15 iyun özünün çox yüksək mahiyyəti ilə hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilmişdir.
Adından da göründüyü kimi, müasir xilaskarlıq tarixinin başlanğıcı olaraq 25 il əvvəl Naxçıvan Muxtar Respublikasından bu həyati əhəmiyyətli gün başlandı. Bir tərəfdən tarixi düşmənlərimiz ermənilərin torpaqlarımıza təcavüzü, bir tərəfdən daxili siyasi sabitliyin olmaması, digər tərəfdən isə sosial və iqtisadi sahələr də daxil olmaqla, ölkənin hərtərəfli inkişafını məhdudlaşdıran hadisələrin cərəyan etməsi bir an öncə çıxış yollarının tapılmasını tələb edirdi. Mövcud vəziyyət ürək ağrısı, ruh düşkünlüyü, ümidsizlik yaratmaqla insanların sabaha olan inamlarını da qırmışdır. Bir sözlə, gedən neqativ proseslər ictimai-siyasi, sosial-iqtisadi və digər sahələrdə Azərbaycan Respublikasının milli maraqları üçün təhdid yaratmaqda idi. Dövlət idarəçiliyinin heç bir tənzimləyici mexanizmlərinin olmaması ölkədə xaos, nizamsızlıq, qarışıqlıq toxumlarının səpilməsi üçün şərait yaratmaqda idi.
Belə bir vaxtda təcrübəli, müdrik, qayğıkeş, canı və gözü qədər vətənini sevə biləcək rəhbərə, humanistliyə önəm verən ağsaqqala hava və su qədər zəruri ehtiyac var idi. Həmin dövrdə Naxçıvan Muxtar Respublikası böyük siyasətçi, uzaqgörən lider Heydər Əliyevin rəhbərliyi altında daxili və xarici təhlükələrdən qorunmaqla ictimai-siyasi, sosial-iqtisadi və digər sahələr üzrə sabitliyini bərqərar etmiş, onu möhkəmlətmiş və bütün sahələr üzrə inkişafın təməllərini qoymuşdur. Talenin muxtar respublika əhalisinin üzünə gülməsinin ən gerçək ifadəsi idi ki, 1991-1993-cü illərdə burada ulu öndərin təşəbbüsü ilə nəinki, daxili və xarici sahələrdəki istənməz hallar aradan qaldırıldı, hətta Onun dünyamiqyaslı nüfuzu nəticəsində qonşu ölkələrlə münasibətlər bərqərar edildi ki, bu da ümumilikdə ölkəmizin yeni iqtisadi və siyasi şərait üçün perspektivlər açmaqda idi.
Bu vəziyyətdə qədirbilən xalqımız dahi rəhbərin ölkə rəhbərliyinə yenidən Qayıdışını tələb edir, bu isə ancaq tarixi Qurtuluş demək idi. Bununla da müasir dövrün ən qürurverici tarixi kimi 15 iyun 1993-cü ildə böyük Heydər Əliyev xalqının və ürəyinin səsinə səs verdi. Mövcud fəlakətdən ölkəsini və xalqını xilas etmək üçün xilaskarlıq missiyasını və məsuliyyətini üzərinə götürdü. Ən çətin anlar idi. Dünyanın siyasi xəritəsindən silinmə təhlükəsi ilə qarşı-qarşıya gələn Azərbaycan elə dünyanın gözü qarşısında çox ciddi sınaqlara məruz qalmışdır. Ancaq dahi Heydər Əliyevin böyük dövlətçilik təcrübəsi, müdrik idarəetmə bacarığı, aparıcı dövlətlər və onların başçıları arasındakı güclü nüfuzu bütövlükdə dünyanın yanaşma və baxışlarına, ölkəmizə olan münasibətlərinə dəyişiklik gətirdi. Yadlaşan, düşmənləşən, uzaqlaşan müasibətlər doğmalaşdı, dostlaşdı və yaxınlaşdı.
Artıq hadisələrin gedişi Azərbaycanın xeyrinə dəyişirdi. Ölkəmiz 1994-cü ilin may ayının 12-də təcrübəli rəhbərinin sayəsində torpaqlarında baş alıb gedən erməni təcavüzünə son qoyaraq müharibəni atəşkəslə əvəz etməyi bacardı. Bununla da analar oğul dərdindən, bacılar qardaş harayından xilas oldu, evlərə gələn şəhid xəbərləri vətənə xidməti borcunu bitirən övladların təxrisi müjdəsi ilə əvəzləndi. Bu, böyük Heydər Əliyevin elə böyük xilaskarlıq missiyasının təsdiqi idi. Atəşkəsin bərqərar olması imkan verdi ki, ölkədə tam siyasi sabitlik yaradılsın, güclü Milli Ordu formalaşaraq daha da təkmilləşsin, hərbi məğlubiyyət və özünü müdafiə hərbi və informasiya hücumu və bu sahədəki qələbələri ilə daha da zənginləşsin.
Qeyd edək ki, ölkəmizdə Milli Qurtuluşla başlanan proseslər bu günlərə qədər şərti olaraq ayıracağımız bir neçə mərhələni təşkil etməkdədir:
- sabitlik. İlk olaraq, ulu öndərin ikinci dəfə siyasi hakimiyyətə tarixi qayıdışı ilə təmin edilən sağlam ictimai-siyasi, sosial-iqtisadi, mədəni-hüquqi və digər sahələrdəki mühit;
- inkişaf. Müasir iqtisadi şəraitə xas olan qanunlar əsasında islahatların başlanması, iqtisadiyyatın sahə strukturunun bu fonda təşkilatlanması və yeni idarəetməyə doğru inamlı addımların atılması;
- inteqrasiya. Dünyanın yeni çağırışlarına və ölkənin zaman keçdikcə qazandığı inkişaf səviyyəsinə uyğun olaraq, beynəlxalq təşkilatlarla etibarlı əməkdaşlıqların yaradılması və dünya miqyasında nüfuzlu mövqeyə sahib olması və s.
Təbii ki, bütün bu proseslər Azərbaycan Respublikasının müasir dövrdə fəth etdiyi yüksək zirvələrin başlanğıcını qoymuş oldu:
- ardıcıl uğurlara, yüksək perspektivlərə malik olan layihələrə start verildi ki, bu da ölkənin müasir milli iqtisadi quruculuq proseslərinin əsaslarını yaratmış oldu;
- neft sektorundan səmərəli istifadə etməklə qeyri-neft sektorunun güclü dayaqları yaradıldı;
- regionların sosial-iqtisadi inkişafında tənzimləyici mexanizmlərin rolu və əhəmiyyəti yüksəldildi. Bu, istehsalın daha daha çox regional mahiyyətinin üstünlük təşkil etməsinə imkanlar açdı;
- daxili təlabatın yerli məhsullar hesabına ödənilməsi sahəsində yüksək səmərəliliyə malik həm infrastruktur, həm də investisiya siyasətinin əsasları qoyuldu;
- bu isə milli iqtisadi inkişafda regionların çəkisinin daha da artmasına gətirib çıxardı və s.
Tərəddüd etmədən qeyd edə bilərik ki, bu gün Milli Qurtuluş bütün regionlarda, o cümlədən, Naxçıvan Muxtar Respublikasında davamlı sosial-iqtisadi inkişafın möhkəm təməllərini yaratmışdır. İqtisadiyyat inkişaf etdikcə makroiqtisadi potensial daha da artmış, aparıcı sahələrin bir-birinə güc qatan əlaqəli inkişafı təmin edilmişdir. Bu sahələr üzrə müxtəlif illərdə təsdiq və qəbul edilən çoxsaylı hüquqi aktlar iqtisadiyyatın sosiallaşma meyllərinin də artmasına stimul vermiş, bu istiqamətdəki prosesləri daha da sürətləndirmişdir. Ötən illərin nəticələri muxtar respublikanın güclü sosial-iqtisadi potensiala malik olmasını göstərməkdədir.
Müxtəlif illərdə Naxçıvan Muxtar Respublikasında bəzi makroiqtisadi göstəricilər haqqında məlumat (min manat)
Keçən müddət ərzində muxtar respublikada sağlam iqtisadi mühitin formalaşması, onun davamlılığının təmin edilməsi sosial-iqtisadi sahədə dinamik artımı daha da möhkəmləndirmişdir. Bu, tarixi qurtuluşun milli iqtisadi inkişaf üçün yaratdığı çox mühüm şərait nəticəsində mümkün olmuş və xüsusən də, 1995-2017-ci illər arasındakı 22 illik dövrün uğurlu nəticələridir. Təhlillər göstərir ki, ötən dövr ərzində əsas makroiqtisadi göstəricilərin artımı muxtar respublikanın milli iqtisadi quruculuq proseslərindəki rolunu əhəmiyyətli dərəcədə artırmışdır.
Müxtəlif illərdə Naxçıvan Muxtar Respublikasında bəzi makroiqtisadi göstəricilərin artım dinamikası (dəfə)
İqtisadiyyatın çoxşaxəli inkişafı onun mövcud potensialının uzunmüddətli perspektivlər üzrə baza kimi formalaşdırılmasına imkanlar vermişdir. 2004-cü ildən regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının təsdiq edilməsi iqtisadiyyata müqavimət gücünü artırmaq sahəsində yeni güc qatmış, bu proseslər 2016-cı ildə ölkədə milli iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi ilə daha da sürətlənmişdir. Yaranmış əlverişli sosial-iqtisadi mühit bu tənzimləmələr əsasında uzaq gələcək üçün hədəf və prioritetlər istiqamətində qətiyyətlə addımlama imkanları açmışdır. Artıq Naxçıvan Muxtar Respublikasında ənənəvi sahələrlə yanaşı, prioritetlər üzrə də olduqca əhəmiyyətli potensial formalaşmış və bu, özünün artım göstəricilərilə daha da əlamətdar olmaqdadır.
2018-ci ildə Naxçıvan Muxtar Respublikasının qeyd edilən uğurları fonunda həm də "İslam Mədəniyyətinin Paytaxtı" kimi qürurumuz daha da artacaqdır. Bu böyük ada layiq görülməsində muxtar respublikanın İslam dəyərlərinə hörmətlə yanaşması mühüm rola malikdir. Digər tərəfdən, Azərbaycanın tolerant ölkə kimi tanınmasında, region ölkələrinin dini yanaşmalarının düzgün əlaqələndirilməsində, İslamın xoşməram və dostluq tərənnüm edən din olması sahəsindəki mövqeyində və digər üstünlüklərində muxtar respublikada həyata keçirilən tədbirlər böyük əhəmiyyət kəsb etməkdədir. Artıq bu münasibətlə keçiriləcək tədbirlərə hazırlıq işləri aparılmaqdadır. Muxtar respublikamıza gələcək qonaqlar burada tarixi, mədəni, dini, coğrafi, turizm, sosial, iqtisadi və digər sahələr üzrə inkişafla yaxından tanış olmaq imkanı əldə edəcək və muxtar respublikanın istehsal imkanlarından yararlanacaq, məhsullarından istifadə edəcəklər. Artıq iyunun 20-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı seçilməsi ilə bağlı açılış tədbiri keçiriləcəkdir.
Aydındır ki, 2009-cu ilin oktyabr ayında Bakı şəhərində İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransında Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunmasına dair qərar qəbul edilmişdir. Nəzərə alsaq ki, həmin mötəbər qurumun 60-a yaxın üzvü var, onda muxtar respublikamız bu tədbirlər çərçivəsində mərkəz halına gələcək və onlar arasında birlik və həmrəylik tellərinin daha da möhkəmlənməsinə öz töhfəsini verəcəkdir.
Təbii ki, bu, öz möhtəşəmliyi ilə seçilməklə muxtar respublikanın bütün sahələr üzrə, xüsusən də xarici iqtisadi ticarət sahəsində, ixrac potensialının artırılması sahəsindəki imkanlarını daha da artıracaq. İş adamları, istehsalçılar və digər ikitərəfli münasibətlər çərçivəsində əməkdaşlıqlar üçün münbit zəmin yaranacaq və uzunmüddətli dövrlər üçün xarakterik olacaq.
Naxçıvan Muxtar Respublikasında sosial dayanıqlığın və iqtisadi potensialın artırılması məqsədləri ölkənin milli iqtisadiyyat üzrə hədəflərinə istiqamətlənməklə, onun çoxşaxəliliyinin təmin edilməsinə təkan olmaqdadır. Bütün kəndlərdə istehsalın səmərəliliyinə və fasiləsizliyinə xidmət edəcək infrastrukturun yaradılması və əhatə dairəsinin genişləndirilməsi daxili təlabatın məhz yerli istehsal hesabına ödənilməsi imkanlarını da artırmışdır. Bu isə muxtar respublika və ölkə iqtisadiyyatında mühüm hədəf kimi götürülən idxalın məhdudlaşdırılmasına öz töhfəsini verməkdədir. Təbii ki, bütün bunlar muxtar resublikada xarici ticarət potensialının artmasında hərəkətverici amil olmuşdur. Belə ki, ötən ilin bu sahə ilə bağlı nəticələrinə diqqət edəndə xarici ticarət dövriyyəsinin 459 milyon 888 min 800 ABŞ dolları təşkil etdiyini görürük ki, bu da 2007-ci ildəki göstəricini 5 dəfə üstələmişdir.
Həmin potensial muxtar respublika iqtisadiyyatında artıq keyfiyyətcə yeni mərhələnin başlanmasını da təmin etmiş və bu, xarici ticarət əməliyyatlarındakı məqsədləri reallığa çevirmişdir. Xarici ticarət dövriyyəsinin 423 milyon 320 min ABŞ dollarının, yaxud 92 faizinin ixracın, 36 milyon 568 min 800 ABŞ dollarının, yaxud 8 faizinin isə idxalın təşkil etməsi fikrimizi təsdiqləyir. İqtisadiyyatın sahə strukturu üzrə təşkilatlanmanın təmin edilməsi isə onun aparıcı sahələrində istehsal olunan məhsulların ixrac imkanlarını artırmışdır. Nəticədə isə ümumi ixracın 76 faizi sənayenin, 24 faizi isə kənd təsərrüfatı məhsullarının payına düşmüşdür. Dinamik artım bütün sahələr kimi bu sahədə də özünü göstərmiş və 2007-ci illə müqayisədə 2017-ci ildə ixracın həcminin 18,5 dəfə artmaqla, idxalın həcminin 47,2 faiz azalmasına səbəb olmuşdur. Bu sahədəki uğurların ifadəsi olaraq 2009-cu ildən Xarici Ticarət əməliyyatlarında müsbət saldo özünü göstərməkdədir.
Naxçıvan Muxtar Respublikasında 2009-2017-ci illər üzrə Xarici Ticarət Dövriyyəsinin strukturu (min ABŞ dolları)
Beləliklə, Naxçıvan Muxtar Respublikası şanlı Milli Qurtuluş tariximizin 25-ci ilində çox mühüm sosial-iqtisadi inkişaf yolu keçmişdir. Əldə edilən nailiyyətlər, yaradılan güclü potensial bir tərəfdən iqtisadi müqavimət gücünü ifadə etməklə, əhalinin firəvan yaşayışını təmin edirsə, digər tərəfdən uzaq gələcək üzrə baza formalaşdırmaqdadır. Bu uğurlar Cümhuriyyətimizin yaradılmasının 100-cü ilində, İslam Mədəniyyətinin Paytaxtı ilə bağlı tədbirlər fonunda, ümummilli liderin anadan olmasının 95-ci ilində, Milli Qurtuluş tarixinin 25-ci ildönümündə və bir çox uğurların müşayiəti ilə çox böyük qürur doğurmaqdadır.
Cavadxan QASIMOV
İqtisad üzrə fəlsəfə doktoru, dosent