Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti gözlənilən hava şəraiti ilə əlaqədar xəbərdarlıq yayıb.
Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, Bakı və Abşeron yarımadasında noyabrın 2-si günün ikinci yarısından başlayaraq hava şəraitinin əlverişsiz keçəcəyi, şimal küləyinin güclənəcəyi, axşam saatlarından başlayaraq temperaturun kəskin, 8-10 dərəcə enəcəyi, noyabrın 2-si axşam, noyabrın 3-ü və 4-də havanın soyuq keçəcəyi, maksimal temperaturun 4-6 dərəcə isti olacağı gözlənilir. Hava fasilələrlə yağıntılı olacaq.
Respublikanın rayonlarında isə noyabrın 1-də şimal və qərb rayonlarından başlayaraq noyabrın 5-dək hava şəraitinin əlverişsiz keçəcəyi, arabir yağıntılı olacağı, bəzi rayonlarda intensivləşəcəyi, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir.
Noyabrın 2-dən başlayaraq havanın temperaturu tədricən 7-12 dərəcə enəcək.
Bəzi rayonlarda güclü qərb, şimal-qərb küləyi əsəcək.