Dövlət Mahnı Teatrında görkəmli sənətkar, SSRİ Xalq artisti Rəşid Behbudovun xatirəsinə həsr edilmiş anım gecəsi və konsert təşkil olunub. Görkəmli müğənninin doğum günündə hələ sovet dövründə Rəşid Behbudovun özünün səyləri sayəsində yaradılmış Mahnı Teatrında keçirilən tədbirdə Milli Məclisin deputatları, respublika ictimaiyyətinin nümayəndələri, tanınmış mədəniyyət xadimləri, musiqi ictimaiyyətinin təmsilçiləri ilə yanaşı, Rəşid Behbudovun ailə üzvləri - qızı və nəvəsi də iştirak edib. Xatirə gecəsi Rəşid Behbudovun ifasında mahnının səslənməsi ilə başlanıb.
Əməkdar artist Gülyanaq Məmmədova tədbir iştirakçılarını salamlayaraq Rəşid Behbudovun Azərbaycan musiqi mədəniyyətinin inkişafına dəyərli töhfələrini, milli musiqi sənətinin xaricdə təbliğ edilməsi sahəsində Azərbaycan dövləti qarşısında böyük xidmətlərini qeyd edib: "Bu gün Rəşid Behbudovun anadan olmasından 98 il və onun yaratdığı Mahnı Teatrının fəaliyyətə başlamasından 45 il keçir. Mahnı Teatrının spesifik bədii simasını müəyyən edən xüsusiyyətləri vardı: bu kollektiv başqalarını təqlid etmirdi, Şərq ilə Qərbi vahid bir konsepsiya şəklində birləşdirən yeni, bənzərsiz musiqi nömrələri yaradırdı. Həmin konsepsiyanın müəllifi isə Rəşid Behbudov idi. Onun yorulmaz fəaliyyəti sayəsində dünya Azərbaycanı, Azərbaycan isə dünyanı tanıyırdı".
Rəşid Behbudovun xatirəsinə həsr edilmiş böyük konsertdə Mahnı Teatrının musiqi və rəqs kollektivi, aktyorlar, tanınmış incəsənət ustaları və gənc ifaçılar iştirak ediblər.
Konsertdə Azərbaycan milli çalğı alətlərinin müşayiəti ilə xalq mahnı və rəqsləri səslənib. Eləcə də türk, ərəb, hind və İran ritmləri də ifa olunub.
S.ABDULLAYEVA