
Əlyazmalar İnstitutunun direktor əvəzi,
filologiya elmləri doktoru
XVI əsrdən başlayaraq Azərbaycan ədəbiyyatında səfəvilik, qızılbaşlıq ideyalarını təbliğ edən poeziyanın mövcudluğundan danışa bilərik. Bu poeziya istər klassik, istərsə də şifahi ədəbiyyata məxsus formalardan istifadə edirdi. Həmin dövrdə qızılbaş ideyaları elə geniş yayılmışdı ki, hətta Azərbaycan türkcəsi mənasında “qızılbaşca” sözü də işlədilirdi. Prof.T.Gəncəyi yazır: “Qızılbaşca” Səfəvi dövründəki türkcəni göstərmək üçün işlədilən bir istilah idi və bu sülalənin süqutundan sonra siyasi və məzhəbi çalara malik olduğundan aradan qalxdı”. Səfəvi təriqətinin ilk təbliğatçısı bu təriqətin banisi, Şah İsmayılın ulu babası Şeyx Səfiəddin Ərdəbili (1252-1334) olmuşdur. Lakin Səfəvi ideyalarını təbliğ edən türkdilli qızılbaş şeiri məhz Xətaidən sonra formalaşır və özünün ardıcıllarını tapır. Tədqiqatçılar haqlı olaraq qeyd edirlər ki, qızılbaşlıq ideyaları Xətai divanında daha aydın ifadəsini tapmışdır. Səfəvilərin ideyalarını, şiəliyi təbliğ edən, döyüşə gedən qızılbaş əsgərlərini “igib yektalar”, düşməni Yəzid, Şümri-Mərvan adlandıran Xətai qızılbaş ədəbiyyatının klassik nümunələrini yaratmışdır. Xətainin şeirlərində təriqətin, siyasi ideyalarının təbliği, Səfəvi bayrağı altında birləşməyə çağırış, igidlərin haqq-ədalət yolunda döyüşlərə səslənməsi, Həzrət Əlinin müqəddəsliyinin nəzərə çarpdırılması mühüm yer tutur. Şah İsmayıl Xətaidən sonra qızılbaş poeziyası ənənələrini davam etdirən Məhəmməd Əmani, Mürtəzaqulu xan Zəfər, Məsihi, Qurbani, Məlik bəy Avcı və s. şairlərimizin adını çəkmək olar. Şeirlərində qızılbaş ideyalarını hərarətlə təbliğ edən, risalələrində şiəliyin, səfəviliyin digər məzhəblərdən üstünlüyünü, Səfəvilərin, Şah İsmayıl Xətainin müqəddəsliyini sübut edən XVI əsr müəllifi Qəribi barədə son dövrlərdə məlumat əldə etmişik. Şairin Tehranın Məclise-Şuraye-İslamiye-İran kitabxanasında saxlanan əlyazma külliyyatının surətini almağımız onun həyat və yaradıcılığı barədə müəyyən fikir söyləməyə imkan verir. Qəribi külliyyatını ilk dəfə görüb araşdıran, buraya daxil olan şeirlər toplusu-divanı və “Təzkireyi-məcalisi-şüərayi-
Göründüyü kimi, Qəribi əsərləri ilə Səfəvi dövlətinin ideloji təməllərinin yaradılmasına xidmət etmişdir. Fikirlərini geniş kütlə arasında yaymaq istəyən və şübhəsiz ki, Səfəvi sarayanın sifarişini yerinə yetirən şair əksər əsərlərini Azərbaycan türkcəsində yazmışdır. Qəribi külliyyatının 184 vərəqdən ibarət yeganə əlyazması XVI əsrdə Səmərqənd kağızına nəstəliq xətti ilə köçürülmüşdür. Üzərindəki qeydlərdən məlum olur ki, nüsxəni 1590-cı ildə Muxtar ibn İraqi Maraği köçürmüşdür. Bu qeyd əsərin müəllif tərəfindən yazılmasından xeyli sonrakı dövrə aiddir.
Qəribinin həyatı barədə danışarkən ilk növbədə onu qeyd etmək istərdik ki, onun doğulub boya-başa çatdığı Məntəşə bölgəsi, bütövlükdə Şərqi Anadolu şiəlik, Qızılbaşlıq ideyalarının geniş yayıldığı məkan olmuş, I Şah İsmayılın başçılığı ilə Səfəvilər dövləti yaradılarkən Anadolunun bir çox türk oymaqları onun səsinə səs verərək ətrafında toplaşmışdır. Qızılbaş poeziyasının bir sıra nümayəndələri burada yetişmişlər. Şair təzkirəsində Şahidi Dədənin Məntəşə və Muğla bölgəsindən olduğunu bildirdikdən sonra “Mən də ol vilayətdə ikən hələ cəhl aləmində idim, əksər ovqatda nəzərinə varub Məsnəviyi-Mollayi-Rumdan və nəhv və sərf kitabından dərs oxurdum” yazmışdır. Təzkirəsində müəllif İbrahim Gülşəni Bərdəi I Sultan Süleyman tərəfindən ölkəyə dəfət edildikdə İstanbulda olduğunu, onun əlini öydüyünü məlumat verir. Buradan belə nəticəyə gəlmək olar ki, Gülşəninin 1528-1529-cu illərdə İstanbula gəldiyi vaxt Qəribi orada olmuş, Təbrizə 1530-cu illərdə köçmüşdür. İ.Babacan ərəb və fars dillərini mükəmməl bilən şairin ömrünün sonuna qədər Təbrizdə qalıb burada vəfat etdiyi ehtimal edir.
Qəribinin demək olar ki, bütün əsərləri Azərbaycan türkcəsində yazılıb. Onun osmanlıca yazdığı “Təzkireyi-məcalisi-şüərayi-
Olar kim, bəndeyi-xasi-Xudadır,
Mühibbi-xanədani-Mustafadır.
Həqiqət Kəbəsinin qibləgahi,
İmamü pişnəvamız Mürtəzadır.
Osmanlı şairi Cəfər Məddah barədə müəllif yazır: “Bir kitab dəvazdəh imam əleyhüssəlam üçün tənzim qılmışdır”. Safi barədə belə deyilir: “Divanında dəvazdəh imam və həzrət İmam Həsən əleyhüssəlam üçün mədh və mərsiyələr yazmışdır”. İbrahim Gülşəni barədə müəllif yazır ki, I Sultan Süleyman şiə alimi olduğunu bilib onu yanına dəvət etmişdir: “Sədayi-səma` və səfası padşahi-Rum qulağına yetib “isni-əşəridir” deyə dəvət qılıb xunkara gətirdilər”. Təzkirənin dili sadədir, bəzi yerləri “Kitabi-Dədə Qorqud” dilini xatırladır. Rövşəni barədə oxuyuruq: “Aydın elində, Yaylıca adlı köydən qopmuşdur”.
Qəribinin əsərləri, xüsusilə də divanı şairi XVI əsr Azərbaycan ədəbiyyatının, qızılbaş şeirinin görkəmli nümayəndəsi kimi nəzərdən keçirməyə imkan verir. Onun şeirlərinin dili Azərbaycan türkcəsidir. Bu əsərlərdə ən sox Nəsimi və Xətainin təsirini görürük. Şair əsərlərində Nəsimidə rast gəldiyimiz hürufi rəmzlərindən istifadə edir, bəzən onun şeirlərinin ritmini də təkrar edir:
Yüzümü əhli-nəzər nuri-yəqindir dedilər,
Sünbülün tövrəsini həbli-mətindir dedilər.
Qəribi dəfələrlə şeirlərində qızılbaş olduğu ilə fəxr etdiyini bildirmişdir:
Biz əzəl gün dəsti-qüdrətdən qızılbaş olmuşuz,
Taci-şahi geymişiz, eşq əhlinə baş olmuşuz...
Canü dil nəqdini şah yolunda xərc etdik, vəli,
Biz qəniyiz eşq ilə, sanmın ki, qəllaş olmuşuz.
Qəribinin fars şairlərindən daha çox Hafiz Şirazidən təsirləndiyini görürük. O, Hafizin bir neçə şeirinə qafiyəni saxlamaqla türkcə nəzirələr yazmışdır. Şairin xalqın dilinə yaxın dildə yazılan şeirlərində bir sıra atalar sözü və məsəllərə də rast gəlirik.
Əminik ki, Qəribinin şeirlərinin nəşri və tədqiqi onun XVI əsr ədəbiyyat tariximizdəki mövqeyini müəyyənləşdirməklə bərabər həmin dövr ədəbiyyatımız barədə təsəvvürlərimizi genişləndirməyə kömək edəcəkdir. Şairin nəsr və nəzmlə yazdığı əsərlərin ədəbi dil tariximizin öyrənilməsində əvəzsiz mənbə olduğuna da şübhəmiz yoxdur.
Qəribinin bir neçə şeirini oxuculara təqdim edirik.
Qəribi
Qəzəllər
Yarəb, ol məh, mənlə bir gün mehriban olmazmola?
Ram olub mən pir ilə arami-can olmazmola?
Üstüxan olmuşdurur qəmdən bu cismi-lağərim,
İtlərinə bari meyli-üstüxan olmazmola?
Eşiginə paymal olmağa, yarəb, aqibət,
Canü başım yarə xaki-astan olmazmola?
Az günah ilə məni saldı nəzərdən sevdigim.
Gər çağırsam şahə bir mürvət aman olmazmola?
Canü baş təqsir edər məndən – Qəribi der imiş.
Qəmzəsi tiğinə bir dəm imtəhan olmazmola?
lll
Səri-kuyində cənnət bir hekayət,
Cəmali-hur, yüzündən bir rəvayət.
Məsih ənfası ağzından lətifə,
Xızır suyu ləbindən bir kinayət.
Yeri qoy, zahida, duzəx dəmindən,
Yüzünə qarşu kim eylər şikayət.
Qübari-kuyi-yarın arizusu,
Məni yaxdı, səba, etgil himayət.
İki aləmdə, cana, bu Qəribi,
Umar səndən kərəm, şahdan inayət.
lll
Məst xab alud ikən çeşmin xumar olmuşdurur,
Zülfi-mişkinin pərişan ruzigar olmuşdurur.
Çeşmi-bimarın üçün qurban olam hər guşədə,
Yüz mənim tək xəstəvar bil kim, həzar olmuşdurur.
İzzət ilə mən qədəm yolunda, ey cani-əziz,
Kim necə izzətli başlar bərgüzar olmuşdurur.
Eşqü bimarivü dərvişivü cövri-ruzigar,
Rahi-qürbətdə mənə bir-bir düçar olmuşdur.
Sorsalar halın, Qəribi, sənin, de kuyi-yarda,
Binəvavü bizəru bizurü zar olmuşdurur.
lll
Yüzünü əhli-nəzər nuri-yəqirdir dedilər,
Sünbülün dövrəsini həbli-mətindir dedilər.
Nəzm dəndanına ki, mən der idim abi-həyat,
Xurdəbinlər görübən dürri-yəmindir dedilər.
Dilü din aldı xətin əldən, ana onun üçün,
Fitneyi-xəlqü bəlayi-dilü dindir dedilər.
Cənnəti-ədni-səri-kuyinə üşşaqi-cəhan,
Səhni-baği-irəmü xüldi-bərindir dedilər.
Ey Qəribi, görübən yüzün o xurşidvəşin.
Əhli-həq, nuri-səmavatü zəmindir dedilər.
lll
Biz əzəl gün dəsti-qüdrətdən qızılbaş olmuşuz.
Taci-şahi geymişüz, eşq əhlinə baş olmuşuz.
Yanmışız pərvanətək şahın cəmalı şəm’inə,
Aşiqi-sadiqləriz, aləmlərə faş olmuşuz.
Ahı bərbad eyləyib əşki suya salsaq, nə qəm,
Şahi eşqin eşigi xakinə fərraş olmuşuz.
Şah eşqilə girib əhli-səfa meydanına,
Can ilə baş oynarız, bu bəzmə şabaş olmuşuz,
Canü dil nəqdini şah yolunda çərx etdik, vəli,
Biz qəniyiz eşq ilə, sanmın ki, qəllaş olmuşuz.
Talibi-eşqiz, bizə mürşid yetər bu şahi-eşq,
Çox şükür Allaha kim, şah ilə yoldaş olmuşuz.
Ey Qəribi, əşki-gövhərbarü nəzmi-pak ilə,
Rahi-eşqində şahın gör necə dürpaş olmuşuz.



