
İstənilən yola aşağıdan, sıfırdan başlayırsan... Sürətlə, ya aramla irəliləməyin isə istedadına, bacarığına, zəhmətkeşliyinə və daha çox xarakterinə bağlıdır. Bir də səni çəkən o zirvənin cazibəsinə. Sevgi yolu fərqlidir. Yeganə yoldur ki, zirvədən başlanır, ondan yuxarıda nəsə yoxdur. Və o yol üzüaşağı aparır. Enmə sürətin təkcə səndən yox, müxtəlif amillərdən asılıdır. Həmin amilləri nə qədər zərərsizləşdirə bilirsənsə, zirvədə də o qədər qalırsan. Bu yolda əsas düşmənin zamandır. Sevginin canına o zəhəri buraxan saatın bapbalaca əqrəbidir... Və Sən! Yaraqlanıb, yasaqlanıb məhəbbətin uğrunda hər cür döyüşə hazır olsan da, ürəyini saniyə-saniyə zəhərləyən, keyləşdirən “əqrəb”lə heç nə edə bilmirsən. Vaxt gedir. Yolun üzüaşağıdır. Hərdən üsyan edib geri qayıda, yenə o zirvəyə qalxa bilərsən. Hərdən! Onu da əgər bacarsan...
... Sevginə qənim kəsilmiş zamanla paxıllardan, yazıqlardan, çarəsizlərdən, çürüklərdən ibarət mühit birləşsə, o zirvədən yıxıla da bilərsən. Özü də kəlləmayallaq! Nə qədər ki, gəncsən, bu enmələr, yıxılmalar, düşmələr eyninə olmur... Ayağa durub, üst-başını çırpıb davam edə bilərsən... Nə qədər ki, gəncsən! Amma həyatının birinci yarısını geridə qoymusansa, sadəcə ayağının büdrəməsindən belə təlaş keçirəcək, qorxacaqsan...
Poeziyamızda, o cümlədən xalq şeirində, bayatılarda ötüb keçmiş ömrün təəssüfü çox incə ifadə olunur. “Keçən günə gün çatmaz, calasan günü günə...”, yaxud “ömür keçdi, gün keçdi, cavan olmam bir də mən...” Fikrət Qocanın “Yaş o yaş deyil” şeiri də eyni ovqatla yazılıb. Amma şeirin unikallığı məhəbbətin iki əsas düşmənini, zamanı və mühiti “ifşa” etməsidir. Şeirdə ən kədərli olan budur ki, vaxt öz işini aşiq sevgilisinə rast gələnə kimi görüb. Məhz buna görə şair itmiş gəncliyindən soraq gətirən Qadını ən acı həqiqət hesab edir. Lap əvvəldən aşiq üzrxahlıq edir... On yeddi yaşında sevdiyi kimi sevə, sevgilisini izləyə, yolunu kəsə, küsüb barışa bilmədiyinə görə... Amma şeirin iki misrasında əsl səbəb açılır, məsələnin təkcə yaşda olmaması aydın görünür. Aşiqin dərdi yaş deyil... Başqadı. “Hamı mənə baxıb gülür elə bil...”, “Görənlər, bilənlər nə deyər mənə?!” Vəssalam. Bütün günahlar Hamıda və Görənlərdə, Bilənlərdədir.
...Aşiq zamanın, mühitin qoyduğu qanunlara əsir olur. Və sonda sanki qəlbinin ən dərin guşəsindən gələn bir fəryad qopur: Hayıf ki, yaş o yaş deyil.
...Amma əslində, bəlli deyil. Bu Görənlər, Bilənlər on yeddi yaşında cavana xoşbəxt olmağa imkan verərlərmi?! Sevməyinə söz deməzlər, əgər bədbəxt olsa, intihar eləsə, sevgidən ölsə, lap yaxşı... Adına dastanlar qoşub, poemalar yazarlar... Amma xoşbəxtlik? Əsla! Ona görə məncə, sevmək üçün yaş həmişə o yaşdır! Əgər görənlər, bilənlər, hamılar olmasa!
Fikrət Qoca: “Yaş o yaş deyil ki...”
Sən mənim ən əziz sirrim, istəyim,
Sən mənim ən acı həqiqətimsən.
İtmiş gəncliyimdən soraq gətirən
Sən mənim ikinci məhəbbətimsən.
Yaş o yaş deyil ki, yolunu kəsim,
Yaş o yaş deyil ki, açım qəlbimi.
Təzədən başlayım barışım, küsüm
On yeddi yaşında cavanlar kimi.
Yaş o yaş deyil ki, səni izləyim,
Özümü odlara toxuyum yenə.
Durub saatlarla vədə gözləyim,
Görənlər, bilənlər nə deyər mənə?!
Səni hər görəndə çaşıram düzü,
Hamı mənə baxıb gülür elə bil.
Dilimi dişləyib demirəm sözü
Yaş o yaş deyil ki... hayıf ki, deyil.



