Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) "Vernisaj" zalında " Muzeyşünaslıq: mütəxəssis hazırlığında yeni tələb və imkanlar" mövzusunda elmi-praktiki konfrans keçirilib. Konfransı giriş sözü ilə açan ADMİU-nin rektoru, professor Fərəh Əliyeva son zamanlar ölkəmizdə açılan, dünya standartlarına cavab verən, yeni texnologiyalarla təchiz olunan muzeylər haqda məlumat verərək,bu istiqamətdə yüksək ixtisaslı müasir kadrlara ehtiyac olduğunu vurğulayıb. Muzeyşünaslıqla bağlı kompleks məsələlərin, xüsusən də mütəxəssis hazırlığının müxtəlif aspektlərinə həsr olunan konfransda ADMİU-nun professor və müəllim heyəti ilə yanaşı Mədəniyyət və Turizm Nazirliyinin, BDU-nin, Turizm İnstitutunun nümayəndələri, Muzey direktorları, eləcə də magistr və doktorantlar iştirak edib.
Mədəniyyət və Turizm Nazirliyinin muzey sektorunun müdiri Azadə Hüseynova "Azərbaycanda muzeyşünaslığın inkişafı - tələb və vəzifələr", Lətif Kərimov adına Azərbaycan xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq doktoru, professor Röya Tağıyeva " Muzey praktikası, muzey təhsili, muzeyşünaslıq: əlaqələr və ikili münasibətlər" , Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, elmlər namizədi, dosent Alla Bayramova " Müasir muzey işçisinin formalaşmasında ümumi dünyagörüşü və mədəni inkişaf əsas keyfiyyətlərdən biri kimi" mövzusu ilə Azərbaycanda muzeyşünaslığın tarixi, inkişaf yolu, müasir dövrdə muzeyşünaslığın qarşıya qoyduğu məqsəd və vəzifələr, bu sahədə yeni yükəsk ixtisaslı mütəxəssislərin yetişdirilməsi, təcrübə sisteminin artırılması, beynəlxalq təcrübə, tələbələrin nəzəri biliklərinin möhkəmləndirilməsi haqda maraqlı məruzələrlə çıxış ediblər.
ADMİU-nun muzeyşünaslıq kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Yeganə Eyvazova " Muzeyşünaslığın tədrisi: problemlər və perspektivlər", muzeyşünaslıq kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elfira Məlikova " Muzeyşünaslıq və muzeylər probleminin təhlilinə elmi-nəzəri yanaşma metodları" , sənətşünaslıq doktoru Səltənət Tağıyeva " Muzeyşünaslıq ixtisası üzrə elmi-tədqiqat işlərində problematika məsələləri" məruzəsi ilə çıxış edərək, muzeyşünaslıq tədrisinin strategiyasında həllini gözləyən bəzi çatışmazlıqlar, boşluqlar haqda, muzeyşünaslıq sahəsində aparılan elmi-tədqiqat işlərinin məzmunu kimi bir sıra problemlərə toxunublar.
Gürcüstanın İlya Universitetinin professoru və İncəsənət üzrə Tədqiqat İnstitutunun direktoru Levan Xetaquri " Beynəlxalq muzey praktikasında yeni meyllər və tədrisdə ümumi standartlar", BDU-nun gender və tətbiqi psixologiya kafedrasının dosenti, psixologiya elmlər namizədi Elmira Kazımova " Muzey işçisi: muzey mühafizəçisi və bələdçisindən yenilikçi və mediatora aparan yol", Avropa Mədəniyyət Parlamentinin üzvü, Avropa Muzey Forumu tərəfindən keçirilən "Avropa İlin Muzeyi"( EMYA) müsabiqəsinin münsiflər heyətinin üzvü Cahangir Səlimxanov "Dəyişən dünyada yeniləşən muzey üçün mütəxəssisi necə yetişdirməli" adlı məruzələrində isə müasir muzey konsepsiyasında innovativlik, universallıq , interaktiv metod, beləliklə müasir seyircinin tələblərinə cavab verməsi, bunun üzərində iş və başqa məqamlara aydınlıq gətiriblər.
Maraqlı müzakirələrlə keçən konfransın sonunda muzeyşünaslıq təhsili ilə bağlı problemlərin həlli, mütəxəssis hazırlığının, keyfiyyətin daha da artırılması, tələbələrdə müzeyşünaslığa marağın yaradılması və s. kimi məsələlərlə bağlı təkliflər irəli sürülərək, belə konfrans, görüşlərin mütəmadə olaraq keçirilməsinə ehtiyac olduğu vurğulanıb.