Ailə cəmiyyətin özəyi, onun ayrılmaz tərkib hissəsidir. Təbii ki, cəmiyyət dəyişdikcə birmənalı olaraq ailə haqqında təsəvvürlər də dəyişərək inkişaf edir, ailə qanunları, normaları daha da təkmilləşib möhkəmlənir. Baş verən müsbət dəyişikliklər ailənin cəmiyyətdə rolunun, mövqeyinin və nüfuzunun artmasına ciddi təsir göstərir.
Bunu müstəqillik qazanmış ölkəmizin timsalında aydın görmək olar. Müstəqillik illərində respublikanın həyatında baş verən köklü ictimai-siyasi və sosial-iqtisadi dəyişikliklər ailələrdən də yan keçməyib. Ailə məsələləri yeni milli müstəviyə çıxarılıb.
Əsrlər boyu təzyiqlərə, repressiyalara, qadağalara məruz qalan Azərbaycan ailəsi bütün məhrumiyyətlərə baxmayaraq mental xüsusiyyətləri, milli dəyərləri qoruyub-saxlamağı bacarıb, müstəqillik şəraitində dünya ölkələri ilə inteqrasiya nəticəsində bəşəri, mədəni və estetik məziyyətlərlə daha da zənginləşib.
Ağdam Rayon Qeydiyyat Şöbəsinin rəisi, hüquqşünas Zöhrab Zeynalovun dediyi kimi, müstəqillik qazanıldıqdan sonra respublikamızda ailənin möhkəmləndirilməsi və inkişaf etdirilməsi sahəsində mühüm hüquqi addımlar atılıb. "Ailə Məcəlləsi" və digər qanunvericilik aktları qəbul edilib. Bu mühüm işlərin həyata keçirilməsində müstəqil dövlətimizin banisi, ümummilli lider Heydər Əliyev əvəzsiz xidmətlər göstərib.
Hazırda dövlətimiz tərəfindən ailənin rolunun artırılması və inkişafı istiqamətində tədbirlər uğurla davam etdirilir.
Şöbə rəisi qeyd edib ki, ailə yalnız iki şəxsin evlilik münasibətlərini tənzim etməklə məhdudlaşmır. Qurulan ailə daha geniş ictimai vəzifələr, missiyalar həyata keçirir. Burada uşaqlar dünyaya gəlir, nəsil davam edir, tərbiyə aşılanır, qohumluq əlaqələri yaranır, valideynlərə qayğı və sair kimi birgəyaşayış funksiyaları yerinə yetirilir. Odur ki, sağlam ailənin qurulması və qorunması cəmiyyət ücün həyati əhəmiyyət kəsb edir. Əlbəttə, ailənin dağılması cəmiyyətə ciddi təsir göstərir, onu ağır zərbələrə məruz qoyur.
Bu mənada, gələcəkdə problemlərin baş verməməsi üçün ailə qurmazdan öncə bir çox mühüm məsələlər həllini tapmalıdır. Daha doğrusu, cəmiyyətdə qarşıya çıxan əngəllər, səbəblər aradan qaldırmalıdır. Bu baxımdan ailə qurmaq üçün gənclərin tibbi müayinəsi çox əhəmiyyətlidir. Z.Zeynalov bu sahədə dünya ölkələrinin, ən azından MDB dövlətlərinin təcrübəsindən istifadənin faydalı olduğunu vurğulayıb.
Hüquqşünasın qənaətinə görə, ailənin möhkəm dayaqlar üzərində qurulmasında nikah müqavilələri də əhəmiyyətli rol oynayır. Bu istiqamətdə əhali arasında geniş maarifləndirmə tədbirləri həyata keçirilməlidir.
Z.Zeynalov söhbətinin davamında bildirib ki, ailə dövlət tərəfindən rəsmən tanındıqdan sonra öz həqiqi hüquqi statusunu qazanır. Ölkə Konstitusiyasına əsasən hər kəs qanunla nəzərdə tutulmuş yaş həddinə çatdıqda ailə qurmaq hüququ əldə edir. Mövcud qanunvericiliyə görə nikah yaşı oğlan və qızlar üçün 18 yaş müəyyən edilib. Xalqımız həmişə ailəni müqəddəs sayıb, ona böyük hörmət bəsləyib, adını uca tutub. Bu gün də bu ənənə layiqincə davam etdirilir, lakin təəssüflər olsun ki, bir çox vətəndaş tərəfindən ailəyə laqeyd münasibət bəslənilir, onun nüfuzuna xələl gətirən əməllərə yol verilir. Nəticədə ailələr dağılır, uşaqlar valideynsiz böyüyürlər. Bu işdə valideynlərin də günahı az olmur. Hüquqşünas respublikada boşanma hallarının çoxalmasından narahatlığını gizlətməyib. O, belə halların əksəriyyətinin erkən nikahlar səbəbindən baş verdiyini diqqətə çatdırıb. Valideynlərin təqsiri üzündən 18 yaşdan aşağı olan uşaqlar məcburi evliliyə daxil olurlar. Beləliklə, erkən nikaha girən uşaqlar sağlam yaşamaq, təhsil almaq və inkişaf etmək imkanlarından məhrum edilirlər. Erkən nikahlar xüsusilə, qızlara və onların dünyaya gətirdikləri övladların sağlamlıq durumu üçün ciddi təhlükələr törədir. Bu kimi hallar, bütövlükdə, cəmiyyətin inkişafına maneələr yaradır, milli genefondumuza zərbə vurur. Erkən evlilik insan hüquqlarının kobud surətdə pozulmasıdır və qanunla qadağan olunur.
Hüquqşünas cəmiyyətdə nikahsız ailələrin sürətlə artmasına da kəskin münasibətini bildirib. Onun sözlərinə görə, qeyri-rəsmi nikaha daxil olan kişi və qadınlar, əslində, gələcək həyatlarında problemlərə rast gəlməklə yanaşı, hüquqlarının müdafiə olunması imkanlarını da itirmiş olurlar.
Başa düşmək lazımdır ki, qeyd olunan hallarda bağlanmış dini nikah və kəbin heç bir hüquqi əhəmiyyət kəsb etmir, heç kimə imtiyaz və səlahiyyət vermir. Ona görə də həm erkən nikahlara, həm də nikahsız ailə qurulması hallarına son qoyulmalıdır.
Z.Zeynalov belə halların qarşısının alınması üçün rayon qeydiyyat şöbəsi tərəfindən bölgənin əmək kollektivlərində, ümumtəhsil məktəblərində, kolleclərdə, digər ictimai yerlərdə söhbətlər, məsləhət saatları, mühazirələr təşkil edilməsindən, müvafiq maarifləndirmə tədbirləri aparılmasından söz açıb. Söhbətin sonunda adıçəkilən rayon qeydiyyat şöbəsində nikah baglanılması və qeydə alınması ilə əlaqədar görülən işlərə də toxunulub. Mütəxəssis qeyd edib ki, bu sahədə işlər qanunvericiliyin tələbləri səviyyəsində və operativ surətdə həll edilir. Harada yaşamalarından asılı olmayaraq həm köçkün, həm də yerli ağdamlılar şöbənin xidmətlərindən asan və rahat şəkildə istifadə edə bilirlər.
Yəhya PAŞAZADƏ