"Ermənistanın Metsamor Atom Elektrik Stansiyası (AES) olduqca təhlükəlidir, Çernobıl tipli bir stansiyadır və onun istismar müddəti bitib". Bu barədə millət vəkili, politoloq Rasim Musabəyov Haaqada keçirilən 3-cü Nüvə Təhlükəsizliyi sammitində Ermənistan AES-in yaratdığı təhlükələr barədə Azərbaycan prezidentinin çıxışına münasibət bildirərkən deyib. Politoloq xatırladıb ki, Ermənistan Avropadan, daha sonra Amerikadan Metsamorun istismar müddətini bir az uzadıb, sonra qapatmaq məqsədilə pul alıb. Amma həmin pullar xərclənib, stansiya isə bağlanmayıb: "Ermənistan rəhbərliyi anladı ki, daha onlara bu istiqamətdə pul ayıran olmayacaq və Rusiyanın köməyi ilə yenə də o stansiyanın istismar müddətini uzatdılar. Ancaq bu köhnəlmiş, öncədən çox zay texnologiya ilə quraşdırılmış və istismar müddəti bitmiş bir stansiyadır. Onun gündəlik təhlükələri təbii ki, artır. İndi biz Ermənistanı stansiyanı bağlamasına məcbur edə bilmirik, ancaq o dövlətlər ki, Ermənistana pul ayırırlar, həmin təhlükələri görməli və bu ölkə qarşısında müvafiq tələblərlə çıxış etməlidirlər. Xüsusilə də MAQATE. Təbii ki, Azərbaycan Prezidentinin vəzifəsi idi ki, bu təhlükələrə diqqəti cəlb etsin və bunu da etdi".
Millət vəkilinin sözlərinə görə, Metsamorla yanaşı ayrı təhlükələr də var və bu da ondan ibarətdir ki, Ermənistan həmin stansiyanın istifadəsi üçün yanacağı Rusiyadan gətirir. Həmin yanacaq istifadə olunandan sonra demək olar ki, nüvə tullantıları şəklində hələ uzun müddət saxlanılmalıdır. "İstisna deyil ki, ermənilər həmin tullantıları Azərbaycanın işğal olunmuş ərazilərdə gizlədirlər. İstifadə olunmuş nüvə yanacağı Ermənistandan çıxarmırlar. Ona görə ki, Azərbaycanla yol bağlıdır, Türkiyə, Gürcüstan öz ərazisindən icazə vermir, İranın isə sanksiyalar altında olduğunu nəzərə alsaq, onları çıxarmaq mümkün deyil. Deməli, həmin tullantılar Ermənistanda yığılır və sual olunur ki, harda onları saxlayırlar. Harda o təhlükələr yarada bilər. Bu məsələlərə təbii ki, diqqəti cəlb etmək lazım idi, Prezident də beynəlxalq aləmin diqqətini bu məsələyə cəlb etdi. Bu olduqca vacib bir məqam idi", millət vəkili bildirib.
R.Musabəyov əlavə edib ki, Ermənistan Metsamorun istifadəsini uzatdığı halda, orda müəyyən tədbirlər görür: "Nə qədər biz Metsamorun yaratdığı təhlükələrdən ehtiyatlanırıq, ermənilər də başa düşürlər ki, nəsə baş verərsə, birinci özlərinə zərbəsi dəyəcək. Çünki bu, İrəvandan təxminən 40 kilometrdə yerləşən bir obyektdir və ilk növbədə özlərinə böyük təhlükədir. Amma təhlükəsizlik tədbirlərinin həyata keçirilməsinə baxmayaraq, onun fəaliyyət göstərməsi risklərin mövcudluğu deməkdir". Politoloqun sözlərinə görə, stansiyanın təhlükəsizliyi, idarəolunması ilə bağlı Rusiya cavabdehdir. Çünki vaxtilə o stansiyanı sovetlər dönəmində Rusiya tikib və Rusiya texnologiyalarına əsaslanan bir obyektdir.
Millət vəkili hesab edir ki, bu stansiyanı qapatmaq nə nə hansısa dövlətin, nə də MAQATE-nin səlahiyyətindədir. Amma Ermənistan qarşısında müəyyən şərtlər qoyulmalıdır: "Ayrılan maliyyə doğurdan da stansiyanın təhlükəsizliyi üçün xərclənməlidir. Bundan əlavə, MAQATE mütəmadi olaraq yoxlamalar keçirib və kifayət qədər sərt tələblər qoymalıdır ki, bunun nə Ermənistan, nə də region üçün təhlükələri artsın".
Qeyd edək ki, Azərbaycan prezidenti çıxışında Ermənistanın təxminən 40 il əvvəl tikilmiş və köhnəlmiş AES-in yaratdığı təhlükədən danışaraq deyib ki, bu elektrostansiya bütün region və yaxın qonşular üçün böyük təhdiddir. Dövlət başçısı oradakı hər hansı qəzanın nəticələrinin faciəli olacağını vurğulayıb.
Pərvanə