
Sevgi ən parlaq rəngdi... Həyatı “Özün rənglə” jurnallarına bənzətsək, sevgini ağ-boz rəsmlərə vurduğumuz gözqamaşdırıcı rəng hesab edə bilərik. Ondan istənilən səhifəyə bir nöqtə də düşsə, xoşbəxtsən... Amma sevgi rənginin özünü də dolğunlaşdıran, cəlbedici edən nələrsə var. Həyatı özün rənglədiyin kimi, sevgini də Özün parıldatmalısan. Məncə, əsas şərtlərdən biri, bəlkə də birincisi SİRRdi. Sevgini sirr kimi ürəyinin dərin guşəsində qoruyub saxlamalısan. Yalnız ikinizə agah olmalıdı... Elə ki onu gün işığına çıxardın, elə ki eksponat kimi hər yetənə göstərdin, rəngi qaçacaq, bozlaşacaq. Bu məqamda elə “hər yetən”in də məhəbbətini rəngsizləşdirməkçün dəridən-qabıqdan çıxmasından, xoşbəxtsən deyə yuxusunun qaçmasından xeyli danışmaq olar. Ancaq indi məsələ bunda deyil. Çünki sevgi adlı sirrini yadlara açdınsa, ilk ziyankar özün oldun. Günahı başqalarının boynuna atma.
... Səbrin, gücün çatsa, sevgini dərinləşdirmək, daha da fərqli, parlaq etmək üçün kənar effektlərə ehtiyacın olmayacaq. Özün yaradacaqsan o effektləri.
Molla Pənah Vaqifin “Başına döndüyüm, toy adamları” misrası ilə başlayan qoşması bu mənada maraqlıdı. Çox qeyri-adi və şirin bir oyun var bu şeirdə. Şair toyda qoşma deyir, hamı eşidir, amma söhbətin kimdən getməsini, xitabın kimə olunmasını yalnız bir adam bilir. Və şairin ustalığı bundadı ki, yarızarafat, yarıciddi dediyi misralarda sevgisini də, sevincini də, gileyini də, dərdini də tam çatdıra bilir. Məncə, aşiqin eldən ar eləyib adını demədiyi, Filankəsin Qızını rəqsə dəvət etmək fikri yoxdu. Bu, sadəcə bir bəhanədi, priyomdu. Toyda bundan gözəl nə demək olar ki?! Vaqif poeziyasının ən üstün cəhətlərindən biri, realizm, canlı təsvirlər bu şeirdə də Filankəsin Qızı haqqında bütöv təsəvvür yaratmağa imkan verir. Aşiqi həsrətdə, intizarda saxlayan, dərdlərə salan tuba boylu, boyu novrəstə, hər əlinə bir danə üzük alan yeniyetmə, növcavandı.
...Şeirin əsas açarı isə “Nə müddətdi ona güvənən bizik” misrasındadı. Bəli. Məhz güvənmək. İnsan yalnız güvəndiyi, inandığı adama belə açıq ismarışlar yollaya bilər. Və əslində həyatına qatdığın rənglərin ən gözəl çalarları sevgi ilə güvəncin qarışığından alınır. Belə olanda necə istəsən, rahat, arxayın yaşaya, gizlində sevə, aşkarda zarafatla, üstüörtülü ismarış göndərə, sevgini min il qoruya bilərsən... Təki güvən!
Molla Pənah Vaqif:
“... Ona güvənən bizik!”
Başına döndüyüm, toy adamları,
Siz də deyin: toya gələn oynasın,
Adını demərəm, eldən ayıbdır,
Filankəsin qızı, filan oynasın.
Nə müddətdi ona güvənən bizik,
Həsrətin çəkməkdən canımız üzük,
Hər əlinə alıb bir danə üzük,
Üzüyü dəstinə alan oynasın.
Bir tuba boyludur; boyu novrəstə,
Həsrətin çəkməkdən olmuşam xəstə,
İşarət eylərəm anlayan dosta,
Dostunun qədrini bilən oynasın.
Mən Molla Vaqifəm, eylərəm əfğan,
Gözlərim də yaş yerinə tökər qan,
Uzun boylu, yeniyetmə, novcavan, –
Məni bu dərdlərə salan oynasın.



