
PƏRVİN
Üfüqlər, elə bil,
çəkilir dal-dalı
Rənglər gizlənpaç oynayır;
dəniz sakit olsun, ya dalğalı,
İstəyirəm gün doğmamış
qalxam Buzovna qayalarına
qışqıram: – Hey... adamlar!!
Qalxın, qalxın.
R.Rza
Rəsul Rza poeziyasının bütün mənaları, rəngləri, ahəngi, melodiyası ilə bütöv anlamaq, duymaq üçün vaxt lazımdır... Bir də aram düşüncə! Eyni zamanda, həyata yetkin, müdrik baxış! Üstəgəl həssaslıq! Hələ poeziyaya fərqli münasibətdən, yeniliyi dərk etmək, “tutmaq” qabiliyyətindən danışmıram... Və bu kriteriləri sadaladıqca düşünürəm, demək kiminsə intellektini, səviyyəsini də elə Rəsul Rza şeirinə münasibətinə görə ayırd etmək mümkündü.
... Məndən ötrü, təkcə Rəsul Rza yox, elə bütöv Azərbaycan, türk poeziyasının zirvələrindən biridir “Rənglər”. Və bu “zirvə”ni yaratmaq, yazmaq şairdən nə qədər ustalıq tələb edirsə, oxucu kimi ora qalxmaq da bir o qədər zəhmət istəyir. Bir bu silsiləyə aid şeirləri anlamaq folklordan, adət-ənənələrdən, incəsənətdən, rəssamlıqdan, dünyadan, müharibələrdən, tarixdən xəbərdar olmaq deməkdir. Ramiz Rövşən şairin 100 illiyi münasibətiylə yazdığı “Ömrün birinci yüz ili” məqaləsində qeyd edir: “Həqiqət budur ki, intellektual poeziyanın misilsiz nümunəsi olan belə bir silsiləni yazmaq hər özündən deyən şairin işi olmadığı kimi, sətiraltı mənalar və işarələrlə dolu bu şeirlərin oxucusu olmaq da hər adamın işi deyil. Hələ 60-cı illərdə tələbə dostlarımla bu şeirlərdəki ən “qəliz” misraların sirrini açanda necə sevindiyimizi xatırlayıram.” Bu sətirləri oxuyanda Rəsul Rzanın gənclərə təsir gücünə heyrət etdim. Çünki Ramiz Rövşənin tələbəliyindən təxminən 40 il sonra bizlər də Rəsul Rza rənglərinin “sirrlərini” tapanda, açanda sevincimizin həddi-hüdudu olmurdu. Universitetin soyuq oxu zalında “Rənglər”i növbəylə oxuyaraq hər yeni “kəşf”imizə görə necə qürurlanmağımız da yaxşı yadımdadır...
MAVİ
Dalğasız dəniz.
İztirabsız məhəbbət.
Səmanın dərinliyi.
Deqanın “Rəqqasələr”i,
Körpə bir rəssamın çəkdiyi günəş.
Gözlərin dincliyi.
İnsan düşüncələri.
Buz adaları arasında
su küçələri.
Xatırlayıram ki, o vaxtlar “Körpə bir rəssamın çəkdiyi günəş...” misrasını belə yozmuşduq: balaca məktəblinin diyircəkli qələmlə dəftərinin bir küncünə günəş şəkli çəkməsinə işarədir...
Məncə, insan yaşa dolduqca, belə ağıllı, düşündürücü poeziyanın da ona təsiri qüvvətlənir, böyüyür. Və bu məntiqlə hər dəfə Rəsul Rza yaradıcılığına və onun fonunda “Rənglər”ə yenidən nəzər salanda tamam fərqli, təzə mənalar, mətləblər aşkar etmək mümkündür.
... Dahi şairin doğum günü ərəfəsində özünün çoxcildliyini, haqqında yazılmış məqalələri, esseləri, Xalq yazıçısı Anarın “Mübarizə bu gün də var” – Rəsul Rzanın həyatı və yaradıcılığı haqqında düşüncələr kitabını, “Sizsiz” xatirə-romanını yenidən oxuyandan sonra “Rənglər”in tamam ayrı çalarlarını hiss etdim. Daha doğrusu bütöv Rəsul Rza yaradıcılığındakı rənglərin harmoniyasını duydum və onun mürəkkəbinin Dənizdən gəlməsinə heç şübhəm qalmadı. Yaradıcılığının, poeziyasının mərkəzindən qırmızı bir xətlə keçən Dənizi Rəsul Rzanın şəxsi malı hesab edə bilərik. Əlbəttə, bu fikrə etiraz edib başqa şairlərin də həmin mövzuya müraciət etdiklərini demək olar. Amma başqalarının dənizi ilə Rəsul Rzanın dənizi fərqlənir, onun dənizi birrəng deyil, onun dənizi rəngbərəngdir:
Dəniz nə rəngdədir.
Mavi,
Eləmi?
Ancaq mən dənizi yaşıl görmüşəm
Dəniz yaşıl olur,
Eləmi?
Ancaq mən dənizi qara görmüşəm,
Dəniz qara olur;
eləmi?
Ancaq mən dənizi ağ görmüşəm.
Mən dənizi üşüyən görmüşəm.
Mən dənizi acıqlı da görmüşəm,
gülən də.
Nə rəngdədir dəniz?
Rəsul Rza Dənizin yanındadır həmişə. Yaxud da dəniz şairin yaradıcılığı və həyatı boyu onun yadında və yanındadır. Sənətkarın doğulduğu, yaşadığı mühit, təbiət onun yazdıqlarına, sənətə münasibətinə, təsvirlərinə, obrazlar sisteminə təsir edir, mütləq edir. Bu mənada Rəsul Rza şeirinə Abşerondan Dəniz, Göyçaydan Rənglər gəlib. Və bunların ikisinin vəhdəti şeirlərin böyük əksəriyyətində ən müxtəlif, ideal poetik priyomlarla özünü göstərir. “Həyat adamı” şeirindəki misralar buna misaldır:
Dünyanı rəngli gördüm yuxuda.
Gördüm ağsız, qarasız.
Dənizlər –
dəniz rəngli;
gömgöy,
mavi,
sarımtıl.
Rəsul Rza üçün dünya Dənizdən başlanır... Dəniz rənglidirsə, dünya rənglidir. Ona görə də çoxu sadəcə açıq, ya tünd mavi saydığı dənizi şair istədiyi rəngdə görə və duya bilir. “Rənglər”dən gətirdiyim bir neçə misra buna bariz nümunədir:
Gümüşü – köpüklü ləpələr...
Püstəyi – Yaz başında dəniz.
Mavi – Dalğasız dəniz.
Sürməyi – Dənizin qəzəbi.
Firuzəyi – Dənizin yaraşığı.
Yuxarıda göstərilən misalları oxuyanda adama elə gəlir ki, Rəsul Rza bunları məqsədli edib. Sanki şair Göyçay təbiətindən aldığı boyalarla Abşeronun sərt, çılpaq gözəlliyini və bu gözəlliyin əsasını təşkil eləyən Dənizi ürəyi istəyən kimi rəngləyib, bir az da cazibəli edib. Və bu işi o qədər ustalıqla yerinə yetirib ki, bəzənmiş Dəniz öz təbiiliyini, zərifliyini zərrə qədər itirməyib. Əksinə! Bəlkə əslində o, rəngləri də “Dənizləyib” və bu yolla mənalandırıb. Şairin iki fərqli şeirində Dənizə və Rənglərə oxşar münasibəti, marağı, sevgisi apaydın görünür. Biri “Rənglər partlayışı”, digəri “Dənizdən böyük” əsəridir. “Rənglər partlayışı”nda:
Rənglər!
Sevincim,
ağrım, incikliyim!
Sizsiz nə rahatlığım,
nə dincliyim.
– deyən şair “Dənizdən böyük”də dəryaya eyni həssaslıqla, rəğbətlə yanaşır:
Dünya nə kədərli olardı,
dəniz olmasaydı.
Dəniz düşündürür məni.
Dəniz inandırır məni
həyatın gücünə.
Şairin “Seçilmiş əsərləri”nə “Dəniz haqqında nəğmələr” başlığı ilə daxil edilmiş şeirlərə “Rənglər” (1962) silsiləsindən əvvəl və sonra yazılmış əsərlər aiddir. Bu şeirlərdə təkcə rəngbərəng deyil, həm də özünəməxsus xarakteri olan, hirslənən, üşüyən, darıxan, sevən, sevilən, şikayət edən, həsrətlə səhəri gözləyən, şairi ilhamlandıran Dəniz obrazını görə bilərik. Lakin onun digər – “Rənglər” və “Dəniz haqqında nəğmələr” silsilələrinə aid edilməyən şeirlərində də bu iki obraza – Rəngli Dənizə, yaxud Dəniz Rənglərinə tez-tez rast gəlmək olar. Şairin “Balıqların nəğməsi”, “Daşlar nə deyirdi”, “Torpaq olmuş sümüklər”, “Ötən günlər”, “Sənsiz”, “Sevgilim” və onlarla başqa şeirləri bu mənada diqqəti çəkir.
... Rəsul Rza yenilikçi, novator, özünəməxsus məktəbi olan şairdir. Heç şübhəsiz ki, onun Dənizi, Rəngləri fərqli, qeyri-adi, heyrətamiz olduğu kimi, göyü, yeri, meşəsi, çayı, dünyası da bənzərsizdir. Sadəcə bunları duyan oxucuya, dərk edən tədqiqatçıya ehtiyacı var şairin. Məncə, o oxucunu da, tədqiqatçını da Rəsul Rza özü yetişdirir... Yazdıqlarıyla. Sadəcə zaman lazımdır. Yazımın əvvəlində dediyim kimi... Bir də aram düşüncə...
P.S. İndi, nədənsə birdən-birə “Körpə bir rəssamın çəkdiyi...”, balaca məktəblinin diyircəkli qələmlə dəftərinin bir küncündə qaraladığı günəş yadıma düşdü. Daha doğrusu həmin dəftər. Qırmızı yazan qələmlə sakit-sakit yırğalanan dəniz də çəkilibmiş orda... Günəşin kölgəsindən, ya bəlkə utandığından qızarıbmış dəniz... Rəsul Rzanın RəngbəRəng Dənizi...



