1992-ci ildən bəri Xəzərin statusu ilə bağlı 5 sahil dövləti - Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan prezidentləri arasında keçirilən görüşlər, aparılan danışıqlar nəhayət, öz məntiqi nəticəsini verib.
Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V zirvə toplantısında Xəzər dənizinin hüquqi statusuna dair konvensiya qəbul olunub. V Xəzər sammitinin yekununda Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, İran prezidenti Həsən Ruhani və Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov öz imzaları ilə Xəzər dənizinin hüquqi statusunu müəyyən edən sənədi təsdiq ediblər.
Prezident İlham Əliyevin konvensiyanın imzalanmasından sonra təşkil olunan birgə mətbuat konfrasında çıxışı zamanı qeyd etdiyi kimi, Xəzər dənizinin hüquqi statusu haqqında konvensiya tarixi əhəmiyyətli sənəddir: "Azərbaycan bu sənədin hazırlanmasının bütün mərhələlərində konstruktiv işləyib və digər Xəzəryanı ölkələr kimi bu sənədin imzalanmasına öz töhfəsini verib". Ölkə başçısı bildirib ki, Xəzər təhlükəsizlik, sabitlik dənizidir, Xəzəryanı ölkələr arasında yüksək səviyyədə əməkdaşlıq, etimad və qarşılıqlı fəaliyyət mövcuddur və bu da təhlükəsizliyin və sabitliyin başlıca qarantıdır: "İmzalanmış konvensiya Xəzəryanı ölkələrin sıx qarşılıqlı fəaliyyəti, iqtisadi, nəqliyyat xarakterli məsələlərin, xalqlarımızın həyat səviyyəsinin yaxşılaşmasına kömək edəcək məsələlərin həlli üçün geniş perspektivlər açır. Azərbaycan Xəzərdə ekoloji vəziyyətin yaxşılaşmasına fəal və böyük töhfə verir, görülən tədbirlər, xüsusən neft-qaz əməliyyatlarının həyata keçirildiyi zaman Xəzər dənizinin çirklənməsinin qarşısını almağa hədəflənib. Azərbaycan mümkün olan hər şeyi edir ki, Xəzər ekoloji inkişaf, ekoloji sabitlik zonasına çevrilsin".
Dövlət başçısı qeyd edib ki, Azərbaycan qitələri birləşdirəcək nəqliyyat infrastrukturuna fəal surətdə sərmayə yatırır və reallaşdırdığı layihələr Xəzəri mühüm nəqliyyat arteriyası kimi nəzərdən keçirməyə imkan verir: "Azərbaycanın Qazaxıstana və Türkmənistana öz tranzit xidmətlərini təqdim etdiyi Şərq-Qərb, Azərbaycandan keçməklə İran və Rusiya arasında tranzitin reallaşdırıldığı Şimal-Cənub dəhlizlərii iqtisadi əməkdaşlığı möhkəmləndirən, yeni iş yerləri yaradan, bizi bir-birimizə yaxınlaşdıran, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə şərait yaradan layihələrdir".
Aktauda əldə olunan tarixi razılaşma Xəzər dənizinin hüquqi statusu ilə bağlı sahil ölkələri arasında uzun illərdir sürən ziddiyyətlərin əməkdaşlıqla əvəzlənməsini təmin edir. Xarici ekspertlər də qeyd edirlər ki, Xəzər dənizinin hüquqi statusuna dair konvensiyanın imzalanması 5 sahil ölkəsi üçün dönüş nöqtəsidir. Bütün ölkələr, xüsusən, Azərbaycan konvensiyadan daha çox iqtisadi fayda əldə edəcək, Xəzərin karobohidrogen ehtiyatalarının Qərb bazarlarına daşınması üçün dənizin dibindən kəmərlər çəkilməsi üzərində maneə aradan qaldırılacaq.
Təsadüfi deyil ki, Azərbaycan hüquqi statusla bağlı danışıqların getdiyi bütün dövr ərzində beynəlxalq hüquqa və qarşılıqlı etimada söykənən milli mənafelərini müdafiə edib və digər qonşu ölkələr də xoş məram nümayiş etdirərərək Azərbaycanın milli maraqlarını müdafiəsi qarşısında müəyyən güzəştlərə gediblər.
Nəticədə, əldə olunan razılaşma ilə nə dəniz, nə də göl hesab olunan Xəzərdə birgə əməkdaşlıq üçün yeni imkanlar açılır, demək olar ki, bütün ziddiyyətlər arxada qalır, mübahisə predmeti olan neft-qaz yataqlarının birgə işlənilməsi ilə sahil dövlətləri arasında əlaqələrin mənfi məcrada yönəlməsinin qarşısı alınır. Bir sözlə, Xəzərin daşıdığı "sülh, dostluq, əməkdaşlıq və sabitlik" statusu imzalanan konvensiyada öz təsdiqini tapır, sahil dövlətləri başçılarının böyük siyasi iradəsi ilə ölkələr arasında mehriban qonşuluq prinsipləri əsasında əməkdaşlıq əlaqələri bundan sonra da davam etdirilir.
Məsələ ilə bağlı fikirlərini bildirən "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu qeyd edib ki, bugünə qədər Xəzər sahili dövlətlərin prezidentlərinin 4 sammiti keçirilmişdi: "Bu sammit daha vacib idi. Çünki 1996-cı ildə sənəd üzərində başlanan iş və 22 ildən çox davam edən danışıqlardan sonra Aktauda Xəzərin statusu müəyyənləşdi. Konvensiyanı Xəzərin Konstitusiyası kimi də qiymətləndirmək olar. İmzalanan konvensiyaya görə, Xəzər nə dənizdir, nə də göldür. Bu, dünya dəniz tarixində yenilikdir. Xəzəri dəniz adlandırmaq ona görə mümkün deyil ki, okeanlara çıxışı yoxdur. Eyni zamanda, su tutumu və coğrafi baxımdan Xəzər göl də deyil".
Xəzərin statusunun müəyyənləşdirilməsinin vacibliyinə toxunan politoloq bildirib ki, İran əvvəllər Xəzərin bərabər hissələrə bölünməsini istəyirdi: "Bu, statusun müəyyənləşməsinə ən böyük maneə idi. Ona görə də danışıqlar uzun illər nəticə vermədi. Nəhayət, İran öz mövqeyindən geri çəkildi. Yeni konvensiyaya görə, hər bir dövlət Xəzər sahilindən 15 mil məsafəyə malik olacaq. Bundan başqa, sahil dövlətləri 10 mil məsafədə balıq tutma hüququna malikdirlər. Qalan ərazilər ümumi istifadədə olacaq. Bu, Xəzərin üst hissələrinə aiddir".
Mərkəz sədrinin sözlərinə görə, konvensiyaya görə, dəniz sahili ölkələri öz aralarında razılaşsalar, Xəzərin dibi ilə boru xətləri çəkilə bilər: "Ancaq digər sahil ölkələri də bundan xəbərdar edilməlidir və dənizin ekologiyasına zərər vurulmamalıdır. Demək, bundan sonra Türkmənistanla Azərbaycan arasında Xəzərin dibi ilə Transxəzər boru xətti tikilə bilər".
E.Şahinoğlu qeyd edib ki, Xəzər sahili ölkələri başqa dövlətlərin hərbi gəmilərinin dənizə çıxışına imkan verməməlidir: "Digər tərəfdən, Xəzər sahili ölkələri arasında dəniz qüvvələrinin əməkdaşlığı daimi əsasda olmalıdır. Aydındır ki, bu bəndlərin Konvensiyaya daxil edilməsinə daha çox Rusiya və İran çalışıblar. Çünki Moskva və Tehran ABŞ-ın və NATO-nun Azərbaycan və Qazaxıstanla hərbi əməkdaşlığından narahatdır. Moskvayla Tehran ABŞ və NATO qüvvələrinin Azərbaycan və Qazaxıstan vasitəsilə Xəzər dənizində də fəallaşa biləcəyindən ehtiyat edirdi. Ancaq Bakının və Astananın ABŞ və NATO ilə hərbi əməkdaşlığı kater və lojistik ləvazimatlar alınması ilə məhdudlaşırdı. Ona görə də Astana və Bakı Rusiyayla İranın "Xəzərdə başqa dövlətlərin hərbi gəmiləri olmasın" bəndini qəbul etdilər".
Politoloq hesab edir ki, Xəzərin statusunun müəyyənləşməsi Çinin Bakı-Tbilisi-Qars dəmiryoluna marağını artıra bilər: "Bu, Azərbaycan üçün çox vacibdir. Çinin Avropaya nəql etdiyi malların cəmi 10 faizinin Bakı-Tbilisi-Qars dəmir yoluna istiqamətləndirməsi kifayətdir ki, bu layihə tam gücü ilə işləsin".
Xəzərdə mübahisələrin həlli və birgə əməkdaşlığın formalaşdırılmasının Bakı-Tbilisi-Qars dəmir yoluna marağı artıracağını deyən mərkəz sədrinin fikrincə, buna baxmayaraq, imzalanan konvensiya sahil dövlətləri arasında Xəzərin dibinin bölüşdürülməsi məsələsini həll etmir: "Xəzərin dibi sahil dövlətlərin arasında beynəlxalq hüquq prinsiplərinə görə bölünməli və müvafiq sazişlər imzalanmalıdır. Azərbaycanın ən böyük problemi də məhz Xəzərin dibi ilə bağlıdır. Azərbaycanın Xəzərin dibinin bölüşdürülməsi ilə bağlı Rusiya və Qazaxıstanla ikitərəfli sazişləri var. Ancaq Azərbaycanın Türkmənistanla və İranla oxşar sazişi yoxdur. Çünki Aşqabad və Tehran Xəzərin dibindən daha çox pay istəyir".
ABŞ-ın İrana qarşı sanksiyalarının gücləndiyini xatırladan ekspert bildirib ki, bir çox Qərb şirkəti İranı tərk edir: "Bu amillər İran iqtisadiyyatına mənfi təsir edir. Belə vəziyyətdə İran Xəzərin statusu ilə bağlı sahil ölkələri ilə mübahisəni davam etdirə bilməzdi. İrana tərəfdaş dövlətlər lazımdır. Ona görə də sonda Xəzərdəki iddiasından geri çəkildi. İndi rəsmi Bakı elə etməlidir ki, Tehran Xəzərin dibinin bölüşdürülməsi ilə bağlı Azərbaycanla saziş imzalasın. ABŞ-ın İrana qarşı sanksiyalarına baxmayaraq, Azərbaycan İranla iqtisadi və ticarət əməkdaşlığından, həmçinin, İrana qoyduğu investisiyalardan imtina etmir. Ona görə də Tehran Bakının bu siyasəti qarşılığında Xəzərin dibinin bölüşdürülməsi ilə bağlı Azərbaycanla razılığa gəlməlidir. Əks halda, Azərbaycan-İran münasibətləri ideal olmayacaq".
Politoloq düşünür ki, Xəzərin statusu müəyyənləşəndən sonra Azərbaycanın Türkmənistanla razılığa gəlməsi daha realdır: "Türkmənistan öz qazını Avropaya nəql etmək istəyirsə, bunun üçün Azərbaycanla razılığa gəlməli və Xəzərin dibi ilə boru xəttinin tikintisini sürətləndirməlidir. Xəzərdə Azərbaycanla Türkmənistan arasında mövcud olan mübahisəli "Kəpəz" (türkmənlər onu "Sərdar" adlandırır) yatağı isə birgə işlədilməlidir. Beləliklə, Azərbaycanla Türkmənistan arasında mübahisəni davam etdirəcək faktor olmamalıdır. Xəzərin dibi ilə boru xəttinin tikintisini Türkmənistandan və Azərbaycandan başqa Türkiyə, Avropa İttifaqı və ABŞ da istəyir".
E.Şahinoğlu vurğulayıb ki, Xəzərin statusu ilə bağlı konvensiyanın imzalanması və gələcəkdə Azərbaycanın İran və Türkmənistanla Xəzərin dibinin bölüşdürülməsinə dair sazişlərin imzalanması bölgədə yeni əməkdaşlıq - Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran formatını gücləndirəcək: "Bu, hər bir sahil dövləti üçün faydalı institusional formata çevrilə bilər. Bu format imzalanan konvensiyadan sonra gələcəkdə Xəzərdə başqa layihələri də gündəmə gətirə bilər".
Milli Məclisin deputatı Aydın Mirzəzadə isə bildirib ki, Xəzər dənizinin statusu barədə ümumi razılığın əldə olunması regionu sülh, iqtisadi inkişaf və dostluq reginuna çevirir: "Butarixi hadisədir".
Deputat qeyd edib ki, bütün xəzəryanı dövlətlərin maraqlarına cavab verən statusun əldə edilməsində Azərbaycanın, onun lideri İlham Əliyevin rolu böyükdür: "Xəzərin hüququ statusu həll edildi, növbədə işğal altında olan torpaqlarımızın azad edilməsi məsələsidir".
Ceyhun ABASOV