(Əvvəli ötən şənbə saylarımızda)
Bundan bir qədər əvvəl baş verən hadisələr Midin necə böyük səhv etdiyini açıq şəkildə göstərir.
Gettisburqda döyüş 1863-cü ilin iyulunun ilk üç günü ərzində keçdi. 4 iyulda yağan leysan yağış bütün ərazini suya basdı və Federal qüvvələrə onsuz da məğlub olan general Li Cənuba geri çəkilməyə məcbur oldu. Stixiya da federalların xeyrinə öz mərhəmətli işini görmüşdü. Birliyin bu qələbəsi Konfederasiyanın xarici dövlətlər tərəfdən tanınması perspektivinə bütünlüklə son qoydu.
Təbiətin döyüşə, müharibəyə müdaxiləsi bəzən gözlənilməyən nəticələrə səbəb olur, hətta məğlubiyyət qarşısında olan ordunu qalibə çevirir, bəzən isə müdafiə olunanı məğlubiyyətdən xilas edir. 1812-ci ildə ingilislər Vaşinqtonu tutanda Ağ Evi və Kapitolini də oda vermişdilər. Prezident Ceyms Medison paytaxtdan qaçmağa məcbur olmuşdu. Bu vaxt başlanan tufan, leysan yağış və tornado ingilisləri ABŞ paytaxtını tərk etməyə məcbur etmişdi, amerikalıların biabırçı məğlubiyyətinin isə qarşısını almışdı.
B.e.ə. 216-cı ildəki Kann döyüşündəki nəhəng qələbədən sonra Karfagen sərkərdəsi Hannibal Romaya hücum etməyə tələsməmiş, vaxtı uduzmuş, bir müddətdən sonra Roma ətrafında hərbi düşərgə salıb, ona hücuma hazırlaşanda üç gün davam edən leysan yağış onu bu fikirdən daşındırmış, o, orduya geri çəkilmək əmrini vermişdi. Sonra o, öz qoşunu ilə birlikdə vətənə dönməli olmuş və 201-ci ildə isə Karfagen ağır məğlubiyyətə uğramışdı.
Rus qışı və şaxtası, bunu Qərbdə çox vaxt “general qış” və “general şaxta” adlandırırlar, Napoleonu ağır əzablara düçar etməklə, Rusiyadan qaçmağa məcbur etmiş və onun ordusunun yalnız 30 mini və ya 5 faizi vətənə dönə bilmişdi. Hitlerin “blitskriq” - “ildırımsürətli müharibə” planı baş tutmadıqda, Rusiyanın sərt qışı alman ordusunu bütünlüklə məğlubiyyətə aparan dəhşətli səhnələrlə üzləşdirmişdi.
Gettisburqda da təbiət general Liyə belə gözlənilməyən “hədiyyə” vermişdi. Özünün məğlub olmuş ordusu ilə o, Potomak çayının yanına gəldi. Onun arxasında Federal ordu dururdu. Bu, göydən düşən bir tələ idi. Balıq tora salınsa, oradan çıxa bilməzdi. Konfederat ordusunun xilas olması mümkün deyildi və Linkoln bunu başa düşürdü. Allahın göndərdiyi əla imkan yaranmışdı, Linin ordusunu əsir götürmək və elə o saatca müharibəni qurtarmaq olardı. Belə bir ümidlə sevinən Linkoln general Midə əmr etdi ki, hərbi şura çağırmağa vaxt itirmədən cənublulara bilavasitə hücum etsin. Öz əmrini o, teleqrafla verdi, sonra xüsusi kuryer də göndərdi ki, təxirəsalınmaz tədbirlər görülsün.
Bəs general Mid nə etdi? O, əmrin tam əksinə hərəkət etdi. Linkolnun əmrini pozub, şura çağırdı və qətiyyətsizlik, əslində, qorxaqlıq göstərib, vaxtı nəhayətsiz qaydada uzatdı, müxtəlif bəhanələrlə hücum etməkdən tam imtina etdi. Bir qədər sonra çayda suyun səviyyəsi endi və cənubluların ordusu Potomakı keçib, tələdən xilas ola bildi. General Midin bu vaxt baş verən belə sərkərdəlik “qabiliyyəti” Birliyin müharibəni başa çatdırmasına mane olan ciddi bir faktor kimi özünü göstərdi. Onu da qeyd etmək lazımdır ki, Mid sonralar qətiyyətlə vuruşmuş, qəti qələbənin qazanılmasına öz töhfəsini vermişdi.
Linkoln qəzəblənmişdi, oğlu Robertə dedi ki, onlar, demək olar ki, bizim əlimizdə idilər, azacıq cəhd kifayət idi ki, hər şey başa çatsın. Lakin mənim dediklərim və etdiklərim ordunu yerindən tərpədə bilmədi. Belə şəraitdə hər bir general Lini məğlub edə bilirdi. Mən özüm ora getsəydim, onu darmadağın edərdim.
Alicənablıq və vicdanlılıq Linkolnun təbiətindən irəli gəlirdi
Çox əsəbiləşən Linkoln Midə göndərmək üçün məktub yazdı. Həyatının bu dövründə o, çox mülayim, ifadələrində isə təmkinli idi. Ona görə də məktub nə qədər yumşaq tərzdə olsa da, ən ciddi töhmətə bərabər sayıla bilərdi: “Əziz general! Güman edirəm ki, Siz Linin geri çəkilməsi ilə meydana gələn bədbəxtliyin miqyasını təsəvvür edə bilmirsiniz. O, demək olar ki, bizim əlimizdə idi və bizim bu yaxınlardakı digər uğurlarımızla yanaşı, onun ordusunun tutulması müharibəyə son qoyardı. Siz keçən bazar ertəsi Liyə hücum etmək istəmədiniz, indi Siz bunu necə edəcəksiniz, axı artıq o, çaydan cənubdadır. Siz isə onda malik olduğunuz həmin qüvvənin 2/3-ni özünüzlə götürə bilərsinizmi? Ağılsızlıq olar ki, ümid edəsən və mən bunu gözləmirəm ki, Siz indi çox şeyə nail ola bilərsiniz. Siz əla imkanı əldən verdiniz, bununla da xüsusilə ordunu ruhdan saldınız”.
Bəs Linkolnun məktubunu aldıqda o, nə etdi? Məsələ ondadır ki, Mid heç vaxt bu məktubu görmədi, çünki Linkoln onu göndərməmişdi. Linkoln öləndən sonra məktub prezidentin yazıları arasında tapıldı.
General Midin qorxaqlığı, uğur vəd edən hücumdan imtina etməsi kəskin məzəmmətə, bəlkə də, cəzaya layiq idi. Axı Li məğlub edilsəydi, müharibə 1 il 9 ay əvvəl başa çatardı, xeyli az qan tökülərdi. Lakin Linkolnun alicənablığı, başqasının ləyaqətinə hədsiz hörmətlə yanaşması Midin adi məzəmmət edici sözlərdən də kənarda qalmasına şərait yaratmışdı.
Linkoln bütün məsələlərdə öz vicdanlılığını qoruyub saxlayır, özünə isə heç nədə güzəştə getmirdi. O, özünün təmiz vicdanı ilə öyünə bilərdi. O, cavanlığında da vicdanlılığı ilə başqalarından seçilirdi. O, ehtiyac zəminində də öz xarakterinin nəcibliyindən irəli gələn hərəkətlər edirdi. Bir dəfə 1839-cu və ya 1840-cı ildə gözəl bir qızla tanış olmuş, qız onun nə işlə məşğul olduğunu soruşduqda o, səmimi cavab vermişdi. Qız bir qədər etirazdan sonra onun istəyini məmnun etməklə razılaşmışdı. Linkoln və qız ehtiras alovlarını söndürdülər. Hər şeyin icrası başa çatdıqdan sonra Linkoln qızdan nə qədər pul verməli olduğunu soruşduqda, qız “5 dollar” cavabını verdi. Linkoln özünü lazımınca təqdim etdiyindən, bu vaxt bildirdi ki, onun yalnız 3 dollar pulu vardır. Qız “yaxşı” deyib razılaşdı və əlavə etdi ki, iki dollara görə sənə inanıram. Lakin Linkoln fikirləşib dedi ki, yox mən borclu kimi buranı tərk etmək istəmirəm. Mən kasıb adamam, bilmirəm ki, sonrakı dollarım haradan gələcəkdir. Səni də aldatmağı özümə rəva bilmirəm. Qız 3 dolları ondan almadı və dedi:
- Mister Linkoln, sən indiyədək gördüyüm ən vicdanlı adamsan.
Yüngül əxlaqlı bir qız da onun vicdanlılığını müəyyən etməyi bacarmışdı.
Bu hadisəni Linkolnun Sprinqfilddən olan köhnə dostu Spiid danışmışdı və əlavə etmişdi ki, nə baş verdiyini o, özü sonralar mənə söyləmişdi. Qız özü əvvəlcə bunu ona danışmış, Linkoln isə həmin əhvalatı sonralar xatırlamışdı.
Bəlkə də, yüksək vicdanlılığına görə o, öz uşaqlarının səhvinə də bütünlüklə kor idi.
Arvadına gəldikdə, onun özünü biabır edən həyasızlığına, nadanlığına, əsassız qısqanclığına da o, güzəştlə yanaşırdı. Merinin şıltaqlığına, ağılsız təkidlərinə o, boyun əyməli olurdu. Linkolnu xəbərdar etmişdilər ki, ictimai yerlərdə iştirakdan çəkinsin, çünki sui-qəsd ehtimalı müharibədən sonra azalmaq əvəzinə daha da artmışdır. Özü tamaşaya baxmağa getmək istəməsə də, arvadı Meri guya aktrisanın son çıxışı olacağını bəhanə edərək, ağılsız təkidini davam etdirmiş və Ford teatrına getməyə onu razı salmışdı. Bu teatrın lojası isə onun aqoniya çarpayısının başlanğıcı oldu. Ölümcül yaralanmış Prezident, yəqin ki, hətta danışmağa imkanı olsaydı, ağılsız arvadını onu ölümə məhkum etdiyinə görə yenə də məzəmmət etməkdən çəkinərdi.
Lakin Linkoln müharibə dövrünün zəruri diktəsindən də yayına bilmirdi. Ona görə də bəzən demokratiyanı məhdudlaşdırmaq istiqamətində də addımlar atırdı. Müharibə başlayanda, 1861-ci ilin aprelində o, “Habeas Corpus”-un fəaliyyətini dayandırdı, bu isə insan haqlarına hörmətsizlik idi. O, tənqid hədəfinə çevrilsə də, Cənubda ABŞ-ın bütün qanunlarının zorakılığa məruz qaldığını buna haqq qazandıran səbəb kimi göstərmişdi. Lakin Medisonun vaxtında bu tədbirə əl atılmamışdı. Çünki o vaxt müharibə bu miqyasda deyildi və əhalinin böyük əksəriyyətini əhatə etməmişdi, müqayisə olunduqda, həmin müharibə lokal xarakter daşıyırdı.
Vaxtilə qoca siyasətçi Blerin Linkolna dediyi kimi, qələbə nəyin düz, nəyin əyri olduğu sualına heç vaxt cavab vermir. Qan axıdılan bir münaqişədə əldə edilən qələbə bütün suallara cavab verir, səhvləri və ədalətsizlikləri də ört-basdır edə, malalaya bilir.
Vətəndaş müharibəsi ölkə vətəndaşlarını iki cəbhəyə bölüb, üz-üzə gətirib, döyüşdürdüyünə görə daha sərt xarakter daşıyırdı, burada “Habeas Corpus”un prinsiplərinə sadəlövhlüklə riayət etməklə, adamları səfərbərliyə almaq, həm də xainləri layiqincə cəzalandırmaq mümkün olmazdı.
Gettisburq nitqi
Prezident Gettisburqa gəldi, onu Syuard, Bler və Aşer müşayiət edirdi. 19 noyabr 1863-cü il günü hələ də isti hava var idi. Gettisburq qələbəsi münasibətilə təşkil edilən tədbirdə köhnə məşhur natiq Eduard Evert öz gələcək çıxışını Prezidentə göndərmişdi, o, iki saat danışacaqdı.
Onlar sonrakı günün səhəri Qəbiristanlıq təpəsində oldular. Yeddi qubernator da burada idi. Bu vaxt Sattanoqa döyüşü başlanmışdı. Qrant hücum edirdi. Mitinqdə Evert çıxış etdi. O, oturanda Linkoln öz kağızlarını çıxartdı və eynəyini taxdı. Hərarətli alqış səsləndi və o, çıxışına başladı. O, çıxışında dedi: “Bu müharibənin böyük döyüş səhnəsində biz qarşılaşdıq, millətin yaşaması üçün onların qurban verdikləri həyatlarının, uyduqları son mənzildə bu həsr olunmalarının bir hissəsini gördük. Bizim elədiklərimiz bütünlüklə faydalı və düzgün idi. İgid adamlar, yaşayanlar və həlak olanlar burada mübarizə apardılar, buna özlərini həsr etdilər. Burada bizim dediklərimizə dünya az diqqət verəcək və ya uzun müddət xatırlamayacaqdır. Onların burada etdikləri isə heç vaxt unudula bilməz. Burada mərhum olanlar əbəs yerə həlak olmamışlar, millət Allahın himayəsi altında azadlığa yeni doğuş verdi və bu xalqın hökuməti, xalq vasitəsilə olan hökumət, xalq üçün olan hökumət Yer üzündən silinməyəcəkdir”.
Bu nitq tarixdə Linkolnun Gettisburq çıxışı kimi məşhur oldu.
Linkoln ikinci müddətə prezident seçilir
1864-cü il prezident seçkisinə namizəd kimi generallar Makklellan və Qrant da qatılmışdılar. Linkoln isə Baltimorda Respublikaçılar partiyası tərəfindən yekdilliklə namizəd göstərilmişdi. Linkoln deyirdi ki, mənə heç nə saxlanmamışdır, mən isə hələ prezidentəm. Ona imkan verilməlidir ki, həyata keçirmək üçün seçdiyi işi başa çatdırsın. O, dinc qaydada vəzifədən getmək istəyirdi. Qoy, onun təhlükəli yerinə daha yaxşı adam gəlsin. O deyirdi ki, bu, bir faktdır ki, sən və sənin ən yaxşı adamın mənim yasıma gələ bilər, bu münaqişə başa çatanda mən qurtaracağam. Elə bil ki, o, taleyinin necə bir acı şəkildə başa çatacağını hiss edirdi.
8 noyabr 1864-cü ildə, cümə axşamı Vaşinqtonda yağış yağırdı. Həmin gün prezident seçkisi gedirdi. Prezident parkı sarı palçıq dənizinə çevrilmişdi. Axşam saat 7-yə yaxın o, yazı masasının arxasında idi. Axşam saat 9-da məlum oldu ki, o, öz doğma ştatında irəlidədir. Massaçusetsdən də məmnunedici xəbərlər gəlirdi. Nyu Cersi Makklellana tərəf sürüşməyə başlamışdı. Nyu-Yorkda da Makklellanla müqayisədə üstünlük Linkolnun tərəfində idi, burada qubernator Horatsio Seymur isə məğlub olmuşdu. Ohayoda da Respublikaçılar qalib gəldi. Ancaq o düşünürdü ki, Nyu-York ştatında uduzacaqdır. Ağ Evin işçisi ona dedi ki, artıq seçkidə qalib gəlmisən. Syard Prezidentə dedi ki, onlar sənə, həmçinin, orduya, Birliyə, özlərinə, son dörd ildə gördükləri işə və bütün öz həlak olanlarına loyallığını nümayiş etdirirlər.
Linkoln şampan qədəhini qaldırıb dedi:
- Mənə səs verdiklərinə görə şərəf duyuram. Şərəf duyur və təəccüblənirəm.
(Ardı var)