
Sevgi sözdü... Amma başdan yox, ürəkdən gələn sözdü. Çox vaxt beyinlə idarə edilməyən sözdü. Hansısa fövqəladə halda, çıxılmazlıqda dilə gətirdiyin söz də məhəbbətdən ola bilər. Sevdiyindən yalnız xoş, şirin danışıq gözləməyin səhvdi. Eşitdiyin ancaq əzizləmə, oxşama, gördüyün yalnız təbəssümdüsə, bir əlac qıl başına... Var gücünlə həyəcan təbili çal... Əlbəttə, əgər sənə sevgi lazımdısa, onu itirmək istəmirsənsə. Çünki bu cür çox çəkə bilməz. Monotonluq ziyandı münasibətlərə... Ən dadlı yeməkdən bezdiyin kimi, ən ləzzətli söz də ürəyini vura bilər. Kökündə eşq duran soyuqluqdan üşümə, təməli şirin sözlər olan sükutdan darıxma.... Danlananda da, cəzalandırılanda da dibdəki sevgini axtar, qorxma... Hissindən yapışıb səhvlərini düzəlt. Axı, dünən üzünə gülüb, başını sığallayan adamın bu gün qəzəbli danışması səbəbsiz ola bilməz?! Və çox güman ki, səbəb sən özünsən.
Xəstə Qasımın “Yeri gözəl, yeri, sənə qarğaram...” misrasıyla başlayan qoşmasını oxuyanda da günahın kimdə olmasını çox düşünmədim. Heç şübhəsiz, bu cür ağır ittiham və qarğışlara tuş gələn gözəlin özündə də az yoxdu... Səhvi olmayan adamı belə qarğış eləməz, axı. Özü də sevən adam... Əlbəttə, “Ölənədək işin ahu-zar olsun”, “Qiyamətdə yandırsınlar dərini”, “Sənin soyun dönsün, sonsuz soyuna” misraları bir anlıq düşündürür insanı... Adam bunları sevdiyinə “arzulaya” bilərmi? Amma şeirin digər misralarında hansısa hadisə görünür və gözəlin günahını az-çox ayırd etmək mümkün olur. “Vəfalı yarlara qurban olasan... Onlara baxanda sənə ar olsun”. Əsas açar burdadı. Xanım vəfasızlıq edib. Ona görə bu qədər söyülür. İkinci açar “Mən qurbanam yaxşıların muyuna...” misrasındadı. Burda ironiya var, başqalarına, yaxşılara “qurban olmaq”la hirsini, qəzəbini çıxartmaq istəyi var. Məncə, xanımın elədiyi pislik də elə vəfasızlığıdı. Aşiq ona görə “vəfalı yarları”, “yaxşıları” ona nümunə çəkir, gözünə soxur...
...“Ay qız, bir kəs bilməz sənin sirrini”. Məncə, ciddi səbəblərdən biri də budu. Aşiq aydınlıq istəyir. Sevildiyinə əmin olmaq istəyir. Gizli dəfinə, sirrli qalaça olan xanım kimsəyə açmadığı ürəyini, hissini ona da açmırsa... Dəlilik həddinə çatıb qarğış eləməkdən başqa yol qalmır. Bütün bu qəzəbin, hirsin sevgidən gəldiyini, kökündə dəli, çılğın eşq durduğunu düşünəndə məhəbbətin möhtəşəmliyinə, böyüklüyünə heyrətlənməyə bilmirsən. Aşiq heç nəyə, yalana, vəfasızlığa, pisliklərə baxmayaraq sevir bu Qadını... Qolları, qəlbi hər zaman açıqdı ona.
“Kefin durulanda, könlün olanda, Bizə gələn ayaqların var olsun...” – deyir. Təki Gəl – deyir. Vallah Gəl – deyir. Gəl!
Xəstə Qasım: “Bizə gələn ayaqların var olsun!”
Yeri gözəl, yeri, sənə qarğaram:
Ölənədək işin ahu-zar olsun.
Siyah zülfün dal gərdəndə sərasər
Halqa-halqa, çinbəçində mar olsun.
Gözəllər içində giryan olasan,
Yanasan odlara, büryan olasan,
Vəfalı yarlara qurban olasan,
Onlara baxanda sənə ar olsun.
Mən qurbanam yaxşıların muyuna,
Hündür qamətinə, gözəl boyuna,
Sənin soyun dönsün, sonsuz soyuna,
Gül açmasın bağçanızda, xar olsun.
Ay qız, bir kəs bilməz sənin sirrini,
Qiyamətdə yandırsınlar dərini.
Yatan vaxtda şahmar vursun ərini,
Naləsindən qulaqların kar olsun.
Xəstə Qasım dost yolunda qalanda,
Əl uzadıb qol boynuna salanda,
Kefin durulanda, könlün olanda
Bizə gələn ayaqların var olsun.



