"Prezidentin müşavirəsində başını aşağı salıb duran bəzi məmurlar çox güman ki, dövlət başçısının sərt tənqid və xəbərdarlığından nəticə çıxaracaq. Cənab prezident xalqın həmin məmurlara demək istədiklərinin hamısını onlara ciddi narazılıq və sərt xəbərdarlıqla söylədi. O, hər zaman söylədiyi "biz hamımız, məmurlar, millət vəkilləri xalqın xidmətçiləriyik" yanaşmasını bu müşavirədə də ortaya qoydu".
Bunu "525"ə açıqlamasında millət vəkili Qənirə Paşayeva iyulun 4-də Azərbaycan prezidenti İlham Əliyevin yanında ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar keçirilən müşavirəyə münasibətini bildirərkən deyib. Onun sözlərinə görə, görünən budur ki, məsələ təkcə tənqidlə bitməyəcək, ölkənin enerji sistemində yaranan problemin səbəbkarları qanun qarşısında cavab verəcəklər: "Cənab prezident bunu çox ciddi məsələ kimi qeyd etdi və irəli sürülən səbəbləri əsaslı hesab etmədiyini açıq şəkildə bildirdi. "Azərenerji" prezidentinin qəzanın səbəbləri ilə bağlı açıqlamasına isə ən gözəl cavabı cənab prezident verdi, "utanmalısınız xalq və ölkə qarşısında", "xalqa nə qədər əziyyət verdiyinizdən utanmalısınız" dedi. Cənab prezident vətəndaşlara təşəkkürü xüsusi vurğuladı. Kritik zamanda öz işinin öhdəsindən peşəkarlıqla gələn qurumları da vurğuladı. Çox ciddi mesajlar vardı. Bu müşavirə əslində, bütün qurumlara bir xəbərdarlıq idi. Cənab prezidentin insanlarımızın qəza ilə bağlı üzləşdiyi problemlərin qısa zamanda həlli tapşırıqlarını bəzi qurumların tezliklə həll etməsi lazımdır. Özəlliklə isti yay günlərində bəzi yerlərdə su təhcizatı və elektrik enerjisi ilə bağlı yaranmış problemlər tez bir zamanda öz həllini tapmalıdır. Təşəkkürlər, cənab prezident. Hər zaman olduğu kimi, bu müşavirədə də xalqın mənafeyinin hər şeydən üstün olduğunu ortaya qoydunuz".
Millət vəkili Tahir Rzayev öz növbəsində bildirib ki, ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar keçirilən müşavirə çox vacib və tarixi bir müşavirə idi: "Ölkə prezidenti cənab İlham Əliyevin sədrliyi ilə belə bir müşavirənin keçirilməsi Azərbaycan xalqının, hər birimizin ürəyindən oldu. Çünki burada ölkəni, insanları narahat edən məsələlər müzakirə olundu, dövlət başçısı tərəfindən vacib mesajlar səsləndirildi, ciddi iradlar bildirildi, aidiyyatı qurumlara və məsul şəxslərə həyata keçirilməsi tez bir zamanda tələb olunan ciddi tapşırıqlar verildi". Millət vəkili qeyd edib, ölkənin enerji sistemində yaranmış vəziyyət, yəni iyulun 2-dən 3-nə keçən gecə baş verənlər və ondan sonra iki gün ərzində yaşananlar bütövlükdə hərtərəfli araşdırma tələb edirdi. T. Rzayevin sözlərinə görə, artıq dövlət başçısının sərəncamı ilə yaradılmış Dövlət Komissiyası, son müşavirədə səslənənlər, bu istiqamətdə araşdırma aparılmasını daha da sürətləndirəcək, qısa zaman ərzində də təqsirkarlar müəyyənləşdiriləcək və cəzalandırılacaq: "Yəni dövlət başçısı bir daha öz iradəsini və sərt mövqeyini ortaya qoyaraq, bəhanələrə yol verilməyəcəyini, öz işinə məsuliyyətsiz yanaşanlara güzəştsiz mövqe sərgilənəcəyini nümayiş etdirdi. Cənab prezident bir daha onu əyani şəkildə göstərmiş oldu ki, fəaliyyətinin baş xətti, baş istiqaməti Azərbaycan xalqının bütün məsələlərdə təhlükəsizliyinin, rifahının təmin olunmasıdır. Bu məsələdə də məsuliyyətsiz, səhlənkar davrananlara artıq güzəşt, daha doğrusu, onlara bu komandada yer olmayacaq. İnanıram ki, artıq hər kəs, xüsusilə, ünvanına irad səslənən məsul şəxslər cənab prezidentin bu açıq-aşkar mesajlarından nəticə çıxaracaq, dərs alacaq və öz işlərində məsuliyyətli olacaqlar".
Akademik, Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə də 4 iyul müşavirəsini olduqca vacib və əhəmiyyətli hesab edir: "Bu gün Azərbaycan nəinki regionun, bütövlükdə Avropanın və dünyanın enerji təhlükəsizliyinin təmin olunmasında böyük rol oynayır, bu məsələdə əsas akorlardan birinə çevrilib. Yəni Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, TANAP, eləcə də TAP kimi irimiqyaslı layihələr Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında hansı rolu oynadığını bütün çılpaqlığı ilə ortaya qoyur. Belə olan təqdirdə, ölkənin enerji sistemində xoşagəlməz durumun yaşanması, problemlərin meydana çıxması, dövləti və insanları narahat etməsi heç də yaxşı və qəduledilən hal deyil. Çünki son illər ərzində Azərbaycanın enerji sektoruna çox böyük investisiyalar qoyulub. Təkcə son 15 il ərzində Azərbaycanda onlarla yeni elektrik stansiyası istifadəyə verilib, 2500 meqavat gücündə yeni elektrik stansiyaları tikilib. Ölkənin enerji potensialı hazırda 6400 meqavata bərabərdir. Onun 2500 meqavatı isə son 15 il ərzində yaradılıb. Bütövlükdə ölkəmizin bütün bölgələrində yeni elektrik stansiyaları tikilib - Bakı, Sumqayıt, Şirvan şəhərlərində, Astara, Xaçmaz, Şəki, Quba rayonlarında. Dövlət başçısı da çıxışında bu məqamları diqqətə çatdırdı və bəyan etdi ki, ancaq bir qəza nəticəsində demək olar ki, bütün enerji sistemi sıradan çıxdı. O, "Bu məsələ çox ciddi suallar yaradır. Bu məsələ çox ciddi araşdırılmalıdır. Bu qəza nəticəsində bu isti havada insanlara böyük əziyyət verildi, iqtisadiyyata böyük ziyan vuruldu. Düzdür, həm birinci, həm ikinci dəfə operativ tədbirlər nəticəsində enerjinin verilməsi bir neçə saat ərzində bərpa edildi. Ancaq bu qəzalar baş verməməli idi. Əgər baş versəydi belə, fəsadlara gətirib çıxarmamalı idi" - deyərək, məsul şəxslərə və qurumlara sərt mövqeyini sərgilədi, onları öz işlərində məsuliyyətli olmağa çağırdı. Eyni zamanda, tapşırıq verdi ki, çox ciddi araşdırmalar aparılmalı, günahkarlar məsuliyyətə cəlb edilməlidir. Yəni bütün bunlar onu göstərir ki, hər bir məsələ Azərbaycan dövlətinin və ölkə prezidentinin diqqətində, nəzarətindədir. Onun diqqətindən və nəzərindən heç nə yayına bilməz və bilməyəcək. Odur ki, qəti inamımı və əminliyimi bildirmək istəyirəm ki, bu müşavirədən sonra enerji sistemində yaranmış problemlər tezliklə aradan qalxacaq, insanlar bir daha belə problemlərlə üzləşməyəcək".
Kamil HƏMZƏOĞLU