Beynəlxalq aləm: ziddiyyətlər, münaqişələr, müharibələr
(Əvvəli ötən şənbə sayımızda)
Fransa qüdrət sahibi olan dövlətə çevrildikdə Misirə sahib olmağa can atırdı. XVIII əsrin sonunda isə Fransanın başlıca düşməni Böyük Britaniya idi və Londona hücumun Misirdən və Hindistandan başlanması planı cızılmışdı. Ona görə də, 1798-ci ildə Fransa hökuməti Misiri işğal etmək üçün Napoleonun başçılığı altında oraya böyük ordu göndərdi. Bir il bundan əvvəl Misirdəki fransız konsulu demişdi ki, artıq vaxt gəlib çatmışdır, çünki Misir xalqı istismarın və korrupsiyalaşmış hökumətin qurbanına çevrilmişdir. Fransa təkcə Şimali Afrika barədə cəsarətli planlara malik deyildi, qitənin özündən də fayda götürmək siyasətini indi də davam etdirir.
Ziddiyyətlər, istismardan kütləvi narazılıq çox hallarda inqilablara gətirib çıxarır. İnqilab sosial, siyasi, iqtisadi, mədəni, dini və mənəvi dəyişikliklər prosesi kimi başa düşülür, intensiv qaydada, bəzən isə zorakılıqla həyata keçirilir.
Sinfi mübarizə barədəki Marks nəzəriyyəsi varlı və yoxsul ölkələr arasında mövcud olan münaqişələrə də tətbiq edilə bilər. Kütlənin real, həm də başa düşdüyü ədalətsizliyə görə aram bilməyən narazılığını bildirməsi "yeni postmodern pələngi" adlandırılır. Axı pələng çox vaxt daha uca səslə nərə çəkir.
Əgər düşmən hərbi güc vasitəsilə məğlub edilə bilinmirsə, onun ölkəsində daxili narazılıq toxumunu səpməyə cəhd edilməsinə əl atılır. "Parçala və hökm sür" resepti azlıqların manipulyasiya edilməsini də nəzərdə tutur.
Böyük Britaniya və digər Avropa dövlətləri XIX əsrin son onilliklərində və XX əsrin əvvəllərində Osmanlı imperiyasını zəiflətmək üçün Orta Şərqdə Ərəb qiyamlarına rəvac verdilər. Fransa Suriyanın iki başlıca şəhəri - Aleppo (Hələb) və Dəməşq arasındakı qədim rəqabətdən oyuncaq kimi istifadə edirdi, eyni zamanda, oradakı müsəlman azlıqları olan Ələvilər və Druzlar tərəfindən Sünnilərə qarşı düşmənçiliyi qızışdırırdı.
Çar II Aleksandrın ölümündən sonra Rusiyada yəhudilərin təqib edilməsinə başlandı. Almaniya bundan hali idi ki, inqilab baş vermədən, müharibə yolu ilə Rusiyaya qalib gəlinməsi heç vaxt mümkün olmayacaqdır, ona görə də ölkədə narazılıqların artmasına sevinirdi. Birinci Dünya müharibəsi ərzində də Almaniya çara qarşı işləyən Rusiya agentlərinə böyük məbləğdə pul xərcləmişdi.
Soyuq müharibə illərində Qərb SSRİ-də insan haqları, söz və mətbuat azadlığı ilə əlaqədar olan narazılıqların artmasına hərtərəfli yardım göstərirdi. Birləşmiş Ştatlar Çilinin sosialist prezidenti, SSRİ-nin və Kubanın dəstəklədiyi Salvador Alyendenin devrilməsinə pulla köməklik göstərmişdi. Səddam Hüseyn 1980-ci ildə İrana hücum edəndə, iddia edirdi ki, onun motivlərindən biri Ayətullah Xomeyninin İraqdakı şiə çoxluğunu üsyana qaldırmaq istəyinə yol verməməkdir. Belə bəhanələrdən indi də istifadə edilməsi o qədər çətin deyildir. Məsələn, Tehran Səudiyyə Ərəbistanının Persiya körfəzi sahillərində yaşayan şiə azlığından istifadə etməyə girişə bilər, ölkənin bu hissəsində isə neft quyularının əksəriyyəti yerləşir. Belə ehtimal ər-Riadı narahat etməyə bilməz, ona görə də İranla onun münasibətlərindəki gərginlik bəzən münaqişə həddinə də yaxınlaşır. İranlılar eyni ssenari ilə Bəhreyndə də hərəkət edə bilərlər, orada əhalinin tərkibində şiələr çoxluq təşkil etsə də, hakimiyyət sünni azlığının əlindədir və şiələrə qarşı müəyyən ayrı-seçkilik cəhdləri edilir. Onları mübarizəyə qaldırmaq, mütəşəkkilliyə cəlb etmək istənilən vaxt gündəliyə çıxa bilər.
Geridə Klauzevitsin bir ideyası xatırlanmışdı ki, Rusiyanı ordu gücü ilə, müharibə vasitəsilə məğlub etmək mümkün deyildir, buna onun möhkəmliyi, əhali çoxluğu və yerləşdiyi məkanın nəhəng ölçüləri də şərait yaradır. Yeganə optimal yol daxili düşmənçiliyin baş qaldırmasıdır ki, Rusiya məğlubiyyət acısını dada bilsin. Əsrlər, zaman dəyişsə də, bu ideya öz qiymətini itirmir və Qərb ölkədə sabitliyi pozmaq üçün müxalifət qüvvələrini gücləndirməyə çalışır və bu, Rusiya hakimiyyət dairələrini narahat etməyə bilməz.
Qərb həmçinin, Rusiyanın çoxmillətli və çoxkonfessiyalı olduğunu nəzərə alaraq, separatizm meyllərinə də dəstəyini əsirgəmir. Şimali Qafqazda çeçenlərin, islam qiyamçılarının mübarizəsinə birbaşa olmasa da, müəyyən köməklik göstərirdi. Çində isə Tibetdəki milli-azadlıq hərəkatına Hindistan köməklik göstərir, bu ölkədə Dalay-Lama da daxil olmaqla vətənindən qaçmış 200 minə qədər tibetli yaşayır. Birləşmiş Ştatlar da Pekini özünün geosiyasi və geoiqtisadi rəqibi saydığından, oyanmış şirə qarşı tibetlilərin və uyğurların separatizm hərəkatına sponsorluq edir. Avropa İttifaqı da uyğurların separatizm cəhdlərini dəsəkləyir, hərəkatın liderlərindən birini Andrey Saxarov medalı ilə təltif etmişdir. Həmin şəxs Çində 20 il müddətinə azdlıqdan məhrum edilmişdir. ABŞ və Böyük Britaniya Honkonqda Çin dövlət quruluşu əleyhinə istiqamətlənən mitinqlərin davam etməsi və genişlənməsinə açıq şəkildə olmasa da, dəstək verir. İş o yerə gəlib çatmışdır ki, 2019-cu ilin sentyabr ayında keçirilən bir mitinqin iştirakçıları başları üzərində çox sayda ABŞ-ın dövlət bayrağını qaldırmış və vaxtilə yarımadada müstəmləkə ağalığı etmiş Böyük Britaniyadan kömək istəmişdi.
ABŞ-ın yarım əsrdən çox bir müddətdə əhalisini ağır iqtisadi vəziyyətə salmış Kubanın blokadasını davam etdirməklə yanaşı, ölkə rəhbərliyini nüfuzdan salmaq üçün hər şeyə əl atır. Mərhum prezident Fidel Kastroya dəfələrlə sui-qəsd təşkil etməklə kifayətlənməyib, onun guya dəbdəbəli həyat sürdüyü, əxlaq pozğunluğu ilə məşğul olduğu barədə şayiələr yayırdı. Lakin kubalıların əksəriyyəti bunun ABŞ-ın gizli xidmət orqanları tərəfindən təşkil olunduğunu anlayırdı.
İsrail və ABŞ Suriya prezidenti Bəşər Əsədin devrilməsinə çalışır və ölkədə vətəndaş müharibəsində ona qarşı vuruşanlara dəstək verirdi. İsrail Suriyadakı indiki rejiminin öz təhlükəsizliyinə qarşı müstəsna rol oynadığını güman edir. Belə bir vaxtda Rusiyanın hərbi köməyi hökumət qüvvələrinin müharibədə üstünlük qazanmasına və qanuni prezident Əsədin öz kürsüsünü qoruyub saxlamasına şərait yaratdı. Rusiya Suriyanın hava məkanını hücumlardan qorumaq üçün orada C-400 "Triumf" adlı raket əleyhinə qurğular yerləşdirdi.
Donald Tramp prezident seçildikdən sonra İrana qarşı ABŞ-ın təzyiqləri xeyli artdı. Əvvəlki prezident Barak Obamanın dövründə İranın nüvə silahına yiyələnməsi cəhdlərinin qarşısını almaq barədə bağlanmış müqavilədən ABŞ Trampın təkidi ilə, digər həmin sənədi imzalamış böyük dövlətlərin etirazına baxmayaraq, birtərəfli qaydada çıxdı. Trampın bilavasitə göstərişi ilə İran İslam Korpusunun liderlərindən biri olan Kasem Süleymani aviasiya zərbəsi ilə Bağdadda öldürüldü. ABŞ-ın özünün yaratdığı faciədə bata biləcəyi, İranın isə uzunmüddətli perspektivdə Süleymaninin itkisini uduşa çevirmək imkanına yiyələnəcəyi barədə sağlam düşüncədən uzaq olan bir fikir yarandı. Sui-qəsddən sonra İran rəhbərlərinin Amerikaya qarçı hədələri həqiqətdən belə uzaq olan uğurlu perspektivə şübhə dumanına bürünmüş bir ümid yaradırdı. Lakin iti düşüncə tərzi ilə yanaşdıqda, bunun ölkənin daxilinə, öz xalqına ünvanladığı boş hay-küy olması qənaəti yaranırdı, çünki uzunmüddətli sanksiyalar hesabına çox zəifləmiş İranın, iqtisadi və hərbi cəhətdən çox qüdrətli olan ABŞ-dan tutarlı bir qisas alacağı ehtimalı olduqca qeyri-ciddi görünürdü. Radikal dindarları, moizələrdə xor qaydasında Amerikaya lənət yağdıranları sakitləşdirmək, daha doğrusu, aldatmaq üçün İraqda harasa bir bomba atıldı, onun səsi İranda həssas qulaqlar tərəfindən minbərdən gələn çağırış hesabına yaxşı eşidilsə də, Amerika mövqelərinə elə bir ziyan vurmadı. Deyəsən, müasir Davidin sapandı Qoliafdan yan keçdi. ABŞ İranla istədiyi kimi davranır, onun ətrafında yerləşən dövlətləri də öz məqsədinə yönələn xəttə cəlb etməyi bacarır. İrana qarşı həmlələrin təşkilində İsrail rejissor köməkçisi rolunu oynayır, rejissoru daim bu sahədə gur fəaliyyətdə olmağa təhrik edir.
Son vaxtlar kiberməkanda da narazılıqların yaradılmasına cəhd edilir. Venesuelada Maduro hakimiyyətini gözdən salmaq üçün bir neçə dəfə ölkədə elektrik enerjisi sistemləri sıradan çıxarılmış, əksər ərazi qaranlığa məhkum edilmişdi. Hökumət bu böhranların yaradılmasına görə ABŞ-ı günahlandırır. Venesuela təkcə qaranlıqdan əziyyət çəkmir, iqtisadi cəhətdən boğulması və uğursuz makroiqtisadi siyasət hesabına ölkədə inflyasiya bütün hədləri aşmışdır, onun valyutası I Dünya müharibəsindən sonrakı alman markasının taleyini yaşamağa yaxınlaşır. Əhalinin sosial vəziyyəti acınacaqlı olmaqla yanaşı, iqtisadi və sosial tunelin qurtaracağında elə bir işıq nişanəsi də görünmür.
Hakerlərdən istifadə ilə dövlətlərin daxili siyasətinə, seçki prosesinə müdaxilə etmək halları da az deyildir. Kiberməkandakı hücumlar özünün psixiki zərər vurmaq xüsusiyyətinə görə daha əhəmiyyətli hesab olunur, çünki yaradılan imic ağır silahlı batalyondan da daha güclü təsir bağışlaya bilər. Və məsələnin necə bir təhlükə olduğuna real yanaşdıqda, kiberməkanın döyüş cəbhəsinə çevrilməsi təsəvvürü yaranır. Dezinformasiya ilə yanaşı, batalyonlardan istifadə bir qədər köhnə silah hesab olunur, kiberhücumlar isə strateji obyektlərin iflic edilməsi ilə, rəqibə ağır zərbələr vurmaq gücünə malikdir.
Radikal dindarlığın bəlaları və islamçıların cihadı
Napoleon yazırdı ki, "din ümumi əhalini sakit saxlamaq üçün əla şeydir. Din kasıb adamları varlıları öldürməkdən saxlayır". Din, həqiqətən də, insanları itaətdə qalmağa səsləyir və hakimiyyətlərin ən güclü diviziyasına çevrilir. Tehran konfransında iştirakçılardan birinin Vatikanın da rəyini bilməyin vacib olduğu sözlərinə, İ.V.Stalin "Vatikanın neçə diviziyası vardır?" kimi istehza ilə sual şəklində cavab vermişdi. Roma Papası Stalinin acı istehzasına cavab olaraq demişdi ki, bizim diviziyamızı göylərdə görə biləcəkdir. Dinlə hakimiyyətin sintezi, vəhdətdə olan fəaliyyəti həm hakimiyyətə, həm də əsas konfessiyaya fayda verir, onlar bir-birinin nöqsanlarına, konstitusiyaya və dini ehkamlara riayət etməmək hallarına göz yumur, sosial sabitliyin qorunmasına xidmət etməklə, bu tarladan təmənnasında olduqları bol bəhrəni götürürlər. Dinin varlıların kasıblar tərəfindən öldürülməsinin qarşısını almaq fikrində isə bir qədər şişirtmə vardır. Kasıb mənəvi və fiziki cəhətdən çox zəiflədiyindən hansısa varlıya hücum etməkdən, təhlükə törətməkdən uzaq olur. Ən böyük inqilablar belə siyasi rəqiblərin edamlarını təşkil etsə də, varlılara izah olunmayan bir mərhəmət hissi ilə yanaşır, yalnız onların var-dövlətinin müsadirəsi ilə kifayətlənir. Fransa inqilabının rəhbərlərindən biri Maksimilian Robespyerin start verdiyi və başçılıq etdiyi Terror (1793-1794-cü illər) kralın və kraliçanın edamı ilə, Robespyerin silahdaşları olan inqilab xadimlərinin və axırda özünün də gilyotina edilməsi ilə yadda qaldı. Edam olunan varlıların isə siyahısı elə böyük deyildi. Varlı adamları din deyil, öz var-dövlətləri qoruyur. Qarışıq anlarda, məsələn, 1789-cu il Fransa inqilabından sonra din qadağan olunduğundan, din xadimləri özlərini qorumağa çalışırdılar, əbaları ilə xalqdan fərqlənənlər cürbəcür xilas yolları axtarır, əllərinə düşən fürsətdən bol-bol istifadə etməyə müvəffəq olurdular.
İnsanlar aldadılmağa meyllidirlər, ümumi axının irticaçı xarakterinə fikir vermədən, asanlıqla ona qoşulurlar. Yozef Göbbels insan təbiətinin necə manipulyasiya etmək yollarını göstərmişdi. O, dinin geosiyasi təsirdə necə mühüm faktor olduğunu da yaxşı bilirdi. O deyirdi: "Biri etiraf edir ki, mistik mövcudluğa doğru vegetativ meylə malikdir, ondan istifadə etməmək səfehlik olacaqdır".