Müasir Azərbaycanın demokratik inkişafından bəhs edərkən burada vətəndaş cəmiyyətinin quruculuğu istiqamətində atılan addımlar və bunun nəticələrinə xüsusi toxunmaq lazım gəlir.
Qeyd olunan xüsusda araşdırmalar göstərir ki, Azərbaycan dövlət olaraq ölkədə vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə ötən dövr ərzində lazımi münbit şərait yaradıb. Elə bundan irəli gəlir ki, vətəndaş cəmiyyəti ölkədə sözün əsl mənasında özünün intibah dövrünü yaşayır. Vətəndaş cəmiyyətinin əsas atributlarından sayılan qeyri-hökumət təşkilatlarının say və fəaliyyətinə diqqət yetirməklə də qeyd olunanların əyani təsdiqini görmək mümkündür.
Real mənzərənin təhlili bu qənaətə gəlməyə əsas verir ki, ölkədə vətəndaş cəmiyyətinin davamlı inkişafı qeyri-hökumət təşkilatlarının fəaliyyətinin genişlənməsinə imkan yaradıb. Elə dövlət də belə təşkilatların formalaşmasına və inkişafına daim ciddi önəm verir. Bütün bunlar isə əbəs deyil. İlk növbədə o baxımdan ki, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları öz mövcudluqları ilə ölkədə vətəndaş cəmiyyətinin inkişafına öz töhfəsini verirlər.
Yəni artıq proses qarşılıqlı xarakter daşımağa başlayır. Elə bu səbəbdən dövlət qeyri-hökumət təşkilatlarının inkişafına xüsusi diqqət yetirir. Onu da nəzərə almaq lazımdır ki, indi Azərbaycan iqtisadi inkişafının çox yüksək Səviyyəsinə çatıb. Elə bu da dövlətə QHT-lərin fəaliyyətini stimullaşdırmağa imkan verir. Ona görə də QHT-lərə dövlət dəstəyi konsepsiyası ilə Azərbaycan dövləti özü vətəndaş cəmiyyətinin, deməli, həm də demokratiyanın qarantına və himayəçisinə çevrilmək istiqamətində mühüm addım atır.
Xatırladaq ki, 2008-ci ildən başlayaraq yerli QHT-lərə dövlət büdcəsi hesabına qrantların ayrılması dövlət səviyyəsində vətəndaş cəmiyyəti quruculuğu prosesinə göstərilən dəstəyin bariz təcəssümüdür. Dövlət üçüncü sektorun inkişafı üçün qarşısında duran vəzifələri görməklə yanaşı, onların həyata keçirilməsi istiqamətində müvafiq addımlar atır. Bütün bunlar nəticə etibarı ilə ölkəmizdə demokratyia sahəsində dinamik inkişafa təkan verir.
Məsələ ilə bağlı Milli Məclisin üzvü Sevinc Fətəliyeva bildirir ki, QHT-lər bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da davamlı inkişafa təkan verməkdə çox vacib rol oynayırlar. Onun sözlərinə görə, demokratik inkişaf yolu ilə gedən bütün sivil dövlətlərdə olduğu kimi, Azərbaycanda da vətəndaş cəmiyyəti quruculuğunun özünəməxsus inkişaf təcrübəsi var: “Sivil cəmiyyətin inkişafı üçün əsas məqsəd və hədəflər araşdırılıb, geniş müzakirələr nəticəsində və beynəlxalq təcrübəyə söykənərək müəyyənləşdirilib. QHT-lər dövlət və cəmiyyət üçün vacib olan proqram və layihələrin həyata keçirilməsində fəal iştirak edirlər. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının fəaliyyəti, eləcə də Milli Məclis və bu Şura arasında imzalanmış Anlaşma Memorandumu da bunun real göstəricisidir. ölkəmizdə QHT-lərin sayının getdikcə çoxalması, onlara ayrılan vəsaitin də artması, minlərlə insanın bu sektorda işlə təmin olunması vacib haldır.
Qeyri-hökumət təşkilatları haqqında milli qanunvericiliyin daim təkmilləşdirildiyi, hesabatların yeni formalarının tətbiq edildiyi nəzərə alınanda demək olar ki, QHT-lər tam şəffaflaşdırılıb, sadələşdirilib və “e-hökumət” layihəsi kimi inkişaf edir. Prezident İlham Əliyev ölkə ərazisində xarici qrantların verilməsi zamanı “Vahid pəncərə” prinsipinin tətbiq edilməsi haqqında Fərman imzalayıb. Fərman qeyri-hökumət təşkilatlarının fəaliyyətini dəstəkləmək, Azərbaycan ərazisində xarici qrantların verilməsi prosedurlarını sadələşdirmək, bu sahədəki şəffaflığı təmin etmək və ayrılmış vəsaitləri məqsədyönlü şəkildə xərcləmək məqsədi daşıyır. Azərbaycanın qeyri-hökumət təşkilatlarının qrant almaq prosedurunda “Vahid pəncərə” prinsipinin tətbiqi vətəndaş cəmiyyətinin xarici donorlardan maliyyələşdirilməsinə münbit şərait yaradır. Mürəkkəb bir dövrdə yaşayırıq. Qadınların, uşaqların və milli azlıqların hüquqlarının qorunması hələ də hamımız üçün əsas hədəfdir. Belə bir vəziyyətdə QHT-lərimizin fəaliyyətini yüksək qiymətləndirməli və onları dəstəkləməliyik”.
Görülən işlərdən irəli gəlir ki, bu gün Azərbaycanda vətəndaş cəmiyyətinin mövcudluğunu şərtləndirən bütün seqmentlər normal və ahəngdar şəkildə fəaliyyət göstərir. Yuxarıda qeyd olunduğu kimi vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq üçün Azərbaycan hökuməti yerli və xarici QHT-lərə qrantların ayrılması və informasiya dəstəyinin verilməsi məqsədilə Azərbaycan hökuməti QHT-lərə Dövlət Dəstəyi Şurasını təsis edib və Prezidentin sərəncamı ilə Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət dəstəyi Konsepsiyası təsdiq edilib. Dövlət orqanları nəzdində yaradılmış ictimai nəzarət şuralarını, QHT və hökumət təmsilçilərindən formalaşan şəbəkələri və işçi qruplarını da hökumətin vətəndaş cəmiyyəti ilə əməkdaşlığına nümunə göstərmək olar.
Digər tərəfdən, qanunla QHT-lərin öz fəaliyyət istiqamətləri çərçivəsində fəaliyyətinə müstəqillik verilir. Qeyri-hökumət təşkilatı Azərbaycan qanunvericiliyi ilə qadağan olunmayan və qeyri-hökumət təşkilatının nizamnaməsində nəzərdə tutulan məqsədlərə zidd olmayan, ölkə daxilində və xaricdə hər hansı fəaliyyət növünü həyata keçirə bilər. O da çox önəmlidir ki, bu gün QHT-lər müxtəlif problemlərin aktuallaşdırılmasında, ictimai müzakirələrinin təşkilində, siyasi debatların aparılmasında əvəzsiz rol oynayır. Müxtəlif mövzular üzrə maarifləndirmə işlərinin tərkib hissəsi kimi də QHT-lər müxtəlif bukletlər, bülletenlər, nəşrlər buraxırlar. Bu da o deməkdir ki, QHT-lər həm də vətəndaş cəmiyyətinin beyin mərkəzi rolunda çıxış edir, digər tərəfdən dövlət qurumlarının qərarlarının cəmiyyətə təsirini müayinə edir.
Belə vəziyyət QHT sektorunun, vətəndaş cəmiyyətinin inkişafında Azərbaycan nümunəsinin formalaşmasında az rol oynamır. Xatırladaq ki, bu gün nəinki ölkəmizdə, hətta xaricilərin də etiraf etdiyi kimi dünyada yeni normalar sistemi - Azərbaycan standartları yaranmaqdadır. QHT sektorunda da Azərbaycan modelinin yaranması özünü bir sıra ölçülərdə göstərir. Hətta bir neçə il əvvəl Macarıstanın paytaxtı Budapeştdə Azərbaycanın QHT-lərə dövlət dəstəyinin verilməsi sahəsindəki təcrübəsi ən nümunəvi model kimi Avropa vətəndaş cəmiyyəti strukturlarına tövsiyə edilib. Bu da ölkəmizin müstəqilliyini bərpa etməsinin elə də uzun zaman müddəti olmamasına rəğmən sözügedən sahədə xeyli uğurlar qazanmasının sübutudur. O da təqdirəlayiq haldır ki, indinin özündə də Azərbaycan dövlətinin bu istiqamətdə düzgün siyasəti ölkədə vətəndaş cəmiyyəti quruculuğunun dinamik xarakter alması ilə nəticələnib, müxtəlif profilli təşkilatların yaranma prosesi geniş vüsət alıb.
Qeyd edilənlər müstəqil Azərbaycanın dövlət siyasətində vətəndaş cəmiyyətinin əhəmiyyətini və önəmini bir daha göstərir. Amma o da faktdır ki, hər bir sahədə olduğu kimi, üçüncü sektorda da islahatlara daim ehtiyac duyulur. Xüsusən də həm beynəlxalq təcrübənin mənimsənilməsi, həm də ölkəmizin milli maraqlarının təmin edilməsi baxımından zamanın çağrışlarına adekvat addımlar atılması ön planda yer alır. Bunlar QHT sektorunun cəmiyyətin bütün sahələrinə nüfuz etməsinə güclü təkan verir. Eyni zamanda, qeyd olunan məqamlar müstəqil Azərbaycanda vətəndaş cəmiyyətinin inkişaf səviyyəsini bir daha xarakterizə edir.
Bu, bir daha onu deməyə imkan verir ki, vətəndaş cəmiyyətinin inkişafına dəstəyin Azərbaycan nümunəsi formalaşıb: dövlət həm donor olaraq vətəndaş cəmiyyəti subyektlərini dövlət quruculuğu prosesinə cəlb edir, həm dövlət büdcəsi hesabına cəmiyyətin inkişafına yönələn müxtəlif və çoxşaxəli layihələrini maliyyələşdirir. Bu gün Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, Gənclər Fondu, Gənclər və İdman, Mədəniyyət, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri tərəfindən hər il yüzlərlə QHT təşəbbüsünün dəstəklənməsi də bunun təsdiqidir. Dövlət QHT-lərə dəstək verməklə vətəndaş təşəbbüskarlığını daha da artırır. Bu da öz növbəsində imkan verir ki, hər bir ölkə vətəndaşı cəmiyyət həyatının bütün sahələrində yaxından iştirak etsin, milli maraqların qorunması sahəsində ictimai təsisatların fəaliyyəti təşviq edilsin, onlar sosial əhəmiyyətli problemlərin həllinə cəlb olunsun, dövlət və cəmiyyətin inkişafı üçün əhəmiyyət kəsb edən tədbirlər həyata keçirsinlər. Dövlət bu sahənin inkişafı üçün həm də mütəmadi olaraq hüquqi müstəvidə islahatlar həyata keçirir. Öz növbəsində vətəndaş cəmiyyəti ictimai nəzarəti həyata keçirməklə dövlətin daha səmərəli fəaliyyət göstərməsinə yardım edir, eyni zamanda, dövlət maraqları ilə cəmiyyətin və vətəndaşların maraqlarını uzlaşdırır.
Beləliklə, cəmiyyətin harmonik inkişafına zəmin yaradır. Vətəndaş cəmiyyəti dövlətin ictimai maraqlara xidmət etməsini təmin etməklə, demokratik idarəçilik prinsipləri, siyasi plüralizm, iqtisadi azadlıqların qorunmasının keşiyində durur. Vəziyyət onunla müşahidə edilir ki, cəmiyyət həyatının bütün sahələrində QHT-lər mühüm rol oynayır. Ölkəmizdə Prezident İlham Əliyevin dediyi kimi, vətəndaş cəmiyyətinin yaradılması və möhkəmlənməsi, demokratikləşmə prosesinin davam etməsi, hüquqi dövlətin qurulması sadəcə olaraq bir şüar, yaxud da bir niyyət deyil, bu, Azərbaycanın hərtərəfli inkişafı üçün başlıca şərtdir. İndi dövlət addımları sayəsində öz fəaliyyətində şəffaflıq prinsiplərinə son dərəcə həssaslıqla yanaşan üçüncü sektor təmsilçiləri cəmiyyət həyatının ayrılmaz tərkib hissələrindən birini təşkil edir. Bu, Azərbaycan demokratiyasının da mühüm uğurları sırasında yer alır.
İbrahim CƏFƏROV
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir