
Abdolbari Goozal ilə apardığım “Müdrik insanla üz-üzə” adlı müsahibə təsadüfən yaranmamışdı. Həmin müsahibəni apararkən Abdolbari Goozalın müdrik insan olduğunu hər an hiss edir və duyurdum.
Mövzu məni tutmasa, nə bədii, nə də publisistik əsər yaza bilərəm. Hər nə yazmışamsa, qəlbimin yaradıcılıq tələbatı olub. Beləliklə, haqqında yazdığım görkəmli şəxsiyyətlər az olmayıb. Lakin həmin şəxsləri xeyli tanıyandan sonra, ya onlarla müsahibə aparmışam, ya da məqalə yazmışam. Goozal bəylə isə təsadüfi tanışlığım cəmi iki saatlıq söhbətlə qurtarmışdı. Lakin elə bu iki saat ərzində mən qarşımda müdrik bir insanın dayandığını hiss etmişdim.
Onun tabeçiliyində olan ticarət mərkəzlərindən birində bazarlıq edirdim. Lap yanımdaca dayanan nurani bir kişinin çox yüksək mədəniyyətlə mənə verdiyi suala cavab verməli oldum.
– Xanım, nədən narazısınız?
– Elə də narazılığım yoxdur. Amma...
Elə onu da maraqlandıran alıcının bu “amma”sı imiş. Kim olduğunu soruşdum.
– “Azərsun”da işləyirsiniz?
– Bəli.
– Nə işində?
– Elə belə, sıravi, adi bir işdə.
Və həmən bu nurani kişi:
– Ora stol qoyun, mənim bu xanımla söhbətim davam edəcək, – dedi.
Yenə də onun kim olduğunun fərqinə varmadım.
Beləliklə, adını və vəzifəsini belə bilmədiyim bu insanla ticarət mərkəzində insanların gur olduğu yerdə əyləşib iki saat söhbət etdik. Mən arada Abdolbari bəy haqqında eşitdiyim müsbət sözlərdən və onun Azərbaycanda böyük işlər gördüyündən danışırdım və bildirirdim ki, Abdolbari bəyin seçdiyi kadrlar onun zəhmətini yerə vurmamalı və hər işində “Azərsun”a şərəf gətirməlidirlər.
Birdən bu nurani kişi mənə belə bir sual verdi:
– Abdolbari bəylə görüşmək istərdinizmi?
– Məgər Abdolbari bəy burdadır?
– İstərsinizsə, çağıraram, gələr. Burdadır.
– Yox, dedim. Sonra görüşərəm. Artıq gecdir (axşam saat 9-a qalmışdı). Yəqin ki, onunla söhbətə başlasam, bir neçə saat da burda oturmalı olacam. Qalsın gələn dəfəyə.
– Abdolbari bəy qarşınızdadır!
Nurani kişinin bu sözləri məni təəcübləndirdi. Necə oldu ki, bu iki saatlıq söhbətdə onun Abdolbari bəy olduğunu bilmədim. Sonra özümə bəraət qazandırdım. Qarşımdakı insanın hansı vəzifədə olduğu mənimçün maraqlı deyildi. Maraqlı o idi ki, müdrik bir insanı kəşf etməyə başlamışdım. Odur ki, ondan müsahibə götürmək istədiyimi bildirdim. Görünür, mənim fikirlərim, həyata baxışlarım, düşüncələrim Abdolbari bəyə də maraqlı gəlmişdi. Ona görə də təklifimi müsbət qarşıladı.
... Müsahibənin vaxtını təyin etmək üçün zəngləşirdik. Müsahibə vermək istəyirdi, lakin vaxt tapa bilmirdi.
Mən müsahibənin bütün suallarını yazıb hazırlamışdım. Lakin aylar bir bir-birini əvəz edirdi. Abdolbari bəy isə vaxt tapa bilmirdi ki, bilmirdi.
Artıq səbr kasam dolmuşdu. Bir gün müsahibənin sualları yazılmış vərəqləri əlimə alıb cırmaq istədim. Elə bu vaxt onun sadə, təmkinli, müdrik görkəmi və söhbətləri, ağıllı, nurlu baxışları gözlərimin önündə dayandı. Əllərim boşaldı. Cıra bilmədim o yazıları.
Axı mən bu insanı cəmi iki saat ərzində kəşf etmişdim. Müsahibə vaxtı daha nə qədər kəşflərim üzə çıxacaqdı...
Təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, Abdolbari bəyin də məni yüksək dəyərləndirdiyi danılmaz bir fakt idi. Çünkü müsahibə vaxtı dediyi:
– Hər gün nə qədər jurnalist mənə müraciət edir, amma etiraz edirəm. Sizin üzünüzdəki saflıq mənə deyir ki, bu xanıma müsahibə vermək məsləhətdir. Xanım, buyurun suallarınızı verin, calışaçağam ki, bütün suallarınıza cavab verim.
Bu sətirlər Abdolbari Goozalın da mənim haqqımda yüksək fikirlərinin təsdiqi idi.
Beləliklə 7 aydan sonra Abdolbari bəydən mənə zəng gəldi. Sizə müsahibə vermək istəyirəm.
İncik olsam da, etiraz etmədim.
Bir saatdan sonra artıq Abdolbari bəylə müsahibəm başlamışdı. “Müdrik insanla üz-üzə” adlandırdığım bu müsahibəni apararkən, sözün əsl mənasında üz-üzə dayandıq. Açıq, səmimi söhbətlərimiz oldu və Abdolbari bəyin adi biznesmen deyil, yüksək savada və səviyyəyə malik olduğu hər cavabında üzə çıxırdı.
Müsahibə hazır olduğu günün səhərisi “525-ci qəzet”də çap edildi. Qısa müddətdə müsahibə oxucuların geniş rəğbətini qazandı. İnternet səhifələrində müsahibəni oxuyanların sayı gündən-günə artmaqda davam edirdi və indi də davam edir.
Müsahibə dərc olunanandan bir neçə ay sonra internetdə Abdolbari bəyin Qafqaz Universitetində tələbələrlə görüş zamanı çıxışını dinlədim.
Çıxış o qədər məntiqli, ağıllı və mənalı idi ki, ilk öncə özümə, sonra isə Abdolbari bəyə mərhəba dedim. Ona yazdığım mesajda da bunu etiraf etdim.
Ona görə ilk öncə özümə mərhəba dedim ki, iki saatlıq ilkin söhbətdən sonra mən Abdolbari bəyin layiq olduğu qiyməti verməyi bacarmışdım. Eyni zamanda ilk gündə, ilk saatdaca mən müdrik insanla üz-zə dayandığımı hiss etmişdim. Qafqaz Universitetində Abdolbari bəyin çıxışını dinlədikdən sonra isə onun digər yüksək keyfiyyətlərini kəşf etdim.
Mənə elə gəldi ki, güclü bir müəllimlə üz-üzə dayanmışam. Elə bir müəllim ki, öz məktəbi, öz metodikası, öz dərs keçmək üslubu var. O həm həyatı bilir, həm fəlsəfəni, həm psixologiyanı.
Mən 30 ildən artıq bir müddətdə redaktor vəzifəsində çalışmışam. Redaktə etdiyim əsərlərin bəzən müəyyən bir hissəsini lazımsız, xalqa qərəksiz kimi, ixtisar edir, o boşluğu müəllifə yenidən yazdırırdım. Müəlliflərlə işləmək mənim iş üslubum idi. Moskvada ixtisas artırma kursunda oxuyarkən yazdığım “Redaktor və müəllif” adlı diplom işini də öz redaktorluq təcrübəmə əsaslanıb yazmış və bu işim elmi rəhbərim və buraxılış komissiyası tərəfindən əla qiymətləndirilmişdi.
Abdolbari bəyin Qafqaz Universitetindəki çıxışını həm də redaktor kimi “ələk-vələk” etdim. Orda ixtisar ediləsi, pozulası, yenidən yazılası bir şey tapa bilmədim.
Gənclərə nə qədər doğru yol göstərirdi: – onları cəmiyyətə yararlı edən, torpağı, Vətəni sevdirən, əməyə, zəhmətə ruhlandıran düzgün yol.
Abdolbari Goozal deyir: “Həzrəti Peygəmbərə peyğəmbərlik verilməmişdən əvvəl ona əminlik verilmişdir. Yəni Məhəmməd Peyğəmbər öz düzlüyü, saflığı, halallığı ilə hörmət qazanmışdı. Hamı ona etibar edir, inanırdı və hörmət edirdi.
Mən dedim ki, mən də əmin olmalıyam. Dayım dedi ki, bu saflıqla, təmizliklə sən heç nə əldə edə bilməyəcəksən. Sənə heç kəs qız da verməyəcək.
Mən öz məqsədimə çatdım, hər kəsin yanında əminlik yaratdım. Mənə hamı inandı, etibar etdi”.
Abdolbari bəyin bu sözlərini dinlədikcə öz həyatım gözlərimin önündə vərəqlənirdi. Mən də əmin yaşamışam. Etibar qazanmışam. Elə bu saflığıma görə də böyük Allah mənə Həzrəti Fatimeyi Zəhraya həsr etdiyim “Kitabi Fatimə” poemasını yazmağa vəhy verdi. Kitab İran İslam Respublikasının Fəxri diplomuna və Qızıl Sikkə mükafatına layiq görüldü.
Həzrəti Fatimeyi Zəhraya yazdığım bu əsəp nə tarix deyil, nə də nağıl.
Fatimə elə bir uca dağdır ki,
Onun zirvəsinə qalxa bilmərəm.
Mən Yer kürəsinin insanlarına
O uca zirvədən baxa bilmərəm.
Tanrım! Kömək elə! O uca dağın
Barı yamacına baş qoya bilim!
Möhtəşəm Fatimə abidəsinə
Sevgidən yoğrulmuş daş qoya bilim -
deməklə, mən bütün poema boyu Həzrəti Fatimeyi Zəhraya məhəbbətimi əks etdirmişəm.
1998-ci ildə İraqda Kərbəla ziyarəti zamanı Küfə şəhərində – Həzrəti Əlinin şəhid olduğu məsciddə, ziyarətgahın dilini bilmədiyim imamı qolumdan tutaraq Böyük Allahın izni ilə məni Həzrəti Əlinin minbərinə çıxartdı və işarə ilə Həzrəti Əlinin oturduğu sonuncu pilləni mənə öpdürdü. O vaxtdan 15 il ötsə də, indiyədək Allahın mənə verdiyi bu qismətə şükr edirəm. Əgər mənim həyatım çirkab içində olsaydı, müqəddəs Həzrəti Əlinin ruhu bir tufan qoparıb mənim ayaqlarımın onun müqəddəs minbərinə dəyməsinə imkan verməzdi. Heç olmasa ayaqlarımı büdrədib, başımı gicəlləndirər və məni ora yaxın getməyə qoymazdı.
Mən insanları saf, təmiz, mədəniyyətli, əxlaqlı, halal, etibarlı, zəhmətsevər görmək istəyirəm. Bir qələm adamı kimi bu yüksək keyfiyyətləri özündə daşıyan insanları təbliğ edəndə içimdə bir rahatlıq tapıram.
Əmanətə xəyanət etməzlər deyib atalar. Nəinki əmanətə, heç nəyə xəyanət etməzlər. Sənə nəyisə etibar ediblərsə, o etibarı doğrultmalısan.
Ulu öndərimiz, dahi Heydər Əliyevin Abdolbari Goozala etibar edərək Azərbaycanda iş qurmaq, sərmayəni genişləndirmək və s. tapşırıqlarını Abdolbari bəy özünə şərəf bilərək, bu etimadı layiqincə doğrultmuş, böyük rəhbərdən yeni-yeni tapşırıqlar almaqla, daha yeni-yeni işlər qurmuş və etibarını artırmışdır.
İndi də Heydər Əliyev yolunun layiqli davamçısı, Azərbaycanı gündən-günə yüksəklərə qaldıran hörmətli Prezidentimiz İlham Əliyev Abdolbari Goozala etibar edib onun yeni-yeni iş yerləri açmasına şərait yaradır. Elə bu yaxınlarda Kürdəmirdə heyvandarlıq kompleksinin açılışında cənab prezidentin iştirak etməsi bunun bariz nümunəsidir.
Yenə də etibarı itirməmək, etibar qazanmaq, Abdolbari bəy demişkən, əmin olmaq mühüm yerdə dayanır.
Bu sözləri yazarkən istər-istəməz yadıma Milli Məclisin deputatı olduğum vaxt düşdü. Böyük alim və böyük insan, eyni zamanda ərşə çəkilməkdə olan əsl kişi xarakterlərini özündə cəmləşdirən çox hörmətli akademik Cəlal Əliyev mənim deputat həmkarım idi və aramızda çox böyük xətir-hörmət var idi və indi də bu hörmət davam edir.
Cəlal Əliyevlə tanışlığımız, onun mənə etibarı deputat seçilməmişdən əvvəl başlamışdı. Dahi Heydər Əliyev hakimiyyətə qayıtmamışdan əvvəl həm Heydər Əliyevə, həm də Cəlal Əliyevə edilən repressiyaların – hücum və təqiblərin qarşısında mən də öz qələmimlə, gücüm çatdığı miqdarda dayanmışdım və yazılarımla onların haqqını müdafiə etmişdim.
Milli Məclisə hər ikimiz deputat seçilərkən Cəlal müəllim məni ən etibarlı tanışlarından biri hesab edirdi və ona görə də mənə etibarnamə verərək onun maaşını hər ay kassadan almağımı xahiş etdi. O vaxt maaş kassadan alınırdı. Bəzən kassada növbə də olurdu. Beləliklə, mən beş il ərzində Cəlal Əliyevin maaşını alıb iclas salonunda ona verirdim. Bəzən Cəlal müəllim konfranslarda, ezamiyyətlərdə olanda mən onun əmək haqqı qoyulan zərfin üstünə “Cəlal Əliyev” sözlərini yazıb, pulu evimə aparırdım. Adını yazmaqda məqsədim o idi ki, yolda qəfil ölüm gələrsə, ailəm bilsin ki, bu pul mənim deyil, əmanətdir, Cəlal Əliyevindir.
Yay məzuniyyətində maaşımız çox olurdu və Cəlal müəllimi görə bilməyəndə evlərinə zəng vururdum. Həyat yoldaşı söyləyirdi ki, Cəlal müəllim deyir, narahat olmasın, lazım gələndə götürəcəyik.
Beləcə, xeyli vaxtdan sonra, bazar günü, səhər qapımız döyüldü. Gələn Cəlal müəllimin mühafizəçisi idi. Mənə heç nə deməsə də, nə üçün gəldiyini bilirdim. Əlimi atıb, Cəlal Əliyevin maaşını ona verdim.
...Məhşur bir atalar sözü var; “Bağış var xalvar-xalvar, ölçü var dinar-dinar”.
Artıq mən deputat deyildim. Bir neçə il bundan əvvəl bərk xəstələnmişdim. Xəstəxanada yatırdım və beş saatlıq narkoz altında ağır əməliyyat olunmuşdum. Ağrılarımsa davam edirdi. Sonralar məlum oldu ki, o əməliyyat mənə lazım deyildi, həkimlər diaqnozu düzgün qoymamışdılar. Moskvaya həkim müayinəsinə getməyə hazırlaşırdım.
Həyat yoldaşım uzun sürən ağır xəstəlikdən sonra vəfat etmişdi. İki subay qızım mənim başıma pərvanə kimi fırlansalar da, yenə də arxamız boş idi. Maddi cəhətdən də çətinlik içində idim. Ailəmiz mənim aldığım təqaüdlə yaşayırdı. O vaxt təqaüd də az idi, sonralar artmışdır. Buna baxmayaraq, heç kəsdən, həmçinin Cəlal Əliyevdən də köməklik istəməmişdim. Özümü heç kimin yanında sındırmırdım.
Cəlal Əliyev ağır cərrahiyyə əməliyyatından çıxdığımı hardansa eşitmişdi.
Bir neçə gündən sonra elə Cəlal müəllimin maaşını məndən aparan mühafizəçisi mənə zəng etdi:
– Minayə xanım, sizə gəlirəm, evinizə yaxınlaşıram. Səbəbi mənə məlum deyildi. Mühafizəçi gəldi. Cəlal Əliyev mənə kömək olaraq müalicə pulu göndərmişdi.
Cəlal Əliyevin göndərdiyi pul halal olduğu üçün əli də yüngül olmuşdu. Moskva həkimləri bıçaqsız, tabletka ilə məni dəhşətli ağrılardan xilas etdilər.
Bütün bunları xatırlatmaqda məqsədim odur ki, mənim həyatım saflıqdan, halallıqdan keçdiyinə görə, insanların etibarını qazandığım üçün mən Abdolbari bəyin Qafqaz Universitetindəki çıxışlarının – dərslərinin böyük faydasını, əhəmiyyətini dərindən dərk edir və duyuram.
Belə adamların həyat yolunu geniş işıqlandırmaq lazımdır, nəsillərə örnək olmaq üçün.
Yüksək mənəviyyatlı insanları qorumaq lazımdır.
– Kimlərdən?
– Paxıllardan, xəbislərdən, bədxahlardan, böhtançılardan, cılızlardan, içində iblislər, şeytanlar yatanlardan.
Belələrinə kömək edə bilməsən də, heç olmasa özün ona böhtan yağdırma. Özün onun ayağının altını qazma.
Abdolbari bəy də böhtanlarla, iftiralarla az qarşılaşmayıb. Böhtan özü bir günahdır. “Heç bir günahkar başqasının günahını daşımaz. Günah yükü ağır olan kimsə yükünü daşımaq üçün başqa birisini köməyə çağırsa və çağırılan adam onun yaxın qohumu olsa belə o yükdən bir şey daşınmaz” (Qurani-Kərim, Fatır surəsi, ayə 18).
“Qiyamət günü hər kəsin əməl dəftəri qarşısına qoyulacaq. Onlar dünyada etdikləri bütün əməllərin öz qarşılarında hazır durduqlarını görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz. Hər kəs öz əməlinin cəzasını alacaqdır.” (Qurani-Kərim, Əl-Kəhf surəsi, ayə 49).
Abdolbari bəy Qafqaz Universitetindəki çıxışında deyir: “Tərəzini əzib para qazanırlar. Kötü oyunlar oynayırlar. Mən bu dünyaya gəlməmişəm ki, oyun oynayım. Gəlmişəm ki, halal yaşayım. Hambal da olsam, halal olacam. Birinin yükünü daşıyacam, mənə 50 quruş verəcək, o öz bahalı malını mənə etibar edib daşıtdırır. Etibar qazansam, başqası da daşıtdıracaq. Beləliklə, mən hambal da olsam, etibarımı itirməyəcəm.”
Bəli, Abdolbari bəy, düz deyirsiniz. Sizinlə həmrəyəm. Etibar qazanmaq insan həyatında mühüm və vacib bir amildir.
... Baxmayaraq ki, mən Abdolbari Goozalın və onun kimi işıqlı insanların uzun ömür yaşamasını arzulayıram. Lakin həyatın reallığı, Uca Tanrının əmri qarşısında bizlər acizik. Biz istəsək də, istəməsək də, nə vaxtsa mən də, Abdolbari bəy də və digər insanlar da həyatdan köçəcəyik. Onları başqa planetdən gələnlər yox, öz cəmiyyətimizdən yetişən insanlar əvəz etməli olacaqlar. Odur ki, müasir gənclər elə səviyyəli, etibarlı yetişməlidirlər ki, gələcəkdə Abdolbari bəy kimi insanların yerində boşluq olmasın.
Abdolbari bəy kimi insanların həyat dərslərini keçmədən, yalnız diplomla zirvələr fəth etmək olmaz.



