İyunun 1-də “Azərkitab” Mərkəzində Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatı və Rəssamlar İttifaqının dəstəyi ilə, 1 İyun Uşaqların Müdafiəsi Gününə həsr olunmuş sərgi-tədbir keçirilib.
“Uşaqları sevgimizlə qoruyaq” adlı tədbirdə tanınmış ictimaiyyət nümayəndələri, incəsənət xadimləri, sənətsevərlər, sərgi iştirakçısı rəssamlar və jurnalistlər iştirak ediblər.
Tədbirdən öncə Qarabağ müharibəsində həlak olmuş uşaqların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. “Azərkitab”ın rəhbəri Sabir Həsənov balacaları bayram münasibətilə təbrik edib, kitabın insan həyatındakı önəmindən danışıb və mərkəzin hər zaman onların xidmətində olduğunu vurğulayıb.
Layihə rəhbəri Elnurə İsgəndərova çıxışında bildirib ki, dövlətimiz hər zaman gələcəyimiz olan uşaqların qayğısına yüksək səviyyədə qaldığı kimi, biz də onları diqqətdən kənarda qoymamalıyıq. Gözəl, sağlam, vətənə, millətə bağlı, savadlı gələcək istəyiriksə, mütləq övladlarımızı bu ruhda tərbiyələndirməliyik.
Sərginin təşkilatçısı Aygün İsgəndərova qeyd edib ki, burada təsviri sənətin bütün növləri üzrə 100-dən çox rəssam 150-yə yaxın işi ilə qatılıb.
Uşaqları bayram münasibətilə təbrik edən Əməkdar artist Elxan Quliyev tədbirdən öncə sərgi ilə tanış olduğunu və balaca rəssamların əl işlərini çox bəyəndiyini vurğulayıb.
Tədbirdə çıxış edən gənc yazar Şahanə Müşfiq uşaqlara xoş arzularını çatdırıb və özünün “Bir qızım gələcək dünyaya” şeirini səsləndirib.
Sonda iştirakçılar diplom və sertfikatlarla təltif olunub.
MEHRİ