Xəbər verdiyimiz kimi, prezident İlham Əliyevin bu yaxınlarda "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" imzaladığı sərəncam ictimaiyyət nümayəndələrinin rəğbəti ilə qarşılanıb.
Bu sərəncam dövlətin xüsusi diqqət və qayğıya ehtiyacı olan vətəndaşlarının sosial rifah halının yaxşılaşdırılması, onların mənzil-məişət problemlərinin həlli istiqamətində atılmış mühüm addım kimi xarakterizə olunur. Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 20 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.
Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabineti isə sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Prezident İlham Əliyevin müharibə əlilləri və şəhid ailələrinə xüsusi qayğısı bu kateqoriyalardan olan vətəndaşların mənzillə təminatı proqramının da ildən-ilə güclənməsinə imkan verib. Dövlət başçısı avqustun 1-də Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə daha 35 mənzilin, eyni zamanda, Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə 136 avtomobilin təqdim olunması mərasimində son 20 il ərzində şəhid ailələrinə, müharibə əlillərinə 5500-dən çox fərdi ev və mənzil, müharibə əlillərinə 6 mindən çox minik avtomobili verildiyini bildirib: "İlin sonuna qədər nəzərdə tutulan rəqəm əlavə 170 mənzil və fərdi evdir. Bununla belə, nəzərə alsaq ki, hələ də növbədə kifayət qədər insan var, - təqribən 4 minə yaxın insan növbədədir, - mən əlavə vəsait ayıraraq bu il minimum daha 300 mənzilin alınması ilə bağlı qərar qəbul edəcəyəm". Bununla əlaqədar prezident İlham Əliyev "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.
Ayrılan 20 milyon vəsait Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin cari ildə əlavə olaraq minimum 300 mənzil almasına və nəticədə, bu il ərzində 500-dən çox mənzilin əlil və şəhid ailələrinə təqdim olunmasına imkan yaradır. Bu da 2018-ci ildə nazirlik tərəfindən Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə verilməsi nəzərdə tutulan mənzillərin sayının (207 mənzil) 2,4 dəfə artırılmasına imkan verir.
Sözügedən nazirlikdən bildirilib ki, prezident İlham Əliyevin qeyd edilən sərəncamı Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinin mənzillə təminatında mühüm irəliləyişə şərait yaratmaqla, ümumən ölkəmizdə sosial rifah halının yaxşılaşdırılmasının, insan amilinin dövlət başçısının uğurlu siyasətinin mərkəzində dayandığını bir daha təsdiq edir.
Dövlət başçısının imzaladığı bu sərəncamla bağlı fikirlərini bildirən Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Musa Qasımlı qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyevin yürütdüyü daxili siyasətin mühüm istiqamətlərindən biri sosial sahə, xüsusən müharibə əlilləri, şəhid ailələrinə olan qayğıdır. O, SİA-ya bildirib ki, son illərdə ölkəmizdə bu sahədə böyük işlər görülüb: "Müharibə əlillərinə, şəhid ailələrinə və digərlərinə dövlət vəsaiti hesabına mənzillər tikilib verilib, avtomobillərin açarları təqdim edilib. Bu baxımdan yaxın günlərdə Qaradağ rayonu ərazisində tikilən bina və avtombillərin açarlarının verilməsini hamı xatırlayır. Növbəti addımlardan biri kimi həmin məqsədlə 20 milyon manat vəsaitin ayrılması bir daha təsdiq edir ki, prezidentin siyasətində sosial qayğıya ehtiyacı olanların tələbatının ödənilməsi xüsusi yer tutur".
Deputat Tahir Mirkişili isə bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasının maddələrinin üçdə ikisi Azərbaycan dövlətinin sosialyönümlü dövlət olduğunu sübut edir: "Əgər biz büdcə xərclərinə fikir versək görərik ki, büdcə xərclərinin də hər yüz manatın təxminən 37-38 manatı məhz sosial xərclərə yönəldilir. Büdcənin bu istiqamətdə, formada tərtib olunması və eyni zamanda Azərbaycan Prezidentinin Ehtiyyat Fondundan ayrılan məbləğlərin böyük əksəriyyəti sosialyönümlü sahələrə yönəldiyindən, düşünürəm ki, Azərbaycan sosial sahədə kifayət qədər güclü siyasət yeridən azsaylı ölkələrdəndir. Təbii ki, bu siyasətin başında da ölkə prezidenti İlham Əliyev dayanır. Dövlət başçısının birbaşa təşəbbüsləri ilə həm sosial təminata ehtiyacı olan əhalinin rifah halının daha da yaxşılaşdırılması, qaçqınlar üçün şəhərciklərin tikilməsi, qaçqın və məcburi köçkünlərə yeni mənzillərin paylanılması, eyni zamanda şəhid ailələrinə, Qarabağ veteranı ailələrinə yeni mənzillərin, avtomobillərin paylanılması sosial qayğıya ehtiyacı olan insanlara bir dövlətin edə biləcəyi ən böyük çeşidli yardımların siyahısıdır. Məhz belə bir yardımların davam etməsi, eyni zamanda, bu yardımın əhatəsinin genişləndirilməsi Azərbaycan dövləti və prezidentinin sosial siyasətinin getdikcə daha da gücləndirilməsinin sübutudur".
"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı isə bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin mütəmadi şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına diqqət göstərməsi, onların maaş və təqaüdünün artırılması, qaçqın və məcburi köçkünlərə, Qarabağ qazilərinə mənzillər, avtomobillər verilməsi çox diqqətə layiq bir haldır: "Mən bunu çox yüksək dəyərləndirirəm".
Baş redaktorun sözlərinə görə, cəmiyyətin bu təbəqəsi həmişə diqqət və qayğı ilə əhatə olunmalıdır və olunur: "Bu gün aztəminatlı ailələlərə, Vətən qarşısında xüsusi xidməti olmuş, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşmüş, şəhid olmuş, eyni zamanda, fiziki sağlamlığını itirmiş insanlara diqqət və qayğı göstərilir. Bu cür ailələrə, şəxslərə diqqət həmişə var və olub. Biz bunu hər zaman hiss edirik. Bu təbəqədən olan insanlar daim diqqət və qayğı içərisində olmalıdır. Təbii ki, bunu da Azərbaycan dövləti edir".
Ceyhun ABASOV