
Əhmədinecadın antiamerikan və antiisrail ritorikasından uzaqlaşmaq çətin bir şey deyildir, bəs ağır iqtisadi vəziyyət necə olsun? Səfalət, adamları başqa bir inqilaba da qalxmağa vadar edə bilər. Ərəb dünyasının timsalından göründüyü kimi, heç bir ölkənin buna güclü immuniteti yoxdur. Ona görə də Ruhani, seçilmiş prezident tək birinci mətbuat konfransında dediyi kimi, ilk mərhələdə diqqəti ən kəskin tələbatlara yönəltməlidir, bura, əhalinin əsas ərzaq məhsulları ilə təchizatı da daxildir. Ümumiyyətlə, həm də onun mötədil siyasət yeridəcəyi gözlənilir, yəqin ki, o, “siyasəti əxlaqiləşdirməyə” cəhd edəcəkdir.
Yəqin ki, Qərb də islahatçılar qanadını gücləndirmək üçün İrana təzyiqini bir qədər azaldacaq, sanksiyaları yumşaldacaqdır ki, Ruhaninin başçılıq etdiyi bu qanad iqtisadi böhrana qarşı dayana bilsin. Əgər belə güzəştlər olmasa, İranda islahatçıların yenicə güclənən mövqeyi xeyli zəifləyəcək və kövrəkləşəcəkdir. Öz güzəştlərinə müvafiq olaraq, Qərb əvəzində çalışacaqdır ki, İran indiyə qədər günahlandırıldığı atom silahına nail olmaq ambitsiyası ilə xudahafizləşsin. Belə qətiyyətlilik hərbi və xarici siyasətin kökündən dəyişilməsinə səbəb ola bilər.
Bəlkə belə hərəkət də, bir fincan tsikuta içmək kimi qiymətləndiriləcəkdir.
Ruhani qlobal səviyyədə qarşılıqlı hərəkətlərin reallaşmasına şərait yarandığı düşüncəsindədir. O, qonşu 15 dövlətin hamısı ilə, həmçinin Səudiyyə Ərəbistanı ilə münasibətlərin yaxşılaşacağına ümid bəsləyir. Hətta bir az da uzağa gedərək, bildirir ki, biz ABŞ-la qarşıdurmanı davam etdirməyəcəyik. Cəsarətli vədlərdir, lakin onların həyatiliyinə əminlik üçün milli mənafeyi ön plana keçirəcəyini, İran xalqının qanuni hüququnu müdafiə edəcəyini, həm də gərginliyi azaltmağa çalışacağını bəyan edir.
Dünya əsasən Həsən Ruhaninin prezident seçilməsini pozitiv hal kimi qəbul edir. Ancaq onun imkanlarının məhdudluğu da nəzərdən qaçırılmır. Çünki İranda prezident iqtisadiyyata, dinə və digər daxili siyasətə aid olan məsələləri həll etməkdə müəyyən müstəqilliyə malikdir. Dövlətin siyasətinin vacib məsələləri – orduya rəhbərlik, xarici siyasət və hərbi strategiya Ali dini rəhbərin səlahiyyətlərinə aiddir. Müharibə və ya sülh məsələsi, nüvə proqramının davam etdirilməsi və ya dayandırılması da ondan asılıdır. Ona görə də İsrailin baş naziri Benyamin Netanyahu hadisələri qabaqlayaraq xəbərdarlıq edir ki, Həsən Ruhaninin seçilməsinə xüsusi ümidlər bəsləmək lazım deyildir, o, yalnız İranın Qərblə dialoqunun mahiyyətini bir qədər dəyişə bilər. Yeni prezidentə belə bədbin münasibət həm də İranın siyasi idarəçiliyinin xüsusiyyətlərindən irəli gəlir.
Ruhani beynəlxalq aləmdə nə qədər yaxşı münasibətlə üzləşsə də, ölkə daxilində, yəqin ki, güclü mühafizəkar müxalifətlə qarşılaşmalı olacaqdır. Hökumətdəki məmurları saf-çürük eləmək də asan məsələ deyildir. O, jurnalistlərə “Kim dövlətdə biletsiz olubsa”, onlardan azad olacağı vədini versə də, kimin biletli, ya biletsiz olmasını müəyyən etmək də asan iş olmayacaqdır. Özünün də dediyi kimi, bu “ağrılı məsələdir”. Lakin başlıca məsələ mühafizəkarları yoluna qoymaqdır, onlar istənilən məsələdə dəyişikliklərin aparılmasını heç də sakitliklə qarşılamayacaqlar. Fransız siyasətindəki cohabitation termini “birgə yaşamaq” mənasını verir. Ruhaninin apardığı siyasətə mühafizəkarlar dözəcəklərmi, yoxsa o, müqavimətdən qorxub yalnız kosmetik xarakterli işlərlə məşğul olacaqdır? Ona görə də “birgə yaşamağın” nə qədər davam edəcəyini proqnozlaşdırmaq da çətindir.
İranın yola salınan və seçilmiş prezidentləri özlərinin bəzi dialektik bənzərlərini yada salırlar. Mahmud Əhmədinecad İranın qısa müddətdə və faciəvi baş naziri olmuş Məhəmməd Musəddiqin, oyun kartlarında başayaq çəkilən portret təsəvvürünü xatırladır. Müsəddiq İranı imperialist əsarətindən xilas etmək, müstəqil xarici siyasət yeritmək üçün heç bir cəsarətli addımdan çəkinmirdi. Əhmədinecad isə İranı təhlükələrdən qorumaq üçün onun yeni, daha kəsərli silaha yiyələnməsinə can atırdı. Lakin hər ikisinin tədbirləri yarımçıq qaldı, fayda əvəzinə ziyan verdi. Onların hər ikisi tam müstəqil deyildilər və təzyiqlə üzləşməkdən qaça bilmirdilər. Əhmədinecad öz dostu, Venesuelanın mərhum prezidenti Uqo Çaves kimi antiamerikan ritorikası ilə dünyada özünə çoxlu düşmən qazandırmışdı. Başı belə şeylərə qarışdığından, iqtisadi məsələləri başlı-başına buraxdı, həm də sanksiyalar da yüyənsiz at kimi dayanmaq bilmirdi. Özünü qəhrəman qiyafəsində hiss etmək olar, lakin bu cəsurluqdan xalq fayda götürmürsə, istənilən hərəkət Don Kixotçuluq xüsusiyyəti almağa başlayır. Həm də onun yuxarıda səslənən bəyanatları ölkənin Ali rəhbərliyini hücumlardan qoruyurdu, bütün nizələr yeganə hədəf kimi onun özünə tuşlanırdı. Siyasətdən narazılıq bir şəxs üzərində cəmləndiyindən, şaxələnmirdi, başqa hədəflərə yayınmırdı.
Tarixi təcrübə göstərir ki, siyasətdə bəzən şou da fayda verir. Qədim Afinanın tiranı Pisistrat siyasətdə ilk şoumen hesab olunur. O, hiyləgərlik etməklə, yalanlar uydurmaqla iki dəfə hakimiyyətə gəlmişdi. Əhmədinecad isə elə ehtirasa qapılmışdı ki, siyasətlə şounu qarışıq salmışdı. Dövlət xadiminin səhvlərinə gözlər dikildiyindən, onu gizlətmək də mümkün olmur, projektorun işığında hətta ağcaqanad da gözə çarpır. Əhmədinecad birinci növbədə öz səhvlərinin, beynəlxalq aləmdə hədd tanımayan hədyanlığının girovuna çevrildi. Siyasətdəki nartsissizm daha böyük bəla kimi çıxış edir. Lüzumsuz şeylərə vurğunluq, onu həqiqi problemləri duymaq qabiliyyətindən məhrum etmişdi. Cəsarət nümayişi çox vaxt dəlisov davakarlıq təzahürü kəsb edirdi. Belə vəziyyət isə ona əlavə əleyhdarlar qazandırırdı.
Əhmədinecadın fəaliyyətini yalnız populizmlə, hərbi ritorika ilə məhdudlaşdırmaq da ədalətsizlik olardı. Bütün prezidentlər içərisində onu ən üsyankar təbiətlisi hesab etmək olar. Ali dini rəhbərin himayəsində olan böyük vəzifə sahiblərini ( məsələn, Rəfsancanini, Laricanini və digərlərini ) müxtəlif qanunsuzluqlarda ifşa etməkdən çəkinmirdi. İranda dinin idarəçiliyi hakim kəsildiyindən , həmin dəstəyə aid olmayan siyasi xadimə “ağ qarğa” kimi baxırlar və onların aqibəti heç də yaxşı olmur. İlk iki prezident bu vəzifəni iki ildən az bir müddətə tutmuşdu, biri devrilmiş, ikincisi isə qətlə yetirilmişdi. 2005- ci ilə qədər olan bütün prezidentlər din xadimləri olmuşdu. Əhmədinecad ilk dəfə bu qaydanı pozdu. O,dini rəhbərliyin xəttini tənqid etməkdən də çəkinmirdi. İnqilabdan sonra ilk dəfə Ali liderin hökuməti idarə etməsinə ilahi hüququnun olması barədəki iddianı açıq şəkildə şübhə altına aldı. O, həmçinin bildirdi ki, Mehdi ( Messiya ) ilə əlaqə yaratmaqda ayətullalara heç bir ehtiyac yoxdur. Bu, dini rəhbərliyə qarşı birbaşa qiyama bərabər olduğundan, bu vaxt Xameneyi fitva verdi ki, yalnız o,özü, təkcə şəxsən o, Mehdini təmsil edir.
Əhmədinecad dində də islahat aparmağa, “İran islamı”nı formalaşdırmağa çağırırdı, bu isə dini rejimin ideologiyasından fərqli olacaqdı. O, fars millətçiliyini gücləndirmək üçün Böyük Kir haqqında yüksək fikirlər söyləyirdi, bu isə dinin təsirini zəiflətmək məqsədini güdürdü. Öz mövqeyinin tənqidçilərini, hər bir məsəldən ötəri təlimat almaq üçün qaçıb, İranın dini mərkəzi olan Quma üz tutan qoyunlar adlandırırdı. O, Ali dini rəhbərə kölə tabeliyindən çox uzaq idi, hətta Mehdinin Yer üzərindəki yeganə təmsilçisinə qarşı çıxmaqdan belə çəkinmirdi.
Yeni prezident Həsən Ruhanini isə SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçova bənzətmək olar. İstəməzdik ki, o da sonralar Qorbaçov kimi öz ölkəsində nifrət obyektinə çevrilsin. Ona da böyük ümidlər bəslənilir, bəziləri hətta onun siyasətdə ciddi dəyişiklik edəcəyi yuxusunu görür. Qorbaçov Qərbin tərifindən məst olub, demokratiya oyununa başını necə qarışdırdısa, ölkənin ağır iqtisadi vəziyyəti onun maraq dairəsini tərk etdi. Leninqradda çıxış edərkən krandan damcı-damcı axan suyun itkisinin qayğısına qaldığı halda, ölkənin iqtisadi iflasa uğramasına tam biganəlik nümayiş etdirirdi. İri sənaye müəssisələrinin sıradan çıxmasına məhəl qoymayıb, ölkənin taleyini vaxtilə “sexçilər” kimi tanınan bir ovuc dələduzu leqallaşdırmaqla, kooperativlərə bel bağlamaq yolunu seçdi. Bu kooperativlərdə çalışanlar əvvəlki tək xırda istehsalla məşğul olub, əllərinə fürsət düşəcəklərini gözləyirdilər. Onlar sonralar saxta özəlləşmə şüarı altında aparılan tədbirlər hesabına iri zavodları, fabrikləri, mədənləri, şaxtaları əsasən havayı şəkildə mənimsədilər. Qorbaçov SSRİ-nin dağılmasını sürətləndirməklə, onu sevən Qərb qarşıında əvəzolunmaz xidmət göstərdi. O, öz xəyanətinə görə cəzalandırılmadı, əksinə, Qərbin sitayiş etdiyi dövlət xadiminə çevrildi. Böyük Pyotr sağ olsaydı, onu ən azı əl əsası ilə döyərdi.
Bu bənzərliklə yanaşı, mövcud fərq də nəzərə alınmalıdır. İran Rusiyadan daha qədim və öz dəyərlərinə daha sadiq ölkədir. Əgər yeni prezident də yalnız Qərbin ucuz tərifini qazanmağa meyl etsə, o, misal gətirilən əcnəbi sələfinin aqibətini yaşamalı olacaqdır. Lakin Qorbaçovdan fərqli olaraq, öz dövlətini dağıtmağı heç kəs özünə rəva bilməz. Hamı Karfagenin xarabalıqları kimi, SSRİ-nin fəlakətlərindən ibrət dərsi götürür. Birincisi düşmənlərin işi idi, ikincisini isə dövlətin öz başçısı bu fəlakətə gətirib çıxarmışdı. Qorbaçovu “dinməzlər çoxluğu” əhatə edirdi və iyirmi milyondan artıq bir üzvü olan partiya ona özü və ölkəsi ilə belə qorxulu oyunu oynamağa imkan verdi. Ruhani isə nisbi islahatçıların əhatəsində olsa da, ruhanilərin və mühafizəkarların müqaviməti ilə üzləşməli olacaqdır. Həm də daxili və xarici siyasətdə atılacaq mühüm addımlar hökmən onlarla razılaşdırılmalıdır. Mühafizəkarlar ordusu döyüşü uduzsa da, müharibəni uduzmamışdır. Sözdə onlar dəyişikliklər tərəfdarı ola bilərlər, əsas məsələ, bu dəyişikliklər baş verdikdə, onların hansı mövqeyi tutmasıdır. Ona görə də vəd edilən tədbirlərin reallaşması çətinliklərlə döyüşməli olacaqdır. Bunu nəzərə alaraq, metamorfozalar üçün Ruhaniyə ümid bəsləyənlər hövsələsizliyə yol verməməlidirlər, ondan tezliklə çox şey tələb etmək, uğur yoluna heç də daş döşəməyəcəkdir.
Həsən Ruhani özünün prezident seçilməsini “təmkinliliyin radikalizm üzərində qələbəsi” adlandırmışdır. İranın dəyişilməsini arzu edənlər lokomotivdən qabağa qaçmağa cəhd etməməlidirlər. Gündəlik işlər görüləndə, dəyişikliyin təməli qoyulanda, daha çox səbirlilik, təmkinlilik tələb olunacaqdır.
İranın Ali dini rəhbərliyi də, o qədər də asan olmayan iki problemlə üzləşəcəkdir. Bu, birinci növbədə, yeni prezidentin hansı hədlərdə həyata keçirəcəyi yeniliklərlə əlaqədardır. İstifadə edilən tormoz əvvəlki tək sərt dayandırma gücünə malik olacaqdırmı və Qərbə edilən güzəştlər məqbul sayılacaqdırmı? Necə olsa da, xalqın ümidləri nəzərə alınmaqla, bu yeniliklərə dözmək lazım gələcəkdir. İkincisi, daha mühüm məsələ ondan ibarətdir ki, Əhmədinecad öz istəyindən asılı olmayaraq, hansısa fövqün təsiri ilə sinəsini qalxana çevirmişdi və bütün nizələr ona dəyirdi. Bunun hesabına Ali dini rəhbərlik birbaşa hücumlardan yayındırılmış şəraitdə olurdu. Yeni prezidentin şəxsində belə qalxana ümid bəsləmək mümkün olmayacaqdır, bundan sonra İran rəhbərliyinə ünvanlanan iddiaların çoxu ondan yan keçəcəkdir. Öz samurayından məhrum olan Ali dini rəhbər belə vəziyyətdən ən azı bir qədər rahatsızlıq duyacaqdır.
İran böyük gözləmələr ərəfəsindədir. Müxalifətçilərin sevinc hissləri hələ real məzmunla dolmamışdır. Yeni prezidentin ilk addımları onun nə qədər müstəqil olduğunu və öz vəzifəsinə hansı məsuliyyət və səriştəliklə yanaşdığını göstərəcəkdir. Əlbəttə, iri xarici siyasət problemlərində, məsələn, hadisələrə münasibətdə kəskin surətdə dönmə cəhdi baş verməyəcəkdir. Yeni prezidentdən Herakl igidliklərini gözləmək də ağılsızlıqdır. Yəqin ki o, heç də Bisütun dağının ətəyindəki qayalardan birində öz xidmətləri barədə “Nəqşi-Rüstəm” kimi nəsə yazdırmaq fikrindən də uzaqdır. Belə nəqş üçün Böyük Dara istedadı tələb olunur. Çar I Dara Persiya imperiyasını həm rəhmdilliyi, həm də hərbi gücü hesabına xeyli böyütmüşdü, onu həmin dövrün ən qüdrətli dövlətinə çevirmişdi. O, abadlığa, yol tikintisinə böyük diqqət verirdi. Paytaxtından Aralıq dənizinin sahilindəki Sardı şəhərinə qədər olan tikdirdiyi 1800 kilometrlik “çar yolunda” yaratdığı poçt sisteminin iş prinsipi iki min beş yüz il sonra belə, ABŞ-ın poçt sisteminin devizi kimi istifadə olunur. Yeni prezidentdən nəinki Böyük Dara fərasəti, heç “ikinci Kannı” nümayiş etdirmək də tələb olunmur. Həmin dövrlərə məxsus olan böyüklüklərin çoxunu zaman silib, sıradan çıxarmışdır. Həyata keçməyən arzuları isə heç siyasi tarixin muzeylərində də tapmaq mümkün olmur.
Əsas vəzifə İranın sanksiyalar kəndirindən azad etməkdir, bu mümkün olsa, İran çox az müddətdə öz iqtisadi qamətini düzəldə biləcəkdir. Axı tarixin təkəri dönməkdən də imtina etmir.
İran bizim cənubdakı və Xəzər dənizindəki qonşumuzdur. Yaxın qonşunun firavan həyatı yalnız pozitiv impulslar buraxır. Tarixi, dini, mədəni yaxınlığımızın çox sayda mövcud olan cəhətləri, bizi mehriban münasibətləri saxlamağa və yaxşılaşdırmağa dəvət edir. Tarixi yaxınlığa heç cür biganə qalmaq olmaz. Ruhani seçkiqabağı çıxışlarından birində “mənəvi dəyərləri bərpa etməyi” vəd etmişdi. İki qonşu ölkənin xoş münasibətləri də belə mənəvi dəyərlərə daxil edilə bilər, belə paradiqmadan çıxış etsək, xalqlarımız arasında dostluq ruhu daha da güclənər və sarsılmazlıq qazanar.



