|
|
|
|
Ermənistanın "müharibə qəhrəmanı", "igid generalı" Manvel Qriqoryanın əslində, oğru, talançı biri olduğu nəhayət ki, üzə çıxdı.
Bu, həmin Qriqoryandır ki, təkcə öz ölkəsini talayıb, əsgərlərin ərzaqlarını oğurlamayıb, həm də işğal edilmiş Azərbaycan ərazilərində cinayətlər, qarət törədib, yüzlərlə azərbaycanlı əsiri evində işlətdiyini "fəxrlə" deyib, hansı ki, onun bu açıqlaması erməni hüquq müdafiəçilərini belə, şoka salmışdı. Amma etdiklərinin bir gün cavabını verəcəyini deyəsən, heç ağlına da gətirmirdi. Qriqoryan 2008-2016-cı illərdə Ermənistan müdafiə nazirinin müavini olub, daha sonra isə parlament üzvü seçilib.
Ermənistanın milli təhlükəsizlik nazirliyinin bir neçə gün əvvəl general Manvel Qriqoryanın evi və istirahət zonasında keçirdiyi xüsusi əməliyyat nəticəsində külli miqdarda silah-sursat, həmçinin, əsgərlər üçün nəzərdə tutulan azuqələr aşkarlanaraq müsadirə olunub. General bağ evini silah-sursat anbarına və onlarla klassik və müasir avtomobildən ibarət qaraja çevirib. Bağdan eyni zamanda, əsgərlərin azuqə paylarının, hərbi geyimlərinin və dərmanlarının anbarı kimi istifadə olunub.
İstirahət evinin ərazisində onun pələnglər, ayılar, tovuzquşları, dəvəquşularından ibarət şəxsi zooparkı olub. İddiaya görə, aprel döyüşləri zamanı erməni əsgərlər üçün nəzərdə tutulan ərzaq paylarını Manvel Qriqoryan öz zooparkındakı heyvanlara yedirib.
Yerevan məhkəməsinin qərarı ilə Qriqoryan barəsində iki ay həbs qətimkan tədbiri seçilib. O, qanunsuz silah saxlamaqda və başqasının böyük həcmdə əmlakını mənimsəməkdə təqsirli hesab edilib. Bundan əvvəl isə deputat toxunulmazlığından məhrum edilib.
Hadisə ilə bağlı Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan da dindirilib. Ohanyan mediaya açıqlamasında dindirilmənin detalları barədə danışmayıb. Ermənistan mətbuatı isə Qriqoryanın həyat yoldaşının əsgərlər üçün nəzərdə tutulmuş təxminən 3 min banka konservi gizlətməyə çalışdığını yazıb. Belə ki, erməni polisinə İrəvan şəhərindəki Soqomon Tarontsi küçəsində konservləşdirilmiş yeməklərlə yüklənmiş "UAZ" və "QAZ" markalı avtomobillərin park edilməsi barədə məlumat daxil olub. Bu yük avtomobillərinin sürücüləri "Yerkrapa" könüllüləri birliyinin üzvləri saxlanılaraq Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə aparılıblar. Avtomobillərə baxış zamanı "satış üçün deyil, əsgər payıdır" etiketli 2980 ət konservi aşkarlanıb. Sürücülərin sözlərinə görə, həmin konserva qutuları həbs edilmiş Ermənistanın sabiq müdafiə nazirinin müavini, deputat Manvel Qriqoryanın həyat yoldaşı Nazik Amiryanın göstərişi ilə "Yerkrap"ın binasından digər ünvana aparılırmış.
Azərbaycan XİNdə məsələ ilə bağlı açıqlama yayıb. Qeyd edilib ki, Ermənistan müdafiə nazirinin sabiq müavini, Ermənistanın milli qəhrəmanı Manvel Qriqoryan Xocalı soyqırımının törədilməsi, Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının işğalı zamanı azərbaycanlı sakinlərin mülkiyyətinin talan edilməsi, hərbi əsirlərə işgəncələrin verilməsi, kütləvi qətlə yetirilməsi, həmçinin, mülki şəxslərin girov götürülməsi, işgəncələrə məruz qoyulması və öldürülməsi kimi çoxsaylı hərbi cinayətlərin törədilməsində iştirak edib.
XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev xatırladıb ki, 2014-cü ilin noyabrında "Azadlıq" radiosunun erməni bürosuna verdiyi müsahibəsində M. Qriqoryan Qarabağ döyüşlərindən yüzlərlə azərbaycanlı girovla geri qayıtdığını və hətta onları şəxsi evində işlətdiyini açıq şəkildə və “fəxrlə” bəyan edib: "Bu etirafına görə hətta erməni hüquq müdafiəçiləri tərəfindən tənqid olunan və bu kimi əməlləri ilə Cenevrə konvensiyalarının pozulmasında ittiham olunan Manvel Qriqoryan həqarətlə Cenevrə konvensiyaları-filan tanımadığını bəyan etmiş, erməni olması ilə fəxr etdiyini demişdi. Ermənistanın milli qəhrəmanı olan bu şəxs həmin açıqlamalarından sonra da Ermənistanın Respublika Partiyasının imtiyazlı üzvü kimi fəaliyyətini davam etdirmişdi. Demokratiyadan və insan hüquqlarından dəm vuran Ermənistanın yeni hakimiyyəti əsl mahiyyətini indi sübut etməlidir. Təəssüf ki, Manvel Qriqoryana qarşı başlanılan cinayət işi onun yalnız Ermənistanda törətdiyi iqtisadi cinayətlərlə məhdudlaşır. Cinayət işinin tərkib hissəsi olaraq onun müharibə dövründə törətdiyi hərbi cinayətləri, xüsusilə, özünün etiraf etdiyi kimi, əsir və girov götürülmüş yüzlərlə azərbaycanlının taleyi və onlara qarşı törədilmiş əməllər araşdırılmalıdır. Ümid etmək istərdik ki, beynəlxalq insan hüquqlarını müdafiəsi təşkilatları, o cümlədən, Avropa Şurası bu məsələdə fəallıq nümayiş etdirəcəklər".
Politoloq İlqar Vəlizadənin sözlərinə görə, Manvel Qriqoryanla bağlı skandal onu göstərir ki, Ermənistanın bütün keçmiş rəhbərliyi uzun müddət oğurluqla məşğul olub. O deyib ki, Ermənistanda uzun müddətdir "müharibə qəhrəmanları" adlandırılan Manvel Qriqoryan, Seyran Ohanyan Azərbaycan torpaqlarının işğalı zamanı talanla məşğul olublar, özgə əmlakını qarət ediblər. Eyni halı onlar vəzifədə olarkən Ermənistanda da törədiblər. Qarabağ müharibəsinə başlayan, Azərbaycan ərazilərini işğal edən bu insanlardır.
"Məgər Serj Sarkisyan utanmadan Xocalıda dinc azərbaycanlıların öldürülməsini etiraf etməyib!? O və ətrafı, həmçinin, öz ölkələrində pul talanması və oğurluqda aktiv şəkildə iştirak ediblər. Manvel Qriqoryanla bağlı olan epizod erməni cəmiyyətinə Ermənistanın bütün yaxın tarixini yenidən nəzərdən keçirmək və qiymətləndirməyə imkan verir. Xüsusilə, burada onun kimilərin 88- 89-cu illərdə törətdikləri cinayətlərdən söhbət gedir. Hesab edirəm ki, bu insanlarla bağlı məhkəmə prosesi davam edəcək. Seyran Ohanyan artıq istintaqa cəlb olunur, tezliklə bir çox onilliklər ərzində erməni hökumətində mövcud olmuş çox ciddi problemlər ortaya qoyulacaq. Buna görə də, erməni cəmiyyəti bu vəziyyətdən radikal nəticələr çıxarmalıdır", deyə politoloq əlavə edib.
İ.Vəlizadə vurğulayıb ki, bu gün yalnız Sarkisyanın ünvanına deyil, həm də Koçaryanın, Ter-Petrosyanın ünvanına ittihamlar səsləndirilir: "İndi yeni hökumət "köhnə kadrlardan" xilas olub, sistemi yenidən formalaşdırmağa başlayıb, amma burada da problem var. Onun özünün kifayət qədər kadr resursu olmadığı üçün köhnə sistemlə əlaqəli insanlarla bu boşluğu doldurur. Paradoksal olaraq, yaxın gələcəkdə bu, erməni siyasi sistemində toqquşmaya gətirəcək. Niyə? Çünki "köhnə heyətin" nümayəndələrini qanunsuzluq etməkdə hədələyərkən, yeniləri "unudurlar". Məgər uzun müddət nazir müavini olan hazırkı müdafiə naziri bütün bu qeyri-qanuni proseslər barədə məlumatsız olub?! Hesab edirəm ki, o hansısa mərhələdə bu insanlara qoşulub. İndi bəs onunla nə baş verəcək? Ya da uzun müddət Ermənistanın Baş Qərargahına rəhbərlik edən və indi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi olan Yuri Xaçaturovla nə baş verəcək? Axı o da oğru Manvel Qriqoryanın tərəfdarıdır, amma indi başqa bir səlahiyyətlər verilib. Onların hamısını yüksək səviyyədə himayə edən Serj Sarkisyanla bağlı nə olacaq?"
Politoloqa görə, sonrakı proseslər Paşinyanın dayanmasından, yaxud davam etməsindən asılı olacaq: "Əgər o, yoxlamalarla işini məhdudlaşdırsa, bu o demək olacaq ki, erməni ictimaiyyəti şou göstərib. Yox, daha da irəliyə gedəcəksə, o zaman Ermənistanı daha çox şoklar gözləyir".
PƏRVANƏ