ANAR
Əziz bacım Fidan! Ad günün mübarək! Hər il martın 7-sini xüsusi sevinclə, fərəhlə qeyd edərdik. Ad günlərinin birində sənə hətta şeir də yazmışdım:
Yüzüncü ad günündə
səni yenə salamlar
Yüz beş yaşında Anar.
Nə yazıq ki, bu il Yeddi martı eyni xoş ovqatla qarşılaya bilrmirik. Üç ay bundan qabaq 48 il bərabər ömür-gün sürdüyün həyat yoldaşını,hamımızın sevimlisi Raufu itirdik. On gün bundan qabaq ailəmizin ağsaqqalı, bibimiz oğlu Oqtay dünyasını dəyişdi.
Yadımdadır, bir dəfə dedin ki, bizim ailənin bir zəif cəhəti var, –bir-birimizə həddən artıq bağlıyıq, odur ki, çoxları üçün təbii olan itkiləri biz daha ağır ağrılarla keçiririk.
Mənhus 81-ci ilin yüz günü içində atamızı və anamızı itirdik.Mən bu yaraları ovutmaq üçün Şuşaya film çəkməyə qaçdım, sən İraqa getdin. Orda ömründə ilk dəfə şeir yazdın, mənimçün sonsuz həsrət və kədərin ifadəsi olan şeiri yalnız mənə oxudun və söz aldın ki,onu heç kəsə göstərməyəcəm.Sözümə əməl etmədim.Bu şeiri “Sizsiz”ə əlavə etdim.Anamıza ünvanlanmış bu şeiri bu gün də həyəcansız oxuya bilmirəm:
Bu gecə,bu gecə
keçəcək qorxular,vahimələr
Gələcək yerinə xəyallar
açılacaq cənnət qapıları
taybatay
Səni görəcəm
sağ-salamat
Əlini uzadıb sığallayacaqsan
ipək saçlarımı
Bağrına basacaqsan məni
Deyəcəksən:qorxma
mən yanındayam
Nədənsə kəkotu ətri
gələcək cənnətdən
Ürəyimin çilik-çilik qəlpələri
cingildəməyəcək içimdə
Boğazıma tıxanacaq
yaş düyünü
səsini eşidəndə
Deyəcəksən yenə: “ay aman
bu qız nə arıqdı,
Canına bir az fikir ver,ay bala!
Uğunub güləcəyik
əvvəl mən,
sonra sən
Elə-belə səbəbsiz,
uğunub güləcəyik ürəkdən
Xoşbəxt gülüşümüz
səslənəcək cənnətdə
Qorxusuz, itkisiz,
ölümsüz cənnətdə.
Tək bir bu şeirinə görə deyil, bədii əsərlər barədə dəqiq və dürüst mülahizələrinə,üç dildən – ruscadan, ərəbcədən, Türkiyə türkcəsindən etdiyin tərcümələrinə əsaslanaraq səni sövq edirəm ki, ədəbiyyatla məşğul olasan,yazılar yazasan.- Bir ailədə nə qədər yazıçı olar?-deyə sözümü zarafata salırsan.Hər halda mənimçün yazı-pozumun ən mötəbər,ən tələbkar tənqidçisi və çox vaxt ilk oxucusu sənsən.Filmlərimə,tamaşalarıma güzəştsiz qiymət verən də sənsən.Yazdıqlarım haqqında nadir hallarda səndən müsbət rəy eşidirəm.Amma nadir hallarda belə fikir eşidəndə bilirəm ki,bu yüksək zövq sahibinin gerçək və təmənnasız verdiyi qiymətdir.
Ata-ana evində birgə yaşadığımız xoşbəxt illər,Buzovna bağımızın min bir xatirəsi gözlərim önündən bir-bir keçir.Hər axşam Çexovun bir hekayəsini oxuduğumuz,bir-birimizlə fikir mübadiləsi etdiyimiz yeniyetməlik çağımız,sənə Füzulinin şeirlərini izah etməyə çalışdığım gənclik illərimiz.Bundan əvvəl Buzovna bağındakı qayğısıh uşaqlığımızın min bir oyunları, zarafatları, şıltaqlıqları... Yaşca səndən böyük olduğumdan sui –istifadə edərək: belə geyinmə,elə geyin,ora getmə, bura get, – deyə səni yersiz incitdiyim məqamlar...Bağda bir axşam işığı yandırarkən səni yüngülvarı tok vurmağı və dərhal: Anar di sağ ol,mən öldüm-deyə tam ciddiliklə mənimlə “vidalaşdığın...”
Atamdan gələn sərtlik,-heç nədən çəkinmədən sözü üzə şappadan açıq demək xasiyyəti səndə məndən artıqdır. Anamdan gələn kübarlıq,həssaslıq,incəlik də məndən çox sənə pay düşüb. Əminəm ki,ədəbi,elmi,ictimai həyatda da məndən çox- çox yüksək məqamlara çata bilərdin.Bu işdə mən bir az zirək çıxıb qabağa düşmüşəm. Amma məgər fəxri adların,növbənöv titulların bir əhəmiyyəti var?İnsan olmaq yazıçı olmaqdan da,alim olmaqdan da,yüksək vəzifə sahibi olmaqdan da yüz qat üstündür.Ən müxtəlif müqamlarda ən müxtəlif adamların iftixarla söylədikləri :Mən Fidan xanımın tələbəsi olmuşam –sözləri ən yüksək mükafat deyilmi? Müəllim adının təmizliyini,ləkəsizliyini qoruyub saxlamaq yüz nemətə,sərvətə sahib olmaqdan qat-qat şərəfli deyilmi? Sözünün başı da, axırı də “mənəm,mənəm” olanların arasında sənin əsl kübar və ziyalı ləyaqətin,
təvazzön,iddəasızlığın zəmanəmizda,bizim çağda barmaqla göstərilən istisnadır.Çağ demişkən,son günlərdə yazdığım bir şeiri sənə ithaf etmək istəyirəm.Bilirəm,deyəcəklər,
Buzovnada,sahildə
Qayaların üstündə
Qarğı-qamış çəpərli,
Quyulu,
Narın qumlu,
Gah sakit, gah küləkli
Ağ tutlu, qara tutlu,
Əncirli, vərəncilli
Şanili, pişirazlı
Sarı gilə üzümlü
Gündüz qonaq-qaralı
Gecə ulduzlu, aylı
Yuxumuzu qaçıran
Sancan ağcaqanadlı
Yenə o bağ olaydı.
Ömrün gözəl günləri,
Qayğısız,təmənnasız,
Şip-şirin ümidlərlə
Dop-dolu çağ olaydı...
Möcüzə baş verəydi
anamız sağ olaydı.
atamız sağ olaydı...
Yenə o bağ olaydı,
Yenə o çağ olaydı...
6 mart 2013