Bugünlərdə Azərbaycan Yazıçılar Birliyinin Ədəbiyyatı Təbliğ Bürosunun xətti ilə Bakı şəhəri Nəsimi rayonundakı 42 nömrəli tam orta məktəbdə şair Ənvər Əhmədlə görüş təşkil edilib. Büronun direktoru şair Nazim Əhmədli deyib ki, Ənvər Əhməd Azərbaycanın tanınmış şairi və mədəniyyət xadimidir: "Uzun illər təhsil sahəsində çalışıb, ali məktəb rəhbəri olub. Ölkəmizin erməni işğalçılarına qarşı apardığı mübarizədə Ənvər Əhməd qələmi ilə iştirak edib. Ənvər Əhməd bu gün də gənclik eşqi ilə yazıb-yaradır".
Məktəbin direktoru Firəngiz Həmidova qeyd edib ki, şair və yazıçılarla görüşlər şagirdlər üçün çox maraqlıdır. Şagirdlərin hazırladığı bədii kompozisiyadan sonra məktəbin rəqs və mahnı ansamblı geniş proqramla çıxış edib.
Sonra Ənvər Əhmədə söz verilib və şair öz yeni şeirlərini oxuyub, əsərlərini məktəbin kitabxanasına bağışlayıb.
Ənvər Əhmədin ikinci görüşü Nəsimi rayonundakı 49 nömrəli tam orta məktəbdə baş tutub. Məktəbin direktoru Təhminə Əsədova, Ədəbiyyatı Təbliğ Bürosunun direktoru N.Əhmədli Ə.Əhmədin yaradıcılıq yolundan söz açıblar.
Şair yaradıcılığından nümunələr, əsasən Qarabağ mövzusunda şeirlərindən oxuyub, şagirdlərin suallarına cavab verib. Məktəblilərə vətənpərvər ruhda böyüməyi, vətəni, valideynlərini, müəllimlərini sevməyi tövsiyə edib, əsərlərini məktəbin kitabxanasına bağışlayıb.
Şahnaz NƏBİYEVA