
Bəzən elə günlər olur ki, onları unutmaq qeyri-mümkündür. Ürəyinin fərəh hissiylə dolduğu, Vətəninin adının qürurla çəkildiyi, ədəbiyyatının və incəsənətinin möhtəşəmliyinin təsdiqini gördüyün günlər... O gün də belə günlərdən biriydi.
15 ildən bəridir yaşadığım Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində, dünyanın ən böyük sərgi salonlarından biri olan Ümumrusiya Sərgi Mərkəzində bugünlərdə Dünya Kitab Sərgisi keçirildi. Sərgi bir həftəyə yaxın davam edəcək. Burada müxtəlif ölkələrlə yanaşı (Türkiyə, Qırğızıstan, Çin, Misir, İran, Türkmənistan, Belorusiya, Ukrayna və s.) vətənimiz Azərbaycandan bir sıra kitablar təqdim olunur. Onların sırasında bir çox görkəmli ədibimizin – Məmməd Arazın, Mirzə İbrahimovun, İlyas Əfəndiyevin, Anarın, Elçin Əfəndiyevin, Kamal Abdullanın... əsərləri, eləcə də Azərbaycan təbiətinə, incəsənətinə və mədəniyyətinə dair kitablar var. Mənim “Səni düşünürəm” adlı kitabım da burada öz yerini tutub.
İnsanların maraqla və diqqətlə vərəqlədiyi bu kitablar bizim ən böyük və əvəzedilməz sərvətimizdir. Məhz belə kitablarımızdan bir neçəsi dahi Tolstoyun və Dostoyevskinin ölkəsində “Kitab sənəti” adlı 10-cu beynəlxalq müsabiqədə yeddi nominasiyadan üçündə qalib gəldi. Müsabiqədə MDB üzvü olan ölkələr iştirak edirdilər.
Gündüz saat 1-də başlayan tədbiri professor Vladimir Qriqorin açdı. O, ölkələrarası münasibətlərin inkişafında və tənzimlənməsində kitabların, ədəbiyyatın rolu haqda danışdı, qalibləri təbrik etdi.
“Mənim ölkəm” nominasiyasında “Maqomayev planeti”, “Mədəniyyət, elm və təhsil” nominasiyasında “The strukture of a Modern Theatre” və “ART kitab” nominasiyasında isə “Nizami Gəncəvi. Lirika” kitabları birinci yerə layiq görüldü.
Mükafatları almaq üçün səhnəyə görkəmli şair və tərcüməçi Çingiz Əlioğlu və “Əfəndi” kitab evinin rəhbəri Leyla Əfəndiyeva dəvət olundular.
Mükafatları “Kitabçılar gildiyası” kompaniyasının prezidenti, iqtisad elmləri doktoru Boris Yesenkin təqdim etdi. O, Azərbaycanın bu müvəffəqiyyətinə ürəkdən sevindiyini söyləyərək, belə gözəl kitablara görə bütün kitabsevərlər adından minnətdarlığını bildirdi.
Çingiz Əlioğlu və Leyla Əfəndiyeva öz növbəsində bu proyektə görə məsul şəxslərə və rus oxucularına təşəkkür edərək, çox sevincli olduqlarını, kitablarımızın uğurlarına görə qürur duyduqlarını bildirdilər. Bu uğurda kitabların ərsəyə gəlməsində əməyi olan insanların rolunu qeyd etdilər. Çingiz Əlioğlu dedi: “Bu anda mənim ürəyim qürur hissiylə doludur. Bu qələbə bizim qələbəmiz deyil, Azərbaycan kitabının qələbəsidir. Öndə kitabdır! O, insanları birləşdirən sehrli qüvvədir, elə bir qüvvə ki, onu heç nəylə əvəz etmək olmaz!”
Təntənəli çıxışlardan və xatirə fotoşəkilləri çəkiləndən sonra tədbir sərgi salonunda səmimi bir ab-havada keçən yığcam ziyafət verildi. Bütün iştirakçı ölkələrin nümayəndələri bir-bir bizə yaxınlaşıb ürək sözlərini deyir, Azərbaycanla birgə sevindiklərini bildirirdilər.
Bir neçə günə dünya kitabları sərgisi sona çatacaq. Həmvətənlərimiz Azərbaycana dönəcək, qürbətdə yaşayanlar isə onları bir daha görmək arzusuyla yaşamaqda davam edəcəklər. Təskinlik verən odur ki, dəyişilməz qalan bir həqiqət var: “Söz, kitab, ədəbiyyat hər zaman olub, var və olacaq!
Yazımı bir bənd şeirlə yekunlaşdırıb xalqıma, onun kitabsevərlərinə, ədəbiyyatımızı və incəsənətimizi dünyaya tanıdan bacı və qardaşlarıma bütün ziyalılarımız adından “Çox sağ olun!” – deyirəm!
Dünya qəribədir,
dünya maraqlı!
Günləri, ayları,
qərinəsi var...
Dünya bir kitabdır,
min bir varaqlı,
Dünyanın “söz” adlı
xəzinəsi var!
06.09.13.
Moskva



