(Əvvəli ötən sayımızda)
Ordubadda açılan yeni üsullu “Əxtər” məktəbi Məhəmməd Tağı Sidqinin pedaqoji ustalığının yayılmasına imkanlar açdı və camaat bu görkəmli ziyalının işindən hədsiz dərəcədə razı qalaraq övladlarının yeni məktəblərdə təhsil almalarına kütləviliklə razılıq verməyə başladılar. Buna görə də böyük pedaqoqun müasiri və yaxın dostu olmuş Cəlil Məmmədquluzadə ustad müəllimin vəfatı münasibətilə yazdığı “Getdi cahandan həzrəti Sidqi...” başlıqlı məqaləsində onun kütlə içərisində qazandığı hörmət və etibar barədə belə yazırdı: “...çox zamanlar çəkər ki, mərhumun adı vətəndaşlarımızın yadından fəramuş ola. ...Nədir buna bais? Nə eləyibdi bizə Sidqi ki, onun dünyadan getməyinə bu qədər ah-nalə çəkib ağlayırıq? Cavabım budur: ah-naləmiz məhz bir ondan ötrü deyil ki, Sidqi şəhərimizdə bir nizamlı məktəb açmış. Ah-naləmiz ondan ötrü deyil ki, əgər Sidqi olmasaydı, bəlkə hələ indiyədək yazıq vətənimizin fəqir balaları məcbur idilər dükanların qaranlıq bucaqlarında və samanlıqların soyuq künclərində, nəm torpaqlar üstə çöküb, cırıq çərəkələrin üstə səriştəsiz müdərrislərin çubuqlarının xovfundan göz yaşı töksünlər... Və ah-naləmiz tək ondan ötrü deyil ki, Naxçıvan şəhərində haman məktəbi həzrəti-Sidqi təsis edən zaman (on il bundan irəli belə qaydalı müsəlman mədrəsəsi nəinki İrəvanda, bəlkə də Qafqazın böyük müsəlman şəhərlərinin çoxunda yox idi. Həzrəti Sidqinin getməyinə etdiyimiz ah-naləmizin əsl səbəbi budur”. Böyük ədibin: “O hörmət və məhəbbət ki, camaatımız mərhuma göstərirdi, indiyə kimi heç bir şəxsə göstərməyib. Mərhumu canü-dildən dost tuturdular mollalar, seyidlər, xanlar, əsnaf və hammal. Küçə və bazarda Sidqini barmaq ilə göstərirdilər” kimi sözləri də Məhəmməd Tağı Sidqinin cəmiyyət və onun hər bir təbəqəsi arasında qazandığı sonsuz ehtiram və etibarı da aydın nümayiş etdirə bilir. Bu baxımdan Məhəmməd Tağı Sidqi bəlkə də tək və yeganə şəxsiyyətlərdən biri idi ki, onun həm dini dəyərlərə sədaqəti və imanı, həm də müasir düşüncə tərzi və əməlləri, dünya işlərini nəzərə alaraq davranması hətta həmin dövrdə kəskin ziddiyyət və mübarizə içində olan qatı dinçilər və müasirlik tərəfdarları arasında da eyni bərabərdə hörmətə malik idi. Mirzə Cəlil Şürbinin: “Şəhri Naxçıvanda elə bir hacı, elə bir ustad, elə bir uşaq və elə bir müəllim tapılmazdı ki, Sidqinin dəryayi-hikməti qarşısında diz çökməsin və ona səcdə etməsin” sözləri də bu görkəmli pedaqoqun müxtəlif təbəqə və dairəni əhatə edən hörmət, etibar və nüfuz dairəsini müəyyənləşdirməyə imkan verən sanballı dəlillərdəndir.
Bu görkəmli pedaqoq-maarifçinin “stullarından çıxan” şəxsiyyətlər sırasında Azərbaycan xalqının qabaqcıl simaları olan Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Əli Səbri Qasımov, İbrahim Əbilov, Əziz Şərif və çoxsaylı digər görkəmli adamlar var idi. Bu ehtirama və hörmətə isə Sidqi öz əməlləri – maarifpərvərliyi, insanpərvərliyi, möminliyi və dindarlığı, böyüklərə sayğısı və uşaqlara qayğısı sayəsində nail olmuşdu. Maraqlı və diqqəti cəlb edən tərəf burası idi ki, Məhəmməd Tağı Sidqi bəlkə də yeganə şəxsiyyət idi ki, bir qədər ictimai, həm də mənəvi cəhətdən qarışıq, daha doğrusu təzadlı dövr olan XIX əsrin sonları XX əsrin əvvəllərində həm dünyagörüşücə məhdud, hədsiz dərəcədə mömin və fanatist adamlar, kütlə tərəfindən, həm də aşıqgözlü ziyalı, ədib və hörmətli şəxslər tərəfindən eyni dərəcədə hörmətlə qarşılanır və yad olunurdu. Təkcə bu fakt Məhəmməd Tağı Sidqinin “avam camaat arasında” hörmət və nüfuzunu göstərməyə kifayətdir ki, atası Molla Abdulla və mərsiyəxan anası Ümmileyla tərəfindən din xadimi olmaq üçün “ağaca dırmaşdırılan” Hüseyn Cavidi yeni üsullu məktəbə getməyə razı saldıran məhz bu şəxsiyyətin hörmətəlayiq sözü və məsləhəti idi. Hüseyn Cavidin dindar valideynlərini razı salmağa yalnız Məhəmməd Tağı Sidqinin sözü yetmişdi. Hüseyn Cavidin istedadının vaxtında aşkarlanması, düzgün istiqamətlənməsi və inkişafına yol açan da, onu Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixində Cavid zirvəsinə qaldıran yola çıxaran da məhz müəllimlər müəllimi ustad Məhəmməd Tağı Sidqi idi. Məhz buna görə həmişə əziz müəllimini hörmətlə yad edən Hüseyn Cavid bu görkəmli şəxsiyyətə “böyük ustad və cəlallı atamız”- deyə müraciət edirdi. Böyük demokrat ədib Cəlil Məmmədquluzadənin də müasiri Məhəmməd Tağı Sidqinin maarifçilik sahəsindəki fəaliyyətinə verdiyi yüksək qiymət Azərbaycan ziyalılığının bu görkəmli şəxsiyyət haqqındakı qənaətlərini özündə ümumiləşdirən bir fikir kimi olduqca diqqətəlayiqdir: “Naxçıvan şəhərində haman məktəbi (“Tərbiyə” məktəbinə işarı edilir – müəllif) həzrəti-Sidqi təsis edən zaman belə qaydalı müsəlman mədrəsəsi nəinki İrəvanda, bəlkə Qafqazın müsəlman şəhərlərinin çoxunda yox idi. Sidqi Naxçıvana gəlməmiş şəhərimizin camaatı təzə qayda üzrə elm təhsil etməyi xoşlamayıb, təzə üsul məktəbxana açılmasına bilmərrə rağib deyildi... Sidqi Naxçıvana gələn kimi burada, guya ki, zəmanə birdən təğyir tapdı. Mərhumun vəz və nəsihətinin səmərəsi bir az vaxtda görsəndi. Hər bir kəs dünən deyirdi: “Mən sizin təzə məktəbinizi istəmirəm”, bu gün Sidqi ilə söhbət edəndən sonra söyləyirdi: “Razıyam!” ...Sidqinin vətənimizə etdiyi qulluğun qədrini bilməkdən ötrü lazımdır müqabilə etmək camaatımızın savad və arif aləmində olan indiki əhvalı ilə 10 il bundan əvvəl olan halətini. Tərəqqi çox artıq görünür və əgər söyləsək ki, bu tərəqqinin onda doqquzuna bais məhz Sidqidir, – insafdan və həqiqətdən bilmərrə uzaq olmaz”. Elə burası da maraq doğurur ki, öz əsərlərində islam aləmini mövhumata və cəhalətə dəvət edib maarif və elmdən uzaq salan fürsətgir din xadimlərini ciddi surətdə tənqid edən Cəlil Məmmədquluzadə və onun kimi digər ədib və ziyalılar Məhəmməd Tağı Sidqi kimi qatı surətdə dindar və mömin bir şəxsdən dünyalar qədər razılıqla bəhs edir, ona hörmət duyurdular. Bu da onu göstərir ki, yenilikçi mövqedən çıxış edən ziyalı və ədiblər əvvəllər dillər əzbərinə çevrilmiş şəkildə “din və ruhanilər əleyhinə” mübarizə aparmırdılar, xalqın həyatına doğan nicat işığının qabağına papaq tıxan fürsətgir din xadimləri və məmurlara qarşı mübarizə aparırdılar. Yoxsa əvvəlki terminlərlə deyilsə, “din və mövhumata qarşı düşmən olan” Mirzə Cəlil kimi ədiblərlə qatı dindar və mömin olan Məhəmməd Tağı Sidqi arasında bu xoş, hörmət və sayğıya dayanan münasibət haradan ola bilərdi? Görünən budur ki, Məhəmməd Tağı Sidqi şəxsiyyət etibarilə qatı imanlı dindar və mömin olduğu kimi əməldə də xalqına bağlı, insanpərvər, vətənin nicatı üçün çalışan, islamın buyurduğu kimi insanlara elm, bilik və savad öyrədən işıqlı bir şəxs idi. Bu səbəbdən də onu cəmiyyətin hər bir təbəqəsi sevir, hörmətini saxlayırdı. Bu səbəbdən də onun dediyi sözlər Mirzə Cəlilin dediyi kimi, “özgə şəklə düşüb, əlahiddə məna” qazanırdı, həmsöhbətini bütün fikrindən daşınmağa, onunla razılaşmağa, balasını yeni üsullu məktəbdə oxutmağa razı saldırırdı. Burdan da aydın görünür ki, Həsənov kimi müəllimlərin tənqidi obrazını yaradan Mirzə Cəlil məhz “avam və geridəqalmışdır” deyə günahı Danabaş kəndinin camaatında deyil, əksinə övladlarının xoşbəxtliyini hər cür vəchlə istəyən Danabaş kəndlilərini doğru şəkildə başa sala bilməyən müəllim Həsənovlarda, dediyi anlaşılmayan, əməli ilə sözləri düz gəlməyən molla və qazılarda, əlindən şallağı düşməyən məmurlarda görürdü. Həmin dövrün Mirzə Cəlil kimi ədibləri müəllim Həsənov obrazlarını yaradıb tənqid edəndə də Məhəmməd Tağı Sidqi kimi fədakar, millətcanlı, öz işini yaxşı bilən müəllimləri axtarırdılar.
Bir çox ictimai mübahisələrin də həllində Məhəmməd Tağı Sidqinin nüfuzu əhəmiyyətli rol oynamışdı. İsmayıl bəy Qaspıralı və Məhəmməd ağa Şahtaxtlının, Əlimardan bəy Topşubaşovla Əhməd bəy Ağayevin arasındakı münaqşə və mübahisənin xalq, ictimaiyyət arasında düzgün anlaşılması və tərəflər arasında barışığın əldə olunması sahəsində də onun ağsaqqallıq rolu mühüm rol oynamışdı. Bütün bunlar isə bu görkəmli şəxsiyyətin nüfuzu və ona tutulan xatirdən qaynaqlanırdı.
Bəli, indi – anadan olduğu vaxtdan düz 160 il sonra da dərin ehtiramla yad edilən Məhəmməd Tağı Sidqi belə nümunəvi ustad və peşəkar bir ziyalı, müəllim idi. Bu görkəmli pedaqoq-ədibin 160 illik yubileyinin keçirilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamı həm bu görkəmli şəxsiyyətə, onun vaxtında Naxçıvanda təhsilin və milli inkişafın güclənməsinə göstərdiyi əvəzsiz xidmətlərə verilən ən layiqli qiymət, digər tərəfdən də onun fədakar müəllimlik əməyi və fəaliyyətini bu günün və gələcəyin müəllimlərinə təbliğ etmək kimi mühüm əhəmiyyət daşıyır. Bu baxımdan “Şərqi-Rus” qəzetinin də vaxtilə bu unudulmaz pedaqoqun haqqında yazdığı kimi: “Əgər ki, özü bu aləmdən getdi, lakin mərifət və qeyrət toxumunu insaniyyət bağında əkib səmərəsi ələd-dəvam yetişməkdədir. Və asari-ədəbiyyəsi ilə cəridəyi-aləm səhifəsinə adını səbt edib özünə bir mənəvi heykəl ucaltdı”.
Ramiz QASIMOV,
AMEA Naxçıvan Bölməsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent