
Həyat, əhatəsində olduğumuz mühit qarşımıza çıxardığı hadisələr və insanlarda bizə çox şeyi dərk etməkdə, bir qədər əvvəl müəmmalı qalan suallara cavab tapmaqda heç də az əhəmiyyəti olmayan köməklik göstərir. Aldığımız biliklərlə yanaşı, bu təcrübələr öz növbəsində idrakımızı gücləndirir, zənginləşdirir.
Birbaşa mətləbə keçməmişdən əvvəl uzun müddət məni düşünməyə vadar edən, təbiətindəki sirlərə bələd olmaq sahəsindəki sönməyən maraq, həm də bu yazını qələmə almaqda müəyyən şəkildə səbəb rolunu oynayan bir insan barədə bəzi fikirlərimi bölüşmək istərdim. Onun xatirəsi dostlara, ünsiyyətdə olduğu bir çox adamlar üçün bu gün də əsasən ehtiramla yad edilir. Bir tələbə yoldaşımız səmimiyyəti ilə qəlbləri fəth etməyi bacarırdı. Onda nəsə bir cəzbedici xüsusiyyət var idi, bu da onun başqalarına xidmət göstərməyə hazır olması ilə əlaqədar idi. Təsadüfi deyil ki, bəziləri onu hətta günün “alter ego”su, “başqa mən”i edirdi. O, heç yaxın olmadığı adamlara kömək etmək üçün hansısa bir fədakarlıq göstərməyə də hazır idi. Bir sözlə, olstruistlərə xas olan bir qaydada istənilən əziyyətlərə qatlaşmaqdan çəkinmirdi.
Lakin elə təsəvvür yaranmasın ki, onu mələk kimi təqdim etmək istəyirəm. Başqaları kimi o da qüsurlardan bütünlüklə xali deyildi. Təbiətindəki hövsələsizlik, bəzən hətta elə bir səbəb olmadan özündən çıxma onun barəsindəki təsəvvürü korlayırdı. Ona xas olan tündməcazlıq, fransız dilində olduqca hədəfi vuran bir idiomda ifadə olunur: s’emporter comme une soupe au lait, hərfi tərcümədə bu “su şorbası kimi qızışan (başqa sözlə, köpüb, daşan)” mənasını verir. Onun da bu xüsusiyyəti bal dolu çəlləyə bir qanış qətran qatmaqla, bu balın dadını və rəngini korlamağa bənzəyirdi. Onun elə bir əsas olmadan hədyanlığa yaxınlarına da ondan uzaqlaşdırırdı. Onunla olan yaxşı münasibətin üzərindən tez-tez səmum yelləri əsirdi, təəssüf ki, heç bu məcranı dəyişmirdi, çat dənizdə öz mövcudluğunu itirən kimi, onun nisbətən gənc yaşında dünyasını dəyişməsi də yalnız bu konstrastlıq nümayişinə son qoydu.
Onun belə qütbvari dəyişikliklərinə heç kəs nə cavab, nə izah tapa bilirdi. Yalnız müalicə həkiminin söhbəti bizə bəzi şeyləri agah etdi. Uzun müddət o, mədə xorasından əziyyət çəkir və bunu çoxlarından gizlədirmiş. Davranışındakı əllaməliklər də yəqin ki, bu fəsadla bağlı imiş. Bu cəhət bizə məlum olduqda, ona güzəştə gedə bilmədiyimizə görə özümüzü qınamağa başladıq. Bəlkə də belə sərt reaksiyamızla onun taleyinə tuşlanan güllənin atılmasının bir müddətə də olsun qarşısını almaq əvəzinə, bu atəşin baş tutmasını və məhvedici olmasının sürətləndirilməsində biz də iştirak etmişdik.
Axı bəzi xəstəliklər, bəlkə də onların əksəriyyəti insanların şüuruna, hissiyyatına təsir etməmiş qalmır, çolaq adamın büdrəmə ehtimalı artan kimi, elə xəstələrin də psixiki durumunda neqativ xassəli dəyişiklik əmələ gəlir onlar səbirsiz olur, özündən çıxmaq üçün hansısa bir səbəb axtarmağa da ehtiyac duymur, bu yolla aldadıcı qaydada öz ağrısını azaltmağa çalışırlar. Bəzi xəstələrdə isə sağlam olan yaxın adamlarına qarşı müəyyən paxıllıq hissi yaranır, bu “sağlamları” öz xəstəliyində günahkar sayır, öz təxəyyülündə də olsa, onları edama məhkum etməkdə tez ötüb keçən bir təsəlli tapır. Bu zavallılar bilmirlər ki, dünyada tam sağlam adam yoxdur, diaqnostika elə inkişaf etmişdir ki, istənilən fərddə hansısa bir xəstəliyi tapmaq mümkündür. Bibliyanın “Ekkleziast” kitabının müddəalarına müəyyən qədər əsaslanaraq, böyük alman filosofu İmmanuel Kant göstərirdi ki, möhkəm sağlamlığa can atmaq da yaxşı fayda vermir, sağlamlığına tam arxayın olan adamlar bir qayda olaraq yaramaz, əxlaqsız hərəkətlərə yol verirlər.
Gec də olsa, mərhum dostumuzun “əsəb tutmalarına” müəyyən bir izah tapa bildik. Həm də onunla təsəlli tapırıq ki, onun nəcib xüsusiyyətləri xarakterindəki neqativ cəhətlərə tam üstün gəlirdi. Əgər qədim yunan mifologiyasında dostluq rəmzi sayılan Orest və Tilad həm də yaxın qohum idilərsə, tələbə yoldaşımız tam yad adamlarla dostluq edirdi, əgər Pilad dayısı Bilu Orestə görə o, məhkəməyə gəlib çıxmasa, edama məhkum edilməyə hazır idisə mərhum dostumuz başqaları naminə öz üzərinə olduqca ağır yükü də götürməkdən çəkinmirdi. Nələrdən agah olsaq da, onun xatirəsi qarşısındakı qəbahətimizi heç cür özümüzə bağışlaya bilməyəcəyik.
Azacıq dərinə nüfuz etdikdə görürsən ki, təkcə dərk edilən, sistemləşdirilən və müalicə yaşarı qismən də olsa bilinən xəstəliklər deyil, həyatın gözə görünməyən ziddiyyətləri kimi, elə amillər mövcuddur ki, biz bunu nəzərə almasaq da, onlar öz fəaliyyətlərini dayandırmır, insanın sağlamlığına, həyat tərzinə bu və ya digər dərəcədə mühüm təsir göstərmək fürsətini əldən vermirlər. Təbabət XXI əsrin başlanğıcında görünməmiş zirvələrə yüksəlmişdir, xəstəliklərin daha dərindən öyrənilməsi, müayinə edilməsi imkanları yaranmışdır, müalicə sahəsindəki bilik, vasitələr, texnikanın imkanları xəstəliklərə qarşı mübarizə arealının genişlənməsinə, müalicənin effektliliyinin artmasına şərait yaratmışdır. Cərrahiyyə, transplantasiya sahəsindəki yeniliklər, terapiyanın zənginləşməsi bu mübarizədə yaxşı qələbələrlə əlamətdar olmuşdur. İndi bədnam xəstəliklər ordusuna qarşı elmi cəhətdən sınaqdan çıxmış, ən mükəmməl texnoloji vasitələrlə silahlanmış təbabət çıxır. Və onun istedadlı nümayəndələrinə ünvanlanan, mühafizəçi mələklərə olan kimi, minnətdarlıq hissi nəcib adamların yaddaşını heç vaxt tərk etmir, bunların çoxluğu isə az sayda olan nankorların etinasızlığına da kompensasiya edir. Elə həkimlər vardır ki, öz uzun müddətli praktikası dövründə üç nəsli müalicə etmələri ilə öyünə bilər, vaxtilə xilas etdiyi uşaqlar sonra ata-anaya, baba-nənəyə çevrilərək, öz övladlarının və nəvələrinin səhhəti ilə əlaqədar olaraq yenə də həmin həkimə müraciət edirlər.
Lakin bu o demək deyildir ki, xəstəliklərə qarşı olan qüvvələr öz qəti zəfərini bayram edə bilər. Əlbəttə, vaxtilə dəhşətli bəla kimi qiymətləndirilən bir sıra infeksion xəstəliklərin yayılmasının qarşısı alınmış, onların müalicəsi daha böyük səmərə verməyə başlamışdır. İndi köhnə epidemiyaların yerini yeni meydana gələn növlər tutur. AİDS və ya qazanılmış immunodefisit sindromu adlanan xəstəlik Afrikanın bəzi ölkələrində az qala XVI əsrdə Avropada “Qara ölümün” – taunun yaratdığına bərabər olan bir qorxu haləsi meydana gətirmişdir. Toyuq və ya donuz qripi adlandırılan, vaxtaşırı yeniləşən və həm də başqa xüsusiyyətli viruslar geniş miqyaslı epidemiya təhlükəsi yaradır.
Biz öz yaşayışımızda və taleyimizdə baş verən dəyişikliklərə görə məlum olan, dərk etməyə qadir olduğumuz dünyanın təsirlərini nəzərə alırıq. Əgər kənd təsərrüfatı bitkiləri və onların məhsuldarlığı hər şeydən əvvəl təbiətin təsirinə məruz qalırsa, insanlar təkcə təbiətin deyil, həm də cəmiyyətin, dövrün, mühitin təsirindən kənarda qala bilmir. İnsan orqanizmi çox mürəkkəb olduğu kimi, əslində ayrıca planeti andırır və ona təsir edən amillər də saysız-hesabsızdır. Əgər Günəşdə baş verən bir partlayış insanın sağlamlığını müəyyən edən cəhətlərə, onun əhval-ruhiyyəsinə təsir göstərirsə, bizim hələ də bütünlüklə dərk edə bilmədiyimiz amillərin, digər canlı orqanizmlərin təsirini heç cür yaddan çıxarmaq, ən başlıcası, inkar etmək mümkün deyildir. İnsan orqanizmi təkcə hüceyrələrdən – əzələlərdən, oynaqlardan, sümüklərdən, həmçinin bədəni qidalandıran qan damarlarından və onların daşıdığı həyatverici mayedən ibarət deyildir. Əgər hüceyrələrdəki fermentlərin və ya enzimlərin fəaliyyəti dayansaydı, onda metabolizm adlanan maddələr mübadiləsi kəsilərdi.
Dar mənada götürdükdə, hüceyrə daxilində müəyyən maddələr ona daxil olan andan son məhsulların, məsələn, zülalların, qlükozaların və sairənin əmələ gəlməsini təmin edən aralıq mübadiləsi mümkün olmazdı. Bu bioloji katalizator orqanizmdə maddələrin çevrilməsini həyata keçirməklə, maddələr mübadiləsini istiqamətləndirir və nizamlayır. Ona görə hüceyrələrdə olan çox saydakı biokimyəvi reaksiyalara nəhəng sayda müxtəlif fermentlər həyata keçirir. Fermentlərin çoxu canlı hüceyrələrdən alındığına görə ferment preparatlar təbabətdə, yeyinti və yüngül sənaye sahələrində tətbiq olunur.
İnsan bədəni adlanan meşə, həm də onun ətrafı mikroorqanizmlər adlanan “bitkilərlə” doludur, onlar əsasən bir hüceyrəli orqanizmlər olmaqla, bakteriyadan, mikroskopik göbələklərdən və viruslardan ibarətdir. Mikroorqanizm növlərinin nəhəng müxtəlifliyi ilə seçilir. Onlar ümumiyyətlə, təbiətdəki maddələrin dövriyyəsində böyük rol oynayır, həm də fermentlər kimi yeyinti və mikrobiologiya sənayesində istifadə olunurlar. Patogen mikroorqanizmlər isə bitkilərin, heyvanların və insanların xəstəliklərini əmələ gətirir. Göründüyü kimi, mikroorqanizmlər insan bədəni üçün heç də hüceyrələrdən geri qalmayan əhəmiyyətə malikdir, lakin həm də bədəndə müəyyən xəstəliklərin yaranmasında rol oynamaqla, onlar müəyyən bir bəla mənbəyi hesab olunur. Buradan belə nəticəyə gəlmək olur ki, mikroorqanizmlər ambivalet – ikinci xüsusiyyətə malikdir, insan bədəni üçün həm dostdur, həm də düşməndir.
Ümumiyyətlə, insan bədəni uzun müddət bir sirli aləm olaraq qalmışdı və təbabət sahəsində çalışan dahilər öz təlimləri, icadları ilə bu naməlum dünyanın bir sıra cəhətlərini kəşf edə bilmiş və bu biliklər müalicə işinin sərəncamına verilmişdir. Təbabət başlanğıcdan və ilk inkişaf dövrlərindən əsasən empirizmlə qidalanmış, təcrübənin biliyin yeganə həqiqi mənbəyi olması ideyasını əsas götürməklə, utancaq addımlarını atmışdır. Ona görə də xəstəliklərin gözə görünən, anlaşılan siptomları əsasən ön plana çəkilirdi. Sonrakı dövrlərdə isə digər sahələrdə olduğu kimi, burada da rasionalizm üstün mövqelərə yiyələnməyə başladı.
Təbabət, insanların sağlamlığının qoruyub saxlamağa, xəstəliklər barədə xəbərdarlıq edilməsinə və onların müalicəsinə yönəldilmiş elmi və praktiki fəaliyyət sahəsi hesab olunur. Bir çox əsrlər ərzində bu ahəng yalnız təcrübə yolu ilə müalicə yolları və vasitələrini toplamış, onlar xalq təbabətinin əsasını təşkil etmişdir. Tarixin atası sayılan Herodot özünün məşhur “Tarix” kitabında yazırdı ki, Assuriyada xəstənin çarpayısına şəhərin baş meydanına qoyuldular. Meydandan gəlib keçənlər xəstəyə öz başlarına gələnlərdən danışıb, məsləhətlər verirdilər və bu nəsihətlər xəstəliyin sağalmasına köməklik göstərirdi. İlkin daha inkişaf etmiş sivilizasiyalarda digər elmlər təşəkkül tapmağa başladığı kimi, təbabət də elmi relslər üzərinə keçməyə başladı.
Qədim dünyadakı həkim sənətinin zirvəsini, bu sahənin pioneri sayılan Hippokratın fəaliyyəti təşkil edir. Bizim eradan əvvəl V-IV əsrlərdə yaşamış qədim yunan həkimi Hippokrat antik təbabəti ilk dəfə islahata uğratmışdı. Onun bu fəaliyyətini b.e.ə. VI əsrdə Afinanın siyasi sistemini islahata məruz qoymuş, yeddi müdrikdən biri hesab olunan Solonun nəcib işi ilə müqayisə hesab etmək olar. Qədim yunanlar cəmiyyətin, onun üzvlərinin sağlamlığına qayğı göstərmələri ilə seçilirdilər. Təsadüfi deyildir ki, təbabətin əhəmiyyətini nəzərə alaraq öz mifologiyalarındakı allahlar arasında həkimlik allahı Askletiyaya da pərəstiş qaydasında yanaşırdılar (Qədim romalılar isə digər mifoloji personajlar kimi onun da adını dəyişdirib, Eskulap adlandırırdılar). Mifologiyasında həkimlik edən allahın mövcudluğunu etiraf edən bir xalq hökmən onun inqilabı qaydada inkişafına qayğı göstərməli idi və göstərdi.
Hippokratın əsərlərində təsvir edilənlər kliniki təbabətin sonrakı inkişafının əsasını qoymaqla, orqanizmin bütövlüyü barədəki anlayışı, xəstə və onun müalicəsinə fərdi yanaşma qaydasını irəli sürürdü. Müalicədə üç tərəfin – xəstəliyin, həkimin və xəstənin iştirak etdiyini təsdiq etməklə, müalicənin uğurlu nəticəsinin, xəstənin həkimə köməklik göstərməsi ilə baş verdiyini vurğulayırdı. Anamnezi – xəstəliyin inkişafı barədəki və digər əlaqədar məlumatların məcmuu kimi və xəstəliyin diaqnozu, müalicəsi və profilaktikası üçün istifadə edilən bir metodu kimi praktikaya daxil etmişdi. Bundan əlavə o, xəstəliyin səbəbləri barədə təlimin müəllifi hesab olunur. Onun adı həkimin yüksək mənəvi siması və etik davranışının nümunəsi kimi qəbul edildiyindən, həkimlər bu sənət üzrə işləməyə başlamamışdan əvvəl “Hippokrat andı”nı içirlər, onu pozmaq bu müqəddəs sənətə xəyanət etmək kimi qiymətləndirilir.
Bizim eranın II əsrində yaşamış romalı Qalen antik təbabətin anlayışlarını sistemləşdirmişdi. Doqquz əsr sonra İbn Sina buna mühüm əlavələr etmişdi. Onun “Həkimlik elminin kanonu” kitabı Avropada böyük əks-səda doğurmuşdu. Qalenə gəldikdə, onun sistemi Yeni tarixin əvvəllərinə qədər təbabətdə hökmranlıq etmişdi. Qladiatorların cərrahı olan Qalen böyük təcrübə əldə etməklə, ilk dəfə olaraq bütöv insan orqanizminin anatomik – fizioloji təsvirini vermişdi və anatomiya və fiziologiya və profilaktikanın əsası olduğunu bildirmişdi. O, damarlarda havanın cərəyan etməsi barədəki yanlış fikirləri rədd edib, orada qanın axdığını tibb elminə daxil etmişdi. İngilis həkimi, müasir fiziologiyaın və embriologiyanın banisi olan Uilyam Harvey (1578-1657-ci illər) qan dövranının böyük və kiçik dairələrini təsvir etdi, qan barədə təlimini işləyib hazırladı.
Sonrakı tibbi kəşflər, praktikanın təkmilləşməsi bu dahi insanların yaratdıqları möhkəm əsaslar üzərində inkişafına müəyyən ardıcıllıq verdi.
Müasir dövrdə isə tibb elmi və praktikası qarşısında daha böyük vəzifələr, hələ də bağlı qalan sirlərin açılması işi durur. Təəssüf ki, elmi axtarışların mikroorqanzim aləminə müdaxiləsi də zəif getmişdir. Yalnız son onilliklərdə gen mühəndisliyinin nailiyyətləri gözə görünməyən, lakin insan üçün nəhəng əhəmiyyətə malik olan təəccüblü, sıx məskunlaşmış mikroorqanizm dünyasına kiçik də olsa, pəncərə açmağa imkan verdi. Kainatın öyrənilməsi çətin və mürəkkəb olduğu kimi, insan bədəni də məchul sayılan sirlərlə doludur. Bizim daxilimizdə və ətrafımızda bakteriyalar, göbələklər və viruslar dünyası məskunlaşmışdır. Alimlər bunu “mikrobiom” adlandırırlar. Onların ağlasığmayan çoxluğuna görə belə bir qənaətə gəlmək olar ki, Yer kürəsi isnanlara, heyvanlara, quşlara, həşəratlara məxsus olmaqdan daha çox məhz bakteriyalar planeti hesab edilməlidir. Doğrudan da Yer kürəsi əhalisinin sayı 7 milyard olduğu halda, təkcə bir insan bədənində sayı on trilyonlarla ölçülən mikroorqanizmlər vardır. Onların planetdəki sayının isə həddi bilinməyən bir rəqəmlə də ifadə etmək olduqca çətin işdir. Yer üzündə insan sakinləri ilə bakteriya sakinləri arasında bir .... ziyanına olan belə nəhəng say fərqinə görə, planetimizi daha çox bakteriyalar məkanı adlandırmaq olardı. Məşhur fransız sualtı dünyanın tədqiqatçısı Jak İv Kusto da Yer kürəsinin əsas hissəsini okeanlar və dənizlər təşkil etdiyinə görə, planetimizi “Su kürəsi” adlandırmağı təklif edirdi. Bakteriya məkanı titulu kimi, belə adlanmanın özü də xeyli dərəcədə həqiqətə uyğun olardı.
Son 150 il ərzində tibb elmi və praktikası nə qədər inkişaf etsə də, mikrobiom əsasən qalın naməlumluq dumanı arxasında gizlənmiş olaraq qalmışdır, onun tədqiq edilməsi sahəsindəki işlər məhz buna görə güclü təkan təsiri bağışlayır və belə kəşflər təbabətə olduqca böyük fayda verə bilər. İndi alimlər anlayırlar ki, mikroblar insanın nəinki düşməni, həm də onun müttəfiqi ola bilər. Mikroorqanizmin düşmən kimi qiymətləndirilməsinə gəldikdə, latın dilində “virus” sözü “zəhər” mənasını verir.
İnsan bədənində mikrofloranın tarazlığı mühüm əhəmiyyətə malik olduğundan, alimlər ona nəzarət etməyi öyrənmək istəyirlər. Bu məqsədlə yüzlərlə növdəki mikroorqanizmlərin xüsusiyyətlərini aşkar etməyə can atırlar. Əsas hədəf isə heç də bu deyildir, virusların və bakteriyaların hansısa bir qatilinin törədicisini tapmaq daha vacib vəzifə hesab olunur.
İndiyə qədər belə bir təsəvvür hakim kəsilmişdir ki, insan yalnız hüceyrələrin məcmuudur, insan bədəni onlardan düzəlir. Bu hüceyrələrin sayı 10 trilyondan yuxarıdır, lakin bu rəqəmə 100 trilyon hüceyrəni də əlavə etmək lazımdır, axırıncılar insan bədənində məskunlaşan mikroorqanizmlərdən ibarətdir. Buradan belə bir nəticəyə gəlmək olar ki, tədqiq edilən insan ona bilavasitə məxsus olan hüceyrələrin 10 faizini özününkü hesab edir. Deməli, güzgüyə baxan hər kəs yalnız hüceyrələrin birlikdə təşkil etdiyi on faizdən əmələ gələn bədəni müşahidə etmək imkanına malik olur.
Müasir dövrdə, irsiyyət nəzəriyyəsinə, genlərin təsirinə maraq böyük olduğundan, bu irsiyyət daşıyıcılarının miqdarı da az əhəmiyyətli məsələ deyildir. İnsan orqanizmində genlərin sayı təqribən 21 mindir. Bu rəqəmin üzərinə insan bədənində məskunlaşan 8 milyon geni də əlavə etmək lazımdır və onlar insan bədənində məskunlaşan mikroorqanizmlərdən ibarətdir. Axırıncılar heç də həyat səhnəsindəki laqeyd statistiklər olmayıb, böyük fəaliyyət subyektləridir. Onlardan çoxu qidanı həzm etməkdə, immun sistemimizi möhkəmləndirməkdə, bizim genləri işə salmaqda və “dayandırmaqda” kömək edirlər – bir sözlə, yaşamağımıza köməklik göstərirlər. Burada ingilis şairi Con Donnun yazdığı “heç bir insan özünə qapılmış ada deyildir. Hər bir insan materikin bir hissəsidir” kimi müdrik sözlər necə də yerinə düşür. Heç də təsadüfi deyildir ki, Nobel mükafatı laureatı, Amerika yazıçısı Ernest Heminquey özünün “Zənglər kimin üçün çalınır” romanının bu kəlamını epiqraf kimi seçmişdir.
Onu da qeyd etmək lazımdır ki, insan genomunun öyrənilməsinə böyük ümidlər bəslənsə də, bu tədqiqatlar gözlənilənlərin əksinə, heç də yeni müalicə metodlarının meydana çıxmasına gətirib çıxarmadı. Onlar, nəzəri cəhətdən mikroorqanizmlərin ayrı-ayrı qruplarını idarə etmək üsullarını tapmağa kömək etməlidir. Mikrobiomu tədqiq etmək lazımdır ki, diabet və həddən artıq kökəlmə problemlərini həll etmək mümkün olsun.
İnsan mikrobiomunun xəritələşdirilməsi təbabət üçün nəhəng fayda verə bilər. Tədqiqatlar göstərir ki, hər bir adam yalnız ona məxsus olan unikal mikrofloraya malikdir. Ayrıca bir adamın mikroflorasının xarakteristikaları arasındakı fərq onun fərdi qida rejimindən, ailəsinin tərkibindən, xəstəliyinin tarixindən, milli və regional mənsubluğunun xüsusiyyətlərindən asılıdır. Bura həm də çox sayda başqa xüsusiyyətin faktorları da əlavə etmək olar və onların hamısı bu və ya digər dərəcədə rol oynamamış qalmır. Məsələn, insanın bağırsaqlarında bəzi elə bakteriyalar məskunlaşa bilər ki, onlar bir sıra dərman preparatlarının müalicə effektinin xarakterini ümumiyyətlə, dəyişdirər, elə edə bilər ki, həmin dərman preparatı neytrallaşsın, təsirinizə çevrilsin. Əgər xəstənin fərdi mikrobiomu öyrənilsə, bu vaxt dərmanın seçilməsi, heç şübhəsiz, xeyli sürətlənəcək və onun təsiri daha səmərəli olacaqdır.
Yaxşı cəhət orasındadır ki, son vaxtlar arıq hətta mütəxəssis olmayanlar da mikrobiom haqqında müəyyən məlumatlara yiyələnmişlər. Bəzi tədqiqatlar bu məsələyə marağı xeyli artırmışdır. Vaşinqton universitetinin apardığı bir tədqiqatın həddən artıq kökəlməsilə bağırsaqların mikroflorasının keyfiyyəti arasındakı əlaqəni müəyyən etməsi buna misal ola bilər. Tədqiqat aşkar etdi ki, izafi çəkidən əziyyət çəkən siçanların bağırsaqlarında bir növ, arıq siçanlarınkında isə tam başqa növ bakteriyalar vardır. Onları eyni dieta ilə yemləyirdilər, lakin birinci qrup qidadan daha çox kalori mənimsəyirdi və bu vaxt xeyli piy yığırdı. Eyni vəziyyət insan orqanizmində də baş verir. Aydın oldu ki, nəyə görə çox sayda adam yeməyin adicə iyindən kökəlmələrindən şikayətləndiyi halda, onların arıq dostları həmin yeməyi heç bir problemlərlə üzləşmədən asanlıqla udurlar.
Belə eksperimentlər insan mikrobiomuna olan münasibətdə, onun öyrənilməsinə böyük həvəs göstərməklə xarakterizə olunan dəyişiklik yaratdı, əvvəllər isə alimlərin çoxu ona müəyyən iyrənmə qaydasında yanaşırdı. Bu ona bənzəyir ki, oxucular Conatan Sviftin “Qulliverin səyahəti” əsərindəki bir hissəyə görə onu sevsəydilər, bu hissədə isə bir tələbənin insan eksperimentindən onu əmələ gətirən maddələri təkrarən bərpa etmək sahəsində apardığı təcrübə təsir edilir. Belə bir hadisə rus yazıçısı Vladimir Voykoviçin satirik “Əsgər İvan Çonkin” romanında da rast gəlinir. Həvəskar bioloq olan kolxoz mühasibi eyni xassəli bədən tullantısından spirt çəkir və həmin içki ilə əsgər Çonkini qonaq edir. Hər iki hadisə iyrənc, ikrah doğuran hisslər yaratsa da, belə qəribə “əlkimyaçılıqları” təsvir edir. Mikrobioma da əvvəllər vasvası qaydada münasibət bəsləyənlərin bəzilərinin öz mövqelərini dəyişib, bu problemə ciddi yanaşmaları yalnız rəğbət hissləri doğura bilər.
Mikroflora isə faktiki olaraq insan orqanizminin bütün hissələrində iştirak edir. İnsan bədənində onların bütünlükdə 10 mindən çox növü vardır. Bədənin hissəsindən asılı olaraq onların sayı da dəyişir. Ağız boşluğunda və bağırsaqlarda məskunlaşan mikroorqanizmlərin sayı arasındakı fərq çox böyükdür. 2010-cu ildə aparılan tədqiqat göstərmişdir ki, sağ və sol əldə məskunlaşan mikroorqanizmlər bədəndə məskunlaşan mikroorqanizmlərin ümumi sayının yalnız 17 faizini təşkil edir.
Mikrobiom problemi ilə məşğul olmayan adama elə gələ bilər ki, mikroorqanizmlərin çəkisi, kütləsi yoxdur. Bu özlüyündə yanlış fikirdir. Materiya özünə məxsus olan əsas xüsusiyyətləri qoruyub saxlayır. Nyutonun ümumi cazibə qanununa müvafiq olaraq, bütün materiya növləri arasında, elementar hissəciklərdən tutmuş göy cisimlərinə qədər, qarşılıqlı əlaqələr mövcuddur, bura universal qravitasiya təsiri də daxildir.
(Ardı var)



