Yanvarın 30-da "Kitabevim.az" kitab marketində şair, əməkdar mədəniyyət işçisi Vaqif Bəhmənlinin “Belə yaxşıdır” kitabının imza günü keçirilib.
APA-nın məlumatına görə, kitab Azərbaycan Yazıçılar Birliyinin "AYBkitab" layihəsi çərçivəsində işıq üzü görüb.
Tədbirdə çıxış edən Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid layihənin oxucular, ədəbiyyatsevərlər üçün əhəmiyyətindən söz açıb.
Layihənin rəhbəri Xəyal Rza hər bir şair üçün imza gününün əlamətdar hadisə olduğunu vurğulayıb: “Vaqif Bəhmənli öz üslubu, ədəbiyyatımızda məxsusi yeri olan şairlərdəndir. Onun fəlsəfi-intellektual şeirləri oxucular tərəfindən hər zaman böyük rəğbətlə qarşılanıb”.
Şair Çingiz Əlioğlu, professor Nizaməddin Şəmsizadə və digər çıxış edənlər Vaqif Bəhmənlinin yaradıcılığının məziyyətlərindən, şeirlərindəki poetik məzmunun dərinliyindən söz açıblar.