
1979-cu il inqilabından keçən dövr ərzində Şimalda malik olduğumuz kimi Cənubda da böyük qonşumuz olan İran dünyanın heç də azalması hiss olunmayan nəzər-diqqətindən düşmür. Axı inqilab İranı dünyanın aparıcı dövlətlərinin təsir dairəsindən qoparıb, müstəqil, əslində tam fərqli olan bir mövqeyə yiyələndirmişdir. Onun siyasətindəki ardıcıllıq, bəzən lüzumsuz inadkarlıq beynəlxalq aləm tərəfindən heç də razılıqla qarşılanmır. Kiməsə təcavüzdən uzaq olan bu dövlət çox asanlıqla söz davasına girişir və özünə düşmən bildikləri ölkələrə lənətlər yağdırmaqla, əks sərt cavabların hədəfinə çevrilir. Ona görə də Qərb mətbuatı, xüsusən Birləşmiş Ştatlar İranın gələcəkdə “divə” çevrilməsi və ətrafı üçün təhlükə mənbəyi olması variantını əsas götürərək, hətta buna ciddi bir əsas olmayanda da, onu monstr kimi təqdim etməklə, dünyaya bu timsalda qorxulu bir obraz təlqin etməyə çalışır. Təəssüf ki, İranın bəzi siyasi xadimləri də söz, lənət müharibəsini qızışdırmaqda əks tərəfin həmlələrinə öz bəyanatları ilə yaxşı köməklik göstərmk yolunu tutmaqla, ona qarşı ittiham “musiqisinin” kreşendosuna – səsinin daha da ucalmasına köməklik göstərirlər.
XX əsrin son iki onilliyinə qədər İran onu himayə edən iri dövlətlərin Şərqdəki forpostu olmaqla, regiondakı bəzi iqtisadi bloklarda aparıcı rol oynayırdı. Əslində Pəhləvi sülaləsinin hakimiyyəti dövründə bu ölkə yadelli güclərin öz təsirini sınaqdan keçirmək laboratoriyasına çevrilmişdi və münasibət üslublarının seçilməsində yaxşı reagent kimi çıxış edirdi. Əvvəlcə Böyük Britaniyanın, İkinci Dünya müharibəsindən sonra isə ABŞ-ın Şərqdə satelliti, iqtisadi fayda mənbəyi mədəni kimi kiçik müttəfiqi olmuşdu. Atası devrildikdən sonra taxt-taca sahib olan Məhəmməd Rza Pəhləvi dövlətin əsas daxili və xarici siyasət vektorunu Birləşmiş Ştatların nəzarəti altında müəyyən edirdi. Ona görə də şahın həyata keçirdiyi və nisbətən faydalı sayılan, sosial gərginliyi azaltmağa yönələn islahatları da xalqın xeyli hissəsi tərəfindən yad cismə orqanizmin göstərdiyi müqavimət kimi az qala süngü ilə qarşılanırdı.
Şah siyasət sahəsində müstəqil hərəkət etməyə səy göstərmirdi, heç buna cəhd də etmirdi. Daxildən olan ağır təzyiq altında taxta çıxmasından on il sonra o, Məhəmməd Müsəddiqi 1951-ci ilin aprelində baş nazir təyin etməyə məcbur oldu. Çox qısa müddətdən sonra Müsəddiqin təhriki ilə Məclis İngiltərə-İran neft şirkətinin milliləşdirilməsi barədə yekdilliklə keçən qərar qəbul etdi və şah bu qanunu imzalamaqdan qaça bilmədi. Lakin “vətənpərvərlik siyasəti” gözlənilən nəticəni vemədi. İngilis mütəxəssislərinin çıxıb getməsi və Britaniyanın həyata keçirdiyi neft embarqosu ölkədə “qara qızıl” hasilatını praktiki olaraq dayandırdı, bu isə İran üçün fəlakətə bərabər idi. Şah 1952-ci ilin iyulunda Müsəddiqi istefaya göndərsə də, altı gün sonra ümumölkə tətilinin təzyiqi altında onu vəzifəsinə bərpa etdi. Yenə də təşəbbüs baş nazirin əlinə keçdikdə, şaha sonrakı ilin fevralında ölkəni tərk etməyi təklif etdi və Məhəmməd Rza Pəhləvi əslində sürgünə yollanmalı oldu. Ailə bundan çox qorxurdu, çünki atası da 1941-ci ildə devrildikdən sonra sürgünə yollanmış, qürbətdə yaşamış, üç il sonra vətəndən uzaqlarda, Cənubi Afrika Respublikasında ölmüşdü.
Öz sülaləsinə “Pəhləvi” adını seçməklə Rza şah, o vaxta qədər soyadı olmayan iranlılara familiya daşımağı bəxş etdiyi halda, təbəələrinin getdikcə artan nifrətinin çoxalması nəticəsində, bu sülalənin tarixdə mövcud olanlardan ən qısaömürlüsünə çevrilməklə, ikicə nəfərin – ata ilə oğulun şəxsində vur-tut əlli beş il mövcud olub, sonra tarixin arxivinə təhvil veriləcəyini heç ağlına da gətirə bilməzdi.
Oğul şahı isə sürgündən general F.Zahidinin həyata gətirdiyi dövlət çevrilişi xilas etdi və bundan sonra şah artıq təşəbbüsü əlindən verməməyə səy göstərdi və ən başlıcası Müsəddiqi istefaya göndərdi.
Lakin o, öz təhlükəsizliyinə o qədər də əmin deyildi, xaricin himayəsi də bu məsələdə kifayət qədər effektli hesab edilə bilməzdi. Ona görə də 1957-ci ildə o, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin və İsrailin Mossadının köməkliyi ilə ölkədə gizli siyasi polis rolunu oynayacaq SAVAK-ı yaratdı. SAVAK ölkədə ədalətsizlik, qəddarlıq, işgəncə, qatil simvoluna çevrildi. Qərb mətbuatı yazırdı ki, Tehranda qızmar yay günündə az qala saatlarla avtobus gözləyən adam istidən, bürküdən şikayətləndikdə, SAVAK-ın agentləri onu aradan götürüb aparır və həmin adam o vaxtdan, elə bil ki, qeybə çəkilirdi. Həbsxanalarda isə işgəncə adı cəza növünə çevrilmişdi.
Şah islahatlar keçirmək yolu ilə ölkədəki gərginliyi azaltmağa can atırdı. 1962-ci ildə Torpaq islahatı qanunu qüvvəyə mindi, bu sənədə görə hökumət neft sahəsi hesabına daxil olan pullarla mülkədarlardan torpağı satın alıb, öz növbəsində bazar qiymətinin üçdə biri qədər aşağı olmaq qaydasında haqqı uzun müddətə ödənillməklə kəndlilərə satırdı. 1963-cü ildə başlanan böyük proqram başqa sahələri də əhatə edirdi. Meşələr və otlaqlar milliləşdirilmişdi. Sənayenin inkişaf etdirilməsi nəzərdə tutulurdu. Savadsızlığı azaltmaq üçün xüsusi kampaniya təşkil edilirdi. Həqiqətən də islahatlar radikal xarakter daşıyaraq, əhalinin xeyli hisəsinin həyatına öz təsirini göstərirdi.
Lakin hay-küy xatirinə “Ağ İnqilab” adlanan bu islahatlar heç də narazılığın şiddətini əsaslı qaydada aşağı sala bilmədi. Geniş xalq kütlələri və şiə ruhaniləri arasında güclü müxalifətin yaranmasının qarşısını almağa qadir olmadı.
Şah, siyasi arenada ciddi müqavimətin baş verməsi ehtimalı səngidikdə, əleyhdarlarına qarşı mübarizəni gücləndirmək qərarına gəldi, axı şiə ruhaniləri arasında atasına olan kimi, ona qarşı da kəskin müxalifət mövcud idi. Onun gələcəkdəki ən riqorist əleyhdarı Ruhulla Musəvi Xomeyni çox gənc yaşında, 1923-cü ildə mübarizəyə başlamaqla, şah rejiminin barışmaz düşməninə çevrilmişdi.
Bir qədər əvvəl “Ayətulla” kimi ali ruhani titulu alan Xomeyni 1962-ci ildə ruhanilərin tətilinə başçılıq etdi, sonrakı ilin başlanğıcında isə şah islahatlarını boykot etməyə çağırdı. Çağırışını bununla əsaslandırdı ki, “Ağ inqilab” islam normalarına və ölkənin Konstitusiyasına uyğun gəlmir. O, “Ağ inqilabı” öz manifestində istehza qaydasında “qara” adlandırırdı və o vaxt yazmışdı ki, əgər sağ qalsa, bu hökumətin axırına çıxmaqda öz borcunu icra edəcəkdir. O, şahı “İsrailin müvəkkili” adlandırırdı və xalqı “qalxıb”, “tiraniyanı çiynindən atmağa” çağırırdı. Hökumət Xomneyini həsb etdi. Bir il sonra yenə həbs etdikdə, onu Türkiyəyə sürgün etməyə məcbur oldu.
Oradan o, İraqdakı müqəddəs Nəcəf şəhərinə yollandı, 1978-ci ildə isə burada da həyatına təhlükə yarandıqda, mübarizəsini davam etdirmək üçün Parisə mühacirət etməyə məcbur oldu. Parisdə bir texniki yenilik – maqnitofon kaseti ona çox köməklik göstərdi. Müraciətlərini kasetə diqtə edib, İrana göndərirdi. Ölkənin hər yerində xalq ona qulaq asırdı.
Son vaxtlarda oğlu Mustafa Xomeyninin sirli ölümü və Ayətullaya qarşı təhqiredici məqalənin dərc edilməsi xalqın səbir kasasını doldurdu, bütün ölkə əhalisi nümayişə çıxdı. 1979-cu ilin yanvarında şah öz ailəsi ilə birlikdə ölkəni təyyarə ilə həmişəlik tərk etdi və bir il sonra ağır xəstəlik nəticəsində həyatla vidalaşmalı oldu. 21 yanvarda Xomeyni bir qrup öz tərəfdarları ilə birlikdə Parisdən elə həmin Tehran aeroportuna gəldi və şəhər əhalisi onu görünməmiş qələbəliklə qarşıladı. Fevralın 11-də şahın nəzarətində olan qoşunlar müqavimətlərini dayandırdılar. Üç gün sonra Ayətulla Xomeyni İran İslam Respublikasının Ali rəhbərliyi altında “Milli Cəbhə” hökumətini formalaşdırdı. May ayında keçirilən referendum İran İslam Respublikasının yaradılmasını dəstəklədi. İlin sonunda qəbul edilən Konstitusiyaya görə Xomeyni İran İslam Respublikasının Ali rəhbəri postunu tutdu. Beləliklə, İran tarixində yeni epoxa başlandı və bu, təkcə Yaxın Şərqə deyil, bütün dünyada öz təsirini göstərməmiş qalmadı.
1979-cu ilin noyabrında Tehranda baş verən bir hadisə İranla ABŞ arasında olan münasibətləri daha da kəskinləşdirdi. Tehrandakı ABŞ səfirliyi bir qrup gənc tərəfindən tutuldu və bu, xoşagəlməz beynəlxalq böhranın meydana gəlməsinə səbəb oldu. Tehrandakı hadisə ABŞ prezidenti Cimmi Karterin taleyinə də öz təsirini göstərdi və 1980-ci il seçkilərində ikinci müddətə onun dövlət başçısı olmaq ümidləri boşa çıxdı. Yeni prezident Ronald Reyqanın innaqurasiyasından az sonra (20 yanvar 1981-ci ildə) 53 amerikalı girov azad edilib, Amerikaya yola salındı.
Xomeyninin idarəçiliyi dövrünə həm də böyük sınaq sayılmalı olan İran-İraq müharibəsi düşdü. 1980-ci il sentyabrın 22-də bu müharibə İraq ordusunun İranın cənub əyaləti olan Xuzistana müdaxilə etməsi ilə başlandı. İnqilabdan sonra İranda ordunun tərkibi ixtisar edilərək, onun dörddə üçünə – 180 min nəfərə çatdırılmışdı. Xidmətdən qovulan, uzaqlaşdırılan generalların yerini kiçik rütbəli zabitlər və hərbi meylli mollalar tutmuşdular. Ordunun döyüş qabiliyyəti aşağı düşmüşdü. Digər cəhətlərlə yanaşı, bunlardan hali olan Səddam Hüseyn qonşu ölkənin neftlə zəngin ərazisinin bir hissəsini tutmaq fürsətini əldən buraxmaq istəmədi. Müharibədə ona NATO və Varşava bloklarının ölkələri kömək edirdilər, həmin ölkələrdən o, bol silah alırdı. İraq bir neçə dəfə kimyəvi silah işlətməkdən də çəkinməmişdi. Səkkiz il davam edən qanlı müharibə 1986-cı il avqustun 20-də sülh müqaviləsi bağlanmaqla başa çatdı.
Bu müqavimətə razılıq vermək Xomeyni üçün olduqca alçaldıcı görünürdü. Məclisin sədri Rəfsəncani ondan razılıq almaq üçün Quma gələndə, Xomeyni onun fəlakətli perspektivini nəzərə almaqla, sülh müqaviləsi təklifinin irəli sürülməsi barədəki xahişinə qulaq asdıqda demişdi ki, bunu eşitməkdənsə, “bir fincan zəhəri içməyə” üstünlük verərdi. Lakin praqmatik insan olan Ayətulla zərurətdən qaça bilməzdi və barışığa razılıq verdi. Ahıl yaşlı, uzun mübarizə yolu keçmiş bu adama həmin hadisə də təsirsiz ötüşmədi, heç bir il keçməmiş, 3 iyun 1989-cu ildə Xomeyni vəfat etdi.
İnqilab Qərbin siyasi, hərbi, hər şeydən əvvəl isə güclü iqtisadi müttəfiqini onun əlindən almışdı. Ona görə də ilk günlərdən qarşıdurma faktları meydana çıxdı. ABŞ səfirliyinin tutulması bunu daha da gücləndirdi. Birləşmiş Ştatlar öz diplomatları olan girovları xilas etmək üçün desant göndərdikdə, təyyarənin qəzaya uğraması bu cəhdi əbəs olana çevirdi və belə cəhdlərə bir daha əl atılmadı. Uzun müddət ərzində ABŞ-ın “təcrübə üçün ada dovşanı” rolunu oynayan İran artıq fövqəldövlətin siyasətinə tam əks mövqedə dayanmışdı, “girov götürmə” əməliyyatı ilə ondan “intiqam” aldığına görə fərəh duyurdu.
İnqilabın İrana nə bəxş etdiyi sualına birmənalı cavab vermək çox çətindir. İranın beynəlxalq aləmin xeyli hissəsindən uzaqlaşması faktını heç cür inkar etmək olmaz. İnqilabdan sonra demokratiyanın və teokratiyanın sintezindən ibarət bir quruluş meydana gəldi və sırf teokratik dövlət olan Səudiyyə Ərəbistanından bir qədər fərqlənməklə, onun “sirdaşı” rolunu oynamağa başladı. Əvvəlki İran Qərbin uzun müddətli təsiri altında müasir həyat tərzinin yaxşı və pis cəhətlərindən nəyi varsa, hamısını qəbul etdiyindən, birdən-birə onlardan bütünlükə imtana etmək də asan məsələ deyildi. Ən radikal hüquqi islahat isə ondan ibarət oldu ki, şəriət şəxsi və ictimai həyata bütünlüklə hakim kəsilməsə də, onun bir sıra az qala yaddan çıxmış elementləri bərpa edilməklə, tətbiq olunmağa başladı. İran hərbi qüdrətini möhkəmləndirməyə də qayğı göstərir, axı uzun müharibə ona çox şeyləri öyrədə bilmişdi. Ordusunu adi silahlarla yanaşı, raketlərlə təmin etməyə girişdi.
Qərb mətbuatı inqilabın elə ilk günlərindən onun rəhbəri barədə müxtəlif şayiələr yaymağa üstünlük verdı, onu arxaizmin nümayəndəsi kimi qələmə verirdi. Bir avropalı jurnalist hətta onu “VII əsrdən XX əsrə atılan daş” adlandırmışdı. Bu, qərəzli münasibətdən doğmuşdu, onun dini qaydaları, şəriəti bərpa etmək cəhdlərinə işarə idi. Əgər müəllif “qara daş”- meteorit metaforasını işlətsəydi, fəlsəfi düşüncə tərzində mahiyyətə bir qədər yaxınlaşmış olardı. Qədim ərəblər hələ İslamdan da əvvəlki dövrlərdə Kəbədəki “qara daşa” – meteoritə sitayiş edirdilər. İslamdan sonra isə Kəbəyə ziyarət İslamın beş dayağından biri hesab olunur. Heç bir meteorit Yer mənşəli deyildir, alimlər onun ən qədim nümunəsini tədqiq etməklə Yer üzərində həyatın başlanğıcı barədə yeni, inqilabi bir nəticəyə gəlmişlər. Həmin tədqiqat materialının isə 4,6 milyard yaşı vardır. Məlum olmuşdur ki, yaşı 4 milyard olan Yer yaranmamışdan hələ 600 milyon il əvvəl kosmosdan bura gəlib çıxan meteoritlər Yer üzərində həyatın başlanğıcının mənbəyi rolunu oynamışlar. Onlar öz tərkiblərində mikroorqanizmlər gətirmişlər və bu bir hüceyrəlilər planetimizdə həyatın rüşeymi kimi çıxış etmişlər. Onlar sonra inkişaf edərək bütün canlıları, həmçinin insanları əmələ gətirmişlər. Deməli Yer üzərindəki həyat özünün vacib səbəbi kimi həmin meteoritlərə borcludur.
(Ardı var)



