
Almaniyadan yazır
[email protected]
“Hail bölgəsində
Duma deyilən cənnət kimi yerdə,
Suni naxışların geriyə qalanları kimi,
Rəngli daşlarla bəzənmiş
Havlənin tərk edilmiş qismində qalan xarabalarda;
Oturdum, ağladım ... “
Təxminən 1400 il əvvəl Havlenin xarabalarında oturub ağlayan məşhur ərəb şairi Tarafa oxuma-yazma bilməzdi. Şeirlərini şifahi söylərdi. Ərəblərin İslam əvvəli İmrulqeys, Zuheyr, Ləbid kimi “Muallakat Seba”, yəni “Yeddi Asqı” şairlərindən biriydi. Qəsidələri Kəbənin divarına asılırdı və oraya ticarət üçün gələn minlərlə ərəb onun şeirlərini oxuyar, əzbərləyərdi.
Tarafa bir gün o dövrün idarəçilərindən biri üçün satira yazdı. İdarəçi Tarafanın həcvinə çox hirsləndi və onun şöhrətindən qorxduğu üçün də onu özü öldürmədi. Bir məktub yazdı və məktubu Tarafaya verərək onu Bəhreynə göndərdi. Tarafa məktubla Bəhreynə gedərkən yolda bir alimlə qarşılaşdı. Alim Tarafaya əlindəkinin nə olduğunu sordu. Tarafa məktubu alimə uzatdı. Alim məktubu açaraq oxudu və məktubun Tarafanın edam fərmanı olduğunu gördü.
“Bu məktub sənin ölüm fərmanındır, qoy onu atəşdə yandıraq” – dedi alim.
Tarafa məktubu alıb içindəki xətlərə baxdı.
“Mən oxuma-yazma bilməm – dedi. – Amma yazılar o qədər mübarək ki, onların yandırılmasına tab gətirə bilməm”.
Tarafa o məktubla Bəhreynə getdi və orda öldürüldü. Amma sənəti və oxumağa, yazmağa olan eşqi əsla öldürülmədi. Əsrlər sonra Selighson onun divanını fransızcaya tərcümə elədi. Tarafa Avropa kitabxanalarının baş rəflərində yenidən yaşamağa başladı.
1400 il əvvəlin çöldə yaşayan bədəvi şairi Tarafa sənətə və yazmağa bu qədər aşiq olduğu üçün gerçəkdə ölmədi. Amma 21-ci əsrdə bir kitab yazdım və dostlardan az qala edam fərmanları (!) alacaq oldum!
May ayında Ankarada Berikan nəşrləri arasında “Kaşğardan Berlinə Portretlər və Kitablar” adlı kitabım yayınlandı. Əslində kitab üç cilddə hazırlanmışdı. O üç cilddə fərqli bir izahatla türk dünyasının yazarları, şairləri tanıdılacaqdı və bu kitablar Türkiyədə məktəblərə tövsiyə ediləcəkdi. Amma kitabın daha birinci cildi nəşr olundu və bəzən məni bezdirən, bəzən də güldürən tənqidlər yağmağa başladı. Bir qisim yoldaşlar, “biz niyə yoxuq” deyə giley dolu məktublar yazdılar. Bir qismi isə “kitabda bu qədər əhəmiyyətsiz adama niyə yer verdin?” deyə mənə kimin nəyə və kimə görə əhəmiyyətli olduğunu izah etməyə başladılar. Hələ biri məni bir xeyli güldürdü. Onun üçün “utancaq, içinə qapalı” yazmışam və bunu təhqir olaraq qəbul etmiş, küsmüş. Telefon açdım.
– Sən utancaq deyilsənmi? – soruşdum.
– Deyiləm, – dedi.
– Elə isə utanmazsan!
– O da deyiləm!
– Yaxşı nəsən bə adam?
Biri, onu niyə kitabın son səhifələrində verdiyimi soruşdu.
– Mən demək sənin üçün əhəmiyyətsiz biriyəm ki, kitabın sonlarında yer alıram.
– Atam mənim üçün əhəmiyyətsizmi? Onu kitabın ən sonunda anlatmışam!
Təbii ki, bunu söyləyincə sus-pus oldu.
Kitabda bəzi yazar və ya şairlər üç-dörd səhifə, bəziləri də yalnız iki səhifə yer almış. Bu da bəzilərini küsdürmüş.
– Əhməd əfəndiyə niyə beş səhifə, mənə isə iki səhifə ayrılıb?
Yazarın yazdığı andakı psixologiyasını və vəziyyətini göz önünə yetirməyən bir insana nə deyilə bilər ki?
Kitabda, əlbəttə ki, əskiklər var. “Mükəmməl bir kitabdır” kimi bir iddiam əsla olmadı və olmazdı. Amma bu, Türkiyədə bu mövzuda yazılan ilk kitabdır. Bundan əvvəl türk dünyasının ziyalıları haqqında tərcümeyi-hal yazıldı, amma bu üslubda bir kitab yazılmadı. Mən tanıdığım və ya kitablarını oxuduğum insanları öz xəyalımda tanıdığım kimi yazdım və quru bir bioqrafiyaya baş vurmadım. Bu kitabı lisey sıralarında oxuyan gənclər də oxusun və türk dünyasının ziyalılarının bir qismini tanısınlar, istədim. Kitaba salacağım daha iyirmiyə yaxın yazar və şair vardı. Amma nəşriyyat kitabın onsuz da 330 səhifə olduğunu və qalanların ikinci cilddə yayımlanmasını istədi, mən də qəbul etdim.
Qısaca, bir kitab yazdım və bir xeyli şikayət eşitdim. Nə etməli? Ən yaxşısı Tarafaya rəhmət oxumaqdır...



