|
|
|
|
Hələ uşaqlıqdan böyüyüb boya-başa çatdığım evdə dahilərin, böyük ustadların əhatəsində atam, anam bizə Vətəni, xalqı sevmək hissini aşılayıb. Məhz o səbəbdən dövlətimizin, xalqımızın, Vətənimizin hər uğuruna sevinərək ondan qürur duyuram. Bir neçə il bundan qabaq həyat yoldaşım Fikrət Verdiyevlə Gəncəyə gedərkən yolüstü Yevlax şəhərindən keçdik. Çox qısa bir müddətdə Yevlaxda görülən quruculuq -abadlıq işlərini görərkən könlümdən bir anlığa bir arzu keçdi: "Buranın icra başçısını, kaş ki, dövlətimizin rəhbəri Gəncəyə təyin edəydi, gör onda gözəl Gəncəmiz necə gülüstana dönərdi!" Elə də oldu. Son iki ildə Gəncə tanınmaz dərəcədə dəyişilib. Şəhərdə qədim tarixi abidələrin qorunaraq bərpası, Gəncənin tarixi simasının özünə qaytarılması, dahi Azərbaycan şairi şeyx Nizami Gəncəvinin 870 illik yubileyinin təntənəli surətdə Gəncədə keçirilməsi, böyük Azərbaycan bəstəkarı Fikrət Əmirovun yubiley tədbiri, Gəncədə Qafqazda analoqu olmayan filarmoniyanın tikintisi, şəhərin ziyalılarının və zəhmətkeşlərinin şəhər rəhbərliyi tərəfindən gördükləri səmərəli işlərinə görə, fərqlənmələrinə görə fəxri fərmanlarla təltif edilmələri, Gəncə şəhərində aparılan son dərəcə böyük quruculuq işləri alqışa layiqdir. Bütün bunları, prezident İlham Əliyevin tapşırıqlarının Gəncədə yüksək səviyyədə həyata keçirilməsini görüb danmaq ən azı nankorluqdur.
Gəncədə keçirilən bayram tədbirləri zamanı mən sevinc göz yaşlarımı saxlaya bilmədim və həyat yoldaşımla birgə şəhər icra başçısı Elmar Vəliyevə yaxınlaşaraq bütün bunlara görə təşəkkürümüzü bildirdik. Bu, dövlətimizin başçısı, prezident İlham Əliyevin Gəncəyə və gəncəlilərə göstərdiyi böyük diqqət və qayğının, Elmar müəllimin isə vətənpərvər bir insan olaraq son dərəcə böyük məsuliyyət və həvəslə qısa zaman kəsiyində gördüyü böyük, qiymətli işlərin bariz nümunəsidir. Sonda üzümü bəzi insanlara tutaraq deyirəm: Vətənin, xalqın, dövletin üçün əgər bir xeyirli iş görə bilmirsənsə, heç olmasa vicdanla görülən böyük işləri qiymətləndir!