Azərbaycan ədəbiyyatı tarixində parlaq iz qoyan İlyas Əfəndiyevin hekayələri və romanları bu gün də öz dəyərini qoruyub saxlayır.
Görkəmli yazıçının yaradıcılığı ədəbiyyat çərçivələrindən çıxaraq, incəsənətin digər sahələrinə sirayət edib. Son 50 illik Azərbaycan teatrını onun pyesləri olmadan təsəvvür etmək mümkün deyil. İlyas Əfəndiyevin bu cür geniş əhatəli yaradıcılığı daim yüksək qiymətləndirilib. Həmişə ədəbiyyatımıza, incəsənətimizə, mədəniyyətimizə böyük diqqət yetirən Prezident İlham Əliyevin 2014-cü il 14 yanvar tarixli Sərəncamına uyğun olaraq ölkəmizin hər yerində Xalq yazıçısı, Dövlət mükafatı laureatı İlyas Əfəndiyevin 100 illik yubileyi təntənə ilə qeyd edilir.
AzərTAc xəbər verir ki, aprelin 26-da Bakının Səbail rayonundakı 190 nömrəli orta məktəbdə görkəmli nasir və dramaturq, Xalq yazıçısı, "Şöhrət" ordenli İlyas Əfəndiyevin 100 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.
Ədəbi-bədii gecəni məktəbin direktoru, Əməkdar müəllim Afət Bakıxanova açaraq İlyas Əfəndiyevi Azərbaycan dramaturgiyasının və nəsrinin qüdrətli nümayəndəsi kimi xarakterizə edib, universitetdə oxuduğu illərdə bu böyük sənətkarın pərəstişkarına çevrildiyini, onun yaradıcılığını daim izlədiyini deyib.
Tədbirdə İlyas Əfəndiyevin həyat və yaradıcılığı barədə ətraflı məlumat verilib.
Bildirilib ki, İlyas Əfəndiyevin yaradıcılığı XX əsrin 90-cı illərində də məhsuldar olmuş, görkəmli dramaturq yeni pyeslərini tamaşaya qoymuşdur.
Diqqətə çatdırılıb ki, ədəbiyyatımızın və teatrımızın inkişafında özünəməxsus yeri olan İlyas Əfəndiyevin yaradıcılığı dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib. Ümummilli lider Heydər Əliyevin müvafiq Sərəncamı ilə onun xatirəsi əbədiləşdirilib, İçərişəhərdəki küçələrdən birinə və nüfuzlu Elitar Gimnaziyaya İlyas Əfəndiyevin adı verilib.
Məktəbin tədris hissə müdiri, Əməkdar müəllim Qənirə Əmircanova İlyas Əfəndiyevin ədəbiyyatımıza verdiyi töhfələrdən danışaraq bildirmişdir ki, əsası XIX əsrdə Mirzə Fətəli Axundzadə tərəfindən qoyulmuş dramaturgiyamızın inkişafında onun müstəsna xidmətləri var. "İctimai müşahidə və mühakimə qabiliyyəti güclü olan istedadlı yazıçı, həm də ictimai xadim idi. Onun qələmindən çıxan bütün əsərlər həmişə oxucu məhəbbəti qazanıb. Həyat həqiqətləri və müasirlik onun yaradıcılığının əsas qayəsidir. Bu böyük yazıçının yaradıcılığı yaşından asılı olmayaraq, hər kəs üçün qiymətlidir. Çünki bu əsərlər insanlıq üçün yazılmış bir xəzinədir. Elə bir xəzinə ki, zaman-zaman xalq üçün, Vətən üçün daha dəyərli olur".
Tədbirdə çıxış edən Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə müasir Azərbaycan ədəbiyyatında xüsusi dəst-xətti olan yazıçının əsərlərinin bu gün də sevilə-sevilə oxunduğunu vurğulayıb. Qeyd edilib ki, milli mənəvi dəyərlərə hörmət onun yaradıcılığının əsas qayəsini təşkil edir. İlyas Əfəndiyevin yaradıcılığı üçün səciyyəvi cəhətlərdən biri onun cazibəli, təbii və canlı bir dildə yazması olmuşdur.
İlyas Əfəndiyevin teatr səhnəsində oynanılan əksər pyeslərinə quruluş verən Xalq artisti Mərahim Fərzəlibəyov deyib ki, onun yaradıcılığı Azərbaycan xalqının sərvətidir. İllər ötdükcə onun dahiyanə əsərlərinin qiyməti də artır.
İlyas Əfəndiyevin "Unuda bilmirəm" pyesindəki Kamran obrazı ilə aktyorluq vəsiqəsi alan Xalq artisti Nurəddin Mehdixanlı isə deyib ki, mənsub olduğu millətin tarixini, taleyini dərindən bilən İlyas Əfəndiyevin hər sözü canlı idi. "O, hiss və duyğularını sözlərə köçürməyi bacarırdı, sovet rejimimi hökmranlıq etdiyi bir dövrdə heç kimin deyə bilmədiyini qəhrəmanlarının dili ilə deməyi bacarırdı. Elə təkcə bunlara görə İlyas Əfəndiyev Azərbaycan xalqının taleyi, canlı sözü və əbədi heykəlidir".
İlyas Əfəndiyevin əsərlərinin tədqiqatçısı, professor Abid Tahirli isə yazıçının publisistik fəaliyyətindən danışıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Təyyar Salamoğlu deyib ki, Azərbaycan ədəbiyyatı tarixində həm nəsr, həm də dramaturgiya sahəsində onun kimi aramsız çalışmış və hər iki sahədə öz bədii üslubunu təsdiq etmiş ikinci bir yazıçı tapmaq çox çətindir. Qeyd edilmişdir ki, İlyas Əfəndiyev bütün əsərlərində milli tarixi varlığımızı bərpa etməyə çalışıb.
Publisist Əkrəm Qaflanoğlu isə dərin müşahidə və dinləmək qabiliyyəti olan böyük dramaturqla bağlı xatirələrini söyləyib. Diqqətə çatdırıb ki, məktəbli və yeniyetmələr vətənpərvər və duyğulu bir insan kimi yetişmələri üçün bu əsərləri oxumalıdırlar.
Tədbirdə Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev, yazıçı- dramaturq Əli Əmirli, "Azərbaycan məktəbi" jurnalının baş redaktoru Nəcəf Nəcəfzadə çıxış edərək İlyas Əfəndiyevin yaradıcılıq məziyyətlərindən danışmış və onunla bağlı xatirələrini bölüşmüşlər.
Tədbirdə İlyas Əfəndiyev haqqında sənədli film nümayiş olunub. Həmçinin İlyas Əfəndiyev haqqında görkəmli şəxsiyyətlərin fikirləri, eləcə də ona ithaf olunmuş şeirlərdən parçalar səsləndirilib.
Məktəbin yuxarı sinif şagirdlərinin görkəmli sənətkar İlyas Əfəndiyevin "Apardı sellər Saranı", "Sən həmişə mənimləsən", Xurşudbanu Natəvan" və "Hökmdar və qızı" əsərləri əsasında hazırladıqları səhnəciklər alqışlarla qarşılanıb.
Tədbirin sonunda çıxış edən İlyas Əfəndiyevin nəvəsi, UNESCO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva deyib ki, babam həyata bağlı, insanların psixologiyasını dərindən bilər bir insan idi. "Babam 82 il ömür sürdü. Bu yaşda da İlyas babam tanıdığım ən gənc insanlardan biri idi",- deyə o, bildirib.
Günay Əfəndiyeva babasının xatirəsinə göstərilən yüksək diqqət və ehtirama görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.