https://525.az/img/pics/medium/2024-04/311600_nt8z9zt9t4.jpg “525-ci qəzet”in 27 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311508_kdz8nldx8a.jpg Müəllimlərə metodik dəstək keyfiyyət və inkişaf üçün vacib şərtə çevrilib
https://525.az/img/pics/medium/2024-04/311586_0k7qtn8kvv.jpg Güney ziyası: Sədyar Vəzifə Eloğlu
https://525.az/img/pics/medium/2024-04/311544_mzwymtvipe.jpg ...Gözlük gözlərimin əl ağacıdır, Gözlüyüm qoymur ki, yıxıla gözüm. - Elxan Yurdoğludan poetik nümunələr
search
26 Aprel 2024

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları: Azərbaycanın parlaq qələbəsi

“SON İLLƏR İDMANIN İNKİŞAFI İLƏ BAĞLI ATILAN ADDIMLAR QAZANILAN YÜKSƏK NƏTİCƏLƏRİN ƏSASINDA DAYANIR”

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları: Azərbaycanın parlaq qələbəsi

Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına uğurla evsahibliyi etməklə növbəti dəfə bütün dünyaya peşəkar təşkilatçılıq qabiliyyətini göstərdi.

Sevindirici haldır ki, yarışlar həm də ölkəmizin idmançılarının parlaq qələbəsi ilə yekunlaşdı. Oyunlarda ən çox qızıl medal əldə edən Azərbaycan yığması bütün parametrlərə görə, dünyada güclü idman ölkələrindən biri olduğunu bir daha sübut etdi.

Son illər müxtəlif beynəlxalq idman yarışlarına evsahibliyi edən ölkəmiz növbəti illərdə daha böyük idman tədbirlərini, o cümlədən, Olimpiya Oyunlarını yüksək səviyyədə təşkil etmək imkanına malikdir.

Dünyada baş verən münaqişələr, müharibələr fonunda Azərbaycanın ayrı-ayrı sivilizasiyaları idman platforması ətrafında birləşdirməsi, dünya insanını sülhə, əmin-amanlığa çağırması beynəlxalq birlik ölkələri tərəfindən də yüksək qiymətləndirilir. Siyasi, sosial, iqtisadi humanitar və digər xarakterli mötəbər tədbilərin təşkilatçısı, təşəbbüskarı kimi çıxış edən Azərbaycan Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları kimi beynəlxalq əhəmiyyətli tədbirləri təşkil edərkən də əsas etibarilə sülhü, dostluğu, bərabərliyi və həmrəyliyi tərənnüm edib. “Gücümüz həmrəylikdədir” devizi altında keçirilən “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları bunu əyani şəkildə bütün dünya ictimaiyyətinə nümayiş etdirdi. Yarışlar zamanı Azərbaycana təşrif buyuran bütün qonaqlar da yalnız dostluq, həmrəylik mesajları ilə ölkəmizi tərk etdilər.

Mayın 23-də isə prezident İlham Əliyev İslamiadada qalib gələn idmançılarımız, onların məşqçiləri və Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri ilə görüş keçirdi. Ölkə başçısı mərasimdə çıxış edərək IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsini ölkəmiz üçün tarixi hadisə adlandırdı. Prezident qeyd etdi ki, mötəbər idman tədbirinin ölkəmizdə təşkili İslam dünyasının Azərbaycana olan böyük hörmətinin və inamının təzahürüdür: “IV İslam Həmrəyliyi Oyunları İslam həmrəyliyini gücləndirəcək. Bu oyunların keçirilməsinin başlıca məqsədi İslam dünyasının idmançıları arasında təması gücləndirmək, onları bir-birinə daha da yaxınlaşdırmaq, dostluq və əməkdaşlıq əlaqələrini möhkəmləndirməkdir”.

IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirilməsinin Azərbaycanın gücünü, qüdrətini göstərdiyini deyən İlham Əliyevin sözlərinə görə, Azərbaycan istənilən beynəlxalq tədbiri ən yüksək səviyyədə keçirə və eyni zamanda, öz standartlarını tətbiq edə bilər: “54 ölkənin iştirak etdiyi IV İslam Həmrəyliyi Oyunlarında 75 qızıl, 50 gümüş, 37 bürünc medal qazanan Azərbaycan böyük tarixi qələbəyə imza atdı. Bir daha təsdiq olundu ki, Azərbaycan dünya miqyasında güclü idman dövlətidir. IV İslam Həmrəyliyi Oyunlarında idmançılarımızın qələbəsi göstərdi ki, Azərbaycanda həyata keçirilən düşünülmüş siyasət bütün sahələrdə, o cümlədən, idmanda öz bəhrəsini verir”.

İlham Əliyev vurğuladı ki, idmanın inkişafı Azərbaycanda dövlət siyasətinin prioritetlərindən biridir: “Son illər ərzində idmanın inkişaf etdirilməsi sahəsində atılmış addımlar bugünkü yüksək nəticələrin əsasında dayanan başlıca amildir. IV İslam Həmrəyliyi Oyunları ərzində Azərbaycan cəmiyyəti bir daha birlik, həmrəylik, vətənpərvərlik göstərdi, tamaşaçılar böyük coşqu ilə idmançıların qələbələrini alqışladılar. Azərbaycan idmançılarının qələbəsi ölkədə idmanın inkişafını stimullaşdırır, gənc nəslin idmana daha güclü meyllənməsinə müsbət təsir göstərir”.

Dövlət başçısı hesab edir ki, IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi İslam dininin mütərəqqiliyini, elm, mədəniyyət, sülh, mərhəmət dini olduğunu nümayiş etdirdi: “Açılış mərasimi Azərbaycan xalqının zəngin, qədim tarixini, mədəniyyətini bütün İslam aləminə və dünyaya göstərdi. IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi Azərbaycanı mütərəqqi, müasir ölkə kimi təqdim etdi. Bu nadir vəhdət bu gün Azərbaycanı dünya miqyasında əvəzolunmaz ölkəyə çevirir. Azərbaycan müsəlman aləmini Qərb aləmi ilə birləşdirən ölkədir. İki il ərzində bir ölkədə, bir şəhərdə Avropa və İslam Oyunları keçirilməsi bunu bir daha təsdiq edir. Azərbaycan xalqı öz milli və dini dəyərlərinə sadiqdir, onları qoruyur. Eyni zamanda, dünyaya açıqlıq və inkişaf Azərbaycanın müasirliyini təcəssüm etdirir. Bu gün Azərbaycanda milli-mənəvi köklər üzərində müasir dövlət qurulur. Bu gün Azərbaycan dünya miqyasında böyük hörmətə, həmçinin, müsəlman aləmində böyük rəğbətə layiq ölkədir”.

Mövzu ilə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Bəxtiyar Sadıqov qeyd edib ki, IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi prezident İlham Əliyevin təşəbbüsü idi və oyunlar çox yüksək səviyyədə təşkil edildi. O, “Trend”ə bildirib ki, bu gün İslam dünyasının həmrəyliyə, birləşməyə çox böyük ehtiyacı var: “Son dövrlərdə dünyada, xüsusən Ərəb ölkələrində baş verən proseslər həm də ondan qaynaqlanır ki, İslam dövlətləri bir arada deyillər. Belə bir məqamda ölkə prezidenti Azərbaycanda “İslam həmrəyliyi ili” elan etdi və bu həmrəyliyə nail olmaq üçün ilk möhtəşəm addım atıldı. 54 İslam dövlətinin idmançıları, nümayəndələri 10 gündən artıq Azərbaycanda oldu, bütün İslam dünyasının diqqəti ölkəmizə yönəldi. IV İslam Həmrəyliyi Oyunları İslam dövlətlərinin həmrəyliyi yolunda atılan çox böyük, təsirli və kütləvi bir addım oldu”.

Deputat vurğulayıb ki, IV İslam Həmrəyliyi Oyunları çox yüksək səviyyədə təşkil olundu: “Bu oyunların çox yüksək səviyyədə keçirilməsində Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın xidmətlərini xüsusi qeyd etmək istəyirəm. Birinci Avropa Oyunlarında Azərbaycanın topladığı zəngin təcrübə, bizim yeni standartlar yaratmaq bacarığımız bu oyunların təşkil olunmasında da özünü biruzə verdi. Azərbaycan idmançıları da çox böyük üstünlük nümayiş etdirərək birinci oldular. Oyunlar çox yüksək əməkdaşlıq şəraitində keçirildi. Azərbaycana gələn qonaqlar yüksək səviyyədə qarşılandı. Azərbaycan bu möhtəşəm oyunlarla İslam dünyasına böyük bir hədiyyə vermiş oldu. Bunun isə şübhəsiz, İslam həmrəyliyinə çox müsbət təsiri olacaq”.

Deputat Aydın Mirzəzadə isə qeyd edib ki, Azərbaycanda keçirilən hər beynəlxalq idman yarışı ölkəmizə çoxsaylı turistlərin gəlməsinə, o cümlədən, IV İslam Həmrəyliyi Oyunlarının beynəlxalq, xarici telekanallarda izlənilməsinə və bununla da Azərbaycanın təbliğinə xidmət edir: “Belə oyunların Azərbaycanda keçirilməsi ölkəmizin bir dövlət kimi dünyada nüfuzunun artmasında, Azərbaycanla yüksək münasibətlərin qurulmasında özünü göstərir”.

Deputat qeyd edib ki, Azərbaycanın müasir dövlətçiliyinin inkişafında idman sahəsi də xüsusi yer tutur: “Azərbaycan prezidenti İlham Əliyevin ölkədə idmanın inkişafına ciddi şəkildə dəstək olması artıq öz bəhrəsini verir. Hər bir ölkənin inkişafında idman faktoru çox böyük rol oynayır. Azərbaycanda müasir dövlətçiliyin inkişafında bütün sahələrə ciddi diqqət yetirilir. İdman sahəsi isə burada xüsusi yer tutur”.

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa isə APA-ya bildirib ki, IV İslam Həmrəyliyi Oyunları birinci növbədə bu gün İslam coğrafiyasında baş verən xaos, qarışıqlıq fonunda daha əhəmiyyətli bir tədbir kimi diqqəti cəlb etdi: “Azərbaycan özünü bu mühitdə stabillik adası kimi təqdim etməyi bacardı. IV İslam Həmrəyliyi Oyunlarının uğurlu başa çatması gələcəkdə Azərbaycanda daha mötəbər tədbirlərin keçirilməsi üçün zəmin hazırladı. Digər tərəfdən, ümumiyyətlə, Azərbaycan öz uğurları ilə İslam ölkələrində barışın, sülhün dəyərli bir nemət olduğunu IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən ölkələrə bir daha nümayiş etdirdi. Eyni zamanda, Azərbaycan İslamın dünyəvi dövlətin dəyərləri ilə necə uzlaşması modelini təqdim etdi. Bu oyunların nəticələri yaxın zamanda müsbət mənada özünü büruzə verəcək. Azərbaycan bu kimi tədbirlərlə təbliğat, tanıtım imkanı qazandı. Bu da müsbət bir tendensiyadır” .

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq Elçin Mirzəbəyli isə hesab edir ki, dünyanın ayrı-ayrı ölkələrində islamofobiyanın kökləndiyi, İslam dünyasına qarşı hücumların baş verdiyi bir zamanda “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi və müsəlmanların bir araya gətirilməsi böyük cəsarət tələb edir. O, SİA-ya bildirib ki, Azərbaycan bu mötəbər tədbirə yüksək səviyyədə təşkilatçılıq etdi: “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında İslam dini bütövlükdə bəşəri dəyər kimi təqdim olundu. Azərbaycan dünyaya göstərir ki, İslam dünyası bəşəri mədəniyyətin bir parçasıdır. Bu, çox  önəmli faktordur. Həm Azərbaycan prezidenti İlham Əliyevin çıxışlarında, həm də “Bakı-2017”nin açılış və bağlanış mərasimlərində İslamın bəşəri din olduğu, bəşəri dəyərlər daşıdığı xüsusilə önə çəkildi”.

E.Mirzəbəyli vurğulayıb ki, İslamın sülh dini olmasını Azərbaycan bir daha dünyaya nümayiş etdirdi: “Ölkəmiz bu günə qədər  keçirdiyi bütün tədbirlərdə yüksək  peşəkarlıq ortaya qoyub. Bütün dünya da Azərbaycanın nailiyyətlərinin şahidi olub. Prezidentin fikirləri, Azərbaycanın apardığı işlər dünyaya mesajdır ki, İslama bəşəri mədəniyyətin tərkib hissəsi kimi yanaşmaq, humanizm fəlsəfəsini önə çəkmək lazımdır. İslam bir insanın öldürülməsini bütün bəşəriyyətin öldürülməsi kimi qiymətləndirir”.

Ceyhun ABASOV

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.