Toğrul Fərman oğlu Nərimanbəyov 7 avqust 1930-cu ildə Bakı şəhərində doğulub.
O, 1950-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini, 1955-ci ildə isə Litvada Vilnüs Rəssamlıq İnstitutunu bitirib.
XX əsrin 50-ci illərindən etibarən yaradıcılıq aləminə qədəm qoyan Toğrul Nərimanbəyov hələ gənclik dövründə öz fitri istedadı sayəsində geniş şöhrət tapmış, ölkəmizdə və onun hüdudlarından kənarda tanınmışdır. Yüksək peşəkarlığa malik görkəmli rəssam təsviri sənətin bütün janrlarında uğurla çalışaraq uzun illər ərzində dolğun və səmərəli fəaliyyət göstərmişdir. Onun mənzərə, portret, monumental boyakarlıq, illüstrasiya və teatr rəssamlığı kimi müxtəlif sahələrdə yaratdığı parlaq əsərlər mövzu və janr rəngarəngliyi, estetik kamilliyi və özünəməxsus üslubu ilə səciyyələnib. Nərimanbəyov dünyasını təcəssüm etdirən bənzərsiz lövhələr Azərbaycan müasir təsviri sənətinin simasını formalaşdıraraq mədəniyyətimizin nadir inciləri xəzinəsinə daxil olub.
Toğrul Nərimanbəyovun qüdrətli sənətkar kimi yüksəlməsində Azərbaycan incəsənətinin zəngin ənənələri, qədim miniatür və xalçaçılıq nümunələri böyük rol oynayıb. Onun fərdi üslubunu müəyyən edən başlıca xüsusiyyətlər dekorativ sənətimizə xas rəng harmoniyası və müasir dünya incəsənətinin yeni istiqamətləri ilə sıx bağlıdır. Rəssamın yaradıcılıq yolu milli mədəniyyət salnaməsində müstəsna yer tutur və rəssamlıq tariximizin parlaq səhifələrindən birini təşkil edir. Görkəmli sənətkarın insanların daxili aləminin ən incə çalarlarınadək təsvirini verən portretləri bu janrda yaradılmış əsərlər içərisində öz orijinallığı, bədii forma kamilliyi və novatorluğu ilə seçilir. Yaradıcılıq palitrasının rəng əlvanlığı Toğrul Nərimanbəyova təzad və şərtiliyi, ənənəvilik və müasirlik kimi müxtəlif yanaşmaları öz əsərlərində harmonik şəkildə əks etdirmək imkanı verib.
Toğrul Nərimanbəyov ayrı-ayrı tamaşalara verdiyi bədii tərtibatlarla Azərbaycan teatr rəssamlığının dəyərli nümunələrini yaradıb. Onun monumental boyakarlıq və divar rəssamlığı janrında işlənmiş tabloları xəlqilik ruhu ilə seçilərək böyük estetik təsir qüvvəsinə malikdir.
Toğrul Nərimanbəyovun portret, mənzərə, məişət və natürmort janrlarında çəkdiyi lövhələr müasir Azərbaycan rəssamlığının qiymətli əsərləri olaraq dünyanın mötəbər sərgi salonlarında, rəsm qalereyalarında və incəsənət muzeylərində uğurla nümayiş etdirilir, müxtəlif dövlətlərin muzeylərində və ayrı-ayrı şəxslərin kolleksiyalarında saxlanılır.
2 iyun 2013-cü ildə Parisdəki hospitallardan birində vəfat edib. Azərbaycanın dövlət və hökumət rəsmiləri Toğrul Nərimanbəyovun vəfatı ilə əlaqədar başsağlığı veriblər.