Son illərdə Daxili İşlər Nazirliyinin bütün orqanlarında olduğu kimi, dövlət yol polisində də aparılan islahatlar sistemli və davamlı prosesə çevrilib. Dövlət başçısının digər sahələrə olduğu kimi, DYP-yə də olan diqqət və qayğısı sayəsində maddi-texniki baza möhkəmləndirilərək xidməti fəaliyyət təkmilləşdirilib. Bu strukturda xidməti fəaliyyətin mütəmadi olaraq təkmilləşməsi və modernləşməsi, uğur göstəricilərinin dinamik artımı ictimai gündəmin daim diqqət mərkəzində olur. Çünki əhalinin gündəlik həyatında əhəmiyyətli yer tutan bu qurumda baş verən müsbət dəyişikliklər polis-vətəndaş münasibətlərinin daha da yaxşılaşmasına və möhkəmlənməsinə mühüm töhfədir.
Azərbaycanda polisin yaranma tarixinə nəzər salsaq, bunun XIX əsrə gedib çıxdığını görərik. Məhz həmin dövrdən sonra ölkəmizdə polis sistemi tam şəkildə formalaşmışdı. Lakin 1991-ci ildə müstəqil dövlətini yaratmış Azərbaycan xalqı müstəqilliyinin ilk illərində daxili böhranla, xarici təcavüzlə üz-üzə qaldı, ölkədəki xaos polisdən də yan keçmədi. O vaxt hakimiyyətdəki qüvvələrin səriştəsiz idarəçiliyi ölkədə güc strukturlarının, o cümlədən daxili işlər orqanlarının fəaliyyətini iflic vəziyyətə saldı. O zaman mövcud olan qeyri-sabit ictimai-siyasi vəziyyət ölkənin bütün yerlərində olduğu kimi, Bakı şəhərində də kriminogen durumu xeyli gərginləşdirmiş, cinayətkar ünsürlərin mütəşəkkil fəaliyyətinə, silahlı qruplaşmaların “at oynatmasına” şərait yaratmışdı. Belə bir durumda erməni təcavüzü vəziyyəti daha da çətinləşdirirdi. Müharibənin ilk illərində Azərbaycanın milli ordusu yox səviyyəsində idi, ona görə də ön cəbhədə torpaq uğrunda polis vuruşurdu, şəhidlər verirdi.
Ulu öndər Heydər Əliyev Azərbaycan polisinin bu dövrdəki xidmətlərini çox yüksək qiymətləndirib: “Azərbaycan polisi şanlı bir tarix keçib. Xüsusən, 1988-ci il hadisələri başlanandan sonra, Qarabağ müharibəsində Azərbaycan polisinin 932 nəfər əməkdaşı şəhid, 681 nəfəri isə əlil olub. Eyni zamanda, 67 nəfər polis əməkdaşı Milli Qəhrəman adına layiq görülüb. Bu, böyük rəşadət, qəhrəmanlıq və dövlətçiliyə sədaqət nümunəsidir”.
Azərbaycan dövlətinin hərtərəfli inkişafında və milli dövlətçilik ənənələrimizin bərpa olunmasında əvəzsiz tarixi xidmətləri olan ümummilli liderin 1993-cü ilin iyununda xalqın tələbi ilə hakimiyyətə qayıdışı, müstəqilliyimizin, dövlətçiliyimizin möhkəmləndirilməsi, ölkədə qayda-qanun yaradılması, xaos və özbaşınalığa son qoyulması, dövlətimizin ictimai-siyasi, iqtisadi böhrandan çıxarılması, qanunsuz silahlı dəstələrin ləğv olunması, xalqımız qarşısında yaranmış çoxsaylı problemlərin həll edilməsi, hüquq-mühafizə orqanlarının möhkəmləndirilməsi sahəsində atdığı müdrik və qətiyyətli addımlar respublikamızın əhalisi tərəfindən rəğbət və hörmətlə qarşılandı.
Beləliklə, ulu öndərin hakimiyyətə qayıdışından sonra daxili işlər orqanlarının fəaliyyətində əsaslı keyfiyyət dəyişikliklərinin təməli qoyuldu. Qanunçuluq və dövlətçilik prinsipləri ön plana çəkildi, Azərbaycan polisi yüksək nüfuzunu bərpa etdi.Ümummilli liderin 28 may 1998-ci il tarixli fərmanı ilə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Daxili İşlər Nazirliyinin tərkibində ilk nizami polis orqanlarının təsis edildiyi gün – 2 iyul Azərbaycan Polisi günü elan edildi.
Atılan bu addımların nəticəsidir ki, Azərbaycan polisinin ayrılmaz tərkib hissəsi olan DYP orqanları hazırda müasir tələblərə cavab verən inzibati binalarla, texnika və avtomobillərlə, rabitə vasitələri, eləcə də elektron avadanlıqlarla təmin edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan polisinin peşəkarlıq səviyyəsini, texniki təchizatını diqqətdə saxladığı kimi, sosial rifahını da daim diqqətdə saxlayır. Daxili işlər orqanları əməkdaşlarının maaşlarının mütəmadi olaraq artırılması, sosial vəziyyətinin yaxşılaşdırılması buna bir nümunədir.
İ.Əliyev bu barədə demişdi: “Polis orqanlarının fəaliyyətini təkmilləşdirmək, iş keyfiyyətini, peşə hazırlığını və bilik səviyyəsini artırmaq məqsədilə yeni axtarış və informasiya texnologiyaları ilə təmini, maddi-texniki bazanın ən müasir tələblər səviyyəsinə çatdırılması və şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində lazımi tədbirlər görülür. Polisin inkişafına dövlət qayğısı bundan sonra da davam edəcəkdir”.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əsas strukturlarından biri olan DYP bu diqqətin, qayğının sayəsində sürətlə inkişaf edir, həm peşəkarlıq, həm texniki təchizat, həm də mənəvi tələbat baxımından müasir standartlara cavab verəcək səviyyəyə yüksəlir.Dövlət başçısının DYP-yə olan diqqət və qayğısı sayəsində maddi-texniki baza möhkəmləndirilərək xidməti fəaliyyət təkmilləşdirilib.
Əminliklə demək olar ki, DYP strukturlarında davamlı və ardıcıl olaraq həyata keçirilən islahatlar dünyanın bir çox dövlətlərinə də nümunə ola biləcək səviyyədədir. Müstəqilliyimizin ilk illərində Azərbaycanda “Yol hərəkəti haqqında” qanun qəbul olundu və bu barədə Birləşmiş Millətlər Təşkilatının müsbət rəyi alındı. Postsovet məkanında olan ölkələr də məhz bu qanunu model olaraq götürdülər. Digər tərəfdən, ölkəmizdə yol polisi xidmətinin struktur tərkibinin yeniləşməsi və təkmilləşməsi istiqamətində də daim lazımi dəyişikliklər aparılır. Nəzarət və idarəçilik funksiyasında işin daha səmərəli təşkili baxımından köklü islahatlar həyata keçirilib. Birmənalı şəkildə demək olar ki, bu gün Daxili İşlər Nazirliyində, o cümlədən dövlət yol polisi xidmətində aparılan islahatlar populist xarakterli və eksperiment yönümlü deyil. Beynəlxalq təcrübədən ən yaxşı nümunələrin öyrənilməsi əsasında risklərdən uzaq, çox mərhələli və uzun müddətə hesablanmış islahatlar DYP əməkdaşlarına hərəkətin təhlükəsizliyinin təmini kimi son dərəcə vacib vəzifənin öhdəsindən layiqincə gəlməyə imkan verir.
DYP-də aparılan islahatlar nəticəsində yol hərəkəti ilə bağlı normativ hüquqi bazanın təkmilləşdirilməsi diqqət mərkəzində saxlanılmış, bir sıra inzibati xətalara görə tənbehlərin sərtləşdirilməsi, korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində vətəndaşlarla ünsiyyətin minimuma endirilməsi ilə bağlı təkliflər hazırlanaraq aidiyyəti üzrə dövlət qurumlarına təqdim olunub. Artıq bu sahədə bir sıra mühüm addımlar atılıb.
Ekoloji təhlükəsizlik məsələlərinə dair standartların qəbulu üçün də müvafiq Dövlət Agentliyi ilə qarşılıqlı əlaqədə zəruri tədbirlər görülüb. Atmosfer havasının avtomobillərin zərərli təsirindən qorunması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə hər il “Təmiz hava” aylıqları keçirilir. Son 5 ildə 40 mindən çox avtomobilin mühərriklərinin işlənmiş qazlarında zərərli maddələrin miqdarının normadan artıq olması aşkarlanaraq hüquqi və fiziki şəxslər barəsində inzibati tənbeh tədbirləri tətbiq edilib.
DYP İdarəsi və onun yerlərdəki bölmələri tərəfindən 2014-cü ilin 1-ci rübü ərzində də respublikada yol hərəkətinin təhlükəsizliyinin təmin olunması, ictimai asayişin qorunması və xidməti intizamın möhkəmləndirilməsi istiqamətində bir sıra təşkilati və profilaktik tədbirlər həyata keçirilib.Dövlət Yol Polisi xidmətində fəaliyyətin müasir tələblərə uyğun qurulması üzrə görülən işlər Nazirliyin rəhbərliyinin gündəlik nəzarətində saxlanılmaqla idarəçilik və təşkilatçılıq işinin yaxşılaşdırılması, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, şəxsi heyətin professional səviyyəsinin artırılması məqsədilə əlavə zəruri tədbirlər görülərək, qanunçuluğun, insan hüquq və azadlıqlarının aliliyi prinsiplərinə, xidməti, icra və uçot-qeydiyyat intizamına riayət edilməsinə tələbkarlıq daha da artırılıb. Ötən rüb ərzində xidmətlə bağlı bir sıra göstərişlər, o cümlədən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 15 noyabr 2011-ci il tarixli, 5 aprel 2013-cü il tarixli qanunların tətbiqi ilə əlaqədar nəqliyyat vasitələrinin texniki baxışdan qeydiyyat yerindən asılı olmayaraq keçirilməsi, bu xidmətin vətəndaş üçün rahatlıq şəraitində və operativ təşkili, bu sahədə vətəndaş məmnunluğunun təmin edilməsi, rahatlığın əldə olunması məqsədilə “Nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsində vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı əlavə tədbirlərə dair” 17.02.2014-cü il tarixli, habelə “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 yanvar tarixli Sərəncamının icrası ilə əlaqədar “Kənd təsərrüfatı və ərzaq məhsullarının daşınması zamanı hərəkətin təhlükəsizliyinin təmin edilməsi sahəsində əlavə tədbirlərə dair” 10.03.2014-cü il tarixli göstəriş hazırlanaraq icraya yönəldilib. Ötən rüb ərzində Mərkəzi İnformasiya Sisteminə daxil olmuş 81075 məlumat əsasında elektron formada protokollar tərtib edilməklə icraya yönəldilib. 2014-cü ilin 1-ci rübü ərzində 11 svetofor obyekti, 2603 yol nişanı qoyulub və ya yenisi ilə əvəz edilib. Həmçinin boya ilə küçə və yollarda 116.000 pm cizgiləmə işi aparılıb. “Atmosfer havasının mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2006-cı il tarixli 1697 nömrəli Sərəncamı ilə təsdiq edilən Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2010-2014-cü illər üçün Kompleks Tədbirlər Planı”nda nəzərdə tutulan aidiyyəti tədbirlərin icrası üzrə işlər davam etdirilib.
Məhz bu müsbət tendensiya Baş Dövlət Yol Polisi İdarəsinin şəxsi heyətinin əsas vəzifəsi sayılan təhlükəsiz yol hərəkətinin təmini, insanların həyat və sağlamlıqlarının avtomobillərin zərərli təsirlərindən qorunması istiqamətində mühüm tədbirlərin bundan sonra da uğurla davam etdirəcəyini söyləməyə əsas verir.
İsgəndər HƏSƏNOV
Yazı Baş Dövlət Yol Polisi İdarəsinin,
Azərbaycan Mətbuat Şurasının və “Polisə dəstək” İctimai Birliyinin
“Yol polisi, təhlükəsiz yollarımız” mövzusunda birgə keçirdikləri
müsabiqəyə təqdim olunur.