
fəlsəfə elmlər doktoru
professor
[email protected]www.raliyev.az
Qələbəyə gedən yolun inkişaf, sülh və bərabərlikdən keçdiyini hər kəs bilsə də, bu günə kimi ədaləti bərpa etmək uğrunda aparılan mübarizədə heç bir uğur əldə olunmayıb. Rekorddan isə danışmağa belə dəyməz.
Belə bir ifadə var: “Hərəkət həyatda hər şeyi əvəz edə bilər, amma o, özü əvəzolunmazdır!”. Bu deyim hələ lap qədim dövrlərdən insanlara bəlli olub. Təsadüfi deyil ki, bütün elmlər inkişaf üçün bu prinsipi əsas götürüblər. Bu gün həmin sözləri eynilə “ədalət” anlayışına da aid edə bilərik. Ədalət heç nə ilə müqayisə olunmayacaq qədər özəl məfhumdur. O, hər yaraya məlhəm olmağa, hər düyünü açmağa qadirdir. Onun barəsində düşünmək belə insanın qəlbinə rahatlıq gətirir. Bu hiss insanın şüuraltı düşüncəsinə işləyərək hər bir maneəni dəf etməkdə ona yardımçı olur.
Ədalətlilik adamın canına, qanına ana südü ilə hopur. Necə deyərlər, insanın xəmiri “ədalət” deyilən anlayışla yoğrulub. Heç doğma ana da bətnində gəzdirdiyi körpəsinin haqqı çatan və payına düşən fiziki göstəricilərində nəyisə dəyişməyə qadir deyil. İşıqlı dünyaya göz açdığımız gündən biz ilahi ədalətlə insan ədaləti arasındakı fərqi hiss etməyə başlayırıq. Həmin andan etibarən ədalətsizliyin ilk əlamətləri özünü biruzə verir: kimi övladını hər cür şəraiti olan, qayğı ilə əhatə olunmuş məkanda dünyaya gətirir, kimi də ana olmaq sevincini döyüş meydanında yaşayır. Bununla da ədalətsizliyin təməli qoyulmuş olur. Son nəfəsimizi verənədək bu hiss bizi müşayiət edir. Hətta gözümüzü işıqlı dünyaya yumduqdan sonra da ədalətsizlik can- cəsədimizi rahat buraxmır. Kimi, harada və necə dəfn etmək, onun ruhuna nə cür ehtiram göstərmək qərarını da dünyaya göz açdığı gündən ədalətsizliklə üzləşənlər verirlər. Məhz buna görə də bütün ömrümüzü bizi hər cür bəlalardan qoruyacaq haqq və ədalətin axtarışına həsr edirik. Bəzən 60-100 illik ömrümüzü bu təbii hissin axtarışına sərf edir, sonda onun qığılcımını belə görməyə nail olmuruq. Həyatımız boyu heç olmazsa bircə dəfə onunla qarşılaşmağı xəyal edərək ucsuz-bucaqsız səhrada elə hey addımlayırıq. Sonda bu ümidlə haqqın dərgahına qovuşuruq. Amma yenə də axtarış başa çatmır... Bu dəfə də “ƏDALƏT YALNIZ ULU TANRININ DƏRGAHINDA HAKİMDİR!” deyib, onu Yaradanın hüzurunda axtarmağa başlayırıq. Tanrının mühakiməsinə çıxdığımız zaman da sonda ədalətli qərarın veriləcəyinə inanırıq. Bu, min illərdir ki, belə davam edir... Uca Yaradanın imtahanından hansı qiyməti alacağımızı, Onun mühakiməsinə çıxdığımız vaxt nələrlə qarşılaşacağımızı bilmək isə bizim gücümüz və iradəmiz xaricindədir.
Deməli, insanlıqla qoşa yaranan ƏDALƏT məfhumu elə insanlığın ilk yaranışında pozulmağa başlayıb. Adəmlə Həvvanın evliliyindən dünyaya gələn Qabil və Habil qardaşları arasında baş verən dünyanın ilk faciəsindən hər kəsin məlumatı var. Bu faciə bəşəriyyətin ilk faciəsi olmaqla yanaşı, həm də hər kəsə öz haqqını əldə etmək üçün ƏDALƏT axtarışına çıxmağa məcbur edib. Qabilin Habili öldürməsi cinayət olmaqla bərabər, həm də ədalətin tapdanması idi. Əslində ədalətin kimin tərəfində olmasını müəyyən etmək o qədər də asan məsələ deyil. Amma bəşəriyyətin baş vurduğu bu axtarış hələ də davam edir. Heç kim yer üzündə ədalətin olmadığına hələ də inanmır və onu axtarmağa davam edir.
Əslində ədalətin cəmiyyətdə gerçəyə çevrilməsi nisbi hadisədir Haqq- ədalət haqqında hər birimiz çox eşitmişik, oxumuşuq, yazmışıq. Amma ədalətin dərəcəsini, qədərini, çəkisini dəqiq müəyyən etmək bu günə kimi heç kimə nəsib olmayıb. Dünya tarixinə diqqətlə nəzər salanda tarix boyu bəşəriyyətin daim ədalət sorağında olduğunu, lakin həmin ədaləti indiyə qədər müəyyən edib yerinə qoya bilməməsini müşahidə edirik. Bəşəriyyətin əşrəfi sayılan insan yarandığı ilk gündən, kimliyindən asılı olmayaraq, öz haqqına sahib olmaq üçün ƏDALƏT axtarışına çıxıb. Xoşbəxtliyimizin, bütün cəhdlərə baxmayaraq, qovuşa bilmədiyimiz ədalətdən asılı olduğunu anladığımız üçün bu istiqamətdə axtarışlara ara vermirik. Həyatda hər şey çox qarışıqdır. Bəzən pislə yaxşının sərhədini belə ayırd edə bilmirik. Həqiqət və yalan, sevgi və nifrət axınında çapalayır, bu yolun bizi sonda hansı ünvana yetişdirəcəyindən xəbərsiz elə hey gedirik... Bəzən ədaləti bərpa etmək naminə özümüzü qurban belə verməyə hazır oluruq. Təki ömrümüzdə bircə dəfə də olsa, ədaləti hiss edək.
İnsan qarşısına qoyduğu bu hədəfə çatmaq üçün qət etdiyi yolda cildən-cildə düşür – bəzən qəddarlaşır, bəzən əlini qana bulayır, bəzən özünü qurban verir, bəzən də ən xeyirxah insana çevrilir. Cəmiyyəti bəlalardan qurtaracaq, həyatımızda xilaskar rolunu oynayacaq “ədalət” məfhumunu bütün dünya – Banqladeşdən, Avstraliyadan tutmuş Afrika qəbilələrinə kimi hər kəs axtarır. Amma kimsənin əlində dəqiq yol xəritəsi yoxdur. Elə hey gedirik...
Axtardığımızı tapacağımızla bağlı qəlbimizdə o qədər böyük inam var ki, nə başımıza vurulan dəyənəklər, nə gözlərimizi yaşardan qazlar, nə məruz qaldığımız təqiblər bizi bu yoldan döndərə bilmir. Ürəyimizdəki yanğı o qədər hərarətlidir ki, bizdən yan keçən ədalətə heç olmasa gələcək nəsillərin qovuşsun deyə canımızdan belə keçməyə hazırıq.
Dünyamızın ədalətsiz olmasına əslində heç bir şübhəm yoxdur. Onu da bilirəm ki, Yer üzündə ilahi ədaləti bərpa etmək heç zaman mümkün olmayacaq. Bu acı gerçəkliklə barışmaqdan başqa çarəmiz yoxdur. Biz, sadəcə, ədalətin tam deyil, qismən bərpasından danışa bilərik. Ədalətin olmadığı cəmiyyətin firavan gələcəyindən danışmaq sadəlövhlükdən başqa bir şey deyil. Həyatda bütün problemlər dünyaya göz açdığımız andan başlayır. Düzdür, körpənin dünyaya qadın və ya kişi olaraq gəlməsindən asılı olmayaraq, bərabərlik gözlənilir. Amma bu, insanın fizioloji göstəricisidir, təbiətin qanunudur. İnsanın harada – yüksək standarlara cavab verən klinika, yoxsa kənd xəstəxanasında, müharibə şəraitində, yoxsa sülh və əmin-amanlıq içində, qatarda, yoxsa təyyarədə dünyaya gəlməsində isə artıq bu tarazlıq pozulur, ədalətsizliyin ilk işartıları parlamağa başlayır. Hər cür qayğı ilə əhatə olunmuş isti ana bətnindən ayrılıb güclülərin zəifləri amansızcasına əzdikləri həyata qədəm qoyduğumuz andan özümüzə qarşı ədalətsiz münasibətin şahidi oluruq. Ana bətnindəki ədaləti bu işıqlı dünyada heç nə əvəz edə bilməz. Bu, elə möhtəşəm, elə ali bir qanundur ki, heç doğma ana da balasının bətnində qidalanma rejiminı, fiziki baxımdan formalaşmasına təsir göstərə bilməz. Bütün bunları bildiyimiz halda ədalət axtarışına necə çıxmaya bilərik axı?! Onun şirin nemət olduğunu bildiyimiz üçün bütün bu axtarışa sərf edirik. Çünki hamımız yaxşı dərk edirik ki, insanın bu həyatda xoşbəxt olması üçün cəmi üç şərt tələb olunur: yaşadığımız ölkənin inkişafı, cəmiyyətimizin sülh və əmin-amanlıq içində olması, hər yerdə və hər şeydə ƏDALƏTin bərpası...
Təsadüfi deyil ki, bir çoxu bu üç amili xoşbəxtliyin formulu kimi qəbul edir. Xoşbəxtlik anlayışı nə riyazi hesablamalara, nə hansısa ölçü vahidinə, nə də ki, şair, yazıçı və filosofların geniş təfəkkürünə sığmır. Bu günə kimi hələ heç kim bu sirli məfhumun həqiqi izahını verə bilməyib. Bəlkə də insanın həyatda yaşayıb-yaratmasına, sevib sevilməyinə güc verən də elə nə vaxtsa xoşbəxtliyə toxunmağın, onu hiss etməyin mümkün olacağına bəslədiyi ümiddir. Ədalət bizə yol yoldaşı olanda isə arzuları, istək və niyyətləri gerçəkləşdirmək yollarının axtarışına çıxmaq bəzən daha asan olur. Belə olmasaydı, bu amansız həyatın heç bir faydası olmazdı. Axı bütün bu əzab-əziyyətlərə nəyə görə, nəyin naminə dözərdik? Bu dünyada qovuşa bilmədiyimiz ali məqamlara heç olmazsa Tanrının dərgahında çatacağımıza necə inanardıq?
Xristianların İsa Məsihin yenidən dirilməsi, müsəlmanların (əsasən özünü şiə məzhəbinə aid edənlərin) 12-ci imam Mehdinin yenidən zühur etməsi ilə bağlı inamlarının əsasında məhz bu motiv durur.
İmanlı insanlar bu işqılı dünyada bir ümidlə yaşayırlar: gec-tez ədalət bərqərar olacaq. Əslində “bərqərar olacaq” deyəndə nə vaxtsa mövcud olmuş, sonradan parçalanmış bir məfhumdan söhbət getdiyini anlayırsan. Yer üzündəki insanların əksəriyyəti məhz bunun üçün dua edir. Əllərimizi göyə açıb Tanrıya yalvarırıq ki, haqq-ədalət axtarışına çıxdığımız bu uzun yolda bizi məyus etməsin. Bizi Yer üzündəki özbaşınalıqları qaydaya sala biləcək yeganə vasitə olan ədalətə qovuşdursun.
Bütün bu dualara, bu ümidlərə, bu istəklərə baxmayaraq, biz son illər, aylar və günlərdə demokratiya “carçı”larının günahları üzündən törədilən ən qanlı qətllərin, amansız cinayətlərin, misli görünməmiş dəhşətlərin şahidi oluruq. Onlar nəinki bu çirkin əməllərindən çəkinmir, heç törətdikləri pisliklərdən peşman belə olmurlar. İnsan Yer üzündəki fitnə-fəsada ara verməsə, Tanrı bizim üçün ədaləti necə bərqərar edə bilər?! Bu, sanki heç nə etmədən oturub göylərdən möcüzə gözləməyə bənzəyir. “Səndən hərəkət, məndən bərəkət” ifadəsi ilə ulu Rəbbim, sən bir hərəkət et ki, mən də öz lütf və rəhmətimi sənə şamil edim demək istəyib. Deməli axtarışa davam etməliyik... Təbii ki, yaşadığımız həyatın şərtlərinə əməl etməklə – çünki onun öz qanun və cəzaları var.
Tanrı hamımıza ədalətə qovuşmağı nəsib etsin! “Özünü demokratiya carçısı kimi qələmə verən zalımlardan ədalət gözləməyə dəyərmi?” sualına gəlincə, bu, sonsuzluğa qədər uzada biləcəyimiz, sualdan sual doğuran incə məqamdır. Onun məzmunu getdikcə dərinləşməkdə və genişlənməkdədir...



