Milli Şurada parçalanma yüksək səslə eşidilməkdədir. Artıq Müsavat Partiyasının bu qurumdan çıxması labüdləşir. Belə ki, Müsavat Partiyası başqanının müşaviri Səxavət Əlisoy “Trend”ə açıqlamasında bunun işartılarını verib. Onun sözlərinə görə, Milli Şura birmənalı olaraq Moskvanın dəyərlərini önə çəkəcəksə, açıq şəkildə Moskvanın oyunu oynanılacaqsa, Müsavat Partiyası o oyuna getməyəcək. S.Əlisoy qeyd edib ki, Müsavat Partiyası birmənalı şəkildə Qərb dəyərlərinə önəm verir, çünki gələcəyə Qərb ilə addımlamaq Azərbaycan xalqı üçün böyük perspektivlər vəd edir. O, Azərbaycanın uzun illər ərzində Rusiyanın işğalı altında olduğunu deyib: “Biz uzun illər Moskvanın işğalında olduq, yaşadıq və nələrin baş verdiyini gördük. Milli Şura olmur, hansı birlik olursa-olsun, Müsavat Partiyası öz fikrini deyəcək. Milli Şuranın fəaliyyəti ehtimal olunan formada davam edərsə, yəni təkrar Moskvanın arzusuna getmək prosesi baş verərsə, təbii ki, Müsavat Partiyası, o şurada, o oyunda olmayacaq. Milli Şura və Milli Şuraya daxil olan hər hansı bir partiya özünün mövqeyini ortaya qoya bilər. Bütün bunlara baxmayaraq, Müsavat Partiyası üçün Avroatlantik məkana inteqrasiya prioritet məsələdir. Partiyanın özünün yolu, xətti budur. Müsavat Partiyası hər zaman bu yolda olacaq və bu, kimlərinsə istəyindən asılı deyil. Müsavat Partiyasının götürdüyü kurs Azərbaycanın Avroatlantik məkana inteqrasiyasıdır”.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Milli Şurada onları narahat edən bir çox məsələlərin olduğunu deyib. Bunlara aydınlıq gətirilməsinin vacibliyini qeyd edən S.Cəlaloğlu bildirib ki, Milli Şura təsis olunsa da onun məqsədləri, o cümlədən onun qarşısına qoyacağı məqsədlərə necə, hansı yollarla nail olacağı bəlli deyil: “Milli Şura adına baxanda görürük ki, həm əhatə dairəsi, həm də ayrı-ayrı şəxslərin keyfiyyəti baxımından onun tərkibi milli tərkib deyil. Açığını deyim ki, orada təsadüfü təmsil olunanlar və yaxud da birliklərdə təmsil olunmaq gücünə, potensialına və haqqına malik olmayan insanlar çoxdur”.
O, Milli Şurada ən ciddi problemlərindən birinin vahid namizəd məsələsi olduğunu deyib. ADP sədri məsələ ilə bağlı bunları söyləyib: “Çünki bilirik ki, bu, Azərbaycan müxalifətində problemli məsələlərdəndir. Düşünmürəm ki, həmin məsələ asan həll olunacaq. Milli Şurada xüsusən xarici siyasət məsələlərində razılaşma əldə olunmayana qədər yəqin ki, vahid namizəd məsələsində də ciddi bir nailiyyət əldə olunmayacaq”.
Azadlıq Partiyasının sədri Əhməd Oruc Milli Şuranın tərkibinin ideoloji cəhətdən çox qarışıq olduğunu qeyd edib. O, Milli Şuranın bir-birlərinə uyuşmazların qarışığı olduğunu deyərək bunları söyləyib: “Milli Şurada İranın nəzarətində olan, İranın Azərbaycanda hegemonluğuna əsas qazandıranlar da var, rusiyapərəst və Azərbaycanın xeyrinə olmayan digər qüvvələr də var. Yəni Milli Şura ideoloji cəhətdən uyuşmaz bir qurumdur və bunları da bir araya gətirən hansısa maddi məqsədlərdir. Milli Şurada rusiyapərəst və iranpərəst qüvvələrin dominantlığı göz önündədir. Ona görə mən Milli Şuradan yaxşı nəticə gözləmirəm, yəni Milli Şura Azərbaycana yalnız pis şeylər edə bilər. Milli Şuranın prezidentliyə vahid namizədini müəyyənləşdirilməsinə gəlincə bu məsələnin son dərəcə problemli olacağını düşünürəm. Düzdür bu, onların daxili işləridir. Amma vahid namizəd oldu ya olmadı, hesab etmirəm ki, bu, Azərbaycana uğur gətirən bir şəxs olacaq. Çünki bunların güvəndikləri yalnız Rusiyanın, İranın Azərbaycana təzyiqləridir”.
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev Milli Şuranın Kremlin layihəsi olduğunu diqqətə çatdırıb: “Bunun belə olduğunu anlamaq çox bəsitdir. Şura Azərbaycana Rüstəm İbrahimbəyovun layihəsi kimi təqdim olunur. Bir qədər sonra Rüstəm İbrahimbəyov Moskvaya səfər etdi və əsas məqsədlərini ifadə etməyə başladı. O vaxta qədər biz bir qədər dözümlü idik və konkret mövqe bildirmirdik. Ziyalılar Forumunun nümayəndəsi olaraq onun mövqeyinə normal yanaşırdıq. Lakin o, özünün Kremlin Azərbaycanı Avrasiya İttifaqına sürükləməsi üçün bir sıra tədbirlər alması sırasında yaratdığı “Milyarderlər İttifaqı”nın üzvü olması ilə bağlı bəyanat verəndən sonra Rüstəm İbrahimbəyovun Kremlə bağlılığı ortaya çıxdı. Biz Milli Şuraya düşmən mövqeyində dayanacağıq. Bu, bir faktdır ki, Rüstəm İbrahimbəyovun dəsti-xətti ölkə başçısı İlham Əliyevdən qisas almaq mövqeyindədir. Siyasi baxımdan da təcrübəsizdir. Öz mövqeyini açıq formada biruzə verdi. Bu şəxs ədavət zəminində Kremlin layihəsinə qoşulmaq kimi bir yarıtmaz mövqe nümayiş etdirməklə Milli Şuranın hansı məqsədlərə xidmət edəcəyini əvvəlcədən Azərbaycan cəmiyyətinə göstərdi. Bizim partiya millətçi partiyadır. Biz mübarizə prioritetləri sırasında dövlətçiliyi birinci sıradan qoymuşuq. Dövlətçiliyi təhdid altına almağa cəhd edən, müstəqilliyi, suverenliyi gözardı edən istənilən qüvvə bizim üçün rəqibdir. Bu halda isə Rusiyanın Azərbaycan dövlətçiliyinə qarşı çox sərt və barışmaz mövqe nümayiş etdirdiyi, Qəbələ RLS kimi strateji hərbi obyekti bağladığı, Bakı-Novorossiysk kəməri ilə bağlı problemin yarandığı vaxtda bu prosesdə iştirak edən Azərbaycan vətəndaşı bizim siyasi düşmənimizdir”.
Onun sözlərinə görə, bu yöndə kim fəaliyyət göstərəcəksə ona qarşı sərt mübarizə aparacaqlar: “Milli Şurada Azərbaycan dövlət müstəqilliyinin əldə edilməsində xidmətləri olan insanlar var. Amma siyasi çəkilərindən, xidmətlərindən asılı olmayaraq, kimlər Rüstəm İbrahimbəyova dəstək verəcəksə onlar bizim siyasi düşmənimiz olacaq və onlara qarşı sərt rəqabət mövqeyini tutacağıq. Onları siyasi düşmən elan etməyimiz şəxsi maraqlarımızdan deyil, siyasi mübarizə prioritetlərimizdən doğan bir mövqedir. Rüstəm İbrahimbəyovun Milli Şuraya sahiblik etməsi məsələsi toplantının birinci günündə üzə çıxdı. Onun sədr seçilməsindən sonrakı mərhələdə prezidentliyə vahid namizəd kimi təbliğ olunması açıq-aşkar göstərir ki, orda olan həlledici qüvvələr Moskvanın başqa adamı qəbul etməyəcəyini anlayıblar. Ona görə də Rüstəm İbrahimbəyovu müdafiə edirlər. Bütün bunlara baxmayaraq mən heç bir halda Rüstəm İbrahimbəyovun göstərdiyi fəaliyyətdə ona bəraət qazandıra bilmərəm. İnsan bacardığı işlə məşğul olmalıdır. Kremlin, o cümlədən siyasi qrupların əlində alət olmaq, yaxud şəxsi qisas almaq məqsədilə siyasətə baş vurmaq və bu yolda dövləti təhdid altına salmaq bağışlanmaz davranışlardır. Fikrimcə, bütün bunlara görə Rüstəm İbrahimbəyov cavab verməlidir”.
AQİL