Dünən Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdiri Elvin Paşayev universitetin tələbələri ilə görüşüb. Tədbirin məqsədi Dövlət Agentliyinin Bərdə və Sabirabad şəhərlərində açılacaq "ASAN xidmət" mərkəzləri üzrə vakant vəzifələr, dövlət qulluğuna qəbul prosedurları və könüllülük fəaliyyəti haqqında ADU-nun tələbə və məzunlarının məlumatlandırılması idi.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Dillər Universitetinin Tədris işləri üzrə prorektoru Vazeh Əsgərov Dövlət Agentliyi ilə Universitet arasında uğurlu əməkdaşlığın olduğunu tələbələrin diqqətinə çatdırıb.
Sonra Elvin Paşayev Dövlət Agentliyi ilə Universitet arasında olan əməkdaşlıq və gələcək perspektivlər haqqında ətraflı məlumat verib. O, ikitərəfli əməkdaşlığın müsbət nəticələri və könüllülər arasında ADU tələbələrinin xüsusi fərqləndiyini qeyd edib. Könüllülük fəaliyyətinin mahiyyətini tədbir iştirakçılarına açıqlayıb. Bununla yanaşı Bərdə və Sabirabad şəhərlərində açılacaq "ASAN xidmət" mərkəzləri üzrə vakant vəzifələr barədə tələbələri məlumatlandırıb.
Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Dillər Universiteti arasında imzalanan niyyət protokolunun həyata keçirilməsi çərçivəsində təşkil olunub.
Vəfa MƏMMƏDLİ