
Bəzən yuxularımda anamla danışıram,deyirəm ki,babası Ələkbər bəyin də,atası Xudadat bəyin də tər-təmiz adları, şər, böhtanlar və yalanlar girdabından çıxarılıb,tariximizdə layiq olduqları şərəfli yeri tutublar.Bizim günlərdə nəşr olunmuş “Cümhuriyyət ensiklopediyası”nda altı Rəfibəyliyə – Ələkbər bəyə,Xudadat bəyə, Cəmil bəyə, Cavad bəyə, Əyyub bəyə(Sayqına), Səməd bəyə(Sayqına) ayrıca maddələr-məqalələr həsr olunub.İndi qədim Gəncədə dörd Rəfibəylinin adına küçə var Ələkbər bəy küçəsi,Xüdadat bəy küçəsi,Cavad bəy küçəsi,Nigar Rəfibəyli küçəsi...Xan bağında (keçmiş adıyla Sərdar bağında) Nigar xanımın əzəmətli heykəli ucaldılıb,adına məktəb var,yaşadıqları evin divarına xatirə lövhəsi vurulub.Bilmirəm anam yuxuda ona danışdıqlarıma necə münasibət bəsləyir.Ayılıram yuxudan.Amma əminəm ki, yaşasaydı bu faktlardan,özəlliklə babasının,atasının,nəslinin adının süni ləkələrdən təmizlənməsinə çox sevinərdi.Axı sovetin ən qatı qəddar illərində soyadını da dəyişməmişdi və belə bir bənd yazmağa da cəsarət etmişdi:
Mən könül mülkünün tacidarıyam
Xəyal dünyasının şah nigarıyam.
Vətən torpağında iftixar olan
Şanlı nəsillərin yadigarıyam.
Nigarın 17 yaşı olanda sovet hökuməti Gəncədəki evlərində növbəti axtarış aparanda bir şeir tapılmışdı.Bu imzasız şeirdə deyilirdi ki, “günəş şərqdən doğub,şərqdən doğacaq”.Bir həngamə qaldırdılar ki,gəl görəsən. Mərkəzi Komitənin katibi Əliheydər Qarayev bir neçə qəzetdə iri bir məqalə dərc etdirdi, gənc şairəyə ən ağır ittihamlar verdi.Qarşınızdakı xatirələr,məqalələr kitabında bir neçə yazıda bu barədə məlumat verilir,özəlliklə R.Hüseynov “Nigaran çiçəklər” essesində bu barədə ətraflı yazır.Odur ki,burda Ə.Qarayevin cızma-qarasından sitatlar verməyəcəm.Bir onu qeyd etmək istəyirəm ki,bu məqalədən sonra Nigar hər yerdən çıxarılır, işsiz qalır,özü də,himayəsində olan anası da bir parça çörəyə möhtac olurlar.Amma heç yerdə demir ki, hücumlara hədəf olmuş bu şeir onun deyil,Mikayıl Rzaquluzadənindir. Böyük qardaşlarının Kamilin və Rəşidin dostu Mikayıl o vaxt Moskvada təhsil alırmış, gənc şeir həvəskarı Nigarla da məktublaşırmış.Bu şeiri məktublarının birində göndəribmiş.Amma anam Mikayıl Rzaquluzadənin taleyini təhlükə altında qoymamaq,təhsilini pozmamaq üçün şeirin kimə aid olduğunu heç yerdə demir.R.Hüseynov Nigar Rəfibəylinin arxivində gənc şairənin Fəhlə –kəndli inspeksiyası Komissarlığına ünvanlandığı məktubun surətini aşkar edib.Bu mərd və cəsarətli məktub gənc şairənin ləyaqət və qürurunun heyrətamiz örnəyidir.
Nigar yazır ki,Ə.Qarayevin məqaləsinin böyük hissəsi ona, N.Rəfibəyliyə həsr edilib. “Məqalə bir tərəflidir,faktlar təhrif olunub və həqiqətə uyğun deyil”. Mərkəzi Komitə katibinin imzasıyla çıxan məqalə haqqında məktubda belə sərt sözlər deyilir.Şairə yazır ki,bu məqaləyə qədər Azərkinoda tərcüməçi işləyirdim. Bu yazıdan sonra məni işdən çıxardılar.
Bu vaxt məsələ Mikayıl Rzaquluzadəyə çatır və o kişilik göstərərək Bakıya məktub yazır,şeirin məhz ona məxsus olduğunu etiraf edir. O vaxtacan hücumlar kampaniyası də səngiyir və Nigarı yenidən işlə təmin edirlər. Azərnəşrdə işə düzəlir. Burda isə tamam başqa mühit vardı.Mikayıl Müşfiq,Sabit Rəhman,Nəzakət Ağazadə işləyirdilər burda...
Mirvarid Dilbazi,Səmayə Rəfili və Nəzakət Ağazadə anamın ən yaxın rəfiqələri idi.Nəzakət xanım Cümhuriyyət Parlamanın sədr müavini, doktor Həsən bəy Ağayevin qızı idi, Rəfibəylilərlə ailəvi dost idilər.Həsən bəy Azərbaycanda bolşekiv çevrilişindən sonra Tiflisə qaçır,orada muzdlu qatil tərəfindən qətlə yetirilir.Sonralar Nəzakət xanım almanşünas kimi geniş şöhrət qazandı, elmlər doktoru oldu, lüğətşünas dilçi Əli(Əliheydər) Orucova ərə getdi.
Nəzakət xanım xarici səfər zamanı vəfat edir,cənazəsini təyyarəylə Bakıya gətirirlər.
Cənazəni qürbətdən
Təyyarəylə gətirdilər:
Qapadı dəmir yatağında
Vətən torpağına yetirdilər
Soyuq barmaqlarıyla
Yapışdı ürəyimdən,-
Bu dərd mənim,bu qəm mənim,
Nəzakət,Nəzakət,
Əziz, mehriban
rəfiqəm mənim.
Şeirdə Nigar xanım nisgilli xatirələrə də dalır, “uşaqlıq illərimiz yetimliklə,möhnətlə keçdi,gəncliyimiz qayğıyla,zəhmətlə” –deyir, “nə ata çörəyi yedik,nə gördük qardaş sovqatı, qamçıladı bizi acı-acı sərt üzlü yetimlik həyatı” – deyir.
Ömrün çətin yollarında
Bizə yar oldu Əli,Rəsul
Onlar açıqürəkli,
Qaynar məhəbbətli gənclər idi.
O zamanlar bizimlə
ünsiyyət bağlamaq,
Sadə sevgi deyil-
Böyük hünər idi...
Bu misralar da həmin şeirdəndir.
Rəsul Rzayla Nigar Rəfibəyli 1934-cü ildə nişanlanmış,bir yerdə Moskvaya təhsil almağa getmiş, 1937-ci il fevralın 11-də evlənmişlər. “Şairənin qisməti” adlı qiymətli məqaləsində( bu məqalə də qarşınızdakı kitaba daxil edilib) İlyas Əfəndiyev yazır ki, mən elə bilirdim Rəsulla evlənəndən sonra Nigar xanımın başından təhlükələr tamam sovuşubmuş.Demə belə deyilmiş.İlyas müəllimin xatırladığı faktdan məlum olur ki,NKVD daima Nigar xanımı izləyir, nəzarəti altında saxlayırmış.
Nigar Rəfibəylinin və anası Cəvahir xanımın başları üstündə dolaşan qara buludlar – həbs və sürgün təhlükəsi – 40-cı illərin ikinci yarısında tamamilə reallaşıbmış.Akif Rəfiyevin DİN arxivindən üzə çıxardığı sənəd bunu aydın sübut edir.Sənəddə deyilir:
Rəfibəyova Cavahir xanım,1888-ci il təvəllüdlü,Gəncənin keçmiş general-qubernatoru,1920-ci ildə sovet hakimiyyət orqanları tərəfindən güllələnmiş X.Rəfibəyovun arvadı.Oğlu Rəşid son vaxtlara qədər Moskvada təhsil alırdı.İkinci oğlu Kamil – müsavatçıdır, Türkiyəyə mühacirət edib.Hal-hazırda Kars şəhərində yaşayır.Türk ordusunda xidmətdədir. Müsavatın İstanbul komitəsiylə və türk kəşfiyyatıyla bağlıdır. SSRİ-yə qarşı aktiv kəşfiyyat işi aparır. (çekistələrin növbəti uydurması –Kamil dayı heç vaxt musavatçı olmayıb,nə türk ordusuyla,nə türk kəşfiyyatıyla əlaqəsi vardı, ömrü boyu Türkiyənin müxtəlif şəhərlərindən həkim kimi çalışıb – A.) Qızları Nigar Xudadat bəy qızının iki dayısı Türkiyədə mühacirətdədirlər. Ana və qız 1936-cı ilə qədər xariclə məktublaşırdılar. Hal- hazırda sovet hakimiyyətinə düşmən münasibət bəsləyirlər”.
Sənədin sonunda “Sürgün edilsinlər” təklifi və Qriqoryan imzası var. Bu həmin o Xoren Qriqoryandır ki,o illərdə Azərbaycan NKVD-sinin rəhbər işçilərindən biri idi.Bu həmin Xorendir ki, Azərbaycanda ziyalılara qarşı 37-ci il repressiyalarının fəal təşkilatçılarından biri olub və sonralar aşkar olunduğu kimi azərbaycanlıları,özəlliklə də Azərbaycan ziyalılarını məhv etməyi qarşısına məqsəd qoymuş daşnak imiş.Bu həmin Xorendir ki,Rəsul Rza “Qızıl gül olmayaydı” poemasında onun haqqında yazırdı:
Xorenlər iş başında
Ruhullalar zirzəmidə , can üstündə...
Xoren Qriqoryan 1956-cı ildə Mir Cəfər Bağırovun məhkəməsində ittiham olunaraq güllələndi.
Hazırda biz elə bir dövrdə yaşayırıq ki, əlinə qələm alan hər kəs sovet vaxtı yaşayan əcdadlarının görünməmiş igidliklərindən, inanılmaz cəsarətindən ağız dolu söz açır. “Flankəsi tutmaq istəyiblər,flankəsi az qala tutacaqlarmış” kimi şayiələr də baş alıb gedir.Amma kimisə tutmaq niyyəti haqqında bircə sənəd də üzə çıxmır.
Yuxarıda gətirdiyim sənəddə “Sürgün olunsunlar” təklifiylə yanaşı M.C,Bağırovun dərkənarı var :Ostavitğ. Yəni, “dəyməyin, qalsınlar”.Kim bilir kefinin hansı dəm çağında Bağırov ailəmizin taleyini həll edən belə bir qərarı verib.Bəlkə o vaxtlar artıq tanınmış şair və ictimai xadim olan Rəsul Rzanın ailəsini dağıtmaq istəməyib. Axı Rəsul açıq deyirdi,Nigarı sürgün etsələr mən də onunla gedəcəm və bu sözləri də şübhəsiz “hara lazımdı” çatdırırdılar.Hər halda bir bu Bağırov dərkənarıylı nənəmin,anamın,atamın və bizim – onların üç balasının taleyi həll olundu.
Valideynlərimizin,özəlliklə də nənəmizin Sibirdən qayıdıb-qayıtmayacağı məlum deyildi,bizi də – məni və iki məndən kiçik bacılarımı yəqin ki, ayrı-ayrı düşərgələrə göndərəcəkdilər və bir-birimizi bəlkə də əbədi itirəcəkdik.Yuxarıda gətirdiyim sənəd haqqında o vaxtlar bir şey bilməsələr də, sürgün təhlükəsinin nə qədər gerçək olduğunu aydın dərk edirdilər.Axı Rəfibəylilər nəslinin nümayəndələrini müxtəlif vaxtlarda doqquz dəfə sürgün etiblər. Qırxıncı illərdə anamın dayısı Fərrux bəyi arvadı Rəxşəndə xanımla sürgün etdilər, Cavad bəy də növbəti dəfə sürgünə göndərildi.Yaxşı yadımdadır o vaxtlar anam bütün günü nənəmgildə olurdu,gecə yarısı evə qayıdır və səhər tezdən Cavahir xanıma zəng edib guya qardaşı oğlunun səhhətiylə maraqlanırdı – səsini eşidib anasının tutulmadığına əmin olurdu.
Yar –yoldaşından aralanmış,
Dirilərin cərgəsindən
Adı,sanı qaralanmış
Nakamların qismətinə dözə bilmirəm,
Dərdinə,möhnətinə dözə bilmirəm.
Bu misralar da Nigar Rəfibəylinindir və ailəvi dostları Əhməd Cavadın,Rəsulun və özünün yaxın yoldaşları Müşfiqin,böyük Hüseyn Cavidin və yüzlərlə başqalarının aqibətini onlar da yaşaya bilərdilər.Qismət Bağırovun bir dərkənarından asılıymış.
Hüseyn Cavidin həyat yoldaşı Mişkinaz xanımın vəfatının təsiriylə yazılmış şeirində Nigar Rəfibəyli Zamana, Dövrana,daha doğrusu bu zamanı yaradanlara,bu dövranı idarə edənlərə qəlbinin əzablı suallarını verir:
Niyə axdı,niyə günahsız qanlar
Niyə susdu,niyə,soyuq vicdanlar?!
Əsrin cinayəti açılmayacaq,
tarix gizləyəcək varaqlarında
Sorsa da gələcək nəsillər,ancaq
Qalacaq suallar dodaqlarında.
Tarix gizlədəcək varaqlarında
Cavab verməyəcək nahaq qanlara
Cavab verməyəcək o dövranlara...
Əsrin vicdanında qalar bu ləkə
Adsız şəhidlərin tökülən qanı,
Soyuq vicdanları oyadar bəlkə
Oyadar qanlara batan dünyanı
Dünyadan cəfakeş bir ana getdi,
Ağır töhmət qoyub zamana getdi
Bir böyük şairin ilham məbədi
Yumdu gözlərini,yumdu əbədi
Qəlbi bala dağlı bir ana getdi
Ağır töhmət qoyub dövrana getdi...
Müstəqillik illərində aşkara çıxarılmış sənədlər və işıq üzü görmüş tədqiqatlar bəzi faktlara başqa gözlə baxmağa əsas verir. Əliheydər Qarayevin məlum və məşum məqaləsinə səbəb yalnız axtarış zamanı tapılmış şeir idimi?Xoren Qriqoryanın və xorenlərin Nigar Rəfibəyliyə qənim kəsilmələri yalnız onların azərbaycanlılara bəslədikləri nifrətləymi bağlıydı?Yalnız indi bildik ki,20-ci illərdə cavan müsavatçıların “Gənc Azər” adlı təşkilatları yaranıbmış. Bu təşkilatın fəaliyyətinə və darmadağın edilməsinə aid “Gənc Azər” adlı kitab 1993-cü ildə Bakıda nəşr olunub. Həmin kitabın 12-13-cü səhifələrində təşkilatın həbs olunmuş üzvlərindən birinin istintaqa verdiyi ifadə dərc edilib:
“Bir dəfə şagird Nigar Rəfibəyli mənə türk doktor Riza Nuri bəyin kitabını verdi. Bu kitabda doktor Azərbaycandan bəhs edərkən yazmışdır ki,Azərbaycan müstəqil olsa da lakin faktiki olaraq Rusiyanın müstəmləkəsi vəziyyətindədir.Mənim şəxsən yadımdadır ki,Əmin Abid 1927-28-ci illərdə sinifdə türk şairi Ömər Seyfəddinin “Bomba” hekayəsini oxudu. Hekayə mahiyyət və xaraktercə əksinqilabi idi. Əmin Abid özünə yaxın bildiyi şagirdlərə həmişə təklif edirdi ki,türk şairlərinin – pantürkistlərin əsərlərini oxusunlar”.
İfadədə deyilir ki, Pedtexnikumda oxuduğu illərdə Nigar Rəfibəyli ümumiyyətlə çoxlu türk jurnalı alırmış və bu ədəbiyyatla onu Pedtexnikumun müəllimi Əmin Abid təchiz edirmiş. İfadə verənin iddiasına görə belə kitab və jurnalları yaymağı Əmin Abid yalnız inandığı tələbələrinə etibar edirmiş.
Heç bir vaxt anamın dilindən belə bir təşkilatın varlığı,hətta guya onun üzvü olduğu haqqında bircə kəlmə də eşitməmişdik, müəllimləri sırasında da Əmin Abidin adının çəkməsi yadıma gəlmir. Yalnız yadımda o qalıb ki,Əmin Abidin böyük qardaşı Müznib haqqında deyirdi,zahirən çox çirkin kişi idi. Azərbaycan ədəbiyyatında anamın ən çox hörmət bəslədiyi iki şəxsiyyət Hüseyn Cavid və Cəfər Cabbarlı idi. “Müşfiqi düşünərkən” adlı yazısında Nigar Rəfibəyi qeyd edir ki, “ sevimli sənətkarım Cəfər Cabbarlı gəncliyimin fırtınalı illərində məni böyük qardaşı əvəz etmişdi”.
NKVD-KQB-nin Nigar Rəfibəyliyə xüsusi “diqqətinin” bir səbəbini də tədqiqatçı Nəsiman Yaqublu açır. “Nigar Rəfibəyli sovet dövründə niyə təqib edilirdi?” adlı yazısında ( “Yeni müsavat” qəzeti 1 avqust 2011) şairənin bəzi şeirlərinin Türkiyədə, mühacir mətbuatında dərc olunmasını qeyd edir.Məsələn Azərbaycan mühacirlərinin Ankarada nəşr olunan “Azərbaycan” jurnalında hələ anamın sağlığında (1979,№231) Nigar xanımın bu şeiri dərc edilib:
Uzaq ölkələrə,uzaq ellərə
Axışan buludlar,axan buludlar
Bir ilıq nəvaziş umarkən sizdən
Könlümü həsrətlə yaxan buludlar
Solan çiçəkləri siz öpərsiniz
Siz ey köksünüzdə örpək buludlar
Yanan səhralara su səpərsiniz
Ey atlas buludlar,ipək buludlar!
37-ci il olsaydı danosbazlar bu sətirləri qurdalayıb gör nə qədər antisovet mənalar çıxarardılar. Şükür ki,bu şeir Türkiyədə 1979-cu ildə çap olunub,daha bu sayaq şeytançılıqlara çox da fikir verilmədiyi, belə ucuz çuğulçuluğun vaxtı keçdiyi illərdə. Amma axır illərəcən hakimiyyət Nigar xanıma sonacan etibar etmirdi, ehtiyatla,müəyyən şübhələrlə yanaşırdı. Düz deyirlər ki, onun cənazəsinin Birinci Fəxri Xiyabanda Rəsul Rzanın yanında basdırılmasına icazə verməmək – sovet quruluşunun Rəfibəylilərdən aldığı son qisas idi.
Əlbəttə mən Nigar Rəfibəylinin bütün ömrünü başdan ayağa qəm-kədər içində yaşanılmış bədbəxtçilik kimi qələmə vermək istəməzdim. Bu ömrün işıqlı günləri,xoşbəxt illəri,ayları,günləri də az olmayıb.
Romantik,şairanə təbiətə malik olan Nigar sifətində xoşbəxtlik ifadəsiylə yalnız atalı-analı,qardaşlı,qayğısız uşaqlıq çağını deyil, Moskvada təhsil aldığı illəri də xatrlayardı.Ömrünün sonrakı mərhələlərində də ailə sevinclərindən qıtlıq çəkməyib.Qeyri-adi bir məhəbbətlə sevdiyi övladlarının, sonra isə nəvələrinin dünyaya gəlməsi ona sonsuz xoşbəxtlik bəxş edib.
Mən analıq duyğusunu
Qul etmədim şan-şöhrətə
Ən müqəddəs hisslərimi
Bağladım bir məhəbbətə...
Üç beşiyin arxasında
Bəzən sübhədək oturdum,
Nəğmələrdən,şeirlərdən
Mən onlara dünya qurdum.
Övladlarıyla,nəvələriylə bağlı qayğılar onu yaradacılıq həyatından ayırsa da, o tərüddüdsüz olaraq ikincini birinciyə qurban verirdi.Bu qurbanın təəssüfü yalnız bəzi şeirlərində yüngül qüssəylə əks olunub. Yaşlı vaxtının ən böyük sevinci qırx illik ayrılıqdan,xəbər-ətərsizlikdən sonra Türkiyədə qardaşı Kamillə qovuşması oldu.
İlk dəfə Türkiyə 1956-cı ilin 26 oktyabrında Rəsulla birgə “Pobeda” gəmisiylə Avropa səyahətinə çıxdıqları zaman gəlir. Məktublaşmaları 1936-cı ildə bir dəfəlik kəsilmiş Kamil haqqında heç bir məlumatı yox idi. Heç bilmirdi ,sağdırmı,bircə tibb təhsili alıb həkim işlədiyindən xəbəri vardı.Mənə danışırdı ki, bircə gün İstanbulda olduqları zaman küçələri dolaşdıqca həkimlərin lövhələrinə baxırdı, bəlkə birdən Kamil Rəfibəylinin adına rast gəldi.Təbii ki,Kamilin İstanbuldamı,Türkiyənin başqa şəhərindəmi yaşadığını da bilmirdi.Onu da bilmirdi ki,böyük qardaşı Bakıdakı qohumlarını qorumaq üçün soyadını dəyişmiş,Kamil Arran olmuşdu.O biri Rəfibəyli əqrabaları da eyni səbəbdən Sayqın və Əsgəran soyadlarını qəbul etmişdilər.
1956-cı ildə İstanbul təəssüratlarından iki şeiri qalıb.
İstanbulun üstündə duman pərdə-pərdədir
Türk qızı namaz üstə, yenə başı yerdədir
misralarıyla başlayan “Bosfor sahillərində” adlı şeir ateist sovet təbliğatının qəlibləri çərçivəsində yazılıb.İstanbulla bağlı dörd sətirlik şeirini isə bizə oxumuşdu,sağlığında çap etdirmədi. Ölümündən sonra biz nəşr etdik
İstanbul duman içində
Ürəyim güman içində
Ümidlərim puça çıxdı
Dağıldı bir an içində
“Güman” – həkim lövhələrinin birində qardaşının adına rast gələcəyiylə bağlıydı. “Ümidlərin puça çıxması” isə elə həmin gün İstanbuldan uzaqlaşan gəmidə keçirdiyi hisslərin ifadəsi idi – bir də heç vaxt qardaşını görə bilməyəcəyinin ovunmaz ağrısı....
Türkiyədən,Kamil bəydən ilk sorağı məşhur bəstəkar və dirijor,atamın yaxın dostu Niyazi gətirdi.Qardaş-bacı qiyabi də olsa bir-birini tapdılar,məktublaşmağa başladılar.Bu bəlkə anamın ən xoşbəxt günləri idi. Ailəmizdən Kamil dayının arvadı Rüqiyyə xanımı, övladları Aydını,Bertanı və Nigarı ilk görən biz – Zemfirayla mən olduq.1967-ci ildə,bir günlük İstanbul səfərimiz zamanı.Kamil dayı o vaxt başqa şəhərdə yaşayırdı.Bir neçə il sonra Kamil dayınını görüşünə Aydınla bərabər İzmir yaxınlığında Ayvalıq adlı yerdə gəldim.Məndən bir il sonra isə atamla anam da onunla görüşdülər. Bu görüşlərin xoşbəxt anları haqqında Nigar Rəfibəylinin bu kitaba daxil olan “Sağlıqla qall, yaxın qonşu” adlı Türkiyəyə səfər təəssüratlarında ətraflı söz açılır.Təkrar etməyəcəm.
Nigar Rəfibəylinin poeziyasında da,yol qeydləri də daxil olan prozasında da onun çəkdiyi daxili əzablardan yox,işıqlı duyğularından söz açılır.Səciyyəvidir ki, şeirlərindən biri “İşıqlı dünyam” adlanır.Şeirlərində “insana,təbiətə sonsuz məhəbbəti” ifadə olunur.Xasiyyətcə anam həyatsevər idi,dünyada da, insanlarda da ancaq yaxşı cəhətləri görmək istəyirdi. Ara-bir rast gəldiyi müzür adamlar haqqında isə zərif bir istehzayla yazırdı:
Biri rəsmi salamlaşıb keçir
Biri salam vermək əziyyətindən
uzaqlaşıb keçir
Biri salam vermir
rütbəsi böyüyəndə
Biri salamlaşmayır
yoldaşımla arası dəyəndə....
Rəsul Rzaya ara-sıra endirilən zərbələr Nigar Rəfibəylinin taleyinə də təsirsiz qalmırdı.Amma bununla bərabər xoşbəxtlikdə də, bədbəxtlikdə də həmişə Nigarın yanında Rəsul vardı – sevən həyat yoldaşı, etibarli dost, həmkar,arxa,onu hər bəladan qoruyan müdafiəçi...Rəsul Rzanın ən gözəl məhəbbət şeirləri Nigar xanıma həsr edilib.Nigar xanımın da ən incə şeirləri ərinə aiddir:
Yerdən gurultuyla qopub qalxan
təyyarələrin dalınca baxa-baxa qaldım
Uzaq dənizlərdə
Böyük gəmilərlə səni yola saldım
Stansiyalardan ayrılıb gedən
Qatarların arxasınca kövrəlib ağladım.
Həmişə sabaha,vüsala ümid bağladım
Havalar geniş,
Dəryalar dərin
nələr görür sənin işıqlı gözlərin.
Təbii ki,belə həssas şeirlərin yazılışına ayrılıq günlərində daha çox ehtiyac duyulur.Gündə gördüyün,hər zaman gözünün qabağındakı adam bir müddət səndən məsafə etibariylə uzaqlaşanda duyğular cəhətdən daha da yaxınlaşır,daha da məhrəmləşir , onun yanında olmadığını daha nisgilli hiss edirsən.
Bir son bahar da düşdü
Ömrümün təqvimindən
Nə sənə məhəbbətim
Nə həsrətim azaldı.
Özüm də heç bilmirəm
Niyə bir ömür boyu
Gözüm uzaq yollarda-
– sənin yolunda qaldı.
Bir qocaman dağ olsan
Səni vurub yıxardım
Ürəyimdən ən incə
teli necə qopardım?
Bir sən oldun könlümün
Yaxın dostu,həmdəmi
Sən olmasan tutmazdı
Bəlkə əlim qələmi
Sən olmasan baharın,
yazın ətri olmazdı.
Sən olmasan bir dünya
Sevinc belə çox azdı.
Baharın çiçəkləri
Açıb solmasın sənsiz
Ömrüm sənsiz olmasın,
şeirim olmasın sənsiz.
Hisslərinin ən kövrək çağı müharibə illərinə düşür.Rəsul hərbi müxbir kimi çalışdığı Krım cəbhəsindən Nigara yalnız şeirlər yox,müharibənin dəhşətli səhnələrini təsvir edən ətraflı məktublar da göndərirdi.Həmin kağızlardan bəziləri N.Rəfibəylinin bu kitaba daxil olan “Rəsulun məktubları” adlı yazısında yer alıb.Bu kitabdakı başqa bir mətndə – Nigar xanımın müharibə illərinə aid gündəliklərində –Rəsulun cəbhədə olmasıyla bağlı əndişələri,təlaşları canlanır...
Heç bir şey – nə bolşevik rejimi tərəfindən güllələnmiş qubernatorun qızıyla evlənmənin risqi,nə 37-ci ilin amansız sınaqları, nə sürgün qorxusu, nə müharibənin ölüm-dirim təhlükəsi,nə Nigar xəstəliyinin müdhiş diaqnozu,nə məişət problemləri,xırda-para umu-küsülər onları bir-birindən ayıra bilmədi.Onları həyat yox,ölüm ayırdı.Daha doğrusu həyatda onları bir-birindən ayırmağa gücü çatmayan Quruluş onları ölümlərindən sonra araladı.
Nigar Rəfibəylinin belə misraları var:
Mən ki,doymamışdım heç vüsalından
Mənə zülm elədi yaman ayrılıq
Nə olaydı bir gün durub yuxudan
Görəydim ki, olub yalan ayrılıq.
Biz ki,bir ruh idik iki bədəndə
O gülüb sevinsə gülərdim mən də
Vüsalın bülbülü uçub gedəndə
Daş kimi qəlbimdə qalan ayrılıq
Bu misralar da Rəsul Rzanındır:
Mən bütöv bir yuvaydım
Yel vurdu paralandım
Mən səndən ayrılmazdım
Zülmnən aralandım...
... və mən heç nə edə bilmədim.
Anamı ümumi qəbirstanlıqda öz anasının,nənəsinin, dayısının, dayısı oğlanlarının yanında basdırdıq.Dəfn etdiyimiz dəqiqələrdə qeyri-ixtiyarı anamın keşməkeşli taleyi haqqında düşünürdüm. Haçansa kübar, zadəgan ailəsində bir qız dünyaya gəlir. Başqa zadəgan ailəsi: bu qız bizim gəlinimiz olacaq deyə qoyun kəsdirir.Sonra siyasi tufanlar qopur, yeddi yaşlı qızın atasını qətl edirlər, qurban kəsənlər pərən-pərən olub dünyaya səpələnirlər. Balaca Nigar yeniyetməlik çağından öz əlinin zəhmətiylə çörəyini qazanır,özünü və anasını saxlayır,özgəsinin şerinə görə vicdansız təqiblərə və təhqirlərə düçar olur.Ala gözlü bir gəncə rast gəlir, onunla bir yerdə yeni həyata qovuşur, dünyanın ədalətinə və işığına iman gətirir, ömrünün ən gözəl illərini,yaradıcılığının ən qaynar çağını ailəsinə,üç balasına qurban verir,özü ağır xəstə olsa da xəstə ərinin yanından aralanmır,ona qulluq edir.Qadınlıq,analıq borcunu sona qədər yerinə yetirir.
... və indi – ərinin ölümündən sonra, öz ölümündən sonra yenidən ilk ailəsinin – çox sevdiyi Rəfibəylilərin yanına qayıdır.
Anamın bir şəkli də gözümün qabağına gəlirdi bu dəqiqələrdə: Moskva ətrafında, güllü-çiçəkli bir çəməndə çəkdirib bu şəkli.Çox cavandır,əllərində bir qucaq çöl çiçəkləri saxlayıb.
Mənə elə gəlirdi ki,o özü də bizim həyatımıza,hamımızın ömrünə bu güllər, çiçəklərlə dolu bir aləmdən gəlib və bir gün ora da çəkilib qeyb oldu...
Hamımızın ona borcu vardı,o isə özünü hamıya,o cümlədən xəstəliyi zamanı ərinin ala gözlərindəki yaşa borclu sayırdı:
Bir ömrü yüz ömrə calasan belə
İnsanlara borcum qurtarmaz mənim
Paylardım yurdumun çiçəklərini,
Azalaydı borcum kaş bir az mənim
Borcluyam həkimin nicat əlinə,
Vətən havasına, Vətən gülünə...
Borcluyam elimin şirin dilinə,
Bu doğma torpağa-daşa borcluyam.
Qardaş qayğısıyla sevən dostlara
Ala gözlərdəki yaşa borcluyam
Bir az da möhlət ver,aparma,ölüm
Qoy bu borclarımı qaytarım gedim
Dünyaya məhəbbət borcum var mənim
Qoy ki,haqq-hesabı qurtarım gedim.
Amansız ölüm möhlət vermədi:
Yuxuda dünyayla vidalaşırdım
Dünya gözəl idi,ayrılmaq çətin
Deyirlər,yaxşıdır qocalıb ölmək,
Belədir qanunu kor təbiətin
Dünyadan ayrılmaq çətindir,gülüm,
Tez də gəlsə,gec də aparsa ölüm
Həyatın günləri keçsə də acı
Ölümdən istəmir insan əlacı...
O xalqına,ədəbiyyatına, ailəsinə və balalarına,nəvələrinə borcunu artıqlamasıyla ödədi,amma biz ona borcumuzu daha heç vaxt ödəyə bilməyəcəyik.Onun hər yazılmamış əsərinin,yaranmamış şeirinin günahı bizdədir.Bizim hamımızda və bəlkə də ən çox məndə.Biz onun vaxtını qarət edirdik, yaradıcılığa aid olan hisslərini talan edirdik. Həmişə yanındaydıq,həmişə onu fikirlərindən ayırırdıq,daxili dünyasıyla baş-başa qalmağa,tənha olmağa imkan vermirdik.O isə atamdan fərqli olaraq tənhalığı sevirdi,heç vaxt öz-özüylə qalanda darıxmazdı.Belə tənhalıq dəqiqələri onunçün əlçatmaz xülya idi.İnsanlar içində tənhalıq yalqızlıqların ən ağırıdır. O uzun müddət ayrı düşdüyü yazı masası haqqında sanki qürbətçi Vətəndən danışan kimi danışır:
Üzərinə sarı xəzan yarpaqları tökülən
Soyuq bir xiyabana bənzəyir stolum
Vətəndən ayrı düşən,
Qürbətdən gələn
Vətən torpağına
Səcdə ilə əyilən
Həsrətli bir adam kimi
mən çıxıram aydın iş yoluma
Bir dost kimi qovuşuram yazı stoluma
Sevincim, qüvvətim, pənahım mənim
İş yerim, stolum, dəzgahım mənim.
Mənəvi həyat həsrətini “Mətbəx şeirlərində” bütün səmimiyyəti və ağrısıyla ifadə edib:
Qadın olmasaydım əgər,
Qazanların,qabların
Nimçələrin,çömçələrin
aləmindən qaçardım
Səhəri dəniz qırağında
Qayaların üstündə açardım...
Ürəyim bu mətbəx aləmində
yaman darıxır,
Mən bir azca da şairəm axı...
Nigar Rəfibəylinin sayca çox da olmayan şeirləri şairənin məişət üzərində, ailə qayğıları üzərində, siyasi təqiblər üzərində qələbəsidir.
Sanki öz taleyini nəzərdə tutaraq məşhur “Durna” şeirində yazırdı:
Mən
Yuxuda durna oluram
Gecələr.
Çırpıb qanadlarımı
yerdən üzülürəm
Geniş-geniş havalarda səf çəkən
Durnaların qatarına düzülürəm
Uçuruq uça bildikcə
Uçuruq diyar-diyar...
Uçuruq – qəlbimizdə
Torpaqdan aldığımız
ən şirin,
ən incə,
ən sevimli arzular
Uçuruq uça bildikcə
Bizə həsrət qalan ellərə
Qanad salırıq
Uca-uca dağların başında
Əylənib qonaq qalırıq
Torpağın ətrini aparırıq
ulduzların aləminə
Həyat səsi qatırıq göydə
Soyuq-soyuq işıqlanan
Ayın yalqızlıq qəminə
Səhər şəfəqlər oyadır məni
Sevinə-sevinə durub
qalxıram ayağa:
Sonra bütün günü
nə həvəsim olur,
nə macalım,
bir də yerdən üzülüb
durna olmağa.
Nigar Rəfibəylinin “Bahar” adlı bir şeiri də var.Şeirdə “pəncərənin önündə aram-aram puçurlayıb yarpaq açan,üzərinə qar kimi ağ çiçəklər tökülən bir ağac”təsvir olunur.Rəssam bu yaşıllaşan ağacın yarpaqlarını fırçasıyla kətana köçürür. Fəsillər dəyişir, “yaz gedir,yay ötüşür, budaqların üstünə qırov düşür”, “quşlar şux nəğmələrini” kəsir.
Dəyişdi təbiətin
Rəngi, əhvalı,
Yalnız dəyişmədi
Rəssamın bahara vurğun xəyalı.
O baharı yaradırdı
qəlbində bahar vardı.
Təbiətin və dolaşıq ictimai həyatın dəyişən fəsillərində – təhlükəli qış şaxtalarında da, aldadıcı yaz rüzgarlarında da,qızmar yayın atəşində də, payızın hüznlü yarpaq tökümündə də Nigar Rəfibəyli daima qəlbində baharla yaşadı və qəlbində baharı yaşatdı....
2013 may-iyun



