"Naftalan - 2018" Mültidisiplinar Beynəlxalq Elmi-Praktik Konfrası AMEA və Yüksək Texnologiya Parkı, A. İ. Qarayev adına Fiziologiya İnstitutu və Naftalan şəhər İcra Hakimiyyətinin təşkilatşılığı ilə keçirilib.
Konfrasda azərbaycanlı mütəxəssislərlə yanaşı, Gürcüstan, Çexiya və Qazaxstandan gələn tədqiqatçılar da iştirak ediblər.
Tədbirdə çıxış edən AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov Naftalan neftinin müalicəvi xüsusiyyətləri, habelə təbabətdə istifadə imkanlarının genişləndirilməsinin daha ətraflı araşdırılmasının zəruriliyini vurğulayıb.
O, Naftalan neftinin tərkibinin, insan orqanizminə təsirinin, bu və ya digər xəstəliklərin müalicəsində istifadəsinin öyrənilməsi üçün molekulyar biologiya səviyyəsində tədqiqatlara da geniş yer verilməsini də faydalı sayaraq, "Naftalan - 2018" Mültidisiplinar Beynəlxalq Elmi-Praktik Konfrasın bu məqsədlə təşkil olunduğunu bildirib. Ə. Əmiraslanov ölkədə tibb turizminin inkişafı istiqamətində görülən işlərə diqqət çəkərək, konfransın bu sahədə də faydalı ola biləcəyini deyib.
AMEA Gəncə Regional Bölməsinin akademik-katibi, akademik Fuad Əliyev Naftalan neftinin sadəcə Azərbaycan yox, dünyanın sərvəti olduğunu vurğulayıb. O bildirib ki, bu sahədə ilk tədqiqatlar A.İ. Qarayev adına Fiziologiya İnstitutu tərəfindən aparılıb. İstifadə edilən Naftalan neftinin təkrar emalının mümkünlüyü məsələsinə toxunan akademik-katib qeyd edib ki, bu, 40-a yaxın xəstəliyin müalicəsində faydalı olan unikal neftin daha səmərəli istifadəsinə gətirib çıxara bilər.
İki gün davam edən konfransda "Naftalan neftinin bioloji təsirinin tədqiqi: tarix, müasir vəziyyət və inkişaf prespektivləri", "Tibbi-bərpa strukturlarında təklif edilən müalicə xidmətlərinin keyfiyyətinin artırılmasının vacibliyi. Təbii ehtiyatların istifadəsində elmi tədqiqatların aparıcı rolu", "Müalicəvi Naftalan yağı əsasında yeni dərman preparatlarının yaradılması prespektivləri" kimi mövzular ətrafında mühazirələr dinlənilib. Gürcüstan, Çexiya və Qazaxstanda tibbi-bərpa və sanatoriya-kurort xidmətlərinin təşkili, təcrübə və prespektivlərindən söz açılıb.
Qeyd edək ki, hazırda Naftalanda 10-dək müxtəlif miqyaslı sanatoriya fəaliyyət göstərir. Bu turizm-müalicə mərkəzlərinin gün ərzində 2 mindən artıq qonağa xidmət göstərmək imkanı var.
Zakir MURADOV
Gəncə-Naftalan