İyulun 9-da Azərbaycanın müxtəlif yerlərində baş vermiş yol qəzalarında 5 nəfər həlak olub.
Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, sutka ərzində ölkə ərazisində ümumilikdə 15 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə həlak olan 5 nəfərdən başqa 25 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Ən ağır hadisə Ucarda baş verib. Bakı-Qazax magistralının bu rayondan keçən hissəsində iki yük maşınının toqquşması nəticəsində 2 nəfər avtomobildə yanaraq ölüb. Bundan başqa Bakının Yasamal, eləcə də Gədəbəy və Lənkəran rayonlarında da ölümlə nəticələnən yol qəzaları olub.