
“Liliya təbii fəlakətdi...”
Osip Brik
“Sən Qadın deyilsən, istisnasan...”
Vladimir Mayakovski
Yer qanunları ilə izaha gəlməyən hadisələri mistik qüvvələrlə bağlamaqdan başqa yol qalmır. Yer qanunları deyəndə elmin, sənətin minillərin sınağından çıxmış yazılı və şifahi qanunlarını nəzərdə tuturam. Məncə, elə ilahi qüvvənin də varlığına inam burdan başlanıb. İnsan qarşılaşdığı nələrisə öz məntiqiylə, ağlının gücüylə mənalandıra, izah edə bilməyib. Yaşadığımız, gördüyümüz hər nə varsa, hamısı Allahın iradəsinə bağlı olsa da, nədənsə yalnız möcüzə hesab elədiyimiz hadisələri onun işi sayırıq. Elə İnsanın özünü də bu hadisələrə aid etmək olar. Əlbəttə, çərçivə içərisində, ümumi qəbul olunmuş kriterilərlə, mühitin, zamanın diqtəsiylə yaşayan adamdan söhbət getmir. Vaxtı qabaqlayan, öz qaydalarını yaradan, mühiti saymayan, yaşayışını, hətta ölümünü də özü tənzimləyən İnsan... Tarixdə olub belələri. Və çox vaxt belə adamların həyatı Allahın da qanunlarına, möcüzəsinə, qoyduğu yola uyğun gəlmədiyindən, onları hansısa paralel qüvvə ilə, Şeytanla əlaqələndiriblər. Maraqlıdı ki, Şeytanla dostluq daha çox qadınların qismətinə düşür. Onun qadınlara, yaxud da qadınların şeytani əməllərə meylinin hardan gəldiyini demək çətindi... Liliya Brikin mümkünsüzləri həyata keçirməsi, mümkün eləməsi şeytan əməli idimi? Psixologiya bütün sualların cavabını uşaqlıqda axtarır. Amma Liliyanın uşaqlığına nəzər salanda heyrətlənməyə bilmirsən... Elə o zamankı davranışını da anlamaq üçün daha uzağa, bəlkə anasının bətninə qədər gedib araşdırmaq, dərk eləmək istəyirsən...
...İlk baxışdan çox normal ailənin normal qızı idi Liliya. 1891-ci ildə Moskvada, hüquqşünas Yuriy Kaqan və riqalı musiqiçi Yelena Yuriyevnanın nigahından doğulmuşdu. Özünəməxsus sərt qanunları, qatı tərbiyə mexanizmləri olan evdə iki qız böyüyürdü. Liliya və balaca bacısı Elza. Qızların avtobioqrafiyası ilə tanış olanda adamda belə fikir yaranır; sanki onlar məqsədli şəkildə bu cür yaşayıblar. Uşaqlıqda qoyulmuş qadağalardan bezdikləri üçün, çərçivələri sındırmaq, azadlığı bütöv dadmaq üçün. Və qabağa böyük bacı Liliya düşüb.
Nüfuzlu, tanınmış hüquqşünasın qızı hər şeydən öncə əxlaqıyla seçilməliydi. Amma Liliya üçün cəmisi bir əxlaq norması vardı – ürəyi istədiyini etmək “norma”sı. Ürək isə yalnız sevilmək istəyirdi... Məncə, Liliyanın yaşaması üçün birinci şərt sevilmək idi. Nə qədər sevilirdisə, o qədər bağlanırdı həyata. Həyatı isə sevirdi, çox sevirdi... Ona görə bəlkə də azca bəyəndiyi kişilərin məhəbbətini qazanmaq üçün əlindən gələni edir, gəlməyəni isə öyrənirdi.
Müharibədə bütün vasitələr yaxşıdı – deyirlər. Liliyanın da həyatı müharibəyə bənzəyirdi, sevilmək uğrunda müharibəyə. O, “yaxşı”, bəzən ağlasığmaz, çirkli, qorxulu vasitələrdən qalib gəlmək üçün istifadə edir. Valideynləri onun xasiyyətindən narahat olur, ailənin nüfuzuna xələl gələcəyindən qorxurlar. Ona görə qızın əl-ayağını, yaxud da fikirlərini yığışdırmaq üçün bir müddət nənəsinin yanına göndərirlər. Amma balaca qəlb oğrusu burda da döyüşməkdən qalmır. Bir neçə vaxt sonra doğma dayısı ona evlənmək təklifi edir. Yenidən atası evinə qayıdan Liliya təhsilini davam etdirir, evdə musiqi dərsləri alır. Və günlərin birində musiqi müəllimi yoxa çıxanda valideynləri çox fikirləşmədən qızı sorğu-suala tuturlar. Liliya hamilədir! Onu bu biabırçılıqdan xilas etməyin yeganə yolu var. Əyalət həkimi elə həmin “xilas” zamanı qadını ana olmaq şansından ömürlük məhrum edir. Kədərlənməyə dəyməz. Bu, Liliyanın vecinə də deyildi, əksinə... Çünki heç bir kişini əlində saxlamaq üçün əlavə bağlara, məsələn, uşağa, ailəyə ehtiyacı yox idi onun. Təpədən dırnağa ovsun idi, cadu idi, maqnit idi bu Qadın. Ondan qopmaq mümkünsüzdü. Və məncə, həyatına buraxdığı adam sonradan ayrılsa da, uzaqlaşsa da, həmişəlik tilsimlənirdi. Osip Brik də tilsimin ömürlük qurbanı olmuşdu. Hələ Heykəltaraşlıq İnstitutundan qabaq, gimnaziyada oxuyarkən tanımışdı Osipi. Əslində, Osip onun ilk kiçik məğlubiyyəti idi. Bəyəndiyini qəfildən götürməyə öyrəşmiş xanım Osipdən “gəl sadəcə, dost olaq” sözlərini eşidəndə qəzəblənir, barışa bilmir. Liliya üçün balaca bir fiasko da ölümə bərabərdi. Yaxşı ki, anası qızının dolabında saxladığı dərman flakonunu boşaldıb (çünki ondan hər şey gözləmək olardı) yerinə yalançı həblər doldurmuşdu. Liliya bir ovuc dərman atıb ölümünü gözləyir... Lakin intihar baş tutmur. Xanımın bu və digər, ikinci intihar cəhdini araşdıranda bir məqam diqqəti cəlb edir. Məncə, Liliya “intihar”ları ölmək üçün etmirdi, bu, ölüm-dirim mübarizəsində sadəcə silah idi onun əlində. Sağ qalmağın, yaşamağın yeganə yolu sevilməkdi. Bu yolda “ölüm”ün özündən belə istifadə eləmək olardı.
İxtisasca heykəltaraş olsa da, ara-sıra yazır, tərcümələr edir... Sözlə məğlub etməyi yaxşı bacarırdı bu xanım... Onun sözlərindən, “dillər”indən havalanmamaq eşitmə qabiliyyəti olan adam üçün çox çətindi. Osipin başından “sadəcə dost qalmaq” düşüncəsini də sözləriylə çıxarır. 1912-ci ildə Osiplə Liliya evlənirlər. Lakin bu evlilik son deyildi... Liliya Brik macəralarının sonu deyildi. Qarşıda bir ömür vardı, qurbanlarla, heyranlarla, aşiqlərlə dopdolu Ömür. Və sadəcə, sevdiklərinin deyil, tarixin də yaddaşını həmişəlik zəbt eləmək şansı... Qarşıdaydı...
Üç il sonra, 1915-də bacısı Elza sevgilisi Vladimir Mayakovski ilə Briklərə qonaq gələndə tarixə düşməyin, yaxud tarix yaratmağın bir addımlığında olduğunu Liliya ağlına da gətirmirdi bəlkə... O zaman artıq populyarlaşmış gənc şair Mayakovski “Oblaka v ştanax” (“Şalvarlı bulud”) poemasını yenicə tamamlamışdı. Və çox maraqlıdı ki, o, bu əsəri Elzadan öncəki odessalı sevgilisi Mariyaya müraciətlə, ondan ilhamlanaraq yazmışdı. Lakin elə həmin gecə poemanı oxuyub bitirdikdən sonra Osipdən əsəri Liliyaya həsr etmək üçün icazə istədi və sonralar bu kitab Osipin vəsaiti ilə çap olundu. Nə baş verdi? Başqa qadına yazdığı əsəri sevgilisinin bacısına niyə bağışlamalıydı şair? Şeytan əməli... Yaxud da Liliya əməli... Liliya Brik Mayakovskiyə özünü sevdirməklə, ona vurulmaqla iki doğma adamına birdən xəyanət eləmiş olurdu – əri Osipə və bacısı Elzaya. Lakin bu yerdə onun daha bir fərqli xasiyyəti, bacarığı üzə çıxır. Liliya sevirdisə, sevgisini həzm etdirə bilirdi. Və zamanla özünü qəbul elətdirmə qabiliyyəti onunçün sadəcə bir vərdişə çevrildi... Nə bacısı, nə də əri Liliya Mayakovski sevgisini xəyanət saymadılar. Əksinə! Bütün ölkəyə yayılan, müxtəlif dedi-qodulara rəvac verən hadisə oldu. Briklər və Mayakovski birgə yaşamağa başladılar. Liliya bütün şaiyələri inkar edir, Mayakovskini sevdiyini, Osiplə isə sadəcə dost qaldığını deyirdi... Briklərin qarşılıqlı öhdəliklərdən, məsuliyyətlərdən azad münasibəti həm də zamanın üslubunda idi. Bu, elə bir dövr idi ki, inqilabdan sonra, məişətdə də, hisslərdə də inqilabi şüur gənclərə hakim kəsilmişdi. Nizamsız əlaqələr və həmin “əlaqə”lərin “bir stəkan su” variantı. Bu nəzəriyyə münasibətləri dərinləşdirməyin, qəlizliyə getməyin deyil, əksinə, bir stəkan su içmək kimi adiləşdirməyin, sadələşdirməyin tərəfdarı idi. Mayakovskinin faciəsi ondaydı ki, Liliya və əri Osip üçün bu təbii bir əxlaq olsa da, şair Liliyanı həqiqətən, bütün nəzəriyyələrin fövqündə sevirdi. Və dəli sevginin də dəli bir qısqanclıq qolu vardı. Heç bir nəzəriyyə onu ovuda, sevdiyini bölüşməyə məcbur edə bilməzdi. Liliya şairin sevgisini dərk edir, gündəliklərində yazırdı:
“Bu, hücum idi. Volodya sadəcə vurulmamışdı, o, hücuma keçmişdi. Məni onun inadkarlığı, hündür boyu, qarşısıalınmaz, tükənməz ehtirası qorxudurdu...”
Mayakovski xanıma bütöv sahib çıxmaq istəyirdi. Liliya isə necə sevildiyini bilsə də, onunla sahibkarlıqdan danışmaq olmazdı. Mayakovski və Osiplə eyni vaxtda o başqalarıyla da yüngül flirtlər edir, “bir stəkan su” içir və s. Osip həyat yoldaşını çoxdan tanıyan, epizodik meyillərinə öyrəşmiş biri kimi Vladimirə məsləhətlər də verirdi:
“Liliya təbii fəlakətdir. Yağış selini, yaxud qar yağmasını öz arzunla, istəyinlə dayandırmaq ağılsızlıq deyilmi?”
Səbəbkar özü isə şairin qısqanclıq səhnələrinə ironiya ilə yanaşırdı:
“Təsəvvür edirsiz, Volodya elə darıxdırıcıdı ki, hətta qısqanclıqdan mərəkə də qoparır. Onda Volodya ilə faytonçu arasında nə fərq var ki?! Biri atı sürür, o biri qafiyələri...”
Verdiyi bütün əzablara, ağrılara, dediyi tikanlı fikirlərə, yolverilməz azadlığına baxmayaraq Liliya sevilirdi. Bu gün hirsdən, qəzəbdən partlayan, üzünü çevirib gedən Mayakovski sabah xanımın ayaqlarına düşür, hər cür şərtlə onun yanında qalmağa razı olurdu. Axı niyə? Nədə idi bu qadının sirri? Liliyanın müasirləri də, şəkilləri də onun kifir olduğunu deyirlər. Axmatova bu haqda yazırdı: “...Saçları rəngliydi, üzgün simasında bircə həyasız gözləri görünürdü...”
Bəs onda xanım Brik süni, rəngli saçları, rəngsiz siması, boz görünüşü, arıq canı ilə bu cür sevgiləri, Kişiləri necə qazanırdı?! Məncə, sirr azadlıqda idi. Liliya özü azad yaşamağı bacardığı kimi, maksimum rahatlıq, sərbəstlik vermək də əlindən gəlirdi. Özü bu barədə qısa danışırdı:
“Kişini inandırmaq lazımdı ki, o çox yaxşıdı, hətta dahidi, sadəcə başqaları bunu görə bilmirlər. Ona evində yasaq olan hər şeyə icazə vermək lazımdı. Məsələn, siqaret çəkməyə, hara ürəyi istəsə getməyə... Qalanlarını gözəl alt paltarı və yaxşı dikdaban çəkmə edəcək sizin əvəzinizə...”
Bu balaca reseptin hər cümləsi ayrıca bir mövzudu, fəlsəfədi, siyasətdi, məntiqdi. Və Liliyanın ağlı, hissiyyatı, qadın siyasəti kiçik parçadan aydın görünür. Sadalananlardan birini bacaran, məsələn, yaxşılığı, dahiliyi anladan, buna inandıra bilən qadının: ömürlük “sevimlilik” sığortası olar. Yaxud da, siqaretə qadağa qoymayıb dır-dır eləməyən qadın: heç bezdirməz kişini. Gözəl zövqü olan, xanım-xatın imicli birini hansı kişi istəməz?! Liliyanın üstünlüyü onda idi ki, bütün bu effektiv cəhətləri özündə birləşdirirdi. Üstəlik Mayakovskinin dediyi kimi – məişəti, adi günləri bayram kimi yaşayır, sevindirməyi bacarırdı. O zamanlar Briklərin evi Rus bomondunun tez-tez yığışdığı, müzakirələr apardığı məkandı. Elə qıtlıq idi ki, aşiqin sevdiyinə yemək üçün kök aparması (Mayakovskinin belə şeiri vardı) poeziyaya çevrilə bilirdi. Belə bir vaxtda Liliya bəzən yavan çörəklə, şirin çaya qonaq edirdi gələnləri. Amma onun təqdimatında hər şey başqa görünürdü... Elə anasının yerlilərinə, riqalılara da təqdim etdiyi şair, Mayakovski tez bir zamanda qəbul olunmuş, sevilmişdi.
1922-ci ildə Liliya “Yeni yol” adlı məqalə yazır, daha sonra şairin riqalı oxucularla görüşünü təşkil edir... Vladimir sürətlə məşhurlaşırdı, sevilirdi, bəzən qısa vaxtda bir neçə şəhərdə poeziya günləri keçirir, heyranlarının, fanatlarının sayı durmadan artırdı. Liliya qısqanc deyildi, amma mülkədar idi, hökmlü idi. O hər kəsə, ilk növbədə özünə və sevdiyinə sübut eləməli idi, göstərməliydi ki, minlərin, bəlkə də milyonların sevimli sənətkarına ruh verən, yazdıran odur... İstəsə yaşadar, istəsə öldürər. Ona görə 1922-ci ilin sonunda Liliya guya münasibətlər haqda düşünmək, onları soyuq başla tənzimləmək üçün (əlbəttə, bu bəhanəydi) Vladimirə iki aylıq sevgi blokadası qoyur... Fevralın 28-nə kimi Mayakovski ayrı yaşamalı, onlar görüşməməli idilər. Şair bunu “könüllü məhbəs” adlandırırdı. Amma tanışlıqlarından 7 il keçməsinə baxmayaraq, yenə eyni sevgiylə, çılğınlıqla sevir, əzab çəkirdi. Liliyaya məktublar yazırdı:
“Səni 7 il öncə necə sevirdimsə, indi də elə sevirəm. Nə istəsən, nə əmr etsən, hazıram. Anındaca, zövqlə yerinə yetirərəm...
...Kafedə, təkcə oturub hönkürürəm. Satıcılar gülürlər mənə. Düşünəndə ki, bundan sonra bütün həyatım belə keçəcək, çox qorxuram...
... əlbəttə, yaxşı bilirsən ki, heç bir savadlı adam sənsiz yaşaya bilməz. Amma əgər adamın səni görməyə bapbalaca bir ümidi qalıbsa, o çox-çox sevinir.
...Əzizim, məni atma, azca xatırla!
...Nə vaxtsa özüm, şəxsən öpəcəyəm səni. Olar?”
Bunlar Mayakovskinin iki ayda yazdığı ayrı-ayrı məktublarından götürdüyüm parçalardır. İstər səfərlərdə olanda, istərsə də kiçik ayrılıqlar zamanı Mayakovski Liliya münasibətlərinin ayrılmaz bir hissəsi idi məktublar. Şair sevdiyinə “pişiyim” deyə xitab edir, məktubların sonunda balaca it şəkli çəkir, “küçük” imzası qoyurdu. Məktublara nəzər salanda Mayakovskinin təkcə şair kimi deyil, insan kimi də nə qədər istedadlı olduğu görünür. Çünki yalnız istedadlı Kişi, böyük sənətkar o qədər məşhur olmağına, həmişə, hər yerdə heyranlıq dolu təriflər, diferambalar eşitməyinə baxmayaraq, sevdiyi xanımla elə danışar, özünü onun küçüyü adlandırar, xanımın “duraçok”, yaxud “malış” xitablarını sevə-sevə və ən əsası sevinə-sevinə qəbul edər. Heç belə adamı da incitmək olardımı? Olardı. Öz qadınlığını, hökmünü sübut eləmək və yazdırmaq üçün... Liliya bu qaydaları yaxşı bilirdi. “Əzab çəkmək Volodyaya faydalıdı. Əzab çəkər, əvəzində gözəl şeirlər yazar” – deyirdi dostlarına. Liliya sanki heykəlini yonur, yaxud da gildən yapırdı Mayakovskini (sənəti bu idi), amma əsas “inşaat materialı” əzab idi... Əzabdan, ağrıdan yaradırdı onu. Qəzəbli, incimiş, yorğun şair bütün ağrısını vərəqə boşaldır, poemalar yazırdı. “Fleyta pozvonoçnik”, “Lyublu” və sairə... Və Liliyanın tarixdə qalması da məhz bu əsərlərin xidmətidi. Çünki Mayakovskinin məhəbbət poemaları şəxsi əlaqələrin, hisslərin ifadəsi olmaqdan daha üstündü, ədəbiyyatın klassik hadisəsi idi, əbədi yaşayacaq hadisəsi.
... Beləliklə “könüllü məhbəs” müddəti bitir. Fevralın 28-i, günorta saat 3-də Mayakovski Liliyaya bilet göndərir və onlar Petroqrad qatarında görüşürlər. Şair iki ayda yazdığı “Pro eto” poemasını hədiyyə gətirmişdi sevdiyinə. Bu, Mayakovskinin ən gözəl sevgi əsəridi. Kitabın üz qabığında Liliyanın şəkliylə. Adətən, xanıma hədiyyə etdiyi kitablara belə avtoqraf yazırdı: “Şeirlərimin müəllifi Liliçkaya...” Qadın istədiyinə nail olmuşdu. Öz kimliyini, gücünü təkcə bu günə, indiyə yox tarixə sübut etmişdi. Bir müddət sakit yaşaya bilərdi şair. Lakin bu, çox çəkməyəcəkdi. Liliçka özünə və arzularına xəyanət edə bilməzdi. Məncə, onun üçün başqa xəyanət növü yox idi də...
Gedərəm, küçəyə atıb cismimi,
Doğranar həsrətdən qəlbim, baxışım...
Bu nəyə lazım ki...
Ondansa indi
Sakitcə ayrılaq
Əzizim, yaxşım.
Onsuz da bu eşqin
Ağır bir yükdür
Boynumdan asılıb, hara getsəm də.
Qoy bu son fəryadla,
Son hıçqırıqla
Şikayət eləyim özünə səndən.
(Tərcümə: Xalq yazıçısı Anar)
Mayakovskinin “Liliçkaya” adlı şeirindən olan fraqmentdə onun bütün ağrısı, üsyanı, əzabı duyulur. Digər misralarda “Eşqin dinclik verməz, ha yalvar-yaxar” – deyirdi. Və şair bəzən dincliyi üçün, təlatümlü, ziqzaqlı eşqdən xilası üçün ənənəvi priyomlara da əl atır. Başqa sevgilərə, başqa qadınlara qaçır. Amma hara qaçsaydı da, o ağır yük həmişə boynundaydı. Çünki Liliya özü də onu bu yükdən azad etmək istəmirdi.
1924-cü ildə Mayakovski Nyu-Yorka gedir və orda rus emiqrant Elli Cons ilə tanış olur. Bir il sonra Elli Mayakovskinin qızını dünyaya gətirir. Elə bu vaxtdan Liliyanın özününküləşdirmək “siyasəti”nin ikinci və daha qəliz mərhələsi başlanır. O, heç vaxt ana ola bilməzdi. Ona görə bu rəqabətə tab gətirmək, qalib çıxmaq üçün başqa qadınlardan istifadə etməliydi. Mayakovski Parisdə olanda bacısı Elzaya şairi yaraşıqlı bir xanımla tanış etməyi tapşırır. Böyük bacısından geri qalmayan Elza Triole (fransız yazıçısı kimi məşhurdu) o zamanlar Parisdə yaşayırdı və şair Lui Araqonun həyat yoldaşı idi. Elza Mayakovskini rus modelyer Tatyana Yakovleva ilə görüşdürür. Liliyadan fərqli olaraq, hədsiz gözəl və zərif qadın şairin ağlını başından tez alır. Lakin buna baxmayaraq, elə həmin səfərində Mayakovski Liliya üçün “Reno” avtomobili axtarır və bütün vəsaitlərini həmin maşını almağa və Rusiyaya göndərməyə xərcləyir. Tatyana isə cəmisi iki şeir həsr edir. Bax bu, Liliya üçün əsl faciə idi... Əri Osipin də, Mayakovskinin də digər qadınlarla əlaqələrinə sakit baxan, onların azadlığını heç vaxt məhdudlaşdırmayan xanım Brik birinci dəfədi ki, əzab çəkir. Bu ağrını maşın da ovuda bilməzdi. Mayakovski Moskvaya qayıdanda ona: “Sən ilk dəfə satdın məni...” – deyir.
Bir küncə çəkilib sızıldamaq Liliya üslubunda deyildi. O istənilən adamı da, əşyanı da, keçmişdə qalmış bir xatirəni də əlində silaha çevirib mübarizəsində istifadə edə bilərdi. Bu dəfə daha çətin bir üsulla Paris eşqini şairin başından çıxarır. Əvvəlcə bacısından gələn qurama məktubu (guya Tatyana Parisdə ərə gedir) Mayakovskiyə oxuyur. Daha sonra onu ovutmaq üçün Osipin köməkliyilə gənc və gözəl aktrisa Veronika Polonskaya ilə tanış edir. Liliya Vladimiri çox yaxşı tanıyırdı və hansı qadının ona necə, hara kimi təsir edəcəyini əla bilirdi. Bu fəndi də baş tutdu. Lakin Veronika ailəli idi, şairlə eşqinin müvəqqəti olduğunu dərk edir, ərindən ayrılmaq barədə düşünmürdü.
1930-cu ildə Mayakovski şəxsi sərgisini təşkil edir. Amma həm dostları, sevdikləri, həm də dövlət tərəfindən bu hadisə soyuq qarşılanır. Liliya Osiplə birgə Avropa səyahətinə çıxır, şairə diqqət, qayğı göstərmir. Mayakovski depressiyaya düşür. Aprelin 14-də evində Veronika ilə görüşür. Şair rahatlıq istəyirdi. Bir qadına, bir sevgiyə sahib çıxmaq idi onun arzusu. Ona görə Noraya yalvarır ki, ərindən boşansın, birgə yaşasınlar. Lakin o razılaşmır. Mayakovski xanımı buraxır. Veronika onun evindən çıxıb bir neçə pillə düşəndən sonra güllə səsi eşidir.
Vəssalam! Mayakovski adlı əfsanənin sonu... Səfərlərinin, şeirlərinin, sevgilərinin, ağrılarının sonu... 36 illik şair ömrünün tragik finalı... İntihardan qabaq yazdığı kiçik məktub Mayakovskinin bütün ömrünün, xarakterinin, ideyalarının, arzularının balaca ifadəsiydi:
“...qeybət etməyin, mərhum bunu heç xoşlamırdı.
...Liliya – Sev məni.
Yoldaş hökumət, mənim ailəm – Liliya Brik, anam və bacılarımdı... Onların həyatını babat təmin eləsən, sağ ol!”
Məncə, Liliya Mayakovski böyüklüyünü ölümündən sonra daha yaxşı dərk elədi. Sevimli şairlərini son mənzilə yola salmağa çıxmış minlərlə adamı, evlərin damlarından, eyvanlardan tabutun üstünə atılan çiçəkləri, ümumiyyətlə, o izdihamı, ümumxalq matəmini görəndə.
Şair əsərlərini də Briklərə vəsiyyət etmişdi. Hökumət şairin xatirəsinə görə Liliyaya ayda 300 rubl təqaüd verirdi.
...Liliya Mayakovski ilə birgə ölmədi, heç yas da saxlamadı ona. Əksinə! Onun yeni həyatı başlandı. Osipdən boşanıb hərbçi Primakovla ailə qurdu. Lakin bir neçə il sonra Primakov xalq düşməni kimi güllələnəndə Liliyanı Volodya xilas edəcəkdi. Stalinin sevimlisi olmuşdu Mayakovski, ona görə siyahıda Liliyanın adının üstündən xətt çəkərək “Mayakovskinin xanımına toxunmayaq!” – demişdi.
... Xatirələrlə yaşamaq, ölüləri xəyalında diriltmək, onlara görə yasa batmaq Liliyanın xarakterinə ziddi. O, həyatını maraqlı yaşamaq üçün istənilən vasitədən istifadə edirdi. Evində ədəbiyyat klubu açır, istedadlı adamlarla dostlaşır, film çəkir, aktrisalıq edir, heykəllər yonur, əsərlər yazır, aşiq olur, özünü sevdirir, ərə gedir, ayrılır, “intihar” edir... Məncə, onun həyatında yeganə adam, qəhrəman özüdü. Qalanları hamısı hadisədi və o hadisələrin iştirakçılarının necə, nə zaman dəyişməsi, başqaları ilə əvəzlənməzi onu az maraqlandırır. Növbəti iştirakçı ədəbiyyatşünas Vasili Katanyan idi. O, həm də Mayakovskişünas idi, onun əsərlərini toplayır, haqqında yazılar yazırdı. Liliya ərinin güllələnməsindən sonra Katanyanla ailə qurur və Mayakovski irsiylə məşğul olur. Hətta şairin əsərlərinin geniş tirajla çapı üçün Stalinə məktub da yazır... Və bu məktubu Stalin tərəfindən müsbət qarşılanır.
Liliyanın unikallığı, fərqi ömrünün sonuna kimi özünə, düşüncələrinə, ideyalarına sadiq qalması idi. Onun çılğınlığı, dəliliyi, qarşısına çıxanı fırtına kimi yerdən qaldırması gənclik həvəsindən, eşqindən gəlmirdi. Yeniyetmə vaxtı balaca bir “məğlubiyyət”ə görə intihara əl atan qadın, eyni hərəkəti, eyni səbəbdən orta yaşında da etdi, 86 yaşında da. Lakin üçüncü dəfə həkimlər xilas edə bilmədilər onu. Bu barədə müxtəlif şaiyələr, fərziyyələr gəzirdi. Bəziləri Liliyanın rejissor Sergey Paracanova aşiq olduğunu və sevgisinə qarşılıq ala bilmədiyinə görə intihar etdiyini deyirdilər. Həm də Liliya Peredelkinodakı bağında yıxılmış, ayağını sındırmışdı, ömürlük yataq xəstəsi olmaq onun üçün dözülməzdi...
1978-ci il avqustun 4-də Liliya Brik bir ovuc yuxu dərmanı atıb ömürlük yuxuya getdi. Yox ölmədi! Mayakovskinin əsərlərində yaşayır... Hələ də! Əbədi. Həm də axı o, Liliyadı. Cismən də ölməyə bilərdi. Əməli Şeytan... Özü Şeytan Liliya!



