Ağdaşda Xalq yazıçısı, müasir ədəbiyyatımızın ölməz klassiki, istedadlı nasir və dramaturq, Azərbaycan ədəbiyyatı tarixində parlaq iz qoymuş İlyas Əfəndiyevin 100 illik yubileyi qeyd edilib.
Ağdaş Rayon Mərkəzi Kitabxanasında keçirilən tədbirdə görkəmli ədibin həyat və yaradıcılığından geniş söhbət açılıb: " İlyas Əfəndiyevin hekayələri və romanları bu gün də öz aktuallığını qoruyub saxlayır. Görkəmli yazıçının yaradıcılığı ədəbiyyat çərçivələrindən çıxaraq, incəsənətin digər sahələrinə də sirayət edib. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə ölkəmizin hər yerində Xalq yazıçısı, Dövlət mükafatı laureatı İlyas Əfəndiyevin 100 illik yubileyi təntənə ilə qeyd olunur. İlyas Əfəndiyev çoxşaxəli yaradıcılıq yolu keçmiş sənətkarlardandır. Yazıçı istedadlı nasir və dramaturq kimi fəaliyyət göstərib, irihəcmli roman və povestlərlə bərabər, oçerk və məqalələr də ərsəyə gətirib, konfrans və qurultaylarda məruzələrlə çıxış edib. Onun ədəbiyyatın bütün janrlarında yaratdığı kamil sənət nümunələri yazıçının sənət palitrasının müxtəlif çalarlarından, dünyagörüşünün genişliyi və yaradıcılıq intellektindən xəbər verir. Ədəbiyyatımızın və teatrımızın inkişafında özünəməxsus yeri olan İlyas Əfəndiyevin yaradıcılığı dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib".
Sonda tədbir iştirakçıları məktəblilərin ədibin pyesləri əsasında hazırladıqları səhnəciyə baxıb, yazıçının kitablarından ibarət sərgi ilə tanış olub.
S.ABDULLAYEVA