|
|
|
|
Moldova Respublikasının Kişineu şəhərində Uşaq və Gənclərin XVII Beynəlxalq Kitab Sərgisinin açılışı olub.
Sərgidə Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin aparıcı məsləhətçisi Əfsun Əhmədov və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşı Asim Məmmədov təmsil ediblər.
Azərbaycan Respublikasının Moldovadakı Səfirliyi tərəfindən MoldExpo sərgi salonunda icarəyə götürülən 6 kv.m sahədə stend qurulub və Azərbaycan stendi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 200-ə yaxın kitab və nəşr məhsulları ilə təmin olunub.
Sərginin açılış günündə Moldova Parlamentinin spikeri Marian Lupu, Moldovanın birinci xanımı Margareta Timofti, Mədəniyyət Naziri Boris Focşa, Təhsil Naziri Maia Sandu, Gənclər və İdman Naziri Oktavian Ticu, Beynəlxalq İBBY təşkilatının prezidenti və Moldovanın Milli Uşaq Kitabxanasının direktoru Klaudia Balaban və başqaları çıxış ediblər.
Sərginin birinci günü Moldova Parlamentinin spikeri Marian Lupu, Azərbaycan Respublikasının Moldovadakı Fövqəladə və Səlahiyyətli Səfiri Namiq Əliyev, Kişineu şəhərinin ali təhsil ocaqlarında təhsil alan Azərbaycan tələbələri və sərgiyə gələn digər qonaqlar Azərbaycan stendini maraqla izləyiblər.
Qeyd edək ki, Uşaq və Gənclərin XVII Beynəlxalq Kitab Sərgisi aprel ayının 22-dək davam edəcək.
GÜNEL