dost gəzirdi. Çünki Bakıdakı “dostları” onu arxadan vurmuşdu...
Amma “Moskva göz yaşlarına inanmır!” “Gəzməyə qürbət ellər!“ Yenə nə də olsa, ”ölməyə Vətən yaxşıdır!” Alla xanımdan olan biricik qızı Məryəmi-Maryaşkanı qürbət ellərdə qoyub, xəstə bədənini götürüb bir məzar yerini doldurmaq üçün vətənə qayıtmaq zorunda qalacaqdı Vidadi...
Fələk çarxı dəyərləri dəyərdən salmaqdaydı. Dünya deyilən fanidə torpağın altından başqa qaçacağı bir yeri qalmamışdı, ona görə də özünü idarə edə bilmir, hüzursuz-hüzursuz gəzib dolanır, bəlkə də o yüksəliş günlərinin həsrətini çəkə-çəkə özündən və çevrəsindəkilərdən qisasını belə alırdı.
Yavaş-yavaş ətrafında yalnız ölümü görməyə başlamışdı. Çəkdiyi siqaretin tüstüsündə, aldığı hər hənirin istisində,nəyə baxırdısa orda, hey o zəhər vardı: ÖLÜM! Bu amansız can sıxıntısının başqa səbəbi nə ola bilərdi ki?! Bakıya gəldikdən sonra bəlkə də Moskvadakı yaralarını sağaltmaq üçün ikinci dəfə evlənəcəkdi. Nə onun hər əzabına dözəcək olan vəfalı və cəfakeş həyat yoldaşı, nə də gül parçası kimi iki qızı onu təzədən bu həyata bağlaya biləcəkdi. Bir kərə həyat deyilən amansızlıq içərisində mədəd umulan bütün iplərini qoparmışdı. Həyat, övlad, qadın eşqi, arzu və ümid də artıq xəstə vücudunu qandıracaq oyuncaqlardan başqa bir şey deyildi. Və hamısının arxasından fələyin amansız çarxı dönüb dolanırdı. Hərdən uğurlu günlərinin qanadlı anlarını xəyali də olsa yaşamaq üçün indi ona əlçatmazlığın zirvəsi olan “Gənclik” nəşriyyatının ətrafında da gəzib dolanmaq istəyi vardı bəlkə də. İnsanlar yox, görəsən, o binanın daşı-divarı nə düşünürdü onun haqqında, nəsə düşünürdümü? Yuvasına dönməyə şansı olmayan qanadı qırılmış quş üçün yuva nə düşünə bilərdisə, indi onu keçi qiymətinə satanların məskəni də eyni şeyi “düşünürdü”! Ah, həyatın tərs şapalağı, ah, Yusif Sərrac taleyi! Özü özünün şahidi idi bir baxıma o qəfil, qəfil olduğu qədər də indi üstündən xətt çəkilmiş qeyri-adi yüksəlişin! O yüksəlişin ki, artıq onun özündən başqa kimsəyə gərəyi qalmamışdı, o yüksəlişinin tək şahidi idi, sanki ölsə, o acı xatirənin tək şahidi də yox olacaqdı. Yaxşıda ki, belə olacaqdı. Geridönüşü olmayan, əbədiləşən çıxılmazlığın sonucudur bu! Qılınc ruhuyla xəstə vücudu arasında amansız bir mücadilə başlamışdı. Bunu nədən deyirəm: iki dəfə – bir kinostudiyanın elmi-kütləvi sənədli filmlər birliyinin, bir də “Gənclik” jurnalının baş redaktoru olarkən gündüz özüylə razılaşıb onu işə götürmüşdüm (Görünür onu yerə, amansız həyatın şərtlərinə çəkən xəstə bədəni idi işə götürülməyi ilə razılaşan!), gecə isə özüylə təkbətək qaldığında inadkar ruhu xəstə bədənin zəifliyinə üsyan etmiş və səhərisi zəng edib işə gəlməyəcəyini kükrəmişdi. Mən onu yalnızca maaş alsın deyə işə götürürdüm, bilirdim ki, bu xəstə halıyla səhərdən axşama işdə qərar tuta, duruş gətirə bilməz, o isə havayı maaş almağı şəninə sığışdırmamışdı... Onu bu yönüylə hardasa rəhmətlik Sabir Əhmədovun “Yamacda nişanə” povestinin qəhrəmanı ilə müqayisə etmək olardı. Bu, Anadolu türkləri demiş “nerədən nerəyə” gəlişin ölüm sancıları idi. Heç yerdə özünə yer tapa bilmirdi, bir tərəfdən astma xəstəliyi, o biri tərəfdən içki və siqaret axırına çıxırdı. Bunların hamısı gözə görünən bəhanələrdi, əslində isə o, bilərəkdən özü öz axırına çıxmaqdaydı. Kimsə ilə ünsiyyətdə ola bilmirdi. Olanda da mütləq sonu qovğa ilə bitirdi. Sanki onun bu duruma düşməsində daşlı-divarlı, insanlı-heyvanlı nə varsa, günahkardı (Doğrusunu gəzsək, düşündüyü kimi də vardı!) Bir zamanlar şöhrətinin zirvəsinə ulaşdığı, barmaqla göstərildiyi şəhərdə, daş-divarın deyil, ikiayaqlı məxluqların üzüdönüklüyünə alışa bilmir və bütün bunlara canına qəsd etməklə üsyan edirdi, bu, şüurlu, məqsədyönlü bir üsyan idi!.. Son zamanlar evindən eşiyə çıxa bilmirdi. İndi söyləmək bəlkə də doğru deyil, dəfələrlə bazarlıq edib yanına da getmişdim. Bir zamanlar xəstəlik dərəcəsində nərd oynamağı sevən adamın nəinki nərd oynamağa, heç danışmağa da hövsələsi qalmamışdı...
Ölüm xəbəri gözləniləndi... Hər şeydən imtinasının alması da bu olmalıydı: Ölüm!
İnsanlar dünyasını dəyişəndə ruhları yer üzünü tərk edib göyün yeddinci qatına yüksəlir, yalnız nakam və nigaran ruhların yerdə qalıb qohum-qardaşların, dost və tanışların həndəvərində gözə görünmədən yaşamaq imkanı var, deyirlər. Ömrü yarımçıq qırılanlar, arzuları başa varmayanlar, yer üzündə insani borclarını başa çatdıra bilməyənlərin ruhu bu dərdli-ahlı dünyanı tərk etmir – Vidadinin ruhu kimi. Hər kəsin ölümünə çəkilməyə cəsarəti çatmır. Əlini üzünə tutub dünyadan, yaşamaqdan bezəndə insanın pərdə arxasına – öz ölümünə çəkilməyi var. Bəlkə biz yaxamızı kənara çəkib onu dərdin-kədərin əlində tək qoyduğumuzdan günlərin birində hamımızdan xəbərsiz Vidadi Paşayev də öz ölümünə çəkiləcəkdi. Pərdə arxasına – ölümünə çəkilməyi ilə də bizi yandırıb-yaxacaqdı...
Cənazəsi Bakının üçüncü mikrorayonundan Gəncəyə yol alırdı, mən gedə bilməməyimin üzüntüsüylə arxasınca göz yaşı tökürdüm, o isə heç zaman hüzur bulmayan çalxantılı ömrünün davamını bir məzar daşında yaşatmağa gedirdi...
Noyabr-Dekabr 2013.
Çanaqqala, Türkiyə