
iqtisadiyyat üzrə fəlsəfə doktoru
Bu gün Avropa mənəvi tənəzzül qarşısındadır. Bunun ən mühüm səbəblərindən biri ənənəvi dəyərlərin itirilməsi və əvəzində çoxluğun maraqlarına xidmət etməyən süni modellərin dəyər olaraq təqdim olunmasıdır. Müasir Avropa uzun əsrlər mövcud olmuş klassik Qərb dəyərlərini belə əks etdirmir. Belə görünür ki, demokratiyanın üçüncü dalğası cəmiyyətin daxili əsaslarına, insanların şəxsi həyatına, ailə dəyərlərinə müdaxilə etdiyi üçün Qərb transformasiya mərhələsindən öz dəyərlərinin özəyini təşkil edən elementləri itirməklə keçmişdir. Nəticədə transformasiya mərhələsi Qərb üçün süni dəyər oriyentirləri yaratdı. Bu ilk növbədə özünü ailə dəyərlərinə münasibətdə göstərir.
Tarixən Avropada ailə ənənələri çox ciddi nizam-intizamla qorunub. Ailə sağlam bünövrə və möhkəm əsas sayılırdı. Boşanmalar cəmiyyətdə mənfi hal kimi qiymətləndirilirdi. Cəmiyyətin qınağı hər bir ailə üçün əsas meyar idi. Katolik qayda-qanunlar ailə dəyərlərini pozanlara qarşı şəriət qanunları qədər kəskin olmuşdur. Orta əsrlərdə puritanlıq konservativ ər-arvad münasibətlərinə hörmət üzərində qurulmuşdu.
Müasir dövrümüzdə isə Qərbdə ən mühüm tendensiya "Mavi Avropa”dır. Cinsi azlıqlar cəmiyyətdə üstün mövqeyə malik kateqoriya kimi qiymətləndirilir. Belə olmasaydı, günümüzdə Avropanın uğurlu inteqrasiya modeli hesab edilən Avropa İttifaqına üzvlük üçün belə cinsi azlıqlara hörmət əsas şərtlərdən biri kimi tələb olunmazdı.
Avropada cinsi azlıqların cəmiyyətdə mövqeyinin artması keçən əsrin 50-ci illərindən sonra başlamışdır. Ilkin mərhələdə cinsi azlıqlara sadəcə dözümlü yanaşılırdı. Daha sonra şou-biznesdə və incəsənət adamları arasında bu cür adamların sayı artdı. Mətbuatın, xüsusən də televiziyaların bu tendensiyanı artıq Qərb cəmiyyətinin xarakterik xüsusiyyəti kimi təqdim olunmasında böyük rolu oldu. Nəticə isə özünü çox gözlətmədi. Günümüzdə Avropada artıq siyasətçilər də daxil olmaqla cəmiyyətin bütün təbəqələri arasında cinsi azlıq nümayəndələri ən ön sıralardadır. Hətta bəzi ölkələrdə onların təmsil olunduqları partiyalar seçkilərə belə təsir etmək iddiasındadır. Əslində sual yarana bilər ki, burda təəccüblü nə var ki? Demokratik prinsiplərə əsasən bütün insanların hüquqları bərabərdir. Bu zaman təzadlı bir paradoks yaranır. Avropada müxtəlif ölkələrdə aparılan sosioloji sorğular göstərir ki, əksər hallarda rəyi soruşulanların ən azı 50%-i cinsi azlıqların cəmiyyətdə rolunun artırılması təşəbbüslərindən narazıdırlar. Demokratiya çoxluğun tərəfində durmalıdırsa, bu çoxluğun seçiminə niyə hörmət edilmir?
III minillikdə isə cinsi azlıqlarla bağlı yeni bir trend yaranmışdır. Artıq cinsi azlıqların cütlükləri Qərb cəmiyyətində bəzən nümunəvi ailə modeli kimi təqdim olunurlar. Belə cütlüklərin heç bir dəyəri əks etdirməyən həyat tərzi azad seçim olaraq yüksək qiymətləndirilir. Son 50 ildə Avropanın qazandığı bu imic əslində uzun əsrlər boyu "Qoca qitə”də günah sayılan bir tabu olmuşdur. Kilsə Avropanın ənənəvi dəyərlərinin qoruyucusu olaraq bu günahı törədənləri tonqalda yandırmışdır.
Hazırkı "Mavi Avropa” tendensiyası bütün bu toxunulmaz hesab olunan tabuları alt-üst etməkdədir. Doğrudur Avropada bu tendensiya yenilik deyil. Qədim Roma imperiyasının son dövrləri təxminən eyni mənzərəni canlandırırdı. Tarixi məlumatlara görə həmin vaxt həmcins intim münasibətlər, qadınlar və kişilər arasında pozğunluq adi yaşayış tərzinə çevrilmişdi. Bunun isə acı nəticəsini Avropa bir neçə yüz illik mədəni inkişaf səviyyəsindən geri qalmaqla ödədi. Roma imperiyası dağıldıqdan sonra həmin dövrün inkişaf səviyyəsinə Avropa dövlətləri yalnız orta əsrlərdə gəlib çata bildi.
Bu gün Avropada boşanmaların sayı, donor valideyn övladları, homoseksuallıq ənənəvi ailə dəyərlərinin tənəzzülünün göstəricisidir. Uzun əsrlər boyu ailə dəyərlərinin qoruyucusu olan katolik kilsəsinin özündə belə çoxlu homoseksualistlərin olması adi hala çevrilib. Hətta mətbuatın iddialarına görə, papa XVI Benediktin istefa verməsinin səbəbləri arasında Vatikanda Kilsə şurasında qey lobbisinin də rolu olmuşdur. Bu qey lobbisinin mövcudluğunu yeni papa Fransisk də etiraf etmişdir.
Ailə dəyərləri genetik kod, tərbiyə, valideyn-övlad münasibətləri üzərində qurulur. Klassik çoxnəfərli ailə belə cəmiyyətdə vahid dəyərlərin daşıyıcısı hesab olunur. Qərblə müqayisədə Şərqdə, xüsusilə də müsəlman Şərqində bu dəyərlər daha davamlı və möhkəmdir. Müsəlman ölkələrində islam dini ailə dəyərlərinin əsasında dayanan ən mühüm faktorlardan biridir. Qərbdə bu gün təkvalideynli ailələr, övladsız ailələr və müvafiq olaraq övlad əvəzinə ailə üçün sevimli heyvan saxlamaq, artıq bir çox ölkələrdə hüquqi razılıq verilən həmcinsli "ailələr” cəmiyyətin gələcəyini təhlükə altına qoyur. Genetik kod daşımayan nəsil artımı Avropa üçün yaxşı heç nə vəd etmir. Digər tərəfdən homoseksual ulduzların televiziyalarda, şou-biznesdə təqdim olunan lüks həyatları, ailə və ya cəmiyyət qarşısında heç bir məsuliyyət daşımayan həyat tərzləri yeni nəsil arasında təşviq edilir. Bir çoxları üçün bu cür həyat ideal model kimi qəbul olunur.
Son illər Avropanın əksər ölkələrində demoqrafik artım müşahidə olunmur. Əhali artımı olsa belə, bu artıq miqrantların hesabınadır. Vatikan bununla bağlı həyəcan təbili çalır. Vatikan rəsmilərindən rahib Pyero Qeddo İngiltərənin "Daily Telegraph” qəzetinə müsahibəsində bildirmişdir ki, "Avropalı xristianlar daha çox övlad sahibi olmalıdır. Yoxsa Avropada müsəlman əhalinin sayı sürətlə çoxalacaq və bu yerlərdə islam dini hakim olacaqdır. Abort və dağılan ailələr səbəbilə İtaliyada əhali sayı hər il 130 min nəfər azalır, ölkəyə bir il ərzində gələn 200 min nəfərlik leqal miqrantlardan yarısı isə müsəlmandır”.
Müşahidələr göstərir ki, miqrantlar yerli əhaliyə nisbətən ailə dəyərlərinə daha sadiqdirlər. Müsəlmanlara gəldikdə isə onlar nəinki ailə, hətta qonşuluq və qohumluq dairəsinin əhatə olunduğu milli-dini dəyərlərə əsaslanan həyat tərzinə üstünlük verirlər. Bu tendensiya isə Avropanın gələcəyinin müqəddəratına təsir edəcək məqamdır. Avropada demoqrafik artımın immiqrasiyanın və miqrantların növbəti nəsillərinin hesabına baş verdiyini nəzərə alsaq bu amilin gələcək üçün həlledici faktor olması şübhəsizdir. Hazırda immiqrasiya daha çox müsəlman ölkələrindən olduğu üçün Avropada islamafobiya meylləri də müvafiq olaraq güclənməkdədir.
Günümüzdə islamafobiya II dünya müharibəsində faşizmin yerini tutmağa yönəlmişdir. Yəni, özününkü olmayanların məhvinə. Sadəcə olaraq vasitələr bir qədər dəyişmişdir. İndi söhbət fiziki məhvdən daha çox mənəvi dəyərlərin məhvindən gedir. Qərb öz daxilində mənəvi dəyərlərin böhranının qarşısını almağı bu böhranın digər cəmiyyətlərə keçirilməsində görür. Belə olmasaydı dünyada cinsi azlıqların təbliğ və təşviqinə, gender bərabərliyi və qadının cəmiyyətdə rolunun artması adı altında ailələrin dağılmasına, azad vətəndaş adı altında valideyn-uşaq münasibətlərinə, sosial media azadlığı adı altında ailə tərbiyəsinə yönəlmiş addımlarını bütün dünyaya sırımağa çalışmazdılar. Bütün bunlara müəyyən qrup insanların hüququnun qorunması donu geyindirmək isə başqa mətləblərdən xəbər verir. Fransada iki həmcinsin evliliyinin müxtəlif media orqanları vasitəsilə qlobal səviyyədə təbliği bunun artıq bir "ailə modeli” kimi reklam olunduğunu göstərir.
Beləliklə, boşanmaların sayının artması, övladsız birliyə əsasən ailə, müəyyən dövr üçün birgə həyata əsaslanan vətəndaş nikahı üzərində qurulan ailə, cəmiyyətdə cinsi azlıqların həyat tərzinin ailə modeli kimi təqdim olunması və s. Qərbdə ailə dəyərlərinin mənəvi aşınmasını göstərir. Belə olan halda isə Avropanın demoqrafik gələcəyi təhlükə altındadır. Avropa isə bu təhlükənin qarşısını almaq üçün mənəvi tənəzzüldən çıxış yolları tapmaq əvəzinə bu cür həyat tərzinin bütün dünyada genişləndirilməsinə səy göstərir. Demoqrafik vəziyyətdə balansın qorunmasını tənəzzülün qlobal çərçivədə yayılmasında görürlər. Dünyanın ayrı-ayrı bölgələrində isə bu tendensiyaya qarşı duranlara müxtəlif insan haqları, azad vətəndaş cəmiyyəti və digər adlarla təzyiq göstərirlər. Ənənəvi dəyərlərə sadiq qalan İslam dünyasına qarşı bu təzyiq özünü islamafobiya meyllərində göstərir.
Beləliklə, Avropada güclənən islam faktoru müəyyən dairələr tərəfindən islamafobiya meyllərinin daha da kəskinləşdirilməsinə səbəb olur. Bunu ilkin olaraq əsrlər boyu islam dini daşıyıcılarını yad və düşmən kimi qiymətləndirən bir baxışın nəticəsi hesab etmək olar. Lakin reallıq budur ki, Qərbdə mətbuatda, cəmiyyətin aktiv siyasi qruplarında, siyasi partiyalarda, qeyri-hökumət təşkilatlarında, dini cəmiyyətlərdə müəyyən qruplar və onların siyasi havadarları tərəfindən istiqamətləndirilən islamafobiya Avropanın elə özünün gələcəyi üçün təhlükə yaradır. Müəyyən dairələrin bunu istəyib-istəməməyindən asılı olmayaraq islam dəyərləri artıq Qərbin bir hissədir. Buna tolerant yanaşma olmasa, islam faktoru Qərb dəyərlər sistemində öz layiqli yerini tutmasa bu ilk növbədə Avropanın gələcəyi üçün problemə çevriləcəkdir.



